Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar həmişə ön sıradadırlar

Bakı, 27 dekabr, AZƏRTAC Yola salmağa hazırlaşdığımız 2017-ci il Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün uğurlu hesab edilə bilər. İl ərzində veteranlarımız üçün ən yaddaqalan hadisə alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə görüşü olub. Dövlətimizin başçısı həmişə olduğu kimi, veteranlarla səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Həmin görüşdə veteranlarımız bir daha əmin olublar ki, Azərbaycan dövləti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara diqqət və qayğı siyasətini bundan sonra da uğurla davam etdirəcək. Bu fikirləri Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun il ərzindəki fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib. Hesabat dövründə təşkilatın yeddinci Plenumunun keçirildiyini və istefada olan general-polkovnik Tofiq Ağahüseynovun Rəyasət Heyətinin sədri vəzifəsinə təsdiq edildiyini xatırladan C.Xəlilov bildirib ki, həmin iclasda qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. Azərbaycanda veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan sədr müavini deyib ki, 2017-ci ilin noyabrınadək İkinci Dünya müharibəsi iştirakçılarının sayı 602 nəfər olub. Onlardan 16-sının yaşı 100-dən çoxdur. Hazırda respublikamızda 4742 məhəlli döyüş iştirakçısı, 3340 arxa cəbhə və 21 min 954 Silahlı Qüvvələr veteranı, 133 min 624 əmək veteranı var. Veteranların dul qadınlarının sayı 6683-dür. Veteranlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu il Mərdəkandakı Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasında 3786 veteran müalicə kursu keçib. Qurum itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə də məşğul olub. Hazırda ölkəmizdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13 mindən çox şəxsə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir. Bundan əlavə, həmin şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə sosial proqramlar icra olunur. Son iyirmi ildə 3646 nəfər müharibə əlilinə və şəhid ailəsinə mənzil və fərdi ev verilib. Ötən il 450 nəfər müharibə əlili sanatoriya və kurortlara göndərilib. C.Xəlilov bildirib ki, veteranlarımız Azərbaycan dövlətinin yüksək diqqət və qayğısına cavab olaraq ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirlər. Bu istiqamətdə paytaxt Bakı ilə yanaşı, bölgələrdəki ali və orta təhsil müəssisələrində tələbələr, şagirdlər, eləcə də cəbhə bölgəsindəki hərbi hissələrdə şəxsi heyət ilə intensiv görüşlər təşkil olunur, digər tədbirlər həyata keçirilir. Görüşlərdə əsas diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ordumuzun döyüş ruhunun artırılmasına, yeniyetmə və gənclərin hərbi xidmətə, Vətəni qorumağa daim hazır olmalarına yönəldilib. Bu baxımdan gənclərə ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı, dünyada söz və nüfuz sahibinə çevrilməsi, ordumuzun qüdrəti, şanlı tariximiz, aprel döyüşlərində qazanılan qələbələr ilə bağlı ətraflı məlumat verilir. Müsahibimiz, həmçinin qeyd edib ki, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının araşdırılması və təbliği işinə böyük önəm verən qurum bu istiqamətdə çoxşaxəli fəaliyyət həyata keçirir. Belə ki, bu ilin martında Respublika Veteranları Təşkilatında “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı olub. Hazırda “Xatirə Kitabı”nın növbəti cildlərinin hazırlanması üzərində iş uğurla davam etdirilir. Təşkilatın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində fəal iştirak etdiyini vurğulayan C.Xəlilov deyib ki, veteranlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın faşizm üzərində Qələbəyə verdiyi mühüm töhfələrlə yanaşı, Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu işğalın ağır nəticələri barədə də ətraflı söhbət açıblar. Veteranlarımız ölkəmizlə bağlı, eləcə də cəbhə xəttində baş verən hadisələrə dərhal reaksiya verir, bu məsələlərə dair mətbuatda intensiv çıxışlar edirlər. Veteranlar Təşkilatı bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı qəsəbəsini minaatan və qumbaratanlarla atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olması ilə bağlı işğalçı ölkənin beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan cəbhə xəttində müntəzəm surətdə gərginlik yaratmasını, xüsusilə dinc sakinləri hədəfə almaq siyasətini sərt şəkildə pisləyən bəyanatlar verib. Bu bəyanatlar bütün nüfuzlu beynəlxalq təşkilatlara göndərilib. Gələn ilin Azərbaycan, o cümlədən Respublika Veteranlar Təşkilatı üçün mühüm hadisələrlə əlamətdar olacağını qeyd edən C.Xəlilov deyib: “2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri qeyd olunacaq, ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək. Eləcə də Böyük Vətən müharibəsinin iştirakçısı, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubiley mərasiminin də təşkili planlaşdırılır. Veteranlar həmişə olduğu kimi, builki Prezident seçkilərində də fəal iştirak edəcəklər. Onlar Prezident İlham Əliyevə hər zaman dəstək nümayiş etdirir, onun ətrafında sıx birləşirlər. Bundan başqa, Böyük Vətən müharibəsində Azərbaycan milli diviziyalarının keçdikləri döyüş yolu haqqında bəzi universitetlərdə elmi-praktiki konfransların, Qələbənin 73-cü ildönümünə həsr edilmiş görüşlərin təşkili nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edim ki, Respublika Veteranlar Təşkilatı Qələbənin 75 illik yubileyinə indidən xüsusi hazırlaşır. Ölkədə veteran hərəkatının, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və digər istiqamətlərdə fəaliyyətimizi yüksəltməklə, ölkəmizin ümumi inkişafına töhfə verməyə çalışırıq. Bu, həm də bizim dövlətin yüksək qayğı və diqqətinə layiqli cavabımız olardı”. Respublika Veteranlar Təşkilatının yaradılmasının otuz illiyi münasibətilə nəzərdə tutulan tədbirlərdən danışan istefada olan polkovnik bildirib ki, bu əlamətdar hadisə ilə əlaqədar Təşkilatın muzeyi yaradılıb və otuz illik tarixi yolu əks etdirən kitab çapdan çıxıb. Yubiley tədbirinin gələn il keçirilməsi planlaşdırılır. Bununla bağlı Təşkilatın mətbu orqanı olan “Azərbaycan Veteranı” qəzetinin və “veteran.az” saytının imkanlarından da səmərəli istifadə olunacaq. C.Xəlilov təşkilatın fəaliyyətinin geniş işıqlandırılmasında və ölkə ictimaiyyətinə çatdırılmasında quruma dəstək olan KİV-lərə, o cümlədən AZƏRTAC-a təşəkkürünü bildirib. Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin veteranlara göstərdiyi yüksək diqqət və qayğının mühüm rol oynadığını vurğulayan C.Xəlilov yaradılmış şəraitə görə dövlətimizin başçısına veteranlar adından minnətdarlığını bildirib, onların dövlət siyasətini bundan sonra da fəal dəstəkləyəcəklərinə inamını ifadə edib.

2017-12-26 00:00:00
1767 baxış

Digər xəbərlər

Nəsimi rayonunda faşizm üzərində tarixi Qələbənin 73-cü ildönümü qeyd olunmuşdur

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində veteranlarla görüşlər, mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur. Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbrin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur. Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar bu gün hər birimiz üçün əzizdir. Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər.  Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş,  121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına,  34 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində  SSRI - də çıxarılan neftin 69%-ni Bakı vermişdi.   Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdır. Azərbaycan  xalqı bu gün də müharibədəki iştirakı dövrü ilə fəxr edir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün  Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır». Ulu öndərin  layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.  Qələbənin 73 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin   sərəncamı   ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə veteranlar adından minnətdarlığını bildirmiş, Nəsimi rayonunda veteranlarla aparılan işi yüksək qiymətləndirərək Veteranlar Təşkilatının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 100 illiyi münasibəti ilə təsis etdiyi  Yubiley medalını Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərova təqdim etmişdir. Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm sərgisi nümayiş olunmuşdur. 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Daha sonra  1941-1945 abidəsinin  önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar,  abidənin önünə tər çiçəklər düzmüşlər. Tədbirin sonunda təşkil edilmiş çay süfrəsi arxasında  veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr təqdim edilmişdir.  Səhhəti  ilə əlaqədar tədbirdə iştirak edə bilməyən   veteranların yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatı İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatından kədərləndiyini bildirib, bununla əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Polkovnik qeyd edib ki, Rəşid Qasımovun həyatı və döyüş yolu hər zaman Azərbaycan gəncləri üçün vətənpərvərlik məktəbi olaraq qalacaq, xalqımız tərəfindən daim ehtiramla yad ediləcək.  Allah rəhmət eləsin!

Hamısını oxu
“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib

Sentyabr ayının 27-də və 28-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib. Yarışlar “E”, “L” koteqoriyaları üzrə 27 sentyabr, “M*” kateqoriyası üzrə isə 28 sentyabr tarixində keçirilib. Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər. “E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla birinci, “Alma” ləqəbli atla ikinci, “Məktəb” atçılıq klubunun idmançıları Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, Ayan Fərəcova “Tibet” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə “Bulud” ləqəbli atla beşinci yerin sahibi olub. “L” kateqoriyası üzrə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda iştirak edən idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar. 15 idmançının iştirak etdiyi kateqoriyada “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci, “Aleks 1” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun idmançısı Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov isə “Lothar 41” ləqəbli atla beşinci yerin sahibi olub. Yarışların sonuncu turu sentyabr ayının 28-də “M*” kateqoriyası üzrə 12 idmançının iştirakı ilə keçirilib. Qeyd olunan kateqoriya üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda “Elite” klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla birinci, “Murad” atçılıq klubunun idmançısı İya Firsova “Clima” ləqəbli atla ikinci, “Elano C” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla üçüncü, “Gilan” atçılıq  klubunun idmançısı Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla beşinci yerin sahibi olub. Yarışın sonunda birinci yerin sahiblərinə “Mahir Muradov Kuboku”, ilk üç yerin sahiblərinə medal, 4-cü və 5-ci yerin sahiblərinə isə diplom və pul mükafatı təqdim edilib. Azərbaycan Respublikası Atçılıq Federasiyası

Hamısını oxu
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən dama və şahmat üzrə yarışlar keçirilib

Veteran.gov.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən dama və şahmat üzrə yarışlar keçirilib. Yarışlar əməkdaşların asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi, kollektiv ruhunun möhkəmləndirilməsi ilə yanaşı, müstəqil dövlətçilik dəyərlərinin təbliği məqsədilə təşkil olunub. Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda mərkəzdən 11 nəfər hərbi qulluqçusu və 2 nəfər dövlət qulluqçusu iştirak edib. Dama üzrə yarışda çempion adını kapitan Nəbi Alqayev qazanmış, ikinci yeri leytenant Əliəsgər Həsənəliyev, üçüncü yeri isə mayor Vüsal Əlizadə tutmuşdur. Şahmat üzrə yarışda çempion adını kapitan Fuad Əliyev qazanmış, ikinci yeri kapitan Vahid Novruzzadə, üçüncü yerə isə mayor Gündüz Həsənov tutmuşdur. Yarışın açılış və mükafatlandırma mərasimində Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov, Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Rəşad Quliyev və beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə çıxış etmiş və qalibləri təltif etmişlər.    

Hamısını oxu