AR Dövlət Təhlükəsuzlik Xidmətinin rəisi cənab general-polkovnuk Əli Nağıyeva


Məlum olduğu kimi, 30 aprel 2026-cı il tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Tamamilə yalan və böhtandan ibarət qətnamədə ölkəmizə qarşı bir sıra əsassız iddialar səsləndirilib ki, bunlardan da biri Azərbaycanın guya 19 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi anti-terror əməliyyatı zamanı mədəni və dini abidələrə ziyan vurması ilə bağlıdır. Hansı ki, bu iddianın tamamilə absurd olduğu, hər hansı bir faktla öz təsdiqini tapmadığı şübhəsizdir. Bundan başqa, Avropa Parlamentinin məlum qətnaməsi və bu qətnamədə yer alan ittihamlar BMT-nin qiymətləndirmə missiyasının 2023-cü ilin 2 oktyabr tarixli bəyanatı ilə də ziddiyyət təşkil edir. Xatırladaq ki, BMT missiyası öz bəyanatında anti-terror əməliyyatı zamanı heç bir dini, mədəni, tarix abidənin ziyan görmədiyini, bu əməliyaytdan mülki insanların zərər çəkmədiyini vurğulayıb. BMT-nin qiymətləndirmə missiyasının bu bəyanatı Avropa Parlamentinin ittihamlarının yalan və qərəzdən başqa bir şey olmadığını təsdiqləyir. Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini ifşa edən, bu qətnamədə yer alan ittihamların əsassız olduğunu isbatlayan ən böyük fakt isə Heydər Əliyev Fondu tərəfindən Vatikanda dini- tarixi abidələrin bərpası istiqamətində görülən işlər, həyata keçirilən layihələrdir. Yada salaq ki, 2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən “Müqəddəs Yubiley İli” çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını, həmçinin bərpasını nəzərdə tutan sənəd imzalanıb. Həmin müqavilə çərçivəsində Bazilikada bərpa və konservasiya işləri aparılıb, bu işlər uğurla başa çatdırılıb. 30 aprel 2026-cı il tarixində isə Vatikanda keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb. Müqaviləyə görə, Heydər Əliyev Fondu Müqəddəs Pavel Bazilikasında bərpa işlərində də yaxından iştirak edəcək, dini-tarixi abidələrin bərpasına yeni töhfələr verəcək. Heydər Əliyev Fondunun 30 aprel 2026-cı il tarixində Vatikan təmsilçisi ilə imzaladığı müqavilə Azərbaycan dövlətinin dini, tarixi, mədəni abidələrin qorunmasına və bərpasına nə qədər böyük önəm verdiyini, öz sərhədlərindən min kilometrlərlə uzaqlarda belə bu abidələrin bərpasına dəstək verdiyini göstərir. Belə olan halda Azərbaycanı öz sərhədləri daxilində hansısa dini-tarixi və ya mədəni abidənin məhv edilməsində ittiham etmək sadəcə məntiqsizlik deyil, həm də əxlaqsızlıq, mənəviyyatsızlıqdır. 30 aprel 2026-cı il tarixində - Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi qəbul etdiyi bir gündə Heydər Əliyev Fondunun Vatikandakı dini-tarixi abidələrin bərpası ilə bağlı yeni müqaviləyə imza atması Avropa Parlamentinin sahib olduğu dəyərlərin nə qədər çürük olduğunu göstərməklə yanaşı, Azərbaycanın ümümbəşəri dəyərlərə nə qədər sadiq olduğunu əks etdirir. Və bu fakt bir daha sübut edir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı irəli sürdüyü iddialar faktlara deyil, yalanlara, əxlaq və məntiqə deyil, böhtan və iftiraya söykənir. Seymur ƏLİYEV
Hamısını oxu
Bu qeydləri uzun illər ərzində ən məhdud auditoriyada belə üzə çıxarmağa, nə də geniş ictimaiyyətə çatdırmaq üçün çap etdirməyə ehtiyac duymamışam. Bəlkə də ixtisasımdan irəi gələn bir vərdişdur. Özümlə bağlı olanlardan yox, başqalarının xidmətlərindən yazmağı üstun tutmuşam. Beləcə iştirakçısı olduğum, fəallıq göstərdiyim hadisələrin indi nəinki təfərrüatını, hətta bəzən ən mühüm məqamlarını xatırlamaq çətin olur. Bir çox detalları dəqiqləşdirmək üçün arxiv adı ilə topladığım sənədləri, mətbu nəşrlərdə dərc edilmiş məqalələri, qeydləri yenidən ələk-vələk etməli oluram. Bəzi məqamlarını sizə çatdırmaq istədiyim hadisələrə gəlincə, onlar barəsində yazmaq qərarım bu gün müəyyən şəxslərin 1988-1990-cı illərdə Azərbaycanda baş verən hadisələrdən danışarkən nəinki obyektivlikdən uzaq olmaları, öz xidmətlərini hədsiz şişirtmələri, hətta tarixi faktları saxtalaşdırmaq cəhdləri ilə bağlıdır. Xalqın taleyüklü günlərində şübhəli məqsədlərlə, xalqa, hərəkata xor baxanların yanında olanların bu gün özlərinə gərək bildikləri avtobioqrafiya düzəltmək təşəbbüsləri də az dəhşətli deyil. Belələrinin məntiqinə görə, layiq olmadıqları mərtəbələrə yüksəlmələri xalq qəhrəmanına çevrilmələrinə də tam haqq qazandırır. Ancaq yaxşı ki, həmin günlərdən bizi uzun müddət ayırmır və insanların yaddaşı hələ itməyib. 1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağda, Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında və Gəncə şəhərlərində fövqəladə vəziyyət elan etdi. Azərbaycanın İranla sərhədyanı rayonlarında yaranmış gərgin vəziyyətlə əlaqədar və guya bir sıra yerlərdə hakimiyyətin zorla devrilməsi cəhdlərinin qarşısının alınması məqsədilə 16 yanvardan etibarən həmin ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilməli idi. Ancaq nədənsə bu qərar hadisələrin daha gərgin xarakter aldığı Bakı şəhərinə şamil olunmamışdı. Bunun əslində məkrli bir planın tərkib hissəsi olduğu, hazırlanan təcavüz qarşısında xalqın qısa müddətə arxayın salınması məqsədi güddüyü sonradan məlum oldu. Həmin günlərdə, Bakıda baş verən hadisələr, SSRİ rəhbərliyinin birbaşa göstərişi və imperiya cəza qüvvələrinin iştirakı ilə törədilən 20 Yanvar qətliamı barədə çöx deyilib və yazılıb. Ancaq 1990-cı ilin yanvar günlərində Azərbaycanın rayonlarında gedən proseslər, baş verən hadisələr barədə az yazılıb. Əslində isə, Azərbaycanın milli-azadlıq hərəkatı yalnız Bakıda aparılmamış, bütün ölkəni əhatə etmişdir. Sovet hökumətinin mövcudluğu ərzində bu və ya digər formada davam etmiş həmin mübarizənin bir sıra şərəfli səhifələri müxtəlif bölgələrimizdə, rayon və kəndlərimizdə də yazılıb. Ümummübarizə tariximizin tədqiqi baxımından azacıq da olsa əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, 20 Yanvar ərəfəsində Zəngilan rayonunda baş verən hadisələr dediklərimi sübut edir. Həmin vaxt mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 6 ilə yaxın müddət idi ki, təyinatla Zəngilan rayonunda çıxan “Kənd həyatı” qəzetində şöbə müdiri işləyirdim. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qarşısının alınması, ümumən Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının erməni təcavüzündən qorunması zəminində başlanan və sonradan milli-azadlıq, müstəqillik uğrunda mübarizə mərhələsinə keçən milli hərəkatda rayonumuzun bir sıra fəalları da iştirak edirdilər. Biz həm respublikada, həm rayonda, həm də onun ətrafında baş verən hadisələrdən operativ məlumat alır, prosesləri mümkün qədər nəzarətdə saxlamağa çalışırdıq. 1988-ci ilin sonlarından 1990-cı ilin yanvarınadək ən başlıca vəzifəmiz Zəngilanın Ermənistanla 158 kilometrlik sərhəd ərazisi üzrə əksər kəndlərdə yaradılmış postları möhkəmləndirmək, hər an gözlənilən təxribatların qarşısını almaq idi. Bu işdə rayonun ayrı-ayrı idarə və müəssisələrinin bir çox rəhbərləri də bizə lazım gəldikdə köməklik göstərir, xüsusilə ucqar kəndlərə getmək üçün nəqliyyatla təmin edirdilər. Postlarda ov silahları, əksəriyyəti isə əliyalın dayananların ərzağını isə yerli camaat təmin edirdi. 1988-ci ilin fevralından Ermənistanda antitürk, antiazərbaycan ovqatının daha da güclənməsi nəticəsində öz dədə-baba torpaqlarından zorla, ölüm təhdidi altında çıxarılmış azərbaycanlıların ilk dəstəsi Qafan rayonundan Zəngilana pənah gətirmişdi. Qaçqınların gəlişi, Ermənistanın digər ərazilərində deportasiyanın, daha doğrusu, etnik təmizləmənin davam etdirilməsi, Qağlıq Qarabağ ətrafında proseslərin Azərbaycana zidd məcrada inkişafı Zəngilanda da gərginliyi az qala günbəgün artırırdı. Vəziyyətin nəzarətdən çıxması təhlükəsi real olduğundan rayonun hücumları intensivləşmiş erməni yaraqlılarından qorunması ilə yanaşı, əhali arasında ardıcıl iş aparılması tələb edilirdi. Həmçinin İranla sərhəddə mümkün təxribatların qarşısının vaxtında alınması üçün tədbirlər görülürdü. Əlbəttə, bu daha çox xüsusi orqanların işi olsa da, əhalinin heç olmasa mitinqlər vasitəsilə düzgün məlumatlandırılması lazım gəlirdi. Bu işlər aparıldığı üçün İranla sərhəddə bir neçə dəfə əhali toplanıb, azsaylı etirazlar və mitinq keçirilsə də, sərhədin texniki vasitələrinin dağıdılmasına imkan verilməmişdi. Belə toplantılardan biri 1990-cı ilin 10 fevralında Türkmənçay müqaviləsinin 162-ci ildönümü günündə baş tutmuşdu. Bir çox yaxın ərazilərdə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda insanları dövlət sərhədinə yığıb toplantı keçirmək heç də asan deyildi. Bunu təsdiq edən foto şəkillər də var. Buna görə də rayonda 1990-cı il yanvar ayının 16-da fövqəladə vəziyyət tətbiq edilməsi, qadağan saatı qoyulması barədə qərar həm hərəkat fəallarını, həm də əhalinin böyük əksəriyyətini hiddətləndirmişdi. Qayda-qanuna, əsasən əməl olunmasına baxmayaraq, bütövlükdə əhalinin cəzalandırılması, başlıca təhlükənin Ermənistanla sərhəddən gözlənildiyi halda, diqqətin bilərəkdən İranla sərhədə yönəldilməsi bir məqsədə xidmət edirdi. Silahlı erməni yaraqlıları qarşısında əlyalın qalan xalq, başına od ələnsə, evində gülləboran olunsa da, axşam saat 21-dən səhər saat 6-yadək evində dustaq qalmalı idi. Bu vəziyyət Azərbaycanın bütün İranla sərhəd ərazilərində tətbiq edilmişdi. Daha acınaqlısı isə bir sıra yerli rəhbərlərin bu qərarın əhalinin xeyrinə olduğunu demələri və insanları buna inandırmaq cəhdləri idi. Əhalinin haqlı narazılığı və coşan hiddəti bizim mitinq qərarımızı qətiləşdirdi. Bütün xəbərdarlıqlara, hətta komendant saatının tətbiqinə cavabdeh qüvvələrin (onlar başqa millətlərin nümayəndələrindən ibarət hərbçilər idi) artıq rayona gətirildiyinə baxmayaraq, 17 yanvar saat 11-ə mərkəzi meydanda, Zəngilan rayon partiya komitəsi binasının yaxınlığında mitinq təyin edildi. Mitinq xalqın kükrəyən qəzəbinin həmin vaxtadək görünməmiş bir həddə nümayişi oldu. 34-35 min nəfər əhalisi olan bir rayonda 20 min nəfərə qədər insanın mitinqdə iştirakı rayon rəhbərliyini, yad hərbçiləri mübaliğəsiz deyim ki, hətta qorxuya salmışdı. Çıxış edənlərin tələbi eyni idi: heç bir əsas olmadan tətbiq olunan xüsusi vəziyyət və qadağan saatı ləğv edilməlidir. İnsanlar, daha çox da müəyyən səlahiyyət sahibi olanlar rayonda heç bir qeyri-qanuni hərəkətin törədilməyəcəyinə təminat verir, bu məhdudiyyətləri özləri üçün təhqir hesab etdiklərini bildirirdilər. Onlar, “biz təhlükəsizliyimizin təminatına yönəlmiş bütün cəhdləri alqışlayacağıq, bu qadağalar isə bizi təhlükə qarşısında qoyur” deməklə sanki sovet rejiminin məkrli niyyətlərinə işıq tuturdular. Mitinq iştirakçılarının qəti tələbi ilə sərhədyanı rayonlarda fövqəladə vəziyyətin tətbiqi barədə qərarın Zəngilanda icrası dayandırıldı. Bu barədə qərarı xüsusi komendantlığın rəisi A.Yakovlev meydanda elan etmək məcburiyyətində qaldı. Həmin hadisələr barədə rayon qəzetində səhəri gün 2 nəfər həmkarımla «Xalq birliyinin gecəsindən reportaj»ımız dərc edildi. Mitinqdəki çıxışlardan ikisini qəzetin həmin sayına istinadən diqqətinizə çatdırmaq istəyirəm. Mincivan qəsəbə sakini, İkinci dünya müharibəsi veteranı Musa Əliyev demişdi: “Mən müharibə iştirakçısıyam, o vaxtlar ərazimizdə əlavə sərhəd rolu oynayan tikanlı məftillər yox idi. Amma sərhəd lazımi qaydada qorunurdu. İndi 5 gün əvvəl əlavə zonaları xalqın iradəsi ilə götürüb, sonra yenə bağladılar. Bizi İran sərhədindən yox, Ermənistan sərhədindən təhlükə gözləyir. Bu təhlükəni qeyrətli oğullarımız öz sinələri ilə dəf etməyə hazırdırlar. Bizə xüsusi vəziyyət, qadağan saatı lazım deyil.”. Maşinist Abış Qasımov: “Həyatım boyu bu qədər adamın rayonumuzda etiraz səslərini ucaltmaq üçün bir yerə toplaşdıqlarını görməmişəm. Körpə uşaqlar da, xəstə, qocalar da bu meydana gəliblər. Gəliblər ki, qadağan saatını qadağan etsinlər”. O şaxtalı, soyuq havada mitinq keçirilən meydanda istədikləri qərarı alana qədər insanlar gecəyarısına qədər dağılmadılar. Meydanda 25 yerdə tonqal qalayıb ətrafında qızındılar, soyuqdan aclıqdan yoruldular, birinci katib də olmaqla, neçələrinin “sabah həll edilər, dağılın” vədinə aldanmayıb dözdülər, geri addım atmadılar. Yerli dövlət orqanlarının tapşırığı ilə baş verənlərin, gecəyarısına qədər davam etmiş mitinqin videoçəkilişi də aparılmışdı. Lakin həmin çəkiliş heç vaxt üzə çıxarılmadı. Bəlkə erməni işğalı vaxtı hansısa kabinetin küncündə unuduldu. Çünki artıq o dövrdə hakimiyyət orqanlarının bu çəkilişlərdən kimlərəsə qarşı istifadə etməsinin əhəmiyyəti qalmamışdı. Rayonda ikinci çoxsaylı mitinqi 1990-cı il yanvar ayının 22-də yenə şəhərin mərkəzi meydanında təşkil etdik. Minlərlə insan mərkəzi hakimiyyətə, şəxsən M.Qorbaçova Bakıya qoşun, daha doğrusu, cəza dəstələri yeridilməsinə görə öz etirazını bildirdi. Yüzlərlə şəxs mərkəzi hakimiyyətin əsas təmsilçisi Kommunist partiyası rəhbərlərinin Azərbaycana qarşı törətdiyi qanlı cinayətə, əslində soyqırıma etiraz əlaməti olaraq partiya biletlərindən imtina etdi, 400-dən çox kommunist biletini yandırdı. Mitinqin respublikanın paytaxtı Bakıda və bir çox ərazilərdə fövqəladə vəziyyətin tətbiqinə başlandığı bir vaxtda, həbs və təqib təhdidlərinin real olmasına baxmayaraq, keçirliməsi insanların cəsarətindən, vətənpərvərliyindən xəbər verirdi. Həmin vaxt mən artıq 2 il idi ki, rayon partiya komitəsinin orqanı olan “Kənd həyatı” qəzeti və mətbənin birləşdiyi ilk partiya təşkilatının katibi idim. 20 Yanvar günün səhəri ilk partiya təşkilatının iclasını çağırıb, üzvlərin ərizələri əsasında və mütləq əksəriyyətin səsi ilə ilk təşkilatın ləğvi haqqında qərar çıxardıq. Bu rayonda ilk partiya təşkilatının ləğv edildiyi yeganə qərar idi. Bundan hiddətlənən rayon partiya komitəsi 1990-cı ilin martında artıq Zəngilanda fövqəladə vəziyyətin tətbiqinə başlandığı dövrdə keçirdiyi plenumda mənim işdən çıxarılmağım barədə qərar verdi. Rayonda olmadığım vaxt qəbul edilmiş həmin qərarın əmək kitabçama yazılmasına baxmayaraq, mən işsiz qalmadım, əksinə əyalətdən Bakıya gələrək burada öz ixtisasım üzrə qəzetlərdən birində işə başladım. Qeyd edim ki, ikinci mitinqin də videoçəkilişi üzə çıxarılmadı. 20 Yanvar qətliamından sonra Bakıda və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejiminin tətbiqi daha sərt şəkildə həyata keçirilməyə başlandı. Yerlərdə yaradılmış xüsusi komendantlıqlar tərəfindən milli-azadlıq hərəkatının üzdə olan fəallarının həbsinə, bir sıra iştirakçılarının isə təqibinə start verildi. Zəngilandan olan fəallar iki aydan sonra həbs, təqib və təzyiqlərə məruz qaldılar. Onlardan 6-7 nəfəri Rusiyanın müxtəlif ucqar ərazilərində bir neçə müddət həbs həyatı yaşadılar... Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru
Hamısını oxu
Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır. Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir. Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun! İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2017-ci il.
Hamısını oxu
Mayın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan, onların ictimai həyatdakı rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində veteranların sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır. Görüşdə təşkilatın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən bəhs olunub. Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasından başlanılmaqla, ölkəmizin digər yerlərində də tədbirlərin keçiriləcəyi qeyd edilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva görüşdə iştirak edib.
Hamısını oxu