Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlarımız gənclərin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılmasına xüsusi diqqət göstərirlər

Xocalı faciəsi XX əsrin ən qanlı soyqırımlarından biridir. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə dinc əhaliyə qarşı törətdiyi qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb. Yalnız bir gecədə Xocalı şəhəri Yer üzündən silinib. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 23-də Respublika Veteranlar Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə keçirilən anım tədbirində səsləndirilib. Respublika Veteranlar Təşkilatının əməkdaşları, İkinci Dünya, Qarabağ müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edərək, “Ana harayı” abidəsi önünə tər çiçəklər düzüblər. Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov tədbirdə çıxış edərək Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş faciələrin ən dəhşətlisi olduğunu bildirib. Qeyd edib ki, erməni vandallarının törətdikləri soyqırımı dünya tarixində ən amansız qətliamlardan hesab olunur. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoyub. Bu isə əsl faşizm və cinayət əlamətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan mənəvi və psixoloji zərbənin ağırlığını bu gün də hər birimiz dərindən hiss edirik. Bu qətliamın dəhşətləri hər bir azərbaycanlının qəlbini sızladır. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri xüsusi vurğulamaq lazımdır. Məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələrinin, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Diqqətə çatdırılıb ki, artıq beynəlxalq ictimaiyyət Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır. Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılması erməni faşizminin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Bununla Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsi təmin olunub. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu işə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız dəstək olmalı, Xocalı harayına öz səsini verməlidirlər. C.Xəlilov vurğulayıb ki, Respublika Veteranlar Təşkilatının üzvləri gənclərlə görüşlərində onlara Xocalı soyqırımı, eləcə də Qarabağ müharibəsi ilə bağlı həqiqətləri çatdırırlar. Məqsəd gənclərin milli vətənpərvərlik ruhunda yetişməsi, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olmalarıdır. Ötən ilin aprelində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar Silahlı Qüvvələrimizin bu şərəfli missiyanı həyata keçirməyə hazır olduğunu sübuta yetirib. Veteranların cəbhə xəttində əsgərlərlə görüşlərdə təcrübələrini bölüşməsi aprel döyüşlərində qələbənin qazanılmasına öz töhfəsini verib. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi torpaqlarımızın erməni işğalından azad ediləcəyinə inamımızı daha da artırır. Tədbirdə çıxış edən digər şəxslərə də Xocalı soyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu söyləyib, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərdən və qanlı cinayətlər danışıblar. Natiqlər Xocalı soyqırımına dünya ölkələri tərəfindən lazımi qiymətin verilməsi, beynəlxalq ictimaiyyətin faciə barədə daha geniş məlumatlandırılması işində hər bir azərbaycanlının fəal iştirakının vacibliyini qeyd ediblər. Ermənilərin törətdikləri bu faciənin heç zaman unudulmayacağı tədbirdə xüsusi vurğulanıb. Çıxışlarda Xocalının və işğal altındakı digər torpaqlarımızın azad ediləcəyinə, hərbi, iqtisadi, siyasi cəhətdən güclü dövlət olan Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına qəti inam ifadə edilib.

2018-02-23 00:00:00
7846 baxış

Digər xəbərlər

Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov Rayon İcra Hakimiyyətinin və təşkilatın əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, veteranların, gənclərin iştirakı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, anım tədbirində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətləri var. Həmin dahilər qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib gəliblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bu gün ölkəmizin hər yerində və onun hüdudlarından kənarda anılır. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu Öndərin Azərbaycan xalqının tarixində xüsusi iz buraxdığını diqqətə çatdırıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. Ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunub. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ulu Öndər böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ sovetlər dövründən götürüb. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub. Qeyd olunub ki, Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılıb. Çıxış edən veteranlar və ziyalılar ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər. Onlar gənc nəslin vətənpərvər ruhda Ulu Öndər ənənələrinə sadiq ruhda tərbiyə edilməsində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar. Tədbir məktəblilərin hazırladıqları bədii kompozisiyanın təqdimatı ilə başa çatıb.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Həmid Əliyev – Xalqın və Dövlətin Şərəfli Övladı

Tarixin sınağından alnıaçıq keçən xalq varsa, o da Azərbaycan xalqıdır. 1941–1945-ci illərin qanlı-qadalı Böyük Vətən müharibəsi bu xalqın hünər salnaməsinə çevrildi. O illər xalqımızın həm ön, həm də arxa cəbhədə misilsiz şücaət göstərdiyi, torpağın, vətənin naminə can verdiyi illər idi.Mayın 8-dən 9-na keçən gecə imzalanan təslim aktı ilə faşist Almaniyasının diz çökdürülməsi təkcə silahın gücü ilə deyil, həm də zəhmətin, sədaqətin və fədakarlığın gücü ilə mümkün oldu. O qələbənin qazanılmasında rol oynayan xalqlar içərisində azərbaycanlılar da vardı. 700 min vətən övladı cəbhəyə yollandı onların çoxu geri dönmədi. Amma adları tarixə yazıldı. İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və onlarla qəhrəmanın igidliyi bu xalqın iradəsinin, döyüş ruhunun təcəssümüdür. Onlar bir millətin qürur rəmzinə çevrildilər. Qafqazdan Berlinə qədər uzanan döyüş yolu ilə keçən Azərbaycan diviziyaları, şəhər və kəndlərdə yaradılan minlərlə özünümüdafiə dəstəsi göstərdi ki, bu xalqın zəfərə inamı sonsuzdur. Azərbaycan xalqı bu müharibədə təkcə silahla deyil, həm də ürəyi, ruhu və varlığı ilə döyüşdü. Bu gün həmin tarixi yadda saxlamaq, qəhrəmanlarımızın xatirəsini uca tutmaq bizim borcumuzdur. Qələbənin 80 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanın Böyük Vətən müharibəsində göstərdiyi misilsiz xidmətləri bir daha xatırlamaq, gələcək nəsillərə çatdırmaq ən ali vəzifələrimizdən biridir. Bu çətin illərdə Azərbaycanın yetirdiyi fədakar oğullardan biri də Əliyev Həmid Həsən oğludu. O, 1913-cü il iyunun 20-də Qazax şəhərində anadan olmuşdu. Həyat yoluna baxdıqda, Əliyev Həmidin ömrünün sadəcə illər silsiləsi deyil, tarixin içində yazılmış əzmkarlıq və fədakarlıq dastanı olduğu aydın görünür. Həyatın ağır sınaqları ilə hələ altı yaşında atasını itirərək üzləşdi. Həmid Əliyevin həyat yolu sadəcə bir şəxsin karyerası deyil, bütöv bir xalqın mübarizə və zəfər tarixinin aynasıdır. Gənc yaşlarından komsomol sıralarına daxil olmuş və burada böyük fəallıq göstərmişdir. 1933-cü ildə cəmi 20 yaşında ikən Goranboy rayon komsomol komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ardınca isə 1935-ci ildə Gəncə şəhəri Cinayət Axtarış İdarəsində fəaliyyət göstərmişdir.1935-ci ildən Naxçıvanda sərhəd qoşunları sistemində xidmət edən Əliyev burada həm hərbi, həm də inzibati bacarıqlarını artırdı. 1935-1936-cı illərdə Naxçıvan şəhərində baş müfəttişlərin ibtidai hazırlığı məktəbində kursant olmuşdur. 1936-1938-ci illərdə Naxçıvanda sərhəd qoşunlarının komandiri vəzifəsində çalışmışdır. 1938-1939-cu illərdə Bakı hüquq fakültəsində təhsil alaraq hüquqi biliklərini təkmilləşdirdi və Gəncə şəhərinin hakimi vəzifəsinə qədər yüksəlmişdir. 1935-ci ildə cəsurluğa görə “Voroşilov atıcısı” döş nişanı ilə təltif olunması onun döyüş ruhunun erkən sübutudur. Lakin qarşıda onu daha çətin sınaq gözləyirdi - Böyük Vətən Müharibəsi. Böyük Vətən Müharibəsi başlandıqda Həmid Əliyev artıq təcrübəli zabit idi. Kapitan rütbəsində döyüş meydanlarına atıldı.  28 oktyabr 1943-cü ildə Xarkov diviziyasının kapitanı Həmid Əliyev döyüşlər zamanı güllə yarası almış və hərbi xəstəxanaya yatırılmışdır. Sağaldıqdan sonra isə yenidən cəbhəyə yollanmışdır. 1944-cü ilin iyulunda 416-cı atıcı diviziyasının 3-cü Ukrayna Cəbhəsindəki 1374-cü alayın partiya təşkilatçısı kimi hərbi vəzifəsini yerinə yetirmişdir. Hərbi xidmətlərinə görə və Böyük Vətən Müharibəsində iştirakı ilə əlaqədar olaraq “Almaniya üzərində Qələbəyə görə” 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. Eyni zamanda o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 1 may tarixli Fərmanı ilə 1944-cü ilin dekabrında “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. Müharibədən sonra o, Moskva şəhərində hərbi-siyasi məktəbdə təhsil almış və Hərbi Şuranın 25 iyul 1946-cı il tarixli əmri ilə Vladivostoka komendant təyin edilmişdi. Sovet İttifaqının ən strateji nöqtələrindən biri olan bu şəhərdə ona asayişin bərpası kimi mühüm və məsuliyyətli vəzifə məhz Həmid Əliyevə həvalə olunmuşdu. O illərdə Vladivostokda asayişi qoruyan yeganə azərbaycanlı olması da onun müstəsna xidmətinin və dövlətə sədaqətinin göstəricisidir.1949-cu ildə doğma Azərbaycanına dönən Həmid Əliyev Bərdə, Füzuli və  Beyləqan rayonlarında xalq hakimi kimi fəaliyyət göstərmişdir. Onun sadəliyi, ədalətə sədaqəti və yüksək təşkilatçılıq bacarığı ona həm dövlətin, həm də xalqın hörmətini qazandırdı. Bu, sərhədçilərin səsi ilə xalq hakimi seçilməsi ilə də təsdiqlənir. Təəssüf ki, bu fədakar həyat 1951-ci ilin mart ayında cəmi 37 yaşında qəfil sona çatdı. Həmid Əliyev və həyat yoldaşı Qazax-Bakı marşrutu üzrə səfərdə olarkən avtomobil qəzasında həlak oldular. Onlar Qazaxda dəfn olundu. Ardında isə üç azyaşlı uşaq və dövlətə sədaqətlə xidmət etmiş bir ömür qaldı. Onun həyat yoluna, fəaliyyətinə və dövlət tərəfindən verilən dəyərlərə nəzər saldıqda Həmid Əliyev şəxsiyyəti bu gün üçün örnəyə çevrilir. O, dövlətinə sədaqətlə xidmət edən, xalqın rifahı üçün çalışan, müharibədə və sülhdə özünü qurban verən “səssiz qəhrəmanlar” nəslinin parlaq simalarından biri idi. Onun həyat yolu bizə bir daha göstərir ki, dövlətin gücü yalnız siyasətdə deyil, belə insanlara verdiyi dəyərdədir. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Sabirabadda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov Sabirabad rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Sabirabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Ceyran Xəlilova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Qəhrəmanlar Unudulmur!

  Avqustun 22-si...Bəzən təqvimdəki bir tarix, sadəcə bir gün deyil. Bəzən o gün bir millətin hekayəsini daşıyır. Bəzən bir tarix torpaqla, bayraqla, qanla, sədaqətlə yazılır. Bu gün biz dörd igid oğulun doğum gününü anırıq ömürləri qısa, izləri əbədi olan şəhidlərimizin...Onlar bir zamanlar dünyaya göz açmışdı. Körpəlik keçmiş, məktəb yollarında addımlamış, həyatın sadə sevincinə qovuşmağa çalışan uşaqlar olmuşdular. Amma alın yazıları fərqli idi. Onlar bu torpaq üçün doğulmuşdular. Onların yolunu tarix seçmişdi şəhidlik yolu ilə ucalan bir ömür... Daşqın Şəfiyev – Laçında dayanan ürək Əsgər Daşqın Hidayət oğlu Şəfiyev 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində dünyaya göz açdı. O, Vətən müharibəsinin ən çətin döyüşlərindən birində 5 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mərdliyi, səssiz qəhrəmanlığı və qətiyyəti ilə silahdaşlarının yaddaşında iz buraxdı.Daşqının adı təkcə ailəsinin yox, millətin fəxridir. Onun igidliyi "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədiləşdirildi. O, torpaq uğrunda döyüşdü, torpağa qovuşdu əbədi yaşamaq üçün... Məhəmməd Məmmədli – Goranboy səngərində düşən ulduz Məhəmməd Murad oğlu Məmmədli 1994-cü ilin bu günündə 22 avqust tarixində Mingəçevirdə dünyaya gəldi. Vətən müharibəsi başlananda, 21 sentyabrda hərbi xidmətə çağırıldı. Cəmi 11 gün sonra, 2 oktyabr 2020-ci ildə Goranboyun Kəhrilər istiqamətində mərmi partlayışı nəticəsində şəhid oldu.Onun əsgərliyi ömür qədər qısa, qəhrəmanlığı isə zaman qədər uzundur. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunması, onun igidliyinin dövlət səviyyəsində tanınmasıdır. Məhəmməd bu millət üçün yaşadı, bu Vətən üçün can verdi. Elyar Məmmədov - Füzulidə yazılan bir ömür Məmmədov Elyar Elbəyi oğlu 1990-cı ildə Biləsuvarın Ağalıkənd kəndində doğuldu. Sadə kənd həyatının içindən çıxan bu gənc, əsgərliyini tam şərəfi ilə başa vurdu. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdi və 27 oktyabrda şəhid oldu. Elyarın üzərinə düşən tapşırıqlar ən çətin olanlardandı  çünki o ixtisaslı hazırlıq keçmiş döyüşçü idi. Hər səngər, hər zirvə onu tanıyırdı. Onun qəhrəmanlığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ölümsüzləşdirildi. Elyar döyüşlərin sükutunda adını səsləndirdi. Ruslan Binnətov - Ad günü səngərlərdə qaldı Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Göygöl rayonunun Haça Qaya kəndində dünyaya gəldi. O, Vətən müharibəsinin son günlərində 9 noyabrda Xocavənd uğrunda döyüşdə qəlpə yarası alaraq şəhid oldu. Gənc yaşında, arzularının ən alisində  Vətən sevgisində canını verdi.Onun igidliyi "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirildi. Ruslanın həyatı qısa oldu, amma o, ömrünü bir millətin gələcəyinə çevirdi.Bu dörd oğul Daşqın, Məhəmməd, Elyar və Ruslan elə bu gün 22 avqustda doğulmuşdular. Onların doğum günü indi bir xalqın qürur günü, bir millətin yaddaş kitabındakı şanlı səhifədir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi sadəcə bir savaş deyildi  bu, bir millətin haqq hayqırtısı, ədalət çağırışı idi. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mülki əhalini, şəhər və kəndlərimizi ağır artilleriya və raket atəşinə tutması qarşısında Azərbaycan Ordusu səssiz qala bilməzdi. 44 gün boyunca səngərlər döyüşün, dağlar qələbənin, şəhidlər isə millətin hekayəsini yazdı. Bu müharibədə 2908 əsgər şəhid oldu. Dördü isə bu gün 22 avqustda doğulmuşdu. Onların yaşının üstünə yaş gəlmir, onların  şəhid olduqları gündə donub qaldı. Amma adları  zamanla yarışır, xatirələri  xalqın ruhunda yaşayır. Bu gün onlar doğulmasaydı, bəlkə də biz bu azad səmanı, dalğalanan bayrağı, torpağımıza qayıdan ayaq izlərini görə bilməzdik. Onların doğumu  bir millətin taleyinə yazılmış qurtuluşdu. Bəzən tarix bir insanın doğumu ilə dəyişir. Bu gün o dörd doğum dörd istiqamətdən bir millətin qüruruna çevrilib.Qoy bu torpaq, bu millət, bu bayraq daim onların ruhu ilə ucalılsın. Ruhunuz qarşısında baş əyirik, igidlər. Ad gününüz həm mübarək, həm də əbədidir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu