Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.

Qoşulmama Hərəkatı 60 illik yubileyini qeyd edir. Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

X X X

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev dedi:

-Zati-aliləri, hörmətli nümayəndələr, xanımlar və cənablar. Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş bu Yüksək Səviyyəli Toplantıda sizi Qoşulmama Hərəkatının sədri, Azərbaycan və Serbiya tərəfindən təşkil olunan bu görüşün birgə ev sahibi qismində səmimi salamlayıram. Bu gün biz tarixi hadisəni qeyd edirik. Çünki 1961-ci ildə Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının ilk konfransı Belqradda keçirilmişdir. Müzakirələrə keçməmişdən əvvəl toplantının gündəliyi qəbul olunmalıdır. Toplantının şərti gündəliyi nümayəndələrə paylanmışdır. Əgər etiraz yoxdursa, gündəliyi qəbul etmək olar. Belə görünür ki, etiraz yoxdur. Odur ki, toplantının gündəliyi qəbul olunur.

X X X

Sonra dövlətimizin başçısı toplantıda videoformatda çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Prezident Vuçiç.

Xanımlar və cənablar.

İlk növbədə, mən Serbiya Prezidenti cənab Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkür etmək istəyirəm. Bu təşəbbüs Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirir.

1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır.

BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.

Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.

Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.

Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının Sədri seçildi.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır.

Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.

Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.

Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq.

Xanımlar və cənablar. Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb.

Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.

Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.

Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.

44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.

Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.

İşğal dövründə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri məhv etmişdir. Ermənistanın məqsədi həmin ərazilərdə əsrlər boyu yaşamış Azərbaycan xalqının izini silmək idi.

Xanımlar və cənablar. Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.

Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.

BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.

Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir.

Sonda sizi əmin etmək istəyirəm ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham Əliyev: İndi isə toplantının iştirakçılarına müraciət etmək üçün sözü tədbirin birgə ev sahibi, mənim əziz dostum, Serbiya Respublikasının Prezidenti, Zati-aliləri cənab Aleksandr Vuçiçə verməkdən şərəf hissi duyuram. Buyurun, cənab Prezident.

Serbiya Prezidenti Aleksandr Vuçiç: Əziz dost, cənab Əliyev.

Çıxışınıza görə, bu möhtəşəm toplantının təşkilatçılığında iştirakınıza görə Sizə təşəkkür edirəm. Bu işə verdiyiniz töhfəyə görə Sizə minnətdaram.

Serbiya Prezidenti bu təşkilatın yaradılması ideyasının sülhə əsaslandığını bildirdi. O, siyasətdə, mədəniyyətdə və ya iqtisadiyyatda əməkdaşlığın inkişafı üçün sülhün təməl prinsipi rolunu oynadığını diqqətə çatdırdı.

Aleksandr Vuçiç bu tədbirə verdiyi dəstəyə görə bir daha Azərbaycan Prezidentinə təşəkkür edərək dedi: Təşəkkür edirəm, mənim əziz dostum İlham Əliyev. Bu gün burada bizimlə birlikdə olmadığınıza görə həqiqətən təəssüflənirəm. Azərbaycana ən xoş salamlarımı çatdırıram. Bir daha çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun, mənim əziz dostum cənab Prezident Vuçiç. Mən də Sizinlə birlikdə olmadığıma təəssüflənirəm. Lakin hesab edirəm ki, məsafə bizim dostluğumuz, bizim həmrəyliyimiz üçün maneə deyil. Belə bir toplantının təşkil edilməsi və bu tədbirin mükəmməl təşkilatçılığına görə, möhtəşəm bir təşəbbüsü irəli sürdüyünüz üçün Sizə şəxsən bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox parlaq çıxışınıza görə təşəkkür edirəm, liderliyiniz üçün təşəkkür edirəm. Tezliklə Sizi şəxsən görəcəyimə ümid edirəm.

İndi isə çıxış üçün Zati-aliləri, BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti cənab Abdulla Şahidi dəvət edirəm. Buyurun.

Abdulla Şahid: Bismillahir Rəhmanir-Rəhim. Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Vuçiç, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

Zati-aliləri, xanımlar və cənablar.

Qoşulmama Hərəkatının 60-cı ildönümünü qeyd etmək üçün sizinlə birgə olmaq mənim üçün həqiqətən də şərəfdir. Mən Serbiya və Azərbaycan hökumətlərini bu toplantıya birgə ev sahibliyi etdiyi üçün təqdir edirəm. Mən, həmçinin çox çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının liderliyini xüsusi olaraq vurğulayıram.

Abdulla Şahid Qoşulmama Hərəkatının dünyada sülhü, əməkdaşlığı və dostluğu təşviq etdiyini vurğuladı.

Azərbaycanın təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının əhəmiyyətindən danışan Abdulla Şahid dedi: Bu səylər 2020-ci ilin dekabr ayında Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən irəli sürülmüş Baş Assambleyanın COVID-19-a həsr olunmuş xüsusi sessiyası zamanı çox yaxşı nümayiş etdirilmişdi. Xüsusi sessiyada pandemiyaya qarşı beynəlxalq səviyyədə əlaqələndirilmiş cavab tədbirlərinin görülməsi üçün güclü çağırış edildi və təcrübəni paylaşmaq üçün nadir bir imkan təmin olundu. Qoşulmama Hərəkatının COVID-19-a qarşı çoxtərəfli yanaşmaya dəstəyi BMT Baş Assambleyasının 76-cı sessiyası ilə bağlı mənim baxışımla üst-üstə düşür.

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid daha sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyətini vurğulayaraq dedi: İcazə verin, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Hökumətini gənclərə xüsusi diqqət yetirdiyi, xüsusən də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini və Qoşulmama Hərəkatının Modul Simulyasiya Təlimini yaratdığı üçün alqışlayım. Baş Assambleyanın prezidenti olaraq gənclərin inkişafı və gender bərabərliyi məsələləri mənim üçün də prioritetdir.

Prezident İlham Əliyev: Çıxışına görə BMT Baş Assambleyasının prezidentinə təşəkkür edirəm.

İndi isə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri Antonio Quterreşin toplantı iştirakçılarına ünvanlanmış və əvvəlcədən yazılmış videomüraciətini təqdim etmək üçün sözü Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Zati-aliləri Miroslav Yençaya verməkdən şərəf hissi duyuram.

Miroslav Yença tədbirin mükəmməl təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana və Serbiyaya minnətdarlığını bildirdi.

BMT-nin Baş katibi Antonio Quterreş isə videomüraciətində qeyd etdi ki, Qoşulmama Hərəkatı BMT-yə üzv ölkələrin üçdəikisini birləşdirir və təşkilat dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Bütün ölkələrin əhalisinin təcili olaraq peyvəndlənməsinin əhəmiyyətini qeyd edən Baş katib xüsusilə “Böyük İyirmilik” ölkələrinin səyləri səfərbər edərək Ümumdünya Səhiyyə Təşkilatının qlobal peyvəndləmə strategiyasını həyata keçirməli olduğunu vurğuladı.

Prezident İlham Əliyev: Mən bəyanatına görə Zati-aliləri Baş katibə təşəkkürümü bildirirəm.

Əziz həmkarlar, indi biz Qoşulmama Hərəkatının 60 il əvvəl Belqradda keçirilmiş birinci sammiti ilə bağlı serbiyalı dostlarımız tərəfindən hazırlanmış qısa filmə tamaşa edəcəyik.

X X X

Qoşulmama Hərəkatının ilk sammitindən bəhs edən qısa film nümayiş olundu.

X X X

Prezident İlham Əliyev: Əziz dostlar. Mən hamımızın adından Qoşulmama Hərəkatının banilərinin xatirəsinə dərin hörmətimizi ifadə etmək, baxışlarına, göstərdikləri həmrəyliyə və gördükləri işlərə görə onlara minnətdarlıq ifadə etmək istərdim. Onlar 60 ildir öz səmərəliliyini nümayiş etdirən və böyük gələcəyi olan bir təsisatın təməlini qoyublar.

Hörmətli həmkarlar. İndi biz yubiley toplantısının birinci plenar iclasına keçəcəyik. Qoşulmama Hərəkatının təsisçilərindən biri olan Qana Respublikasının Prezidenti Zati-aliləri Nana Addo Dankva Akufo-Addonun bu gün bizimlə birgə olması bizim üçün şərəfdir. Mən Zati-alilərini çıxışını təqdim etməyə dəvət edirəm.

Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının vacibliyini vurğulayan Qana Prezidenti ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətindən danışdı. Bundan əlavə, o, pandemiyaya qarşı mübarizədə birgə səylərin vacibliyini qeyd etdi.

Prezident İlham Əliyev: Mən çıxışına görə Zati-aliləri Qana Respublikasının Prezidentinə təşəkkür edirəm.

Bizim növbəti çıxışçımız keçmiş Yuqoslaviyanın varisi olan dövlətlərdən biri, Qoşulmama Hərəkatının daha bir təsisçisi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zati-aliləri cənab Milorad Dodikdir.

Milorad Dodik: Mən Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə bu tədbirin Belqradda keçirilməsi ilə bağlı nəcib qərara görə Serbiyanı və Azərbaycan Prezidenti Zati-aliləri cənab Əliyevi səmimi qəlbdən təbrik etmək istəyirəm. Cənab sədr, icazə verin, bu hərəkata hörmətimi ifadə edim.

Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilmiş son toplantısından ötən müddətdə dünyanın ən böyük böhranlardan biri - koronavirus pandemiyası ilə üz-üzə qaldığını deyən Milorad Dodik pandemiya zamanı yoxsul ölkələrin problemlərinin unudulduğunu bildirdi. O, hərbi münaqişələr, iqlim dəyişikliyi, miqrasiya böhranı, iqtisadi bərabərsizlik, terrorizm, ekstremizm kimi problemlərdən narahatlığını ifadə etdi.

Prezident İlham Əliyev: Mən bəyanatına görə Zati-aliləri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvünə təşəkkürümü bildirirəm.

İndi isə çıxış etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Zati-aliləri Aymen Benabderrahmaneni dəvət edirəm.

Əlcəzairin Baş naziri Aymen Benabderrahmane tədbirin təşkilinə görə Azərbaycana və Serbiyaya minnətdarlığını bildirdi, Qoşulmama Hərəkatının əhəmiyyətinə diqqət çəkdi.

Prezident İlham Əliyev: Mən çıxışına görə Zati-aliləri Əlcəzair Xalq Demokratik Respublikasının Baş nazirinə təşəkkürümü bildirirəm.

Xanımlar və cənablar. Mən xatırlatmaq istərdim ki, Qoşulmama Hərəkatının 2021-ci ilin iyulunda keçirilmiş nazirlər səviyyəsində son toplantısında üzv ölkələrin yekdil dəstəyi ilə Rusiya Federasiyasına Hərəkatda müşahidəçi statusu verilib. Hamımızın adından mən Rusiya Federasiyasını müşahidəçi statusu münasibətilə təbrik etmək istərdim. Bu gün Rusiya Federasiyasının xarici işlər naziri cənab Sergey Lavrov bizimlə birlikdədir. O, Qoşulmama Hərəkatında müşahidəçi ölkənin xarici işlər naziri kimi çıxış edəcək. Cənab nazir, söz sizindir.

Sergey Lavrov: Hörmətli Prezident Əliyev, Prezident Vuçiç, xanımlar və cənablar, həmkarlar və dostlar. İlk növbədə, mən bu yubiley toplantısını təşkil etdiklərinə görə Azərbaycan Prezidentinə və Serbiya Prezidentinə minnətdarlığımı ifadə etmək istərdim.

Sergey Lavrov Rusiya Federasiyasına Qoşulmama Hərəkatında müşahidəçi statusunun verilməsinə dair yekdil qərara görə üzv ölkələrə minnətdarlığını bildirdi. O, Rusiya Prezidentinin müraciətini səsləndirdi.

Prezident Vladimir Putin müraciətində Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə mühüm rol oynadığını vurğulayıb, təşkilatın bütün ölkələrin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə hörmət prinsiplərinin keşiyində dayandığını qeyd edib.

Prezident İlham Əliyev: Mən çıxışına görə nazir Lavrova minnətdarlığımı bildirirəm.

Bu gün yubiley toplantısında nazir səviyyəsində təmsil olunan yeganə xüsusi qonaq ölkə olan Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlud Çavuşoğlu da bizimlədir. Mən çıxış üçün sözü cənab Çavuşoğluna vermək istəyirəm. Buyurun.

Mövlud Çavuşoğlu: Təşəkkür edirəm, Prezident Əliyev, Prezident Vuçiç, prezidentlər, Zati-aliləri, dostlar.

İcazə verin, Prezidentim Ərdoğanın sizin hamınıza salamlarını çatdırım. Bu tarixi toplantıda sizin qarşınızda çıxış etmək məndə məmnunluq hissi doğurur. İcazə verin, dəvətə görə Azərbaycana və Serbiyaya minnətdarlığımı bildirim. Mən uğurlu sədrlik münasibətilə Azərbaycanı təbrik edirəm.

Türkiyənin xarici işlər naziri təşkilatın 60 il əvvəl qəbul olunmuş ilk bəyannaməsində qeyd olunan iqtisadi bərabərsizlik, BMT-də islahatlar və qlobal məsələlərə inklüziv yanaşma kimi məsələlərin hələ də aktual olaraq qaldığını vurğuladı.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, Zati-aliləri cənab Çavuşoğlu, bəyanatınıza görə təşəkkür edirəm.

Xanımlar və cənablar. Bununla da yubiley toplantısının plenar iclasının səhər hissəsi başa çatır. İclas tədbirin proqramına uyğun olaraq fasilədən sonra davam edəcək. Bununla da iclasa fasilə verildiyini elan edirəm.

2021-10-12 09:45:00
1140 baxış

Digər xəbərlər

Veteranlarımız gənclərin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılmasına xüsusi diqqət göstərirlər

Xocalı faciəsi XX əsrin ən qanlı soyqırımlarından biridir. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə dinc əhaliyə qarşı törətdiyi qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb. Yalnız bir gecədə Xocalı şəhəri Yer üzündən silinib. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 23-də Respublika Veteranlar Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə keçirilən anım tədbirində səsləndirilib. Respublika Veteranlar Təşkilatının əməkdaşları, İkinci Dünya, Qarabağ müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edərək, “Ana harayı” abidəsi önünə tər çiçəklər düzüblər. Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov tədbirdə çıxış edərək Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş faciələrin ən dəhşətlisi olduğunu bildirib. Qeyd edib ki, erməni vandallarının törətdikləri soyqırımı dünya tarixində ən amansız qətliamlardan hesab olunur. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoyub. Bu isə əsl faşizm və cinayət əlamətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan mənəvi və psixoloji zərbənin ağırlığını bu gün də hər birimiz dərindən hiss edirik. Bu qətliamın dəhşətləri hər bir azərbaycanlının qəlbini sızladır. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri xüsusi vurğulamaq lazımdır. Məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələrinin, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Diqqətə çatdırılıb ki, artıq beynəlxalq ictimaiyyət Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır. Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılması erməni faşizminin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Bununla Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsi təmin olunub. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu işə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız dəstək olmalı, Xocalı harayına öz səsini verməlidirlər. C.Xəlilov vurğulayıb ki, Respublika Veteranlar Təşkilatının üzvləri gənclərlə görüşlərində onlara Xocalı soyqırımı, eləcə də Qarabağ müharibəsi ilə bağlı həqiqətləri çatdırırlar. Məqsəd gənclərin milli vətənpərvərlik ruhunda yetişməsi, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olmalarıdır. Ötən ilin aprelində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar Silahlı Qüvvələrimizin bu şərəfli missiyanı həyata keçirməyə hazır olduğunu sübuta yetirib. Veteranların cəbhə xəttində əsgərlərlə görüşlərdə təcrübələrini bölüşməsi aprel döyüşlərində qələbənin qazanılmasına öz töhfəsini verib. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi torpaqlarımızın erməni işğalından azad ediləcəyinə inamımızı daha da artırır. Tədbirdə çıxış edən digər şəxslərə də Xocalı soyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu söyləyib, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərdən və qanlı cinayətlər danışıblar. Natiqlər Xocalı soyqırımına dünya ölkələri tərəfindən lazımi qiymətin verilməsi, beynəlxalq ictimaiyyətin faciə barədə daha geniş məlumatlandırılması işində hər bir azərbaycanlının fəal iştirakının vacibliyini qeyd ediblər. Ermənilərin törətdikləri bu faciənin heç zaman unudulmayacağı tədbirdə xüsusi vurğulanıb. Çıxışlarda Xocalının və işğal altındakı digər torpaqlarımızın azad ediləcəyinə, hərbi, iqtisadi, siyasi cəhətdən güclü dövlət olan Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına qəti inam ifadə edilib.

Hamısını oxu
Prezidentə yazırlar: Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. Respublikamızın bütün guşələrindən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər. Milli.Az minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir. X X X Hörmətli cənab Prezident. Bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır. İlk növbədə onu deyək ki, səhiyyə sahəsində yaradılmış möhkəm maddi-texniki baza bu çətin günlərdə köməyimizə çatdı. Ölkənin səhiyyə müəssisələrində xəstələrin yerləşdirilməsi, onlara lazımi qaydada xidmət göstərilməsi təqdirəlayiq haldır. Siz bu dövrdə həssas qrupa aid ailələri də yaddan çıxarmadınız. Onlara birdəfəlik ödəmə verilməsini, belə ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsini təmin etdiniz. Biz özümüz də bu imkanlardan yararlanan vətəndaşlarıq. Cənab Prezident, dualarımız hər zaman Sizinlədir. Çox sağ olun. Hörmətlə, Zeynalov Rauf Fikrət oğlu Salayeva Ləman Nəriman qızı Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu. X X X Hörmətli cənab Prezident. Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlmişdir, dünya birliyində özünə layıqli yer tutmuşdur. Koronavirus adlı bəlanın bütün dünya ölkələrini əsarətə aldığı və iqtisadiyyatını çökdürdüyü bir vaxtda, Sizin əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etməməyiniz bir daha göstərdi ki, rəhbərimiz xalqına nə qədər bağlıdır və xalqını nə qədər sevir. Aqrar sahəyə, eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz qayğı və diqqət bizi həm sevindirir, həm də daha da ruhlandırır. Cənab Prezident, bu qayğı üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Hörmətlə, Əhmədova Elvira İsmayıl qızı Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Azərbaycan Respublikası, Gəncə şəhəri. X X X Hörmətli cənab Prezident. İlk öncə Sizə öz adımdan, ailəmin adından və bütün Ağcabədi camaatı adından təşəkkür edirəm. Rayonumuza göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün Ağcabədi inkişaf edir, abadlaşır, yeni iş yerləri, xidmət müəssisələri xalqın istifadəsinə verilir. Ağcabədidə "ASAN Həyat" kompleksinin tikilib istifadəyə verilməsi bizim üçün böyük xoşbəxtlikdir. Bu sahədə həm bir çox savadlı, gənc kadrlar işlə təmin olundu, həm də əhalinin işi asanlaşdı. Bizim ailəmiz üçün daha da sevindirici hal o oldu ki, oğlum Məmmədov Cahangir də bu kompleksdə işlə təmin olunub, xalqımıza xidmət edəcək. Bunun üçün Sizə nə qədər təşəkkür etsəm, azdır. Möhtərəm cənab Prezident, xalqımızın rifahının yüksəldilməsi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Hörmətlə, Məmmədov Vaqif Cahangir oğlu Azərbaycan Respublikası, Ağcabədi şəhəri. X X X Möhtərəm cənab Prezident. Siz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olmaqla müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olmusunuz. Respublikamızda təhsil, səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət göstərməyiniz göz önündədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etməyə bilmərik. Məhz Sizlərin diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif yerlərində körpələr evi-uşaq bağçaları əsaslı təmir edilir, yenidən qurulur, müasir avadanlıqlarla təchis edilir. Salyan rayonunda da geniş quruculuq, abadlıq, təmir işləri göz önündədir. Salyan şəhər N.Babayev küçəsində yerləşən 9 saylı uşaq bağçası öz istismar müddətini başa vurduğu üçün onun yerində müasir standartlara cavab verən 60 yerlik uşaq bağçasının tikilməsi bizi çox sevindirir. Fidan balalarmız üçün belə bir müasir uşaq bağçasının tkilməsinə görə sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Allah Sizi qorusun. Hörmətlə, Qədirov İlqar Eldar oğlu Hacıyeva Püstə Eldar qızı Əsgərova Sürəyya Hüseynağa qızı Axundov Taleh Yuriq oğlu Almasova Lamiyə Yəhya qızı və başqaları. Azərbaycan Respublikası, Salyan şəhəri. X X X Möhtərəm cənab Prezident. Dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə də Azərbaycanda idmanın inkişafını daim diqqətdə və nəzərdə saxladığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün verdiyiniz Sərəncamlar bizləri çox sevindirdi. Tikintisi başa çatdıqdan sonra bu İdman Sarayında minlərlə yeniyetmə gənc idmanın müxtəlif növləri ilə məşğul olacaq, həm sağlam qalacaq, həm də Azərbaycanın idman şərəfini qorumaq imkanı əldə edəcəklər. Sağlam ruhlu insanların, vətənpərvər gənclərin və peşəkar idmançıların yetişəcəyi belə İdman Saraylarının tikintisi Sizin Azərbaycan xalqına olan dərin məhəbbətinizin, uzaqgörən siyasətinizin bariz nümunəsidir. Gəncə şəhərinin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun. Hörmətlə, Həsənov Asif Zahid oğlu Əməkdar bədən tərbiyəsi və idman xadimi Azərbaycan Respublikası, Gəncə şəhəri. X X X Hörmətli cənab Prezident. Sizin kimi müdrik və ağıllı rəhbərimiz olduğu üçün sadə Azərbaycan vətəndaşı olaraq qürur duyuram və gördüyünüz işlərə görə Sizə səmimi qəlbdən minnətdarlıq bildirmək istəyirəm. Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz. Ölkə rəhbərimizin Sizin kimi ləyaqətli insan olması hamının ürəyincədir. Siz həm də ulu öndər Heydər Əliyevin işlərinin ləyaqətli davamçısınız. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy uca Allah Sizi bütün çətinliklərdən qorusun. Hörmətlə, Kalugin Pyotr Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi. X X X Hörmətli cənab Prezident. Koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Çox qısa zaman ərzində koronavirusla mübarizə çərçivəsində lazımi imkanlara malik yeni modul tipli xəstəxanalar istifadəyə verildi. Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasətiniz nəticəsində koronavirus bəlasından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik. Hörmətlə, Ömərov Həsən Hüseyn oğlu Azərbaycan Respublikası, Zaqatala rayonu. X X X Hörmətli cənab Prezident. Sizin bütün sahələrdəki fəaliyyətiniz təqdirəlayiqdir. Xüsusilə səhiyyəyə göstərdiyiniz qayğı Azərbaycanda koronovirus pandemiyasına qarşı mübarizədə yaxşı nəticələr əldə etməyə böyük kömək oldu. Tövsiyələrinizə uyğun olaraq əvvəldən görülən tədbirlər olmasaydı hadisələrin gedişatını təsəvvür etmək belə istəməzdim. Siz hər bir vətəndaşın sağlamlığının qorunması üçün mümkün olan hər şeyi edirsiniz. Mən və həyat yoldaşım koronovirus infeksiyasına tutulandan sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildik. Xəstəxanada bizə göstərilən qayğıya, tibbi personalın yüksək peşəkarlığına görə Sizə və Mehriban xanıma təşəkkür edirik. Xəstəxanada lazım olan dərman və ləvazimatlarla təmin olunduq. Dezinfeksiya və təmizlik işləri də vaxtında yerinə yetirilirdi. Tibbi personal yorulmadan, öz sağlamlığını təhlükəyə ataraq daha çox insanı xilas etmək üçün gecə-gündüz çalışır. Biz artıq Sizin sayənizdə sağalaraq evimizə dönmüşük. Bir daha gördüyümüz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Ağayeva Larisa Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan qəsəbəsi. X X X Möhtərəm cənab Prezident. 26 ildir ki, dünya birliyi Ermənistanın işğalçılıq fəaliyyətini bilə-bilə susur. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz doğma yurd yuvalarından didərgin düşmüşdür. Siz onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarını təsdiq etmisiniz. Qaçqınların mənzil təminatı, aylıq müavinətlərin təyinatı, eləcə də qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqlarından azad olunması - bütün bunlar onlara arxa duran dövlət başçısının və dövlətin olduğunu bəyan edir. Lakin reallıq budur ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Sizin üçün Qarabağ problemi ən ümdə məsələdir və bununla bağlı Azərbaycanın haqlı mövqeyini bütün çıxışlarınızda diqqətə çatdırırsınız. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videkonfrans formatında sammitindəki çıxışınız bunu bir daha təsdiqləyir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız. Ermənistan hələ də susmaqda davam edir. Ona görə ki, onlar qorxaq və oğrudurlar. Biz Sizin siyasətinizi daim dəstəkləyirik və Qarabağ probleminin tezliklə Azərbaycanın xeyrinə həll olunacağına inanırıq. Hörmətlə, Ağayeva Reyhan Mülük qızı  X X X Çox hörmətli cənab Prezident. Bir vətəndaş kimi əminəm ki, xalqımız koronavirus bəlasından tezliklə və az itki ilə xilas olacaqdır. Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar da daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyümüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bir məsələni də vurğulamaq istəyirəm ki, pandemiya dövründə insanların sağlamlığının və asayişinin keşiyində duran həkimlərimiz və polislərimiz öz xidməti borclarını çox layiqincə yerinə yetirirlər. Görünən odur ki, onlar COVID-19 virusunun qarşısını əzmlə almağa çalışırlar. Bütün bunlar bizi daha da ümidləndirir, nikbin düşünməyə sövq edir. Xalqımıza göstərilən xidmətlərə görə Sizə, eyni zamanda həkim və polislərimizə bir daha təşəkkür edirəm. Allah işlərinizi avand eləsin. Hörmətlə, Əliyev Ramil Hüseynbala oğlu Azərbaycan Respublikası, Masallı rayonu, Qarğalıq kəndi. X X X Hörmətli cənab Prezident. Biz Azərbaycan Respublikasının vətəndaşları, eyni zamanda tələbələr olaraq Sizə minnətdarıq. Hazırda bir çox ölkələr COVID-19 infeksiyasından çox əziyyət çəkir. Sayənizdə Azərbaycanda bu virusun təsir dairəsi digər ölkələrlə müqayisədə o qədər də çox deyildir. Biz gənclər yaxşı başa düşürük ki, qaydalara əməl etməklə bu bəlanın qarşısını az itki ilə ala bilərik. Bu çətin dövrdə sosial məsələlərə diqqəti daha da artırmağınız, xüsusilə həssas ailə qrupuna aid olan tələbələrin təhsil haqqının dövlətimiz tərəfindən ödənilməsi sevindirici haldır. Belə addımlar gənclərdə Vətənə, dövlətə olan məhəbbəti daha yüksəldir. Əziz Prezidentimiz, taleyüklü məsələlərdə hər zaman xalqımızın yanında olduğunuza və köməyinizi əsirgəmədiyinizə görə Sizə dərindən təşəkkür edirik. Allah hər zaman köməyiniz olsun. Hörmətlə, Alxanov Ümid Həbib oğlu Paşayev Nurlan Namiq oğlu Tələbələr Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.    X X X Hörmətli cənab Prezident. "Biz birlikdə güclüyük!" çağırışınız, Mehriban xanım Əliyevanın COVID-19 infeksiyası ilə bağlı həmvətənlərimızə müraciəti bir daha sübut etdi ki, biz sabaha, rifaha doğru böyük ümidlərlə addımlayırıq. Çünki Azərbaycan xalqının arxasında güclü siyasətçi olan Prezident İlham Əliyev durur. Biz də xalq olaraq Sizi dəstəkləyirik və hər zaman Sizin yanınızdayıq. Sizə minnətdarlığımızı bildiririk. Hörmətlə, Hökümə Cəfərova Azərbaycan Respublikası, Gəncə şəhəri.   X X X Möhtərəm cənab Prezident. Bu gün bütün dünyanı bürüyən, iflic vəziyyətinə salan koronavirus pandemiyası ilə mübarizədəyik. Bu mübarizədə infeksiyanm ölkəmizdə geniş yayılmaması üçün atdığınız ciddi və məqsədyönlü addımlarınızı dəstəkləyirik. Bu addımlarınız Sizin daim xalqımızın yanında olmağınızın bariz nümunəsidir. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq. Hörmətlə, Heraçiyev Bəxtiyar Əhməd oğlu Azərbaycan Respublikası, Zaqatala rayonu.  X X X Hörmətli cənab Prezident. Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş dövlət rəhbərisiniz və daim xalqın sosial rifahının yüksəldilməsi üçün tədbirlər görürsünüz. Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanı davamlı şəkildə inkişaf etdirdiyinizə, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etdiyinizə, dövlətimizin əsaslarını daha da möhkəmləndirdiyinizə, yeritdiyiniz uğurlu daxili və xarici siyasətə görə bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun. İnanırıq ki, Allahın izni ilə və Sizin gördüyünüz tədbirlər sayəsində xalqımız bu bəladan qurtulacaq. Yaşasın Azərbaycan. Hörmətlə, Abasəliyev Anar Cavanşir oğlu Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu. X X X Möhtərəm cənab Prezident. Salyan rayon sakinləri, o cümlədən Quyçu və Alçalı kənd ictimaiyyətinin üzvləri Sizin siyasətinizi həmişə dəstəkləmiş, bundan sonra da dəstəkləyəcəkdir. Son illər bizim kəndlərdə çiçəklənmə dövrü başlamış, məişət qayğılarımız xeyli azalmışdır. Artıq kənd sakinləri elektrik enerjisindən, təbii qazdan və içməli sudan fasiləsiz istifadə edirlər. Sizin Salyan rayonuna, salyanlılara olan diqqət və qayğınızı daim hiss edirik. Görülən işlər bir daha göstərir ki, Siz əhalinin rifah halının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız, hər bir bölgəyə daim diqqət yetirirsiniz. Bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, cansağlığı və yeni uğurlar arzulayırıq. Hörmətlə, Ş.Zeynalov Ə.Yolçiyev R.İmanov X.İsmayılov V.Quliyev və başqaları. Azərbaycan Respublikası, Salyan rayonu, Quyçu və Alçalı kəndləri. X X X Hörmətli cənab Prezident. Bütün dünyanı bürümüş COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər bir vətəndaş olaraq məni olduqca qürurlandırır. Xüsusilə, karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi təqdirəlayiq haldır. Mən ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə təşəkkürümü bildirirəm. Hörmət və ehtiramla, Kərimov Azad Akif oğlu Azərbaycan Respublikası, Bakı şəhəri. Milli.Az

Hamısını oxu
“İkinci Dünya müharibəsi veteranlarının tapdanan haqqını onlara qaytaran məhz Heydər Əliyev olub”

Nəsib Məhəməliyev: “Ulu öndər sübut etdi ki, faşizm üzərində qələbəni bayram etmək xalqımızın haqqıdır və bu haqqı heç kim onun əlindən ala bilməz”   “Biz faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynamış xalqıq”   Mayın 10-nu ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.   Millət vəkili Nəsib Məhəməliyevlə söhbətimizdə Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki roluna nəzər salmağa çalışdıq.      -Nəsib müəllim, qarşıdan ümummilli liderin anadan olmasının 98-ci ildönümü gəlir. Necə hesab edirsiniz, ordumuzun 44 günlük müharibədə əldə etdiyi böyük zəfəri ulun öndərin ad gününə ən böyük hədiyyə hesab etmək mümkündürmü?      -Şübhəsiz. Bugünkü güclü Azərbaycan ordusunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərində, Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, milli zabit kadrlarının hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Vətən müharibəsində özünü döyüş meydanında təsdiq etmiş nizami ordunun komandir heyətinin əksıriyyəti həmin litseyin məzunlarıdır.  Ulu öndərin ordu, Silahlı Qüvvələrlə bağlı çıxışlarını təhlil edəndə görürük ki, Heydər Əliyev bugünkü günləri görürmüş. Ümummilli lider bugünkü günlərə hazırlığın təməlini hələ o vaxt qoyub. Ulu öndər bilirdi ki, güclü orduya nail olmaq üçün hər şeydən öncə güclü iqtisadiyyat lazımdır. Güclü iqtisadiyyat güclü ordu deməkdir. Odur ki, Heydər Əliyev Azərbaycanda güclü iqtisadiyyatın formalaşması üçün ciddi və sistemli fəaliyyət göstərdi. Bu baxımdan, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun işğalçı Ermənistan üzərindəki bu tarixi zəfəri ulu öndərin ruhuna ən qiymətli hədiyyə hesab etmək olar.     -Azərbaycanda güclü, nizami ordu quruculuğu prosesinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladınız. Bu baxımdan söyləmək olarmı ki, 44 günlük Vətən müharibəsində əldə edilən zəfərdə ən çox pay sahibi olan şəxslərdən biri, bəlkə də birincisi elə ulu öndərdir?     -Təbii. Bunu ilk növbədə ona görə demək mümkündür ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi kursu Heydər Əliyev kursunun davamıdır. Cənab prezuident həm daxili, həm də xarici siyasətdə Heydər Əliyev prinsiplərini əsas götürür. Bunlar praktikada özünü təsdiqləmiş, doğrultmuş prinsiplərdir. Buna görə də bu qələbədə Heydər Əliyevin böyük pay sahibi olduğu birmənalıdır.     -Abadlıq, qurucluq Heydər Əliyevin bütün siyasi fəaliyyətində mühüm yer tutan əsas məsələlərdən biri olub. Hansı ki, bu gün prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən də bu siyasət davam etdirilməkdədir. Sizcə Heydər Əliyevdən miras qalan bu və digər ənənələrin bundan sonra da davam etdirilməsi, yaşadılması xalqımızın və dövlətimizin maraqları baxımından nə dərəcədə vacibdir?     -Hər bir şəhərin, kəndin abadlığı həmin ölkənin, həmin xalqın simasıdır. Bu gün Bakı hava limanına enən hər bir şəxs şəhərimizdəki inkişaf və abadlığın şahidi olur. Bu, hər şeydən öncə millətə verilən qiymətdir. İnsanlar gözəl yerlərə, yüksək estetik abadlığın mövcud olduğu, tarixin qorunduğu və yaşandığı məkanları görmək istəyirlər. Belə mühitdə yaşamaq istəyirlər. Bu, normal və təbiidir.   Abadlıq, quruculuq daim cənab prezidentin diqqət mərkəzindədir və Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi faktı da bununla əlaqədardır.  Prezidentimiz yüksək zövqə malik insandır. O, sadəcə bugünə deyil, həm də gələcəyə hesablanan layihələrin ölkəmizdə reallaşmasını həyata keçirir ki, bu da dövlətimizin, xalqımızın maraqları baxımından son dərəcə əhəmiyyətlidir. Işğaldan azad edilən bölgələrimizin abadlaşdırılması timsalında biz nə qədər böyük, müasir layihələrin planlaşdırıldığına şahid oluruq. Prezidentimizin bu layihələri gələcəyə hesablanmış layihələrdir.   -Nəsib müəllim, bugünlərdə prezident İlham Əliyev Böyük Vətən Müharibəsi iştirakçılarına birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sərəncam imzaladı. Bildiyiniz kimi, ulu öndər də hər zaman Böyük Vətən Müharibəsi iştirakçılarına böyük diqqət göstərib, faşizmə qarşı mübarizəni Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi adlandırıb. Sizcə ölkə başçısının məlum sərəncamı dövlətimizin veteranlara olan diqqət və qayğısının növbəti təzahürü hesab edilə bilərmi?     -Ulu öndər veteranları cəmiyyətin ən hörmətli hissəsi adlandırıb. Bu, təsadüfi deyil. Xalq Cəbhəsi-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi dönəmdə - 90-cı illərin əvvəlində Böyük Vətən Müharibəsində iştirak etmiş veteranlar, əlilər praktiki olaraq çıxdaş olunmuşdu. Onlara hörmətsiz bir münasibət mövcud idi. Bu insanlara qarşı əsassız ittihamlar səslənirdi. Əsas ittihamlardan da biri o idi ki, bu insanlar özgə torpaqlarını müdafiə edib. Guya Hitler Almaniyası qələbə qazansaydı, bizim üçün daha faydalı oalrdı və s. Yəni çox yanlış bir yanaşma vardı. Bu, AXC-Müsavat hakimiyyətinin ən böyük yanlışlıqlarından biri idi.   II Dünya Müharibəsində Azərbaycandan 700 mindən çox insan cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak edib. Onların təxminən yarısı həlak olub. Bu cür yanaşma həmin insanların ruhuna hörmətsizlikdir.   İkincisi, arxa cəbhədə gecə-gündüz çalışan neftçilərimiz, digər əmək adamlarımız olub. Cəbhəni ərzaqla, digər zəruri məhsullarla təmin edən insanlarımız olub. Belə yanlış yanaşma onların da zəhmətini heç etmək demək idi. Mahiyyət etibari ilə bu cür yanaşma cəmiyyətin mənəvi dayaqlarını sarsıdırdı. Bu, nəvə-nəticələri babalarla üz-üzə qoymaq, dünənlə bu gün arasında dəmir pərdə çəkmək demək idi. Ulu öndər bunun qarşısını aldı və veteranların haqqını doğru olaraq özlərinə qaytardı. Bundan sonra hər il 9 may Qələbə Günü münasibəti ilə veteranlara birdəfəlik yardımların verilməsi, onların sosial qayğılarının qarşılanması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atıldı. Prezident İlham Əliyev də 2003-cü ildən etibrən bu ənənəni davam etdirir. Bunun cəmiyyətdə necə böyük razılıqla qarşılandığı isə göz önündədir.   Biz faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynamış xalqıq. Bütün dünyanın faşizmlə mübarizə apardığı şəraitdə özümüzü bu qələbədən, bu qələbədəki payımızdan məhrum edə bilmərik. Bu qələbəni qeyd etmək Azərbaycan xalqının haqqıdır. Bu haqqı heç kim onun əlindən ala bilməz. Ələlxüsus, faşizmin ən qəddar forması olan erməni faşizmi ilə qarşılaşdığımız şəraitdə.     -Bu gün ölkəmizin hər bir yerində ulu öndərin xatirəsinə heykəllər ucaldılıb, küçə və parklara onun adı verilib. Sizcə işğaldan azad edilən torpaqlarda da ulu öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılmalıdırmı?     -Bu, mütləqdir. Hesab edirəm ki, azad edilən hər rayonda Heydər Əliyevin heykəli ucaldılacaq, onun adına yeni parklar salınacaq. Işğaldan azad edilən ərazilər Azərbaycanın ayrılmaz bir hissəsidir. Orada müasir standartlara cavab verən böyük layihələr, yenidənqurma işləri həyata keçiriləcək. Bu işlər fonunda Heydər Əliyevin xatirəsinin əbədiləşdiriləcəyinə də əminəm.   Qarşıdan Milli Qurtuluş Günü gəlir. Əgər biz bu günün yaranma tarixinə baxsaq, o dövrün hadisəılərini təhlil etsək görərik ki, Azərbaycan dövlətinin dünya siaysi xəritəsində qalmasının səbəbkarı Heydər Əliyevdir. Əgər Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verməsəydi, bu gün Azərbaycan adında dövlət olmazdı. O vaxt Azərbaycanın hər bir kəndində, şəhərində silahlı bandit dəstələri var idi. Separatçılıq baş alıb gedirdi. Ermənistan torpaqlzrımızn xeyri hissəsini zəbt etmişdi. Bakıda metro, sərnişin qatarları, avtobusları partladılırdı. Insanlar küçəyə çıxa bilmirdi. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra atılan addımlar vəziyyətin stabilləşməsinə, normallaşmasına şərait yaratdı. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı. Dövlətçiliyi bərpa etdi və yenidən qurdu.   Müasir Azərbaycan dövlətinin xilaskarı, banisi ulu öndər Heydər Əliyevdir. Təbii ki, Heydər Əliyevin xatirəsi yaşadılmalı, onun həyatı, fəaliyyəti hər zaman öyrənilməlidir. Bu baxımdan işğaldan azad olunan hər bir rayonda onun adının əbədiləşdirilməsi mütləqdir! Bu xalqın öz Xilaskarına, Liderinə verdiyi vəfa borcudur.     Seymur ƏLİYEV

Hamısını oxu
Xankəndidə qalan SEPARATÇILARIN SİYAHISI AÇIQLANDI

Hamısını oxu