Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ömrün unudulmaz illəri

 

 

Hörmətli İbrahim müəllim!
Yubiley yaşınızı “Söz” jurnalının kiçik kollektivi, çoxsaylı oxucuları adından təbrik edirəm. Jurnalın adından ona görə dedim ki, “Söz”ün ilk yubileyini – 5 yaşını sizin təşkilatçılığınızla Astarada keçirmişik. O zaman AzərTAC-ın Cənub bölgəsi üzrə xüsusi müxbiri işləyən, sonra İİR-də Azərbaycandan ilk müxbir olan və xidməti vəzifəsi zamanı avtomobil qəzasına uğrayan jurnalist qardaşımız Üzeyir Kərimov sizi məlumatlandırmışdı. Siz də məmnuniyyətlə razılıq vermişdiniz Bakıdan və Lənkərandan böyük bir dəstə ilə Astaraya gəldik. Astara ziyalıları da tədbirimizə qatıldılar. Tədbirdə jurnalist həmkarımız Gülnar Əsədlinin Astara rayonu üzrə xüsusi müxbir olmasının təşəbbüskarı oldunuz və “Söz”ün bir sayının Astara ədəbi mühitinə, Astara ziyalılarına həsr olunmasını istədiniz. Həmin gün unudulmaz bir gün yaşadıq. Söz sözə calandı, şeir şeirə… Astaraya həsr edilmiş “Söz” qısa müddətdə hazır oldu. Qeydiyyatdan 48 səhifə keçən jurnalımız xüsusi buraxılış olaraq 64 səhifə həcmində 1000 sayda çapdan çıxdı. Xüsusi buraxılışın təqdimatı üçün bizi yenə Astaraya dəvət etdiniz. “Söz”ün yubileyi və xüsusi buraxılışı barədə respublika və yerli qəzetlər yazdı. Cənub televiziyası xəbər hazırladı.
İbrahim müəllim!
Astara sizin hakimiyyət dövrünüzdə respublikanın ziyalı mərkəzinə çevrilmişdi. Təşəbbüsünüzlə “Ziyalılar klubu” da yaradılmışdı. İndi haqq dünyasında olan Seyran Şiriyevin apardığı klubda kimlər qonaq olmadı?! Bu görüşlərin çox mühüm əhəmiyyəti vardı. Nəinki rayon ziyalılarını, eləcə də respublikanın elm, ədəbiyyat, incəsənət xadimlərini ictimaiyyətlə görüşdürüb tanıdırdınız. Həmin illər vətənin sərhəd bölgəsi vətənin döyünən ürəyinə, ziyalı mərkəzinə dönmüşdü. Ulu Öndər də həmin dövrdə Astarada olmuş, təkcə əhali ilə deyil, sərhədçilərlə də görüşmüşdü. Bugünkü fateh Prezidentimiz İlham Əliyev cənabları da Ulu öndəri müşayiət edənlər sırasında idi.
İbrahim müəllim!
Ulu Öndər sizi Moskvada oxuduğunuz illərdən tanıyırdı. Məlumdur ki, Azərbaycandan kənarda təhsil alan hər bir gənc onun diqqət mərkəzində idi. Sizin isə respublikaya yalnız xoş sorağınız gəlirdi. Ümumiyyətlə, Rusiyada təhsil aldığınız və fəaliyyət göstərdiyiniz dövrdə savadınız, dünyagörüşünüz, intellekt səviyyəniz, əxlaq və davranışınızla bir azərbaycanlı olaraq qeyri-millətlər arasında fikir formalaşdırırdınız.
Ulu Öndərlə ilk görüşünüzü bu gün də həyəcanla xatırlayırsınız. O zaman Moskvada aspirantura təhsili alırdınız. 20 Yanvar qırğını sizi də sarsıtmışdı. Moskvada yaşayan və təhsil alan azərbaycanlıların böyük bir dəstəsi etirazlarını bildirmək üçün Azərbaycan nümayəndəliyin qarşısına toplaşmışdı. Bilirdiniz ki, Heydər Əliyev cənabları nümayəndəliyə gələcək, azərbaycanlılarla görüşəcək və mətbuat konfransı keçirəcək. Siz polis geyimində ağsaqqalı qarşılayanda digər azərbaycanlılar da tədbirin təhlükəsizliyini qorumaq üçün sizə qoşulublar. Nümayəndəliyə ailə üzvlərilə gələn Heydər Əliyev xalqımıza dərin hüznlə başsağlığı verdi, faciəni törədənlərə nifrətini bildirdi. Xalqımızın qüdrətli oğlu bəyanat verdi. Xalqı səfərbərliyə səsləyən bəyanat rəğbətlə qarşılandı Öz içimizdən olan separatçılar orda da münaqişə yaratmağa cəhd ediblər. Öyrədilmiş, qərəzli suallarla tədbirə qatılanları bir-bir zərərsizləşdirib aradan çıxarmısınız.
İbrahim müəllim!
Rusiyada hələ ilkin gəncliyinizdən çox uğurlara imza atmısınız. Xoş sorağınız doğulub boya-başa çatdığınız Lənkəran şəhərinə də gəlib çatır. O illərdə yerli qəzetin redaktoru Şəkər Aslan bir həmyerli olaraq sizin uğurlarınızı izlədiyindən haqqınızda yazı dərc etdirir. Jurnalist Ramiz Hüseynovun “Leninçi” (“Lənkəran”) qəzetində “Biz Lənkərandanıq” rubrikasıyla dərc olunmuş “Narahat gecələrin mükafatı” başlıqlı yazısı qarşımdadır (15.XI.77). O zaman təltif olunduğunuz medallar, Fəxri fərmanlar ilk mükafatlarınız idi.
Moskvada İttifaqlar Evinin Sütunlu salonunda sovet milisinin 60 illik yubiley tədbirində çıxış edərkən Azərbaycanın Daxili İşlər naziri Arif Heydərov da orda iştirak edirmiş. Məntiqli çıxışınız, rus dilində mükəmməl və səlis nitqiniz nazirin diqqətindən yayınmır. Fasilə zamanı sizinlə tanış olub görüşür və qürur duyduğunu bildirir. Haradan olduğunuzla maraqlanır. Lənkərandan olduğunuzu deyirsiniz. 60 illik yubiley ərəfəsində sosializm yarışının qalibləri haqqında xüsusi bukletlər, braşurlar buraxıbmış. Yerli yazıçılardan birinin sizin haqqınızda yazdığı “Sənətə məhəbbət” adlı povest dərc olunmuş kitabça da nazirin əlində idi.
Nazir sizi Azərbayacana dəvət etmək istədiyini söyləyir. Siz isə bildirirsiniz ki, Kirov vilayətinin rəhbərliyi işimi yüksək dəyərləndirir. Burdan getməyim yaxşı düşməz. Nazir elə o dəqiqə sizin generalla danışır. Azərbaycanda lazımlı olduğunuzu bildirir. Çətinliklə də olsa, generaldan razılıq alır, elə pəncərə önündə sizə raport yazdırır. Bir qədər sonra Azərbaycana qayıdıb, Daxili İşlər Nazirliyində fəaliyyətə başladınız.
Gəncədə SƏDM-in müavini təyin olundunuz. Həmin illər Gəncədə hadisələrin ən gərgin dövrü idi. Rusiyada qazandığınız təcrübəyə əsasən hadisələrin həllinə tez nail oldunuz. Sonra Şəhər Partiya Komitəsinin plenumundakı çıxışınız Azərbyacan KP MK-nın II katibi Puqaçovun da diqqətini cəlb edir. Bir qədər sonra çox gənc yaşınızda polis rəisi təyin olundunuz. DİŞ naziri sizin enerji və işgüzarlığınıza bələd olduğundan bu addımı atmışdı. Məlumdur ki, Vətənə dönənə kimi Rusiya Federasiyasında sahə insprektorluğundan bölmə rəisi vəzifəsinədək yüksəlmişdiniz. Litvada xüsusi milis məktəbində, sonra SSRİ DİN-in ali məktəbində təhsil alıb, DİN-in Akademiyasının 1 fakültəsini fərqlənmə diploma ilə bitirmişdiniz. Gəncə kimi özünəməxsus xüsusiyyətləri olan böyük, qaynar şəhərdə insanların sevmədiyi bir sahənin rəisi olmaq asan məsələ deyildi. 11 ildə necə işləmisinizsə, nə gəncləlilər sizi unudur, nə də siz gəncəliləri. Bu gün də dostluq münasibətində olduğunuz şəxslər sırasında gəncəlilər üstünlük təşkil edir. Əlbəttə, bütün bunların əsasında işə vicdanlı münasibətiniz, dövlətçiliyə sədaqətiniz, daxili mədəniyyətiniz, haqqa, ədalətə, halallığa bağlılığınız dayanır. Onu da qeyd edim ki, həyat yoldaşınız Kəmalə xanım da Nizami yurdunda dünyaya göz açıb.
Sonrakı fəaliyyətiniz Quba, Yevlax şəhərlərilə bağlıdır. Bu şəhərlərdə uzun müddət işləməsəniz də, çox cinayətin qarşısını alıb, insanların düz yola qayıtmasına yardımçı olmusunuz. Dağlar diyarı Yardımlıya öz istəyinizlə təyinat aldınız. İranla sərhəd olan bu bölgədə də işləmək asan deyildi. Milli azadlıq hərəkatının qaynar dövründə yerli adamların tələb və iddiaları da ayrı cür idi. Ümumiyyətlə, hər hansı yerə təyin olunanda hadisələrin ən gərgin dövrünə düşmək sanki alnınıza yazılmışdı.
İbrahim müəllim!
Səhv etmirəmsə, Akademiyanın I fakültəsini, özü də fərqlənmə diplomu ilə bitirən kadrlar respublikada barmaqla sayılası qədərdir. Akademiyaya hər il yalnız bir adam göndərilirdi. Bunun da müəyyən şərtləri vardı – yaşı 40-dan yuxarı, rəislik müddəti 5 ildən az, işlədiyi yerin əhalisi 150 mindən az, rəhbərlik etdiyi kollektivin sayı 100 nəfərdən az olmamalı idi. Bütün göndərişlər Azərbaycan KP MK-nın və SSRİ DİŞ-in kollegiya qərarı ilə olurdu. Həmin fakültə İttifaq respublikaları üçün rəhbər kadrlar hazırlayırdı.
İbrahim müəllim!
Astara rayonuna polis rəisi təyin olunanda Talış-Muğan Respublikası yaratmaq istəyən separatçıların meydan sulayan vaxtları idi. Fövqəladə vəziyyətlə əlaqədar hərbi komendant təyin olunanda daha çox hücumlara məruz qaldınız. Yeddi günlük həbsdən sonra azad edildiniz. Həmin günlərin mənzərəsi indi haqq dünyasında olan astaralı şair Tarif Əsgərin “Prokuror” poemasında bütün aydınlığıyla əksini tapıb. Poemanın bir hissəsi sizin komendant olduğunuz günlərin yaşantılarıdır. Sizin qondarma Talış-Muğan Respublikasının prezidentinə cavablarınız hədəfə ox kimi dəyir:

Qədim Odlar yurdu Azərbaycana,
İgid oğul doğub müqəddəs ana.
Odur bu torpağa əbədi rəhbər,
Xalqı alıb ələ, edib səfərbər.

O kar qulaqların eşitsin yaxşı,
Çox nağıl danışma, ağrıtma başı.
Heydər Əliyevdir ismi şərifi,
O, xalqın vicdanı, xalqın şərəfi.

Yenə işinizə qayıdıb müstəqil Azərbaycanın dövlətçiliyinə xidmət edir, qanunların aliliyinə riayət etdiniz. Separatçı qüvvələri tam zərərsizləşdirdikdən sonra hərəkatın ən fəal üzvü kimi Heydər Əliyev cənabları sizi və Lənkəran ziyalılarını qəbul etdi. Dövlətçiliyə sədaqətinizə görə sizə yüksək qiymət verdi. Bu həmin dövr idi ki, Ali Sovetin sədri Heydər Əliyevin imzası ilə “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” qərarı olmuşdu. Qərarda “Astara rayon polis şöbəsinin rəisi İbrahim Quliyev də Əlikram Hümbətovun qanunazidd tapşırıqlarını yerinə yetirmədiyinə görə girov götürülmüşdür” sözləri xüsusi qeyd olunmuşdu. Separatçılar tam zərərləşdirildikdən – Lənkərandakı 23 avqust hadisələrindən sonra Heydər Əliyev sizi Astara rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Bu təyinat elə astaralıların da ürəyincə oldu. Siz bunu işinizlə sübut etdiniz. Astaranın problemlərilə bağlı qaldırdığınız bütün məsələlər Ulu Öndərin tapşırığıyla həllini tapırdı. Astara həmin illədə əsl ziyalı mərkəzinə çevrilmişdi. Yubileylər, valideyinlər günü, muğam festivalları və digər tədbirlər bayrama dönürdü. Astaranın ən ucqar dağ kəndlərində işləyən müəllimlərin də 50 yaşdan sonrakı yubileylərini qeyd edir, özünüz də həmin tədbirlərdə iştirak edib təbrik sözünüzü deyirdiniz. Füzulinin 500 illiyi, Səməd Vurğunun, Osman Sarıvəllinin, Şıxəli Qurbanovun yubileyləri çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün də minnətdarlıqla yad etdiyiniz, namərdcəsinə qətlə yetirilmiş Arif Heydərovun yubileyi barədə Ulu Öndərə məktubu siz göndərmişdiniz. Ulu Öndər də məktubdan sonra sizi qəbul edib təşəbbüsünüzü dəyərləndirib, general-leytenantın 70 illiyi barədə sərəncam imzalayıb. Arif Heydərovun adına verilmiş küçənin və büstünün açılışı, eləcə də yubiley tədbiri çox təntənəli və yaddaqalan oldu. Tədbirlərdə iştirak edən həyat yoldaşı Ədilə xanım, oğlu Murad Heydərov sizə, tədbirlərdə həvəslə iştirak edən bütün astaralılara minnətdarlıq bildirdilər.
Bütün Qafaqzın şeyxi Hacı Allahşükür Paşazadənin 50 ilik yubileyi də sizin təşəbbüsünüzlə Astaradan start götürüb başqa yerlərdə də qeyd olundu.
Xalq şairi Zəlimxan Yaqub, professorlar Məsudi Dövran, Seyfulla Əsədullayev, şair Novruz İbadoğluyla olan görüşlər unudulmaz təəssüratlar yaratdı. Əməkdar müəllim Mirhaşım Talışlının, urologiya üzrə sayseçmə akademiklər Mirməmməd Cavadzadənin, Sudeyf İmamverdiyevin, eləcə də pedaqoji sahənin ağsaqqallarından olan Bəşir İmamverdiyevin, ictimai-siyasi xadim Sultan Məmmədovun, şair-publisist Əhəd Muxtarın, Şabanova hacılarının – Fatma Həsənqızı və Fərbiyə xanımın yubileyləri bu gün də xoş təəssüratla xatırlanır. Sadaladığım yubileylərin bəzilərində şəxsən iştirak etmişəm. Akademik Mirməmməd Cavadzadənin yubileyi bütün aydınlığıyla yadımdadır. Astaraya Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, sizə bacı qədər əziz olan Dilruba xanım Camalovayla gəlmişdim. Şeyx həzrətlərindən tutmuş tibbin sayseçmə alimləri, Səhiyyə Nazirliyinin əməkdaşları, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Canəli Əkbərov və digər sənət adamları həmin gün Astarada idi. Bir payız günündə unudulmaz bir gün yaşadıq. Həmin yubileydə Mirməmməd Cavadzadəni “Astaranın fəxri Vətəndaşı” seçdiniz, adına küçə verildiyini söylədiniz.
İbrahim müəllim!
Astaranın tarixi keçmişinə də çox diqqət yetirirdiniz. Bilirdiniz ki, kiçik bir rayonda 5 Sovet İttifaqı Qəhrəmanı var. Halbuki SSRİ-nin Astara tipli heç bir yerində 5 qəhrəmanı olan şəhər və rayon yoxdur. Odur ki, Qəhrəmanlıq Xiyabanı yaratmağa nail oldunuz. Xiyabanı qəhrəmanların büstləri bəzədi. Akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun büstü də hələ sağlığında xiyabanda özünə yer aldı. Adına küçə də elə sağlığında əbədiləşdi. 70, 75 illik yubileyləri də yaddaqalan oldu.
Valideyinlər və tələbələrlə görüşləri hər il keçirirdiniz. Muğam, mahnı festivalları, idman yarışlarında Astara gəncləri ön sıralarda idilər.
Amma sonralar o ziyalı münasibəti o qədər də görmədim. İlk kitabımın qəhrəmanı, Astaradan 15 yaşında çıxıb, Bakıda adi dəniz matrosluğundan Mərkəzi Komitədə şöbə müdiri, Daxili İşlər nazirinədək yüksələn Aydın Məmmədov bu Cənub diyarından pərvazlanmışdı. BDU-da kitabın çox yüksək səviyyədə təqdimatı keçirilsə də, qəhrəmanımı astaralılara da tanıtmaq istəyirdik. Bu istək BDU-dakı təqdimatda təklif olundu. Akademik Sudeyf İmamverdiyev hər zaman söyləyir ki, belə tədbirlər, görüşlər örnəkdir. Astaralı uşaq biləndə ki, onun elindən belə insanlar çıxıb və belə dəyərləndirilir, özünü ona oxşatmağa çalışır, daha yaxşı oxuyur.
Astarada əlaqədar təşkilatlarla danışdıq. Tədbir plana salındı. Hazırlaşıb gedəndə zəng olundu ki, tədbir sonraya qaldı. Bu sonralar bir neçə dəfə təkrar olundu və baş tutmadı.
İbrahim müəllim!
Fəaliyyətiniz təkcə ictimai-siyasi işlərlə, mədəni tədbirlərlə bitmirdi. Rayonun rəhbəri olaraq xalqın maddi-rifah halı da diqqət mərkəzində idi. Uzun illər Lənkəran-Astara Ümumittifaq tərəvəz bostanı olmuşdu. Çayçılığın şöhrəti də hüdudları aşmışdı. Lakin tərəvəzin əsas bazarı olan Rusiyaya yollar bağlanmışdı. Çayçılığa da diqqət azalmışdı. Odur ki, iqtisadiyyatın istiqamətini dəyişməli oldunuz. Dənli bitkilərin əkininə üstünlük verdiniz. Vaxtilə Lənkəran-Astarada əkilən düyü növlərini bərpa etdiniz. “Həsəni”, “Sədri” və s. düyü növləri bazarlarda öz yerini tez tapdı. Çayçılıq Astarada mühüm sahə olaraq inkişaf etdirildi. Xarici şirkətlərlə işgüzar əlaqələriniz rayonun iqtisadi göstəricilərinə müsbət təsirini göstərdi.
İbrahim müəllim!
Pedoqoji sahəyə marağınızı Ulu Öndər də bilirdi. Onun razılığı ilə Astarada Ziya Bünyadov adına 2 saylı orta məktəbdə və Lənkəran Dövlət Universitetində konstitusiya hüququndan dərs deyirdiniz. Astaradakı bütün uğurlu fəaliyyətinizə baxmayaraq fəaliyyətinizi əvvəlki peşənizə yönəltdiniz. İcra Hakimiyyəti başçılığı vəzifəsindən azad olunmaq barədə dəfələrlə yazdığınız ərizəyə nəhayət ölkə rəhbəri Heydər Əliyev qol çəkdi.
Moskvada doktorontura təhsilinə də Ulu Öndərin, xeyir-duası və Nazirlər Kabinetinin qərarı ilə getdiniz. Aspirantura təhsili kimi doktorantura təhsilinizi də əyani aldınız.
Elmi işinizi müdafiə edib, hüquq elmləri doktoru oldunuz. Namizədlik kimi yüksək səviyyədə keçən doktorluq müdafiənizdə də Rusiyada qalmaq, Moskvanın hər hansı ali məktəbində dərs demək təklifini alsanız da, Vətənə qayıtdınız. Akademik Arif Paşayevin dəvətilə Milli Aviasiya Akademiyasına gəldiniz.
Hüquq kafedrasına rəhbərlik etdiniz. Ardıcıllarınızı yetişdirdiniz. Müdafiə Şurasının sədri olaraq 56 fəlsəfə, 2 elmlər doktorunun xeyir-duasını vermisiniz. SSRİ Daxili İşlər Nazirliyinin “Əməkdar işçisi” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adları zəhmətinizin halal haqqıdır. Dərsliklərə, elmi kitablara imza atdınız…
Birgə işlədiyiniz uzun illərdə akademikin diqqət və qayğısını gördünüz. Pedoqoji fəaliyyətinizdən əlavə tədbirlərdəki dolğun və zəngin çıxışlarınızı da yüksək dəyərləndirirdi.
Ötən il akademiyadan getməyi qərara aldınız. İndi hüquq üzrə məqalələr, kitablar üzərində işləyirsiniz.
İbrahim müəllim!
Sizə çox şeirlər, hekayələr, oçerklər, poemalar həsr olunub. Bu yazılanlar zəngin arxivinizin ən qiymətli xəzinələridir. İxtisasca hüquqşünas olan şair Şirin Məmmədlinin “General Arif Heydərov” kitabı sizə daha əzizdir. Kitabda müəllifiin generala münasibəti sizin məhəbbətinizlə üst-üstə düşür. Sizə həsr etdiyi hissədə bu öz əksini tapmışdır:

İbrahim söyləyən xoş xatirəsi,
Alıram qələmə aramla, qardaş.
Arifdən öyrəndik həyat dərsini,
Dedikcə axırdı gözlərindən yaş.

İbrahim müəllim!
İnsanlara sədaqət hissiniz ölçüyə gəlməz dərəcədədir. Unutqanlıq xarakterinizə yaddır. Ulu Öndər Heydər Əliyev məktəbinin yetirməsi olmağınızla, idarəetmədə formalaşmağınızda bu məktəbin rolunu xüsusi qeyd edirsiniz. Layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında işləməyinizlə qürur duyduğunuzu söyləyirsiniz.
Unuda bilmədiyiniz insanlar arasında Həsən Həsənovun, Ramiz Əhmədovun, Cəfər Vəliyevin müstəsna rolunu da unutmursunuz.
İbrahim müəllim!
Tanıdığım icra başçılarının əksəriyyəti işlədikləri yerdən ayrılandan sonra o yerə qonaq kimi qayıtmağa belə üzləri olmur. İstər yerli adam olsun, istər gəlmə. Siz isə bu gün də Astaranın əbədi “fəxri vətəndaşı” olaraq başdasınız. İştirak etdiyiniz tədbirlərdə necə qarşılandığınızın şəxsən şahidiyəm. 2018-ci ildə dünya şöhrətli uroloq, əməkdar elm xadimi, akademik Sudeyf İmamverdiyevin 80 illik yubileyi ata yurdu Astarada keçirilirdi. Bakıdan, digər yerlərdən də xeyli qonaq var idi. Amma sizin yeriniz başqa idi. Astaralılar sizinlə görüşə can atırdılar. Belə insani münasibətdən yalnız qürur duymağa dəyər.
İbrahim müəllim!
Bütün sadaladığım uğurların fövqündə halal, sağlam kökə bağlılığınız və zəhmətsevərliyiniz dayanır. Lənkəranda sadə, çoxuşaqlı bir ailədə doğulmusunuz. Allah sevgisi, İslama məhəbbət ailənizin əsas məziyyətlərindən olub. 6 qardaş, 1 bacının hamısı ailəyə yalnız başucalığı gətirib. Estafet indi nəvələrdədir. Hər biri cəmiyyətdə layiqli mövqedədir.
Ata ocağına, yurda bağlılıq cəhətdən misliniz yoxdur. Ata-ananızı, vaxtsız gedən qardaşlarınızı, eləcə də digər əzizlərinizi istər dini bayramlarda, istər doğum və ya anım günlərində yad etməyi unutmursunuz. Bakıdan Lənkərana gedib məzarlara baş çəkir, ruhları sevindirirsiniz. Xeyir-şər adamısınız. “Dayı” dediyiniz Şəkər Aslanın dəfninə, “əmi” dediyiniz Mirsalam və Mirsayad Babayev qardaşlarının, “bacı” dediyiniz Dilruba müəllimənin, Mirhaşım Talışlının, İltifat Salehin, Sultan Məmmədovun, bu yaxınlarda dünyasını dəyişən Canəli Əkbərovun dəfn mərasiminə birinci gələnlərdən idiniz. Eləcə də mənim anamın, Astarada jurnalist həmkarımız Hacı Gülnar Əsədlinin anası Gülçöhrə xanımın. Dostumuz Musa Quluzadə həyat yoldaşını itirəndə ən yaxın sirdaşı siz oldunuz. Xeyir işlərdə də beləcə.
Çox hörmətli İbrahim müəllim!
Nə vaxt idi haqqınızda yazı hazırlamaq istəyirdim. Qismət 70 yaşınıza imiş. “Söz”ün bu sayını Qarabağ torpaqları uğrunda qələbənin ildönümünə həsr eləmişəm. Sizin qələbə sayına düşməyiniz heç də təsadüfi deyil. Birinci Qarabağ savaşının veteranlarından biri də sizsiniz. Həmin dövrdə müxtəlif yerlərdə polis rəisi olaraq həftələrlə, aylarla Qarabağ torpaqlarında xidmət göstərmisiniz. Nə xoş ki, yubiley yaşınız qələbə ilinə düşür. Qalib ölkənin vətəndaşı olaraq sizə sağlam canla uzun ömür, yaradıcılıq uğurları, könül rahatlığı arzusuyla:

 

Sevda Əlibəyli
"Söz" jurnalının baş redaktoru

kriteri.az

 

2022-01-01 01:04:00
1488 baxış

Digər xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət ediblər. Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Necəsiniz? Kişi sakin: Şükür bu günümüzə. Prezident İlham Əliyev: Xoş gəlmisiniz. Qadın sakin: Çox şükür. Digər qadın sakin: Xoş gəldiniz Xocavəndə. Prezident İlham Əliyev: Təbrik edirəm. Qadın sakin: Çox şükür bu günümüzə, qədəmləriniz mübarək olsun. Prezident İlham Əliyev: Təbrik edirəm. Digər qadın sakin: Çox sağ olun, özümüzü xoşbəxt hiss edirik. Kişi sakin: Sizin sayənizdə alınan bu torpaqlara xoş gəlmisiniz, biz də xoş gəlmişik. Prezident İlham Əliyev: Bəli, siz məndən bir qədər tez gəlmisiniz - bir neçə gün. Kişi sakin: Sağ olun, Allah Sizi var eləsin. Qadın sakin: Amin! Kişi sakin: Ən böyük xoşbəxtlikdir ki, Siz rəhmətlik atanızın vəsiyyətini yerinə yetirdiniz. Prezident İlham Əliyev: Elədir, düzdür. Kişi sakin: Sağ olun. Prezident İlham Əliyev: Hamısı medallardır - Cəbrayıl, Şuşa, Füzuli, Xocavənd. Bütün torpaqları azad etmisiniz. Vətən müharibəsinin iştirakçısı: Bəli, Sizin sayənizdə, Allah canınızı sağ eləsin. Prezident İlham Əliyev: Təbrik edirəm. Vətən müharibəsinin iştirakçısı: Çox sağ olun. Qadın sakin: Xoş gəlmisiniz, cənab Prezident. Çox sevinirik ki, bu xoşbəxt günü bizə yaşatdınız. Prezident İlham Əliyev: Sağ olun. Kişi sakin: Xoş gəlmisiniz, cənab Ali Baş Komandan. Prezident İlham Əliyev: Salaməleyküm. Kişi sakin: Xoş gəlmisiniz, cənab Prezident. Prezident İlham Əliyev: Xoş gördük. Kişi sakin: Allah Sizi qorusun, cənab Prezident, yaşasın güclü Azərbaycan! Allah qorusun Sizi, ailənizlə birlikdə. Prezident İlham Əliyev: Sağ olun. Kişi sakin: Sağ olun, cənab Prezident, təşəkkür edirik Sizə ki, bu torpaqları qaytardınız. Prezident İlham Əliyev: Sağ olun. Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada rahat yaşayacaqsınız, xoşbəxtlik içində, sülh, əmin-amanlıq içində yaşayacaqsınız. Sakinlər: Sizin sayənizdə, inşallah. Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Sakinlər: Çox sağ olun, cənab Prezident. Prezident İlham Əliyev: Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq üçün əsas ilkin şərtlər olmalıdır - elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə “Böyük Qayıdış” prosesi daha sürətlə gedəcək. Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Sakinlər: Amin, inşallah! Prezident İlham Əliyev: Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzu edirəm. Sakinlər: Çox sağ olun. Qadın sakin: Bu günümüzə şükür. Həmişə yığıncaqlarımız olanda deyirdim ki, belə yığıncaqlarımız Qarabağda olsun. Bu gün arzumuza çatmışıq. Özümüzü o qədər xoşbəxt hiss edirik ki, biz öz torpağımıza, Vətənimizə gəlmişik. Beş gündür burada yaşayırıq. Vallah, heç acmırıq, təmiz oksigenlə nəfəs alırıq. Prezident İlham Əliyev: Hava görün necə gözəldir. Qadın sakin: Çox sağ olun, şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına, Sizin sayənizdə, siyasətiniz sayəsində torpaqlarımız azad olub, bu gün biz burada yaşayırıq. Özümüzü çox xoşbəxt hiss edirik. Prezident İlham Əliyev: Çox şadam. Qadın sakin: Çox sağ olun, Ulu Öndərin vəsiyyətini yerinə yetirmisiniz, Allah ona rəhmət eləsin, Allah Sizi qorusun, övladlarınızı qorusun! Sakinlər: Amin. Prezident İlham Əliyev: Bəli, buranın təbiəti çox gözəldir, havası təmizdir. Kişi sakin: Bura Qarabağdır, cənnətdir. Prezident İlham Əliyev: Siz işğal dövründə harada məskunlaşmışdınız? Kişi sakin: Ağcabədidə. Prezident İlham Əliyev: Ağcabədidə, dövlət tərəfindən verilmiş evdə? Kişi sakin: Bəli. Prezident İlham Əliyev: Siz də gəlin. Birinci xanım Mehriban Əliyeva: Şəkil çəkdirək? Prezident İlham Əliyev: Bəli, çəkdirək. Birinci xanım Mehriban Əliyeva: Hamımız yerləşəcəyik? Prezident İlham Əliyev: Bəli, gəlin. X X X Sonra xatirə şəkilləri çəkdirildi. X X X Prezident İlham Əliyev: Evlər necədir, yaxşıdır? Qaz var, işıq var, su var. Sakinlər: Əladır, heç bir problem yoxdur, hər şey var. Prezident İlham Əliyev: Həyətyanı sahələr də var. Kişi sakin: Hamısı gözəldir. 15 sot həyətyanı sahə var, bundan artıq nə olmalıdır? Prezident İlham Əliyev: 15 sot, hər şey əkə bilərsiniz. Kişi sakin: Bəli, sağ olun. Mənim də adım İlhamdır. Prezident İlham Əliyev: Eləmi? Çox yaxşı. Qadın sakin: Amma bizim sakinlər həqiqətən qoçaq camaatdır. Hər bir şərait də yaradacaq, əkin-biçin, camaatımız çox qoçaq camaatdır. Prezident İlham Əliyev: Bura təbii cənnətdir. Kişi sakin: Allah Sizi qorusun, əsas məsələ odur ki, irəli gedək, amin! Prezident İlham Əliyev: Elədir, elə də olacaq, ancaq irəli. Sakinlər: Allah Prezidentimizi qorusun! Qadın sakin: Cənab Prezident, neçə illər arzusunda olduğumuz, həsrətini çəkdiyimiz Xocavənd torpağında salamlayıram Sizi. Elimizə-obamıza, dədə-baba yurdumuza xoş gəlmisiniz. Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Qadın sakin: Bu gün biz çox xoşbəxtik, ən xoşbəxt günlərimizi yaşayırıq. Prezident İlham Əliyev: Elədir, siz layiqsiniz buna. Bu torpaqlar 35 il işğal altında qalıb. Qadın sakin: Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa qayıdacağıq. Prezident İlham Əliyev: İnanırdınız. Qadın sakin: Bəli, inanırdıq. Kişi sakin: Azərbaycan torpağı nə qədər varsa, Siz də, ailəniz də o torpağın üstündə var olasınız. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin, amin! Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra xalqımız sülh içində yaşayacaq, inşallah. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram, xoşbəxt yaşayın. Sakinlər: Sağ olun. Kişi sakin: Cənab Prezident, şəkil çəkdirə bilərik? Prezident İlham Əliyev: Hə, çəkdirək. Kişi sakin: 35 ildir gözləyirdik. Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə? Kişi sakin: Şəhər tərəfdə. Prezident İlham Əliyev: Bakıda? Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq. Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə? Kişi sakin: Ağcabədidə. Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün. Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz? Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq. Prezident İlham Əliyev: Orada şərait necə idi? Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq. Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir. Prezident İlham Əliyev: Əlbəttə. Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən. Prezident İlham Əliyev: Bax, burada hava dərmandır. Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun! Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır. Qadın sakin: “Dəmir yumruq” həmişə yerində olsun! Prezident İlham Əliyev: Olacaq! Sakinlər: Sağ olun, fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığı arzulayıram, xoşbəxt yaşayın. Sakinlər: Sağ olun. Kişi sakin: Yaxşı yol. Mən 59 təvəllüdəm, Siz 62. Prezident İlham Əliyev: Mən 61-əm. Qadın sakin: Mən də 61-əm. Prezident İlham Əliyev: Həm adaşıq, həm yaşıdıq. Qadın sakin: Nəvəmin də adı İlhamdır. Allah İlhamları qorusun! Kişi sakin: Allah Sizi qorusun! Yaxşı yol, sağ-salamat. Prezident İlham Əliyev: Sağ olun.

Hamısını oxu
“Novruz” bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının kollektivi adından təbrik

Novruz ümumxalq bayramı kimi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Qədim dövrlərdən bəri  xalqın qeyd etdiyi bayramlardan biri də insanlara sevinc, həmrəylik, bərabərlik, mənəvi saflıq, xeyirxahlıq kimi keyfiyyətlər aşılayan Novruz bayramıdır. Bu bayram ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf şəraitində təntənə ilə qeyd olunur. Bayram ərəfəsində Böyük Vətən müharibəsində həlak olanların, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın unudulımaz xatirəsini hər zaman olduğu kimi böyük ehtiramla yad edirik. Bu gözəl bayramla bağlı başlıca niyyətimiz, arzumuz əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığı, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahıdır. Respublika Veteranlar Təşkilatının kollektivi Azərbaycan xalqını, müharibə veteranlarını, şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirmiş döyüşçülərimizi, əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq.    Kollektiv adından:  Hörmətlə,  Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik                                                    T.Ağahüseynov

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib

4 dekabr 2024-cü il saat 14:00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında  Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışıb, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundna əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirib, buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü bildirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirib. Tədbirdə çıxış edən, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirib. Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olunub, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Son təxribatlar İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir

Bakı, 1 sentyabr, AZƏRTAC Ermənistan hərbçilərinin ordumuzun Kəlbəcərdəki mövqeyinə qarşı zərbə PUA-sı tətbiq etməsi, həmçinin artilleriya zərbələrinə tutması onun terror siyasətinin açıq və növbəti təzahürüdür. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir: “Törədilən təxribatlar göstərir ki, Ermənistan sülh yox, revanş haqında fikirləşir və ona görə də belə xain həmlələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ancaq Ermənistan bilməlidir ki, o, heç vaxt öz məqsədinə çata, post-müharibə dövrünün reallıqlarını dəyişə bilməyəcək. Onun bütün təxribatlarına ordumuz tərəfindən layiqli cavab veriləcək. Necə ki, biz hazırda bunu müşahidə etməkdəyik”. Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, mövcud vəziyyət beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistanın təxribatına sərt reaksiya verməsini tələb edir: “Ermənistan ordusunun bugünkü təxribatları bir daha sübut edir ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti erməni terroru ilə bağlı aydın və birmənalı mövqe ortaya qoymalıdır. Makron hakimiyyəti və digər ermənipərəst qüvvələr bu təxribatı görməli, özlərini “karlığa, korluğa” qoymaqdan əl çəkməlidir. Həmçinin bütün dünya anlamalıdır ki, Azərbaycan sonsuzadək həmin təxribatlar qarşısında təmkin nümayiş etdirə bilməz. Odur ki, heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi qınamamalı, ittiham etməməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə məcburdur və bu istiqamətdə lazımi bütün addımları qətiyyətlə atacaq”. Qeyd edək ki, Azərbaycan Müdafiəsi Nazirliyinin son məlumatına görə, sentyabrın 1-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

Hamısını oxu