Digər xəbərlər
Moderator.az xəbər verir ki, Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məlikli Xədicə DİM-in buraxılış imtahanında 235.3 bal toplayaraq böyük uğura imza atıb. Bununla həm müəllimlərini, həm də ailə üzvlərini sevindirən Məlikli Xədicə şəhid kapitan Aqil Məlikovun övladıdır. Xatrladaq ki, Aqil Məlikov 2020-ci ili 27 sentyabr tarixində - Vətən müharibəsinin ilk günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. O, hərbçi yoldşları ilə birlikdə bir gündə 3 kəndi düşmən işğalından azad edib. (https://moderator.az/az/ekskluziv/973829/saliinda-mezari-usun-sekil-cekdiren-mayor-rutbesi-almaindan-xebersiz-halda-ebediyyete-qovusan-sehid/ ). Seymur ƏLİYEV
Hamısını oxu
15 iyun 2021-ci il Azərbaycanın müasir tarixində mühüm bir dönüm nöqtəsinin tarixidir. Məhz həmin gün Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərində azadlığın və Zəfərin simvoluna çevrilmiş bu müqəddəs torpaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd yalnız iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəsi deyil, həm də bölgədə yeni geosiyasi nizamın əsasını qoyan tarixi aktdır.Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu. Bu Bəyannamə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün mirasına sadiqliyin göstəricisidir. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” fikirləri bu sənədin fəlsəfi və ideoloji dayağına çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, “biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannəməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk”.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri – iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.Şuşa Bəyannaməsinin məhz Şuşada - Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı.İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünü nümayiş etdirən müasir hərbi texnologiyalar – xüsusilə pilotsuz uçuş aparatları – Türkiyə ilə hərbi əməkdaşlığın effektivliyinin bariz nümunəsi oldu. Artıq bu əməkdaşlıq daha da genişlənərək, müdafiə sənayesi, ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım kimi sahələri də əhatə edir. Bu, gələcəkdə istənilən təhdidə qarşı birgə müdafiənin təminatıdır.Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu dəhliz yalnız iki ölkəni deyil, Türk dünyasını birləşdirəcək mühüm bir arteriya kimi çıxış edir. Şərqdən Qərbə uzanan yeni nəqliyyat və iqtisadi yolun açılması regional inteqrasiyanın, strateji sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verir.Şuşa Bəyannaməsi iqtisadi baxımdan da önəmlidir. Hər iki ölkənin qarşılıqlı investisiya təşəbbüsləri, azad olunmuş ərazilərdə birgə layihələr və sərmayələr regionun inkişafına yeni nəfəs verir. Xüsusilə Şuşa və ətraf ərazilərin turizm imkanlarının reallaşdırılması, bu bölgənin həm iqtisadi, həm də mədəni cəhətdən dirçəlməsini təmin edəcək.Bəyannamədə əksini tapan müddəalar Ermənistanın revanşist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar sənədin nə qədər dərin məna daşıdığını göstərir. Bu tədbirlər həm Şuşa Bəyannaməsinin ideoloji təbliği, həm də onun icrasının siyasi monitorinqi üçün mühüm platformaya çevrilmişdir.Hazırda Azərbaycan müttəfiqlikdən strateji birlik mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi birliyə əsaslanaraq strateji ittifaq səviyyəsinə yüksəlib. Bu sənəd iki dövlətin gələcək əsrlərə uzanan birliyinin hüquqi əsasını, siyasi iradəsini və hərbi-siyasi təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu Bəyannamə ilə özünü təkcə Zəfər Sərkərdəsi kimi deyil, həm də bölgənin gələcəyini müəyyən edən strateq lider kimi tarixə yazdırdı. Məşhur MəmmədovMilli Məclisin deputatı
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb. Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Göygöl rayon şöbəsinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.
Hamısını oxu
İkinci Dünya Müharibəsi dünya tarixinin ən qanlı və amansız müharibələrindən biri olmaqla yanaşı, keçmiş SSRİ xalqlarının, o cümlədən Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmişdir. Bu müharibə Azərbaycan üçün yalnız cəbhə döyüşləri deyil, həm də mənəvi sınaqları ilə yadda qaldı. Minlərlə azərbaycanlı döyüşlərdə iştirak etmiş, arxa cəbhədə isə xalq bütün resurslarını və gücünü səfərbər edərək qələbəyə töhfə vermişdir. Azərbaycan SSR müharibə dövründə SSRİ-nin əsas neft bazası kimi çıxış etmiş və qələbənin təmin olunmasında mühüm rol oynamışdır. Cəbhələrdə döyüşən azərbaycanlılar sırasında təhsilli, ziyalı kadrlar da xüsusi seçilirdi. Onlar yalnız döyüşçü deyil, həm də təşkilatçı, təbliğatçı, həkim, mühəndis, partizan kimi də fəaliyyət göstərirdilər. Bu qəhrəmanlardan biri də kimya elmləri doktoru, professor, partizan hərəkatının fəal üzvü Mikayıl Rəhim bəy oğlu Qulubəyov olmuşdur. Ailədən gələn maarifçilik və vətənpərvərlik ruhu Mikayıl Qulubəyovun bütün həyat və fəaliyyətinə təsir etmişdir. Mikayıl Qulubəyov 30 mart 1915-ci ildə Yelizavetpol qəzasının Mollavələdli kəndində (indiki Goranboy rayonunun Şəfəq kəndi) dünyaya göz açmışdır. Onun atası Rəhim bəy Qulubəyov dövrünün tanınmış maarifçisi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş fədakar pedaqoq olmuşdur. Rəhim bəy ömrünü kənd yerlərində savadsızlığın aradan qaldırılmasına, təhsilin yayılmasına həsr etmişdi. Onun təşəbbüsü ilə qızlar məktəbə cəlb olunmuş, məktəblərdə axşam kursları təşkil edilmişdi. Belə bir ziyalı ailəsində böyüyən Mikayıl Qulubəyov ilk təhsilini atasından almış, 1933-cü ildə Quba Kənd Təsərrüfatı Texnikumunda, ardınca isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində (indiki BDU) təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmi fəaliyyətə 1940-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki ADAU) başlamış və üzvi kimya kafedrasında assistent vəzifəsində çalışmışdır. 1942-ci ilin martında ordu sıralarına çağırılan Mikayıl Qulubəyov qısa müddətdə hərbi hazırlıq keçərək Stalinqrad döyüşlərində iştirak etmişdir. 1942-ci ilin sonunda Şərq cəbhəsində gedən döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş və ardıcıl olaraq Almaniya, İtaliya, daha sonra Yuqoslaviyaya sürgün olunmuşdur. Lakin o, burada da təslim olmamış, 1943-cü ilin əvvəlində əsirlikdən qaçaraq Yuqoslaviya partizan hərəkatına qoşulmuşdur. Yerli partizanlar arasında "Doktor Mişa" ləqəbi ilə tanınan Mikayıl Qulubəyov həm döyüşçü, həm də təcrübəli kimyaçı və yaralılara yardım edən tibb işçisi kimi fəaliyyət göstərmişdir. O, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin (Mixaylo) ən yaxın silahdaşlarından biri olmuşdur. Mehdi ağır yaralandığı zaman onu son nəfəsinə qədər qoruyan, qucağında can verən və gecənin qaranlığında üzü qibləyə məzar qazıb dəfn edən şəxs məhz Mikayıl Qulubəyov olmuşdur. Yuqoslaviya hökuməti onun xidmətlərini yüksək qiymətləndirərək Mikayıl Qulubəyovu "Qəhrəmanlıq ordeni" və "Qəhrəmanlıq medalı" ilə təltif etmişdir. Bu fakt Mikayıl Qulubəyovun beynəlxalq miqyasda tanınmış bir döyüşçü və insanlıq fədaisi olduğunu göstərir. Müharibədən qayıtdıqdan sonra Mikayıl Qulubəyov elmi fəaliyyətini davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsində işləmişdir. Kimya elmləri namizədi, daha sonra doktorluq dissertasiyası müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür. Alim kimi Azərbaycanda üzvi kimyanın inkişafında mühüm rol oynamış, yüzlərlə tələbəyə dərs demiş, bir çox gənc kimyaçının elmi rəhbəri olmuşdur. Onun elmi əsərləri həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında tanınmışdır. Mikayıl Qulubəyovun həyatı bir Azərbaycan ziyalısının bütöv obrazını təqdim edir: ailədən qaynaqlanan maarifçilik, müharibədə göstərilən vətənpərvərlik və müharibədən sonrakı elmi fəaliyyət onun şəxsiyyətində vəhdət təşkil edir. O, öz dövrünün fədakar ziyalısı olmaqla yanaşı, həm də Azərbaycan xalqının Böyük Vətən Müharibəsində verdiyi əvəzsiz töhfənin canlı simvoludur. Azərbaycan xalqı bu gün də Mikayıl Qulubəyov kimi ziyalılarını, alimlərini, döyüşçülərini hörmətlə xatırlayır. Onun həyat yolu yalnız tarixi bir fakt deyil, həm də gənc nəsillər üçün vətənə, elmə və insanlığa xidmət nümunəsidir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu