Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Karabakhmemorial.com: erməni terrorunun mülkü qurbanlarına həsr edilir

Nənəmin on üç övladı ölüb. O, İkinci Dünya Müharibəsindən az sonra ailə qurmuşdu. Müharibə və ondan sonrakı illərdə davam edən aclıq, çətin həyat şərtləri ona gətirib çıxarmışdı ki, nənəmin övladları bir-birinin ardınca dünyalarını dəyişmişdilər.

 

Uşaqlıq illərimdən nənəmlə bağlı ən çox yadımda qalan şeylərdən biri, onun üzündən heç vaxt əskik olmayan kədəri idi. Böyüyəndən, ana olandan sonra nənəmin üzündəki o "dünyadan uzaqlaşmış" ifadənin də izahını tapmışdım - övlad itirəndən sonra valideyn özü də mənəvi anlamda itir, yoxa çıxırmış...

 

Müharibərlərin ən dəhşətli tərəflərindən biri, açılan atəşlərin və partlayan bombaların uşaqlardan da yan keçməməsidir. Bütün müharibələrdə uşaqlar da həyatlarını itirir, yaralanır, fiziki və mənəvi zədələr alaraq, ömür boyu bu yara ilə yaşamalı olurlar. 


İnsanlıq Eynşteyni, Tolstoyu, Mariya Kürini, Bethoveni və yüzlərlə başqa dühanı itirəndə, kimi itirdiyini anlayırdı və bu dühalara yas tuturdu. Təsəvvür edin ki, bu insanlar uşaqkən müharibədə həyatlarını itirsəydilər, biz necə dəyərli, vacib adamlardan məhrum olacaqdıq. Bəşəriyyət bu dahilərsiz  elmi-texniki, mənəvi anlamda necə kasıblayacaqdı...

 

Bu gün də dünyada minlərlə uşaq müharibə vaxtı öz həyatını itirir. İraqda, Suriyada, Əfqanıstanda və onlarla başqa ölkələrdə hər gün ölüm qorxusu altında yaşayan yüz minlərlə uşaq var. Bu gün biz yüzlələ, minlərlə məsum varlıqlarla yanaşı, gələcəyimizin, insanlığın dahilərini itiririk amma bundan xəbərimiz də yoxdur. Çünki yarıda qırılan ömürlər bizi bu körpə qurbanların gələcəyindən məhrum edir. Dünya öz körpə övladlarını müharibələrdə itirir... 

 

Yanlış anlaşılma olmasın deyə, vurğulayım, gələcəyi nə, necə olur-olsun, hər bir uşağın həlak olması, ölümü insanlıq faciəsidi. Bir dahi qədər, gələcəkdə öz həyatını sadə, heç bir özəlliyi olmadan yaşayacaq balaca varlıqların da həyatı qiymətlidir. Bu dünyaya gəlmiş hər bir varlığın öz payına düşən ömrü bütün yaşamaq haqqı var. Hər bir insanın həyatı dəyərli, hər bir insan, bir dünyadır. Tanrının verdiyi ömrü yaşamaq hamısının haqqıdır. 

 

Təəssüf ki, biz azərbaycan xalqı da, müharibədə öz körpə balalarını qurban verən xalqlardan biriyik. Bəli, bu dəhşət bizim də körpələrimizdən yan keçmədi. İstər birinci, istər ikinci Qarabağ müharibəsində biz onlarla övladımızı itirdik. Xocalı faciəsindən tutmuş, ötən ilki 44 günlük savaşa qədər bu otuz il ərzində bizim də körpələrimiz silahların, bombaların hədəfi olaraq, əbədiyyətə qovuşdular. 

 

Sinəsində ürək gəzdirən heç bir kəs uşaq ölümlərinə laqeyd qala bilmir. Savaşların bu balaca qəhrəmanlarına qarşı içimizdə daima bir təəssüf hissi olur, biz onların ölümünü həzm edə bilmir, sağ qalan yaxınlarına dəstək olmağa çalışırıq. Hərə əlindən gələni edir və müharibədə övladını itirmiş valideynlərin, yaxınların yarasına bir cürə məlhəm olmağa çalışır.

 

İncəsənətin də az qala bütün sahələri müharibələrin uşaq qurbanlarını həssas qəbul edir. Rəngkarlıq, heykəltaraşlıq, ədəbiyyat və kino müharibədə həlak olmuş, yaralanmış uşaqlara əsərlər həsr edir və incəsənət bu insanlıq faciəsinə qarşı öz tövrünü ortaya qoymuş olur, öz borcundan çıxmağa çalışır.   

 

Məsələn, Çexiyada, Liditsa şəhərində müharibədə həyatın itirmiş 82 uşaq üçün qoyulmuş abidə-kompleksi də bu sənət nümunələrindən biridir. "Mən Liditsanın itirdiyi 82 övladını onlara geri qaytarıram!" deyən heykəltaraş Mariya Uxitilova düz 20 il boyunca heykəllərin üzərində çalışsa da, bu mənəvi yükün ağırlığına davam gətirməyərək, 1989-cu ildə vəfat etdi. Onun işini əri və qızı davam etdirərək, 2000-ci ildə abidə-kompleksin işini başa çatdırdılar.

 

İncəsənətin, ədəbiyyatın savaşda həlak olan uşaqlara əsərlər həsr etməsi, bu günahsız varlıqların ölümünü statistika, say olmaqdan çıxarır, insanlıq faciəsinin necə böyük olduğunu göstərə bilir.

 

Müharibədə itirdiyimiz övladlarımız bir say, statistika olaraq, qalmasın deyə, bu gün biz də, Qarabağ Dirçəliş Fondu olaraq, yeni bir layihə başladıq.  Müharibədə həyatını itirmiş körpələrimiz barədə mümkün olan bütün məlumatların, mətn və fotoların, xəbər və xatirələrin yer aldığı bir platforma yaratmaq qərarına gəldik. Ümid edirik ki, bu addımımız, körpələrin yaxınlarının yanan qəlbinə səpilən bir ovuc su olmaqla yanaşı, həm də müharibədə itirdiyimiz körpələrimizlə bağlı sənət əsərləri yaratmaq istəyəcək yaradıcı insanlarımız üçün də qiymətli bir baza olacaqdır. 

 

Müharibə və uşaq...Ölüm və uşaq...Bu sözlərin eyni cümlələrdə işlədilməsi necə də qorxulu, ağrılıdır. "Müharibə", "ölüm", "həlak", "silah" kimi sözlərin "uşaq" kəlməsi ilə yanaşı gəlməsi insanlıq faciəsidir. Bu sözlər hər dəfə bir araya gələndə dünyada neçə həyat başlamadan bitir, nə qədər arzular, xəyallar bir anın içində qırılıb, yarımçıq qalır, neçə məsum varlıq vaxtsız əbədiyyətə qovuşur. 

 

Müharibə və uşaq sözləri bir daha bir yerə gəlməsin. Dünyamız o qədər dinc, o qədər sakit bir yerə çevrilsin ki, savaşlarda həyatını itirən uşaqların olduğunu görməyək. Bu sözlər bir-birindən uzaq, o qədər uzaq olsun ki, bir cümlədə işlətmək heç vaxt mümkün olmasın!

 

Aybəniz İsmayılova, 

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri

 

2021-11-26 18:45:00
896 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Konstitusiya günü qeyd edildi

Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri istefada olan general-polkovnik Tofiq Ağahüseynov açdı. Təşkilatın sədri Konstitusiyanın dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin funksiyalarını dolğun əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik hüquqi sənəd olduğunu bildirdi. O, həmçinin Azərbaycan Konstitutsiyasının dünyanın ən inkişaf etmiş ölkələrinin Konstitutsiyaları ilə eyni humanist prinsiplərlə əsaslandığını vurğulamış, xalqımızın ikinci dəfə müstəqillik əldə etdikdən sonra belə mükəmməl ali hüquqi sənədin qəbul olunmasını Azərbaycan Respublikasının hüqüqi dövlət kimi varlığının əyani sübütu olduğunu qeyd etmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək konsititutsiyanın əhəmiyyətindən və onun tarixi inkişafından danşdı. Cəlil Xəlilov: “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.  Artıq 18 ildir, Azərbaycan xalqı böyük fəxrlə noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun məqsədlə o zaman ölkə prezidenti olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb. Tədbirdə digər çıxış edənlər  Konstitutsiya gününün əhəmiyyətindən konstitutsiyanın xalqın və dövlətin tarixindəki önəmindən danışdılar. Həmçinin Konstitutsiyanın hazırlanmasında və qəbul edilməsində fəaliyyəti olan insanların xalqımızın yaddaşında əbədi qalacaqları vurğulandı.

Hamısını oxu
Şanlı zəfərin dönüş nöqtəsi

Hamısını oxu
Aqroservis ASC və Dövlət Toxum Fondu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib

Veteran.gov.az xəbər verir ki, Aqroservis ASC və Dövlət Toxum Fondu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil edib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş videoçarx və fotolar nümayiş etdirilib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Binəqədi rayon veteranları ilə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakının Binəqədi rayonu ərazisində yaşayan bir qrup veteranla görüşüb. Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanovanın da iştirak etdiyi görüşdə, veteranlara olan dövlət qayğısından bəhs edilib, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən danışılıb.   Dövlətin şəhid ailəlrinə, qaziləri daim diqqət mərkəzində saxladığını bildirən polkovnik Cəlil Xəlilov, veteranların da öz növbəsində dövlət siyasətini, milli maraqları, ölkə başçısının çağırışlarını qətiyyətlə dəstəklədiklərini qeyd edib. Sədr müavini bildirib ki, veteranlar bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə, ona dəstək verməkdə davam edəcək.   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova da öz çıxşında dövlətin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini, bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşdığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti olaraq rayon ərazisindəki veteranları, şəhid ailələrini daim diqqət mərkəzində saxladıqlarını vurğulayan Sevinc Süleymanova şəhid ailələrinə, veteranlara qayğı göstərməyin hər bir vətəndaşın ilk növbədə mənəvi borcu olduğunu qeyd edib.   Görüş əsnasında çıxış edən veteranlar ölkə başçısının böyük qələbədəki rolundan danışıb, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altıdna qazandığı tarixi zəfərin əsrlər sonra da qürur və rəğbət hissi ilə xatırlanacağını bildiriblər.   Tədbirin sonunda əmək veteranı Teyyub Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının sədri seçilib.   Görüşdə  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, təşkilatın mətbuat katibi Seymur Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, onun  müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və digər şəxslər də iştirak edib.

Hamısını oxu