Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbət edib.

Prezident İlham Əliyev: Tuğ kəndinə xoş gəlmisiniz.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Görün, nə günə salıblar.

Sakin: Bəli, bu bina 1961-ci ildə tikilib.

Prezident İlham Əliyev: Bu, mədəniyyət evi olub?

Sakin: Bəli, burada Ağa bəy Məlikaslanovun mülkü olub.

Digər sakin: Çox gözəl asfalt yol da çəkilib, məəttəl qalası işdir, qısa müddətdə elə bil ki, biz başqa bir kəndə gəlmişik.

Prezident İlham Əliyev: Yox, hələ bu, müvəqqətidir. Əsaslı işlər bundan sonra görüləcək. Amma evləri görürsünüz, bütün evlər yarıdağılmış vəziyyətdədir.

Sakin: Bizim evi yandırıblar, o tərəfdədir. Azərbaycanlıların evlərini yandırıblar.

Prezident İlham Əliyev: Bu, məktəb olub?

Sakin: Bəli, məktəb, yanında da bağça.

Digər sakin: Cənab Prezident, mən bu məktəbdə oxumuşam. Bura da mənim babamın evidir. Baxın, bu həyət mənim babamındır. Buradan buraya məktəbə gəlmişəm. O da Sadıq bəyin evidir. Bu, Mahmud bəy Məlikaslanovun evidir.

Prezident İlham Əliyev: Hansı? Bu?

Sakin: Bəli, bu ev. Ermənilər onu sökməyiblər, yaşayırdılar.

Digər sakin: Cənab Prezident, burada məktəb 1885-ci ildə olub.

Prezident İlham Əliyev: Bilirəm, bu, qədim məktəbdir.

Sakin: Sizin Sərəncamınızla 2010-cu ildə məktəbin 125 illiyini qeyd etmişik. Məktəb işğal dövründə ermənilər tərəfindən dağılıb. Bayaq bir söz dediniz, burada bulaqlar da quruyub. Bax, bu bulaq quruyub.

Prezident İlham Əliyev: Hamısı quruyub.

Sakinlər: Bəli, bulaq var idi quruyub.

Prezident İlham Əliyev: Burada da bulaq var idi?

Sakinlər: Yuxarıdakı bulaq quruyub. Bunlar nə gündə yaşayıblar. İndi buna baxsınlar, təkcə ermənilər deyil, onları müdafiə edənlər də utansınlar.

Prezident İlham Əliyev: Elə mən də onu deyirəm. Buranın xüsusi bir iqlimi var. Buraya gəlirsiniz, heç bir səs də yoxdur. Mən birinci dəfə gələndə baxırdıq, tamaşa edirdik, quşlar oxuyur, güllər, sakitlik. Elə bil ki, cənnət bir yerdir.

Sakin: Cənab Prezident, Siz abidələrə xüsusi diqqət yetirirsiniz. Xocavəndin bir hissəsində “Dədə Qorqud” dastanında adı çəkilən Qaraca Çobanın qəbri var. Qaraçuğ dağı var. Dastanda Salur Qazandan danışılanda “Qaraçuğun aslanı” adı keçir. Onun qəbri bu ərazidədir, Nərgiztəpədə. Onu qoruyub saxlamışdıq. O vaxt onları vermədik.

Prezident İlham Əliyev: O bizdədir.

Sakin: Ulu Öndər saxladı, 1994-cü ildə aprel ayının 10-da. Çox müqəddəs gün idi.

Prezident İlham Əliyev: Bilirəm, gəlmişik.

Qadın sakin: Cənab Prezident, buranı qədim irs kimi qorumaq lazımdır.

Prezident İlham Əliyev: Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq.

Bütün bunları da dağıdıblar. Yəqin bunlar azərbaycanlıların evləri olub.

Sakinlər: Azərbaycanlıların evləri idi. Dağılan evlərin hamısı azərbaycanlılarındır. Cənab Prezident, bu aşağıdakı ev mənim müəllimimin evi idi. Həmin müəllim sovet-alman müharibəsində döyüşmüş, partizanlara qoşulmuş, haqqında hətta Fransa Prezidentinin məktubu, təşəkkürnaməsi olan bir müəllim idi.

Prezident İlham Əliyev: Məktəb aşağıdakıdır? Sonra tikilmişdi.

Sakin: Ulu Öndər 1969-cu ildə gələndən sonra keçmiş Dağlıq Qarabağın bütün Azərbaycan yaşayış məntəqələrində ən müasir tipli məktəblər, mədəniyyət evləri tikilib. Ona qədər məktəblər çox bərbad vəziyyətdə idi.

Digər sakin: Üzr istəyirəm, cənab Prezident. Mən şairəm və Siz mənə “Azərbaycanın Əməkdar jurnalisti” adını vermisiniz. Mənim bu günlərdə yazdığım şeirin son bəndi belədir:

Xoşbəxtliklə dolub indi baxışlar,

Zəfər yaşadır bu anları.

Bizim dilimizdən qopan alqışlar,

Sizə duaçıdır azərbaycanlılar.

Prezident İlham Əliyev: Çox sağ olun. Gəlin şəkil çəkdirək.

Sakin: Möhtərəm Prezident, fikir verirsiniz, bax, o üstdəki ev təzə tikilib.

Prezident İlham Əliyev: Bəli.

Sakin: Qıraqdakıların hamısını xaçlarla dəyişdiriblər. O köhnə daşlarla uyğun gəlmir. Fikir verirsiniz?

Prezident İlham Əliyev: Hünərli kəndindəki, keçmiş Çakuri kəndindəki kilsəni, həmçinin. Onlar onun giriş hissəsini yeni daşlarla “bəzəyiblər”, hamısı da saxta.

Sakinlər: Tarixboyu elə ediblər. Ancaq bunu sübut etmək çox da çətin deyil, şəkillər var.

Prezident İlham Əliyev: Alimləri, beynəlxalq ekspertləri gətirəcəyik.

Sakin: Təşəkkür edirik. Lahıc çox gözəl bərpa olunub, bir muzey kimi bərpa olunub.

Prezident İlham Əliyev: Basqal kəndi də qədim kənddir. Mən göstəriş vermişəm, xüsusi Sərəncam da imzalandı. Ora da belə tarixi-mədəni abidə kimi qorunacaq. Tuğ da o səviyyəli, yəni, tarix baxımından çox qədim və önəmli bir yerdir.

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Sakin: Baxın, buradan bizim o məzarlıqda ağac görünür, o ağacın altında “Qarabağnamə”nin ilk müəlliflərindən biri Mirmehdi Xəzani dəfn olunub.

Prezident İlham Əliyev: Ora qəbiristanlıqdır?

Sakin: Bəli. Azərbaycanlıların qəbiristanlığıdır. Cənab Prezident, biz təxminən iki ay əvvəl orada olduq. Bizim dədə-baba qəbirlərimizdən heç nə qalmayıb. Daşların hamısını götürüb aparıblar, çətin tapırdıq. Şükür Allaha ki, Mirmehdi Xəzaninin məzarı hələ qalıb.

Digər sakin: Cənab Prezident, bu bölgələrdə Qafqazın qiymətli suya malik bulaqları var.

Prezident İlham Əliyev: Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq – təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var.

Sakin: Gözəl yollar çəkilir.

Prezident İlham Əliyev: Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür.

Sakin: Buraya çoxlu insanlar gələcək. Bu, elə-belə kənd deyil. Buradan çıxan adamlar çoxdur. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. Sizə deyim ki, bəlkə də bir üç o qədər də buradan xaricə gedib. Özü də buranın camaatı da çox savadlı olub.

Prezident İlham Əliyev: Savadlı insanlar olublar. Mədəni mərkəz olub. Adi kənd deyil, tarixini bilirəm.

Sakin: Buranın tutu Şax tut adlanır. Bu tutun çox nadir, müalicəvi təsiri var.

Prezident İlham Əliyev: Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır.

Sakin: Fəxr edirdik ki, bizim Prezidentimiz ensiklopedik məlumata malikdir. Biz fəxr edirik ki, xarici jurnalistlərlə onların öz dilində onlardan da yaxşı danışırsınız. Rəhmətlik Heydər Əliyev çıxış edirdi, - Allah ona qəni-qəni rəhmət eləsin, - mənim anam bütün günü ona baxırdı. Deyirdi ki, çox savadlı, həm də yaraşıqlıdır. İndi Sizin o çıxışlarınız, duruşunuz, qəhrəman cüssəniz millətə ümid verir, onu yaşadır.

Prezident İlham Əliyev: Sağ olun, salamat qalın, tez-tez görüşəcəyik burada. Tədbirlər çox olacaq, açılışlar çox olacaq, görüşəcəyik sizinlə.

Sakinlər: İnşallah, sağ olun, var olun. Allah Sizə cansağlığı versin. Çox sağ olun.

2021-10-12 09:49:00
1079 baxış

Digər xəbərlər

Ziyalılığın təcəssümü

MÖHÜBBƏT NURULLAYEV - 85 ONLAR MASALLIDANDIR            Müəllim ömrü. Bu ömür tuş qələmlə səliqə-sahmanla, aldığı Fəxri fərmanlar, təşəkkürlər, fəxri adların, medalların vəsiqəsində yazılıb. Ali təhsil diplomunda qeyd olunub, əmək kitabçasında bir-birinin ardınca düzülüb. Bir ziyalı ömrünü bəzəyən, bir şəxsiyyətə başucalığı gətirən ömür! Möhübbət müəllimin mənəviyyatını oxucu üçün açır, onu oxucuya tanıdır. İnsan şəxsiyyətinin qiyməti, onun əməyə, təhsilə münasibəti, zəhmətsevərliyi, peşəsinə vurğunluğu ilə ölçülür. Belə insanlar ümidimizi sönməyə qoymurlar, həyat yollarında köməyiniz, dayağımız olurlar. Cəmiyyətdə nə qədər şəxsiyyətli adamlar çoxdursa, cəmiyyət də bir o qədər zəngin görünür.  Bu yazıda söz açdığım Möhübbət müəllim də öz xarakteri ilə Azərbaycan torpağında ucalan ziyalılarımızdandır.  Ziyalılığa, elm, bilik nuru saçan insanları şəxsiyyət kimi formalaşdıran peşə sahiblərinə borcumuz çoxdur. Müəllimlər insanın şəxsiyyət kimi yetişməsində ən böyük zəhməti olan insanlardır. Bu peşə sahiblərinin adı onlar üçün ən böyük şan-şöhrət, əvəzedilməz zirvədir.  Müəllimin fəaliyyəti, zəhməti cəmiyyətlə bağlıdır. Cəmiyyətə nüfuz edir. Gənc nəslin gələcəkdə bizi əvəz edənlərin ziyasından elm, təhsil vərdişi yaradır. Cəmiyyətin əvəzedicini hazırlayır. Ona görə də insanların belə adamlara təmənnasız xidmətkarlarına - müəllimlərə borcu çoxdur. Bu borcu Möhübbət müəllimi tanıyanlar hiss edir.  Yüzlərlə şagirdləri bu gün vəzifələrdə çalışır, elm adamlarıdır. Onlar həmişə ustadlarının hörmətini saxlayırlar.  Möhübbət müəllimin dərs dediyi məktəblərin coğrafiyası genişdir. Onun keçdiyi mənalı və şərəfli yolunu vərəqləyək.      TƏRCÜMEYİ - HALINDAN SƏTİRLƏR:    NURULLAYEV MÖHÜBBƏT AYAZ OĞLU 10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur.  İkinci Dünya müharibəsi başlananda 3 yaşı vardı. Atası Ayaz kişi cəbhəyə yola düşəndə balaca Möhübbəti öpüb qucaqlamaq istəyəndə o tez qaçaraq Fati anasının qucağına sarıldı və ağladı. Bu onun atası ilə son görüşü oldu. Ayaz kişi müharibədən qayıtmadı və itkin düşdü. Fati ana 3 yaşlı Möhübbəti və körpəsini - Cənnəti atasız böyütdü, onlara həm ata oldu, həm də ana...      MÖHÜBBƏT MÜƏLLİMİN DEDİKLƏRİNDƏN:      - Atam Ayaz Nurullayev 1941-ci ilin dekabr ayında cəbhəyə gedib və müharibədə itkin düşüb. Atamın simasını çox çətinliklə xatırlayıram. Atam haqqında düşünərkən gördüklərim, bildiklərim və eşitdiklərim gözlərim önündə canlanır. Bu zaman uşaq kimi kövrəlirəm, müharibəni törədənləri dönə-dönə lənətləyirəm. Biz zamanın burulğanında məhv olmadıq, böyüdük, yaşa dolduq, təhsil aldıq və ailə sahibi olduq.  Anam Nurullayeva Fati Niftulla qızı 1913-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 2000-ci ilin iyun ayının 27-də vəfat edib.  İki qardaş olmuşuq - mən və Cənnət. Oxuduq, işlədik, çox əziyyətlə böyüdük. Qardaşım - Nurullayev Cənnət Ayaz oğlu 25 avqust 1942-ci ildə anadan olub. Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində Tibb kollecində feldşerliyi oxuyub. Sankt-Peterburq, Kaluqa və Moskva şəhərində "Sokolnik" sanatoriyasında baş həkimin müavini olub. Yüksək ixtisaslı həkim kimi 44 il işləyib..." Gənc Möhübbət ilk təhsilini Ərkivan qəsəbəsində "Ağ Məktəb"də alıb. Sonrakı 1958-1960-cı illərdə kənddə o vaxtkı "Çapayev" adına kolxozda təsərrüfatın müxtəlif sahələrində çalışıb. Gəncliyi müharibədən sonrakı illərə təsadüf edib. Kəndin, təsərrüfatın dirçəlişində arxa cəbhədə çalışanlar da döyüşçü idilər. Gənc Möhübbət də qolunu çırmayıb istehsalatda canı-dildə işlədi. İnsan harada işləyərsə, öz işini dəqiq, təmiz görməli və özünə hörmət qazanmalıdır. Onun zəhmətkeşliyindən çox danışmaq, yazmaq da olar. Bu yolun çətin anları da olub, sevinc anları da... İstehsalatdan sonra ali məktəbə qədəm qoydu.  1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldı, fizika-riyaziyyat müəllimi diplomu ilə ali təhsillilər sırasında kəndə qayıtdı. Həmin ildən taleyini məktəbə bağladı.      1965-1970-ci illərdə Masallı rayonunun Mollaoba kənd 8 illik məktəbində fizika-riyaziyyat müəllimi, 1970-1976-cı illərdə Masallı rayonunun Bədəlan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, 1976-2011-ci illərdə Masallı rayonunun Lürən kənd Faiq Şükürov adına orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. Təqaüdə çıxana qədər doğma Lürən kəndində zəhmətkeş balalarına dərs demişdir. Təkcə elm, bilik öyrətməmiş, onları həyatın qədrini bilməyə, düz yola çağırmışdır.   Böyük Məhəmməd Füzulinin şeirlərinin birində deyildiyi kimi:          Ömrün əziz ikən təbin təzələr,          Dünya zəncirinə bağlama hədər.          Allaha xoş gedən xeyirli iş gör,          Qoyma ki, həyatın keçə bisəmər. Müəllim adı ona verilən bütün təşbehlərdən üstündür. Həyatımızı müəyyən məcraya yönəldən, bizi elm, bilik yoluna çıxaran müəllimlərimizin əli əlimizdə olanda güclü, qüvvətli oluruq. Möhübbət müəllim də belə ziyalılarımızdandır. O da elmi, savadı ilə neçə şagirdin ömrünə çıraq tutub.  Möhübbət müəllim ictimai işlərdə daha çox fəallığı ilə tanınıb. 1960-cı ildən Respublika Həmkarlar İttifaqının üzvü və Masallı rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının Lürən kənd məktəb həmkarlar təşkilatının sədri olmuşdur.  1990-cı ilin mart ayına qədər 28 saylı seçki Dairəsindən Masallı rayonu Musaküçə kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir.  11 noyabr 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.  19 sentyabr 2013-cü il tarixdə təqaüdə çıxıb.      1 iyul 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Əmək veteranı" adına layiq görülmüşdür.   Masallıda Möhübbət Nurullayevi təcrübəli fizika-riyaziyyat müəllimi, təhsil işini yaxşı bilən mütəxəssis, gözəl insan, səmimi ailə başçısı kimi tanıyırlar. Həmişə xoş təbəssümlü, gözlərində parlaqlıq, həyat eşqi gördüyümüz bu insana 85 yaşı olmasına ilk baxışdan şübhə edirsən. Ölçülü-biçili hərəkətlərinə fikir verəndə, məşvərət - məsləhətlərinə qulaq asanda, müsahib olanda isə bu həqiqətə inanırsan. Möhübbət müəllim 1978-ci ildə Gülməxmər Şəküllə qızı ilə ailə həyatı qurub.1959-cu il təvəllüdlü Gülməxmər ana Lürən kənd məktəbində işləyib. 2016-cı ildə 4 sentyabrda vaxtsız dünyasını dəyişib, Lürən kənd qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin! Möhübbət müəllim bir valideyn kimi övlad yolunda çox əziyyətlər çəkib. Həyat yoldaşı Gülməxmər xanımla cəmiyyət üçün layiqli, yararlı övladlar böyüdüblər. Dəyərli məsləhətləri, gözəl tərbiyəsi ilə balalarının yoluna işıq saçıb Möhübbət müəllim! Onlara tələbkar olduğundan hər birini xasiyyətcə gözəl formalaşdırıb.  Altı övlad - 5 oğul, 1 qız tərbiyə edən Möhübbət müəllimə bu işdə ömür yoldaşı Gülməxmər ana həmişə dayaq olub. Övladları - Tariyel, Maqsud, Fidan, Qoşqar, Əlisəfa, Ayaz. Onlar da bu günümüzün yaradıcılarıdırlar. Ataya, anaya öz hərəkətləri ilə şöhrət, hörmət gətirmişlər. Atalarını "ATA", analarını "ANA" adı ilə çağıran övladlar bu müraciətin şirinliyini həmişə qoruyub saxlamışlar. Möhübbət baba ilə Gülməxmər nənənin 11 nəvəsi vardır. Mənzər, Nihat, Fatimə, Fayaz, Firuzə, Fariz, Ariz, Nurgül, Aygül, Gülməxmər, Miray adlı şirin-şəkər nəvələri baba ilə nənənin ömür bağçasının çiçəkləyən arzuları və davamçılarıdırlar.  

Hamısını oxu
Abşeronda növbəti dəfə şəhid övladları sevindirildi

Veteran.gov.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid Musayev Sahib Musa oğlunun həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının otağı üçün xalçaya, oğlunun isə “stolüstü futbol oyunu”na ehtiyacı olduğu müəyyən edilib.   Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova və adıçəkilən bağçanın kollektivi tərəfindən xalça və “stolüstü futbol oyun”u ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.   Şəhidin həyat yoldaşı Pərvin Musayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.   Qeyd edək ki, Musayev Sahib Musa oğlu 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1991-ci ildə Şotavar kənd orta məktəbinin 1-ci sinfinə gedib. 8-ci sinifdən sonra təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində davam etdirib. 2001-ci ildə Qorağan kənd orta məktəbini bitirib. Həmin il Bakı Maliyyə İqtisad kollecinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini Gəncə Şəhərində yerləşən N saylı hərbi hissədə keçib. 2004 cü il aprelin 5-də hərbi xidmətini başa vurub yenidən təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra hərbiyə, vətənə olan sevgisinə görə hərbiçi olmaq qərarına gəlib. 2005-ci il sentyabrın 9-da Bakıda yerləşən Təlim Tədris Mərkəzinə qəbul olunub. Burada Taqım komandirinin müavini ixtisasına yiyələnib. Amma ən böyük arzusu XTQ-də xidmət etmək olub. Həmin ilin dekabr ayında XTQ-nin kursuna qəbul olunub, 6 aydan sonra həmin kursu müvəffəqiyyətlə bitirib. XTQ-nin Xızı rayonunda yerləşən Yaşma adlanan “N” saylı hərbi hissəsində işə başlayıb. 16 il XTQ də xidmət edib. Bir çox tapşırıqlarda, Aprel döyüşlərində iştirak edib. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla təltif olunub. Bir çox fəxri fərmanlara layiq görülüb. Vətən müharibəsi başlayan gündən müharibəyə gedərək Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azadlığı uğrunda, Vətən uğrunda, Şücaətə görə, Şuşa uğrunda medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Hamısını oxu
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

Veteran.gov.az xəbər verir ki, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.   Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.   Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb

Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev Respubika Veteranlar Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov və kollektivlə görüşüb.   Tədbiri giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov Gənclər və İdman Nazirliyinin hər zaman Respubika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, təşkilatın vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.   Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb.   İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib.   Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib . İntiqam Babayev bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu