Digər xəbərlər
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ölkənin siyasi-ictimai həyatında olduqca fəal iştirak etməkdədir. Ölkəmizdə on minlərlə müharibə, əmək və silahlı qüvvələr veteranı vardır. Onların hər biri şərəfli ömür yolu keçib, xalqına layiqincə xidmət edib. Təsadüfi deyil ki, həm Azərbaycanın Ümummilli lideri Heydər Əliyev, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev veteranlardan daim diqqət və qayğılarını əsirgəməyiblər, onların tutduqları şərəfli ömür yolunu hər bir ölkə vətəndaşı üçün örnək hesab ediblər. Amma çox təəssüf ki, təbliğat-təşviqat işləri ilə məşğul olmalı qurumlar – televiziyalar, mətbuat, QHT sektoru bu insanların cəmiyyətə örnək gətirilməsi işinə laqeyd baxmaqdadır, nəticədə də gənc nəsil əksərən veteranların müstəsna xidmətindən xəbərsizdir. Gənc nəslə bu insanları tanıtmaq, onların həyat yolundan örnək götürmələrini təmin etmək, eləcə də gənc nəslin bu seçilmiş insanların öyüd-nəsihətlərini, məsləhətlərini dinləmələrinə vəsilə olmaq hazırda prioritet məsələlər sırasındadır. Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatı bu prioritet məsələnin həlli yollarını arayaraq tezliklə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu və “Ədəbiyyat və incəsənət” Portalı ilə birgə “UNUDULMAZLAR” adlı layihə həyata keçirəcək. Təşkilatın sədri, polkovnik Cəlil Xəlilov əməkdaşımıza həqiqətən də qürur duyulası veteranlardan biri barədə söhbət açdı. Söhbəti diqqətinizə çatdırırıq: Bu il Rusiya Ordusunun Mərkəzi Evində əfsanəvi “Smerç” təşkilatının ilk qadın əks-kəşfiyyatçısı, 1941-ci ilin noyabrında 17 yaşında könüllü olaraq cəbhəyə gedən Kadriyə-Ülkər Səlimovanın 100 illik yubileyi qeyd edilib. Təsəvvür edin, 17 yaşında qız uşağı könüllü cəbhəyə gedir. Bu cəsarətə əksər oğlanlar belə gələ bilməz. Həmin səhnə bu cür olub: Məzun gecəsindən sonra səhər bütün sinif sahilə toplandı, Molotovun nitqini birlikdə dinlədilər və dərhal bütün sinif olaraq müharibəyə getməyə qərar verdilər. Onun sinif yoldaşları 16-17 yaşlarında idi. Sinifdəki səkkiz oğlandan yalnız biri sağ qaldı. Alman, türk dillərini və Morze əlifbasını mükəmməl bilən Səlimova 46-cı Qafqaz Ordusunun xüsusi şöbəsinə kriptoqraf vəzifəsinə göndərilmişdi və 1943-cü ildə “Smerç” əks-kəşfiyyatı yaradıldıqdan sonra bu struktura təyin edilmişdi. Tibb elmləri doktoru, professor Mehman Məmmədov bu cəsur qadın barədə yazırdı: “Qədriyə xanım Bakıda anadan olub və ömrünün çox hissəsini Bakıda keçirib, təbii ki, azərbaycanlıdır. Sonradan ailə Moskvaya köçüb. Müharibədən sonra o yenidən Bakıya qayıdıb, Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. 1950-ci illərdə Moskvaya gəlib, burada elmi fəaliyyətlə məşğul olub. Akademik olub, SSRİ və Azərbaycan pedaqogikası üçün çox işlər görüb. “Şərqin pedaqoji irsi” beynəlxalq dərsliyini yaradıb, burada Azərbaycan haqqında fəsli şəxsən özü yazıb. O ki qaldı onun döyüş sücaətlərinə, Səlimova qələbəsini Avstriyada, Vyana yaxınlığında qarşılayıb. 1945-ci ilin noyabrında Smerç kapitanı kimi hərbi xidmətini başa vurub. 14 medal və II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib.” Polkovnik Cəlil Xəlilov əlavə edir ki, Kadriyə-Ülkər Səlimova kriptoqraf vəzifəsini tutub. Əks-kəşfiyyat şöbəsində kriptoqrafın nə olduğunu təsəvvür edə bilərsinizmi? Bu, şöbə müdirinin ən etibarlı adamıdır. Kriptoqraf işinin mahiyyəti bilirsinizmi nədir? Səlimova bir hesabat yazır, onu şifrələyir və göndərir, bundan sonra sənəd məhv edilir. Onun mahiyyətini cəmi iki nəfər bilir: patron və kriptoqraf. Eyni zamanda, Kadriyanın heç bir xüsusi təhsili yox idi, lakin şifrələmə nəzəriyyəsini çox tez mənimsəmişdi. Bu da onun fitri istedadından xəbər verir. Kadriya-Ülkər Səlimova barədə maraqlı bir xatirəsini də nəvəsi İvan İlleş bölüşüb. O danışır ki, nənəsi müxtəlif insanlarla asanlıqla əlaqə qururmuş. 1987-ci ildə Moskvada baykerlər dəstəsi fəaliyyət göstərirdi. Onlar motosiklet sürərək camaatı qorxuya salırdılar. İçi İvan qarışıq qonşu uşaqları da baykerlərdən çox qorxurdular. Bir gün İvan evə gələndə görür ki, bütün şəhəri qorxuya salmış bir dəstə onların evlərində süfrə arxasında oturub, hamı çay içib, gözəl söhbətlər edir. İvan təəccüblə nənəsindən nə baş verdiyini soruşur. Məlum olur ki, evin kilidi qırılıbmış. Nənəsi həyətə çıxlb, köməyə adam axtaranda gözü baykerlərə sataşıb, amma hər kəsdən fərqli olaraq nənə baykerlərdən qorxmayıb, onlardan ona kömək etmələrini xahiş edib... Onlar da bu cəsarətli nənəyə kömək ediblər. Bu hadisədən sonra nəvənin məktəbdəki reytinqi də kəskin şəkildə qalxıb, o artıq heç kimdən qorxmurdu, çünki nənəsi baykerlərlə dost idi! Bax belə bir xatirə! Polkovnik Cəlil Xəlilov əlavə qeyd edir ki, Kadriyə-Ülkər Səlimova 26 avqust 2013-cü ildə - 89 yaşında vəfat edib. Bu cür həmyerlilərimizi heç vaxt unutmamalı, onları gənc nəslə örnək göstərməliyik. “Ədəbiyyat və incəsənət” (22.11.2024
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 13 dekabr tarixində Sumqayıt İdrak liseyində liseyin direktoru Hidayət Allahverdinin rəhbərliyi altında “Hər sinif bir dövlətdir!”adlı layihə baş tutub. Tədbirin təşkilatçısı və aparıcısı liseyin fənn müəllimi Pərvanə Yusifova seçilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, daha sonra İdrak liseyinin himni ilə açıq elan olunub. Bu layihənin əsasnaməsi şagirdlərin və müəllimlərinin nəzərinə çatdırılıb. Layihənin “Birləşmiş Liseyistlər Təşkilatı”(BLT) adı altında fəaliyyət göstəriləcəyi nəzərə çatdırılıb. Daha sonra 5-9 cu sinif şagirdləri ardıcıllıqlla səhnəyə gələrək özlərini, dövlətlərini, dövlətlərinin atributlarını (bayraq, gerb, himn) təqdim ediblər. Hər sinif, yəni hər dövlət öz prezidentinin təqdimatında tanıdılıb. Təqdimat həm şifahi, həm də slayd formada reallaşıb. Təqdimatda sinif dövlətlərinin bayrağının, gerbinin , devizinin mənası açıqlanıb. Hər dövlət (sinif) öz himnini səsləndirib. Sonda dövlət prezidentləti və sinif kuratorları açıq səsvermə yolu ilə BLT təşlikatına katib seçiblər. Tədbir şagirdlərinin və izləyənlərin böyük marağına səbəb olub və böyük rəğbətlə qarşılanıb.
Hamısını oxu
Mart ayının 11-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə “Türk dünyası qovuşağında milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir” mövzusunda konfrans keçirilib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın, DQİDK Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, həmçinin Gəncədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, eləcə də Gəncədə təhsil alan və çalışan türkiyəli müəllim və tələbələr, digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransı ADAU-nun rektoru Zəfər Qurbanov açıq elan edərək tədbir iştirakçılarını salamlayıb və bildirib ki, milli-mənəvi, dini dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm addımlar atılır. Gənclərin milli ruhda tərbiyə olunması, onların tariximizi, mədəniyyətimizi dərindən öyrənməsi istiqamətində müxtəlif layihələr icra edilir. ADAU olaraq biz də bu prosesə töhfə verməyə çalışırıq”, – deyə rektor vurğulayıb. Natiq, həmçinin, əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də Şuranın Gəncə şəhər təşkilatının üzvləri milli-mənəvi, dini dəyərlərimizin qorunması və gənc nəslə aşılanması prosesində fəal iştirak edirlər. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov mövzu ilə bağlı fikirlərini bildirib. Bu sahədə aparılan dövlət siyasətindən bəhs edib. Vurğulayıb ki, son günlərdə Gəncədə səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhərdə məscid və kilsənin mövcud vəziyyəti ilə yaxından tanış olması milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin bariz göstəricisidir. Tədbirdə çıxış edən DQİDK Gəncə-Daşkəsən regional bölməsinin sədri Həsən Məmmədov və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov da bu sahədə qarşıda duran vəzifələr barədə fikirlərini səsləndiriblər. Onlar, həmçinin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır” mövzusunda çıxış edərək, iki qardaş ölkə arasında tarixi əlaqələrin və strateji əməkdaşlığın, eləcə də ortaq dəyərlərimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfransın iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, özünə doğma hesab etdiyi bütün gəncəliləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfransın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayaraq bildirib ki, xalqımızın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlərimiz bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyatımız və incəsənətimizdir. Azərbaycan Ağsaqqallar Şurasının əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri xalqımızın milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir. Ağsaqqallarımız öz bilik və təcrübələrini əsirgəməyərək milli-mənəvi dəyərlərimizi qoruyur və gənc nəslə ötürürlər. Natiq, həmçinin, bildirib ki, Ulu Öndər Heydər Əliyev də ağsaqqaların bu missiyasını yüksək dəyərləndirərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Lakin unutmayaq ki, milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən bir vəzifədir. Bayram Yusifov, həmçinin, Türk dünyasında, eləcə də Türk Dövlətləri Təşkilatında təmsil olunan Azərbaycanın və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu qurumdakı əhəmiyyətli fəaliyyətindən ətraflı bəhs edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şura üzvlərinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının işində yaxından iştirak etdiklərini vurğulayıb. ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova və Şah Abbas məscidinin dini icmasının sədri Əlisəftər Səfərəliyev də çıxışlarında milli-mənəvi, dini dəyərlərin qorunması və inkişafının vacibliyini qeyd ediblər, bu dəyərlərin gənc nəslə aşılanmasının cəmiyyətin mənəvi bütövlüyü üçün önəmli olduğunu bildiriblər. Konfransda iştirak edən şəhid Rauf Əsgərovun anası Brilyant Əsgərova da mövzu ilə bağlı fikirlərini bölüşüb. Sonda Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov konfransın qəbul etdiyi Bəyannaməni tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Hamısını oxu