Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

20 Yanvarı xatırlarkən...

Bu qeydləri uzun illər ərzində ən məhdud auditoriyada belə üzə çıxarmağa, nə də geniş ictimaiyyətə çatdırmaq üçün çap etdirməyə ehtiyac duymamışam. Bəlkə də ixtisasımdan irəi gələn bir vərdişdur. Özümlə bağlı olanlardan yox, başqalarının xidmətlərindən yazmağı üstun tutmuşam. Beləcə iştirakçısı olduğum, fəallıq göstərdiyim hadisələrin indi nəinki təfərrüatını, hətta bəzən ən mühüm məqamlarını xatırlamaq çətin olur. Bir çox detalları dəqiqləşdirmək üçün arxiv adı ilə topladığım sənədləri, mətbu nəşrlərdə dərc edilmiş məqalələri, qeydləri yenidən ələk-vələk etməli oluram. Bəzi məqamlarını sizə çatdırmaq istədiyim hadisələrə gəlincə, onlar barəsində yazmaq qərarım bu gün müəyyən şəxslərin 1988-1990-cı illərdə Azərbaycanda baş verən hadisələrdən danışarkən nəinki obyektivlikdən uzaq olmaları, öz xidmətlərini hədsiz şişirtmələri, hətta tarixi faktları saxtalaşdırmaq cəhdləri ilə bağlıdır. Xalqın taleyüklü günlərində şübhəli məqsədlərlə, xalqa, hərəkata xor baxanların yanında olanların bu gün özlərinə gərək bildikləri avtobioqrafiya düzəltmək təşəbbüsləri də az dəhşətli deyil. Belələrinin məntiqinə görə, layiq olmadıqları mərtəbələrə yüksəlmələri xalq qəhrəmanına çevrilmələrinə də tam haqq qazandırır. Ancaq yaxşı ki, həmin günlərdən bizi uzun müddət ayırmır və insanların yaddaşı hələ itməyib. 1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağda, Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında və Gəncə şəhərlərində fövqəladə vəziyyət elan etdi. Azərbaycanın İranla sərhədyanı rayonlarında yaranmış gərgin vəziyyətlə əlaqədar və guya bir sıra yerlərdə hakimiyyətin zorla devrilməsi cəhdlərinin qarşısının alınması məqsədilə 16 yanvardan etibarən həmin ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilməli idi. Ancaq nədənsə bu qərar hadisələrin daha gərgin xarakter aldığı Bakı şəhərinə şamil olunmamışdı. Bunun əslində məkrli bir planın tərkib hissəsi olduğu, hazırlanan təcavüz qarşısında xalqın qısa müddətə arxayın salınması məqsədi güddüyü sonradan məlum oldu. Həmin günlərdə, Bakıda baş verən hadisələr, SSRİ rəhbərliyinin birbaşa göstərişi və imperiya cəza qüvvələrinin iştirakı ilə törədilən 20 Yanvar qətliamı barədə çöx deyilib və yazılıb. Ancaq 1990-cı ilin yanvar günlərində Azərbaycanın rayonlarında gedən proseslər, baş verən hadisələr barədə az yazılıb. Əslində isə, Azərbaycanın milli-azadlıq hərəkatı yalnız Bakıda aparılmamış, bütün ölkəni əhatə etmişdir. Sovet hökumətinin mövcudluğu ərzində bu və ya digər formada davam etmiş həmin mübarizənin bir sıra şərəfli səhifələri müxtəlif bölgələrimizdə, rayon və kəndlərimizdə də yazılıb. Ümummübarizə tariximizin tədqiqi baxımından azacıq da olsa əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, 20 Yanvar ərəfəsində Zəngilan rayonunda baş verən hadisələr dediklərimi sübut edir. Həmin vaxt mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 6 ilə yaxın müddət idi ki, təyinatla Zəngilan rayonunda çıxan “Kənd həyatı” qəzetində şöbə müdiri işləyirdim. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qarşısının alınması, ümumən Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının erməni təcavüzündən qorunması zəminində başlanan və sonradan milli-azadlıq, müstəqillik uğrunda mübarizə mərhələsinə keçən milli hərəkatda rayonumuzun bir sıra fəalları da iştirak edirdilər. Biz həm respublikada, həm rayonda, həm də onun ətrafında baş verən hadisələrdən operativ məlumat alır, prosesləri mümkün qədər nəzarətdə saxlamağa çalışırdıq. 1988-ci ilin sonlarından 1990-cı ilin yanvarınadək ən başlıca vəzifəmiz Zəngilanın Ermənistanla 158 kilometrlik sərhəd ərazisi üzrə əksər kəndlərdə yaradılmış postları möhkəmləndirmək, hər an gözlənilən təxribatların qarşısını almaq idi. Bu işdə rayonun ayrı-ayrı idarə və müəssisələrinin bir çox rəhbərləri də bizə lazım gəldikdə köməklik göstərir, xüsusilə ucqar kəndlərə getmək üçün nəqliyyatla təmin edirdilər. Postlarda ov silahları, əksəriyyəti isə əliyalın dayananların ərzağını isə yerli camaat təmin edirdi. 1988-ci ilin fevralından Ermənistanda antitürk, antiazərbaycan ovqatının daha da güclənməsi nəticəsində öz dədə-baba torpaqlarından zorla, ölüm təhdidi altında çıxarılmış azərbaycanlıların ilk dəstəsi Qafan rayonundan Zəngilana pənah gətirmişdi. Qaçqınların gəlişi, Ermənistanın digər ərazilərində deportasiyanın, daha doğrusu, etnik təmizləmənin davam etdirilməsi, Qağlıq Qarabağ ətrafında proseslərin Azərbaycana zidd məcrada inkişafı Zəngilanda da gərginliyi az qala günbəgün artırırdı. Vəziyyətin nəzarətdən çıxması təhlükəsi real olduğundan rayonun hücumları intensivləşmiş erməni yaraqlılarından qorunması ilə yanaşı, əhali arasında ardıcıl iş aparılması tələb edilirdi. Həmçinin İranla sərhəddə mümkün təxribatların qarşısının vaxtında alınması üçün tədbirlər görülürdü. Əlbəttə, bu daha çox xüsusi orqanların işi olsa da, əhalinin heç olmasa mitinqlər vasitəsilə düzgün məlumatlandırılması lazım gəlirdi.  Bu işlər aparıldığı üçün İranla sərhəddə bir neçə dəfə əhali toplanıb, azsaylı etirazlar və mitinq keçirilsə də, sərhədin texniki vasitələrinin dağıdılmasına imkan verilməmişdi. Belə toplantılardan biri 1990-cı ilin 10 fevralında Türkmənçay müqaviləsinin 162-ci ildönümü günündə baş tutmuşdu. Bir çox yaxın ərazilərdə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda insanları dövlət sərhədinə yığıb  toplantı keçirmək heç də asan deyildi. Bunu təsdiq edən foto şəkillər də var. Buna görə də rayonda 1990-cı il yanvar ayının 16-da fövqəladə vəziyyət tətbiq edilməsi, qadağan saatı qoyulması barədə qərar həm hərəkat fəallarını, həm də əhalinin böyük əksəriyyətini hiddətləndirmişdi. Qayda-qanuna, əsasən əməl olunmasına baxmayaraq, bütövlükdə əhalinin cəzalandırılması, başlıca təhlükənin Ermənistanla sərhəddən gözlənildiyi halda, diqqətin bilərəkdən İranla sərhədə yönəldilməsi bir məqsədə xidmət edirdi. Silahlı erməni yaraqlıları qarşısında əlyalın qalan xalq, başına od ələnsə, evində gülləboran olunsa da, axşam saat 21-dən səhər saat 6-yadək evində dustaq qalmalı idi. Bu vəziyyət Azərbaycanın bütün İranla sərhəd ərazilərində tətbiq edilmişdi. Daha acınaqlısı isə bir sıra yerli rəhbərlərin bu qərarın əhalinin xeyrinə olduğunu demələri və insanları buna inandırmaq cəhdləri idi. Əhalinin haqlı narazılığı və coşan hiddəti bizim mitinq qərarımızı qətiləşdirdi. Bütün xəbərdarlıqlara, hətta komendant saatının tətbiqinə cavabdeh qüvvələrin (onlar başqa millətlərin nümayəndələrindən ibarət hərbçilər idi) artıq rayona gətirildiyinə baxmayaraq, 17 yanvar saat 11-ə mərkəzi meydanda, Zəngilan rayon partiya komitəsi binasının yaxınlığında mitinq təyin edildi. Mitinq xalqın kükrəyən qəzəbinin həmin vaxtadək görünməmiş bir həddə nümayişi oldu. 34-35 min nəfər əhalisi olan bir rayonda 20 min nəfərə qədər insanın mitinqdə iştirakı rayon rəhbərliyini, yad hərbçiləri mübaliğəsiz deyim ki, hətta qorxuya salmışdı. Çıxış edənlərin tələbi eyni idi: heç bir əsas olmadan tətbiq olunan xüsusi vəziyyət və qadağan saatı ləğv edilməlidir. İnsanlar, daha çox da müəyyən səlahiyyət sahibi olanlar rayonda heç bir qeyri-qanuni hərəkətin törədilməyəcəyinə təminat verir, bu məhdudiyyətləri özləri üçün təhqir hesab etdiklərini bildirirdilər. Onlar, “biz təhlükəsizliyimizin təminatına yönəlmiş bütün cəhdləri alqışlayacağıq, bu qadağalar isə bizi təhlükə qarşısında qoyur” deməklə sanki sovet rejiminin məkrli niyyətlərinə işıq tuturdular. Mitinq iştirakçılarının qəti tələbi ilə sərhədyanı rayonlarda fövqəladə vəziyyətin tətbiqi barədə qərarın Zəngilanda icrası dayandırıldı. Bu barədə qərarı xüsusi komendantlığın rəisi A.Yakovlev meydanda elan etmək məcburiyyətində qaldı. Həmin hadisələr barədə rayon qəzetində səhəri gün 2 nəfər həmkarımla «Xalq birliyinin gecəsindən reportaj»ımız dərc edildi. Mitinqdəki çıxışlardan ikisini qəzetin həmin sayına istinadən diqqətinizə çatdırmaq istəyirəm. Mincivan qəsəbə sakini, İkinci dünya müharibəsi veteranı Musa Əliyev demişdi: “Mən müharibə iştirakçısıyam, o vaxtlar ərazimizdə əlavə sərhəd rolu oynayan tikanlı məftillər yox idi. Amma sərhəd lazımi qaydada qorunurdu. İndi 5 gün əvvəl əlavə zonaları xalqın iradəsi ilə götürüb, sonra yenə bağladılar. Bizi İran sərhədindən yox, Ermənistan sərhədindən təhlükə gözləyir. Bu təhlükəni qeyrətli oğullarımız öz sinələri ilə dəf etməyə hazırdırlar. Bizə xüsusi vəziyyət, qadağan saatı lazım deyil.”. Maşinist Abış Qasımov: “Həyatım boyu bu qədər adamın rayonumuzda etiraz səslərini ucaltmaq üçün bir yerə toplaşdıqlarını görməmişəm. Körpə uşaqlar da, xəstə, qocalar da bu meydana gəliblər. Gəliblər ki, qadağan saatını qadağan etsinlər”. O şaxtalı, soyuq havada mitinq keçirilən meydanda istədikləri qərarı alana qədər insanlar gecəyarısına qədər dağılmadılar. Meydanda 25 yerdə tonqal qalayıb ətrafında qızındılar, soyuqdan aclıqdan yoruldular, birinci katib də olmaqla, neçələrinin “sabah həll edilər, dağılın” vədinə aldanmayıb dözdülər, geri addım atmadılar. Yerli dövlət orqanlarının tapşırığı ilə baş verənlərin, gecəyarısına qədər davam etmiş mitinqin videoçəkilişi də aparılmışdı. Lakin həmin çəkiliş heç vaxt üzə çıxarılmadı. Bəlkə erməni işğalı vaxtı hansısa kabinetin küncündə unuduldu. Çünki artıq o dövrdə hakimiyyət orqanlarının bu çəkilişlərdən kimlərəsə qarşı istifadə etməsinin əhəmiyyəti qalmamışdı. Rayonda ikinci çoxsaylı mitinqi 1990-cı il yanvar ayının 22-də yenə şəhərin mərkəzi meydanında təşkil etdik. Minlərlə insan mərkəzi hakimiyyətə, şəxsən M.Qorbaçova Bakıya qoşun, daha doğrusu, cəza dəstələri yeridilməsinə görə öz etirazını bildirdi. Yüzlərlə şəxs mərkəzi hakimiyyətin əsas təmsilçisi Kommunist partiyası rəhbərlərinin Azərbaycana qarşı törətdiyi qanlı cinayətə, əslində soyqırıma etiraz əlaməti olaraq partiya biletlərindən imtina etdi, 400-dən çox kommunist biletini yandırdı. Mitinqin respublikanın paytaxtı Bakıda və bir çox ərazilərdə fövqəladə vəziyyətin tətbiqinə başlandığı bir vaxtda, həbs və təqib təhdidlərinin real olmasına baxmayaraq, keçirliməsi insanların cəsarətindən, vətənpərvərliyindən xəbər verirdi.  Həmin vaxt mən artıq 2 il idi ki, rayon partiya komitəsinin orqanı olan “Kənd həyatı” qəzeti və mətbənin birləşdiyi ilk partiya təşkilatının katibi idim. 20 Yanvar günün səhəri ilk partiya təşkilatının iclasını çağırıb, üzvlərin ərizələri əsasında və mütləq əksəriyyətin səsi ilə ilk təşkilatın ləğvi haqqında qərar çıxardıq. Bu rayonda ilk partiya təşkilatının ləğv edildiyi yeganə qərar idi. Bundan hiddətlənən rayon partiya komitəsi 1990-cı ilin martında artıq Zəngilanda fövqəladə vəziyyətin tətbiqinə başlandığı dövrdə keçirdiyi plenumda mənim işdən çıxarılmağım barədə qərar verdi. Rayonda olmadığım vaxt qəbul edilmiş həmin qərarın əmək kitabçama yazılmasına baxmayaraq, mən işsiz qalmadım, əksinə əyalətdən Bakıya gələrək burada öz ixtisasım üzrə qəzetlərdən birində işə başladım. Qeyd edim ki, ikinci mitinqin də videoçəkilişi üzə çıxarılmadı. 20 Yanvar qətliamından sonra Bakıda və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejiminin tətbiqi daha sərt şəkildə həyata keçirilməyə başlandı. Yerlərdə yaradılmış xüsusi komendantlıqlar tərəfindən milli-azadlıq hərəkatının üzdə olan fəallarının həbsinə, bir sıra iştirakçılarının isə təqibinə start verildi. Zəngilandan olan fəallar iki aydan sonra həbs, təqib və təzyiqlərə məruz qaldılar. Onlardan 6-7 nəfəri Rusiyanın müxtəlif ucqar ərazilərində bir neçə müddət həbs həyatı yaşadılar... Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru

2018-01-20 00:00:00
2354 baxış

Digər xəbərlər

“Azərbaycanda sosial dövlət modelinin banisi Heydər Əliyevdir”

Səmyar Abdullayev: “Bu model Prezident İlham Əliyev tərəfindən uğurla genişləndirilib və inkişaf etdirilib” Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin fəaliyyətinə, xüsusilə də sosial sahədə həyata keçirdiyi islashatlara toxunmağa çalışdıq: -Səmyar bəy, ölkəmizdə sosial dövlət modelinin mövcudluğu, bu modelin böyük uğurla vətəndaşlara xidmət göstərdiyi göz önündədir. Bu modelin formalaşma dönəmi,  tarixi inkişaf yolu haqında nə deyə bilərsiniz? -Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycanda sosial dövlət modelinin banisi xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Məhz onun səyi və rəhbərliyi altında müstəqilliyimizin ilk illərindən etibarən bu modelin formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlayıb. Vətəndaşların sosial rifahının yüksəldilməsini dövlət başçısı kimi əsas məqsədlərindən biri hesab edən Heydər Əliyev, həssas kateqoriyadan olan şəxslərə - sağlamlıq imkanı məhdud şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara xüsusi qayğı göstərib. Onların problemlərinin həlli istiqamətində sistemli addımlar atıb. Bir məqamı da qeyd edim ki, Heydər Əliyev cəmiyyətin həssas kateqoriyasına mənsub insanlara bu qayğını çox çətin hərbi-siyasi dönəmdə - maddi imkanalrın kəskin məhdudluğu şəraitində həyata keçirirdi. Bir tərəfədn Ermənistanın işğalçılıq siyasətinə qarşı hərbi və siyasi cəbhədə mübarizə aparan, digər tərəfdən müstəqilliyimizi möhkəmləndirmək üçün çevik diplomatiya həyata keçirən Heydər Əliyev, eyni zamanda sosial dövlət modelini formalaşdırır, vətəındaşların daha yaxşı yaşaması üçün bütün imkanlardan maksimum istifadə edirdi. Bu, milli tariximizin böyük və qürurverici həqiqətlərindən biridir. -Heydər Əliyevin sosial dövlət modeli vətəndaşların rifahını yaxşılaşdırmaqla yanaşı, xalqın mənəviyyatına, cəmiyyətin psixologiyasına necə təsir göstərdi? -Təbii ki, Ulu öndərin əlillər, şəhid ailələri, qayğıya möhtac vətəndaşlarla bağlı yürütdüyü siyasət, onlara olan humanist yanaşması cəmiyyət üçün mənəvi və psixoloji baxımdan da ciddi mesaj idi. Heydər Əliyev ortaya qoyduğu dövlət siyasəti ilə cəmiyyətə, bu cəmiyyətin hər bir fərdinə belə bir mesaj verirdi ki, həssas kateqoriyadan olan vətəndaşlara qayğıkeş münasibət, onların problemlərinin həllinə yardım hər bir vətəndaşın mənəvi borcudur. Heydər Əliyevin bu yanaşması Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlər sistemi ilə də tam uzlaşır, o cümlədən, bu dəyərlərin qorunmasına xidmət edirdi. Xalqımızın xarakterində kök salan köməyə ehtiyacı olan insanlara yardım, darda qalana kömək etmək, çətin məqamda həmrəylik srəgiləmək kimi dəyərlər Heydər Əliyev siyasətinin ana xəttini təşkil edir, cəmiyyəti də bu ruhda kökləyirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin sosial siyasəti həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edirdi.   -Azərbaycandakı sosial dövlət modelinin bugünkü vəziyyəti haqqında nə deyə bilərsiniz? -Hesab edirəm ki, Azərbaycandakı müasir sosial dövlət modeli sadəcə region dövlətləri deyil, bütün dünya üçün nümunədir. Çünki bu model sadəcə cəmiyyətin müəyyən kateqoriyalarının deyil, onun hər bir fərdinin sosial rifahının yaxşılaşdırılmasına yönələn əlahiddə bir modeldir. Bu modelin nə qədər effektiv və səmərəli olduğunu anlamaq üçün bəzi rəqəmlərə nəzər salmaq kifayətdir. Nümunə üçün qeyd edək ki, Prezidenmt İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Bu rəqəmin özü ölkəmizdəki sosial siyasət modelinin rassionallığından xəbər verir. Bundan başqa, müavinət və təqaüdlərin məbləği orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, büdcə təşkilatlarında çalışanların əməkhaqqı orta hesabla 50 faiz artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta məbləğində isə artıb 2,2 dəfə artım olub. Bütün bunlar Azərbaycan dövlətinin vətəndaşların sosial rifahını yaxşılaşdırmaq istiqamətində gördüyü mühüm işlərdən, əldə edilən böyük nəticələrdən xəbər verir. -Səmyar bəy, ölkəmizdəki sosial dövlət modelinin yaxın gələcəklə bağlı perspektivlərini necə qiymətləndirirsiniz? -Mövcud sosial model yaxın gələcək üçün də böyük perspektivlər, böyük nəticələr vəd edir. Bunu görülən işlərin miqyası, dövlətimizin bu sahədəki prinsipiallığı da təsdiq edir. Konkret desək, 2022-ci ilin sosial islahatları dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. Bi isə o deməkdir ki, həyata keçiriləcək islahatlara illik əlavə 1,5 milyard manat vəsait ayrılacaq. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək. Bu rəqəmin özü həyata keçiriləcək islahatların miqyasını göstərir. Bir  məqamı da qeyd edim ki, müavinət və təqaüdlərin miqdarında da ciddi artımlar baş verib və bu artım əlilliyi olan şəxsləri də əhatə edib. 2022-ci ilin əvvəlindən etibarən əlilliyə görə müavinətlər I dərəcə üzrə — 150 manatdan 220 manata, II dərəcə üzrə — 130 manatdan 180 manata, III dərəcə üzrə — 110 manatdan 120 manata çatıb. Bildirək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə I dərəcə üzrə müavinətlər 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə isə 2,3 dəfə artırılıb. Ümumi səbəbdən birinci dərəcəli əlilliyi olanlara müavinətlərlə yanaşı, 130 manat məbləğində Prezidentin aylıq təqaüdü də verilir. Müharibə əlilləri də dövlətimizin daim diqqət mərkəzindədir və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Müharibə, hərbi xidmət və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara I dərəcəyə görə 400 manat, II dərəcəyə görə 350 manat, III dərəcəyə görə 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ödənilir. Əlillərlə yanaşı, onlara qulluq edən şəxslərin də təqaüdündə artım baş verib. Belə ki, birinci qrup əlillərə qulluq üçün Prezidentin aylıq təqaüdü gələn ilin əvvəlindən 60% artırılaraq 80 manata çatdırılıb. Bir sözlə, bütün bu rəqəmlər, sadaladığımız faktlar ölkəmizdəıki sosial dövlət modelinin bugünü ilə yanaşı, gələcək perspektivlərindən xəbər verir. Təbii ki, biz bütün bunlara görə həm sosial dövlət modelimizin qurucusu olan Ümummilli liderimiz Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Əminik ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən layihələr, bu torpaqlarda gerçəkləşdirilən böyük quruculuq işləri, dövlətimizin artan iqtisadi gücü və maliyyə imkanları sosial dövlət modelimizin bundan sonra da qüsursuz şəkildə işləməsini təmin edəcək, vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına öz töhfəsini verəcəkdir. -Səmyar bəy, həssas kateqoriyaya məxsus vətəndaşlarla birbaşa təmasda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini necə dəyərləndirirsiniz? -Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət başçısının tapşırıq və tövsiyyəsindən irəli gələn məsələlərin həlli istiqamətində həqiqətən də ciddi addımlar atır və bu tapşırıqların icrasına həssaslıqla yanaşır. Buna nümunə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu müstəvidə həyata keçirdiyi bəzi layihələrə qısa nəzər salmaq kifayətdir. Məlumat üçün qeyd edim ki, təkcə cari il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi planlaşdırır. Layihələr qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin də yaradılması, müvafiq kateqoriyalardan olan şəxslərə sosial-psixoloji, nevroloji, pedaqoji və s. xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilməsi kimi məsələləri əhatə edir. Sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, autizm eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi, övladlığagötürmə, insan alverinə qarşı mübarizə və s. ilə bağlı təbliğat məqsədli layihələrin icrası da nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən, gözdən əlil vətəndaşlara üstünlük verilir. Qeyd edək ki,  2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib. 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib ki, onla­rın 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Vətəndaş müraciətlərinin çevik şəkildə cavablandırılması, hər bir müraciətin ətraflı şəkildə araşdırılması da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə xas mühüm xüsusiyyətlərdən biridir. Bu baxımdan əminliklə söyləmək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxın gələcəkdə də vətəndaş məmnunluğunun təmini istiqamətində mühüm addımlar atacaq, dövlət başçısının tapşırıqlarını bugünə qədər olduğu kimi, bundan sonra da çox böyük dəqiqlik və məsuliyyət hissi ilə icra edəcəkdir.   Seymur ƏLİYEV  

Hamısını oxu
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi şəhid və qazi övladları üçün bayram tədbiri keçirib

Veteran.gov.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibəti ilə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə şəhidlik məqamına ucalmış Şəhidlərimizin və Qazilərin övladlarına mənəvi dəstək olmaq məqsədi ilə mayram tədbiri keçirilib.   Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal tədbiri giriş sözü açaraq dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Şəhid və Qazi övladlarını təbrik edərək bildirdi ki, 44 günlük Vətən müharibəsundə əldə etdiyimiz tarixi əhəmiyyətli qələbə zəfərin qazanılmasında qüdrətli Dövlət Başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, səriştəli Sərkərdə məharəti, beynəlxalq diplomatik müstəvidə əldə etdiyi nailiyyətlər, milli vətənpərvər ruhlu vətən övladlarımızın qəhrəmanlığı və hünəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Zamin Zeynal onu da xüsusi olaraq vurğuladı ki, son 200 ildə Azərbaycan xalqı ilk dəfə olaraq Prezident İlham Əliyevin liderliyi ilə itirilmiş torpaqlarının geri qaytarılması ilə tarixə düşdü. Bu qələbənin əldə edilməsi Ali Baş Komandan İlham Əliyevin regionda apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.Əminliklə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyevin liderliyi altında daha böyük Azərbaycan olaraq qələbələrimiz davamlı olacaq.   Bayram tədbirində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavinləri Qalib Əliyev, Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, Sabunçu Gənclər Evinin direktoru Samir Mehraliyev, Millət vəkili Elman Nəsirov, Millət vəkili Şahin Seyidzadə, Hacı Nuran, Şəhid ailələri, Qazilər, ictimai fəal şəxslər iştirak edərək çıxış etdilər.   Tədbirdə çıxış edənlər qeyd etdilər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, fədakar ordumuz əzəli,əbədi Qarabağ torpaqlarımızı düşmənlə mübarizə apararaq azad etməyə müvəffəq olmuş, düşməni məğlubiyyətə uğurratmışdır. Xalq iqtidar, ordu birliyinin nəticəsində 44 günlük haqq savaşında 30 illik torpaq həsrətimizə son qoyularaq xalqımız tarixi qələbə Zəfərini qazanmışdır.   Natiqlər bildirdilər ki, bu gün peşəsindən və vəzifəsindın asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qələbə əzmindən ruhlanaraq daima Şəhid və Qazi ailələrinə dərin hörmət və sayqı ilə yanaşmalıdır.   Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin layihələr departamentinin rəhbəri Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, Şəhid və Qazi övladlarına mənəvi dəstək olmaq məqsədi ilə həyata keçirilən tədbirdə 60 dan çox Şəhid və Qazi övladlarına hədiyələr təqdim edildi. Tədbirin bədii hissəsində uşaqların sevimlisi yeni il personajları öz səhnəcikləri ilə uşaqların qəlbinə oxşadılar.   Birlik rəsmisi onu da vurğuladı ki, İctimai birlik tərəfindən Şəhid və Qazilərimizə mənəvi dəstək yönümündə birgə tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.

Hamısını oxu
AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

07 may 2018-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 73-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və İsmayıl Fərəcov Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

Hamısını oxu
Şəhidə həsr edilən kitabın təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Mübariz İsayevin qardaşı Sakit Üçtəpəlinin "Sən olmayan məzarına gəlmişəm" kitabının təqdimatını keçirib.  "Basqal" ziyafət salonunda düzənlənən tədbirdə Müharibə və Əmək veteranları, şəhid ataları, tanınmış yaradıcı ziyalılar, İctimai birliklərin, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, qəhrəman şəhidlərimiz haqqında kitabların hazırlanıb nəşr edilməsi böyük əhəmiyyət kəsb edir. Belə əsərlər  bu gün gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Bu kitabların təqdimatını keçirib şəhidlərimizi yaxından tanıtmaq məqsədi ilə maarifləndirici tədbirlər təşkil etmək isə bizim vətəndaşlıq borcumuzdur. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, Cəlilabad rayon İcra  Hakimiyyətinin Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, Beynəlxalq Heydər Ata mükafatı laureatı, Prezident təqaüdçüsü Gülbala Teymur, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Regional idarəsinin nümayəndəsi Cavidan Rəşidov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, Səlamat Biləsuvarlı, Mikayıl İnçəçaylı, Əhməd Qala, İsmayıl Qocabəyli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, müharibə veteranı Qurban Əhməd, Axund Kamran Sadıqov və başqaları çıxış edərək şəhid Mübariz İsayevə həsr olunmuş kitabın müsbət məziyyətlərindən danışıb,  çap  olunmuş şeirlərdən nümunələr oxuyub və kitabın müəllifi Sakit Üçtəpəliyə yeni yaradıcılıq uğurları arzulayıblar. Daha sonra  təqdimatı keçirilən  kitabın müəllifi şair Sakit Üçtəpəliyə  vətənpərvərlik ruhunda yazdığı əsərlərinə görə rayon  Veteranlar Təşkilatının Fəxri Fərmanı təqdim olunub. Tədbirin sonunda "Sən olmayan məzarına gəlmişəm" kitabının müəllifi Sakit Üçtəpəli çıxış edib,  tədbirin yüksək səviyyədə təkil olunmasına görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Hamısını oxu