Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yeni Günəşlidə “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

 

Azərtac xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.

 

İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.

 

Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

 

Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.

 

Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.

 

Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.

 

2022-01-06 14:51:00
1150 baxış

Digər xəbərlər

Sumqayıtda qazilər daim diqqət mərkəzində saxlanılır

Veteran.gov.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, sözügedən qurumun yanında yaradılmış Əlaqələndirmə Mərkəzi şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin sosial problemlərinin həllini, məşğulluğunu və sağlamlıq vəziyyətini diqqət mərkəzində saxlayır.   Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və şəhər İcra Hakimiyyətinin əməkdaşları Birinci Qarabağ müharibəsi əlili Allahverdiyev İlqar Bünyad oğlunun evində olub, ailənin qayğıları, qazinin səhhəti, müalicələrinin gedişi ilə maraqlanıblar.   Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış qazilərimiz Sumqayıt şəhərində diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Əlaqələndirmə Mərkəzi məhz bu məqsədlə yaradılıb və yarandığı qısa müddət ərzində nəzərəçarpacaq işlər görmüşdür.   Qazi İlqar Allahverdiyevin həyat yoldaşı Səbinə Allahverdiyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.  

Hamısını oxu
Mehdi Hüseynzadənin anadan olunmasının 100 illik yubileyi

13 noyabr 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov açmışdır. Tədbirdə, Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyasının, Müdafiə Nazirliyinin, digər dövlət orqanlarının təmsilçiləri, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri, İkinci dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və medianın nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənmiş, İkinci dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları Bakı Slavyan Universitetinin müəllim və tələbələrinin hazırladıqları, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatı və döyüş yolunu əks etdirən videoçarxa baxmışlar. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov tədbiri açaraq, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığı, ümumiyyətlə İkinci dünya müharibəsində Azərbaycanın iştirakı barədə danışaraq  demişdir: “Bu günki tədbirimiz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr edilmişdir. Bilirsiniz ki, bu yubileyin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən Mehdi Hüseynzadənin, ümumən İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların fəaliyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur.”. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov demişdir: “Bu günkü tədbirimiz Sovet İttifaqı Qəhrəmanı, Mixaylo ləqəbi ilə dünyada tanınan Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi çərçivəsində keçirilir. Mehdi Hüseynzadənin adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdurr. O, nəinki ölkəmizdə Avropada, mən deyərdim bütün dünyada faşizmə qarşı cəsarətlə, dəyanətlə mübarizə aparmış insan kimi tanınır. Mehdi Hüseynzadə yüz il əvvəl dekabr ayının 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. Qəhrəman Azərbaycan oğlu döyüş zamanı əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulmuşdur. Mehdi Hüseynzadə Yuqoslaviya, Triest, İtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparmış, kəşfiyyat-təxribat qrupun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. Müharibə xəbərini Şüvəlandakı bağlarında alan Mehdi dərhal şəhərə qayıdaraq avqustun 9-da cəbhəyə getmişdir. Tiflis hərbi-piyada məktəbini bitirən Mehdi Hüseynzadə şiddətli döyüşlərin getdiyi Stalinqrad döyüşündə iştirak edir. Həmin ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmada ağır yaralanan Mehdi əsir düşür. 1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşı ilə İtaliyadakı düşərgədən qaçır və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulur. Burada İvan Qradnik adına 3-cü Sloveniya xalq-azadlıq briqadası 4-cü batalyonunda yaradılan azərbaycanlılardan ibarət rus bölüyünün komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə idi. Mehdi Hüseynzadənin Sizlərə məşhur “Uzaq sahillərdə” filmindən və kitablardan yaxşı məlum olan qəhrəmanlıqları məhz bu dövrdən etibarən başlanmış həlak olduğu 1944-cü ilin noyabr ayının 2-dək davam etmişdir. Təsadüfi deyil ki, Mehdi Hüseynzadə haqqında Azərbaycanlı müəlliflərlə yanaşı, keçmiş SSRİ, Avropa ölkələrinin tarixçiləri, jurnalistləri də dəyərli əsərlər yazıblar. Onun iki nəhəng diversiya aktı (2-22 aprel, 1944-cü il) haqqında məlumatlar “1941-1945-ci illərin xalq azadlıq müharibəsi xronologiyası”na daxil edilmişdir. Mehdi Hüseynzadə tapşırıqdan Çenovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində qəhrəmancasına həlak olmuşdur. Onun nəşi yerli əhali tərəfindən dəfn edilmişdir. Mehdi Hüseynzadənin reallaşdırdığı əməliyyatlardan yalnız birində düşmənin 2 təyyarəsinin, 25 avtomaşınının partladılması döyüşçü, komandir kimi nəyə qadir olduğunu aydın göstərir. Onun rəhbərlik etdiyi kəşfiyyat-təxribat qrupu ilə bacarıqla həyata keçirdiyi uğurlu əməliyyatlar barədə Mehdi Hüseynzadənin həyat və döyüş yolunun tədqiqatçıları yəqin ki, daha geniş danışacaqlar. Mən yalnız bir faktı xüsusi vurğulamaq istəyirəm ki, Mehdi Hüseynzadə qısa, ancaq zəngin fəaliyyətlə dolu ömrü boyu bütün qəlbi ilə sevdiyi Azərbaycana, Vətəninə və xalqına sədaqətlə xidmət göstərib. Mehdi Hüseynzadənin fəaliyyəti Sovet İttifaqının geniş ictimaiyyətinə yalnız 1956-cı ilin 31 mayında “Krasnaya Zvezda” qəzeti keçmiş Partizan V.Sokolovun xatirələrinə əsaslanan “Partizan igidliyi” məqaləsini dərc etdikdən sonra məlum olmuşdur. Həmin ilin oktyabrında başqa bir keçmiş partizan – Q.A.Jilyayev “Mehdi Hüseynzadə (Mixaylo) haqqında xatirələr” yazdıqdan və əlyazmanı Azərbaycan SSR EA-nın tarix institutuna verdikdən sonra qəhrəman partizanın rəşadəti haqqında əhəmiyyətli miqdarda material toplandı və bununla əlaqədar Azərbaycan KP MK-nın müraciəti ilə leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya və İtaliya ərazisində etdiyi qəhrəmanlığı təsdiq edən gizli axtarış aparıldı. Nəticədə SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli qərarı ilə Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı adı verildi. Ümumiyyətlə İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə Azərbaycan oğulları nəyə qadir olduqlarını əzmlə nümayiş etdirmişlər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etmişlər. 124 həmvətənimiz aralarında Mehdi Hüseynzadə də olmaqla ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görülmüşlər. Mehdi Hüseynzadənin, Həzi Aslanovun, İsrafil Məmmədovun, Ziya Bünyadovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan öz qəhrəman oğlu ilə fəxr edir və onun adının əbədiləşdirilməsi üçün ölkə miqyasında görülmüş və gələcəkdə də görüləcək işlər bu minnətdarlığın nəticələridir. Bu gün Azərbaycanın Mehdi Hüseynzadə kimi qəhrəman oğulllara daha böyük ehtiyacı var. Çünki, Azərbaycanın 20 faiz ərazisi təcavüzkar Ermənistan Respublikasının hərbi birləşmələrinin işğalı altındadır. Ölkənin yeniyetməsindən, gəncindən tutmuş ahıl yaşlı insanlarına qədər hər birimiz Vətənin bütövlüyü, ərazilərimizin işğaldan qurtarması üçün hər an hazır olmalıyıq. Doğrudur, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün düşmənin istənilən təxribatının qarşısını vaxtında almağa, torpaqlarımız erməni işğalından qurtarmağa tam qadirdir. 2016-cı il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Ancaq Azərbaycan bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etmək istəyir. Bunun mümkün olmayacağı halda, möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında güclü və müasir Azərbaycan ordusunun düşmənə öz yerini göstərəcəyinə əminik. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu tədqiq etmiş, tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərli, “Xatirə” kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, jurnalist Ruqiyə Əliyeva və başqaları çıxış edərək Mehdi Hüseynzadənin və İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş digər oğullarımızın şücayətindən danışmış, Azərbaycan zabit və əsgərlərinin bu gün öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman oğul və qızlarımızın üçrəngli bayrağımızı işğal altındakı ərazilərimizdə dalğalandıracaqlarına inandıqlarını bildirmişlər.

Hamısını oxu
Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar

Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Müdafiə Nazirliyindən verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.   Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.  

Hamısını oxu
Kosmetoloqdan xəbərdarlıq: “Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır”

Keyfiyyətsiz kosmetoloji vasitələrin insan sağlamlığına təsiri son dövrlərdə daha çox müzakirə olunan mövzulardan biridir. Bu barədə daha ətraflı məlumat almaq üçün Moderator.az olaraq kosmetoloq Günel Novruzi ilə həmsöhbət olduq. – Günel xanım, keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə nə başa düşülür? – Keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə tərkibi standartlara uyğun olmayan, sertifikasiyadan keçməyən və ya mənşəyi məlum olmayan məhsullar nəzərdə tutulur. Bu cür vasitələr həm də saxlanma və istehsal qaydalarına əməl olunmadan hazırlanmış ola bilər ki, bu da onların təhlükəliliyini daha da artırır. – Bu məhsulların istifadəsi dəridə hansı ilkin fəsadlara səbəb olur? – Ən çox rast gəlinən hallar allergik reaksiyalar və dəri qıcıqlanmalarıdır. İstifadəçilərdə qızartı, qaşınma, səpkilər, quruluq və bəzən də kimyəvi yanıqlar müşahidə olunur. Xüsusilə həssas dəriyə malik insanlarda bu təsirlər daha ağır keçir. – Bəs bu təsirlər yalnız dəridə qalır, yoxsa daha ciddi nəticələr də mümkündür? – Təəssüf ki, təsirlər bununla məhdudlaşmır. Bəzi keyfiyyətsiz məhsulların tərkibində ağır metallar  məsələn, civə və ya qurğuşun olur. Bu maddələr zamanla dəri vasitəsilə orqanizmə daxil olaraq daxili orqanlara təsir göstərə bilər. Bu isə sinir sistemi problemləri, böyrək və qaraciyər funksiyalarının pozulması kimi ciddi fəsadlara yol aça bilər. – Kosmetoloji prosedurlarda istifadə olunan keyfiyyətsiz vasitələr nə kimi risklər yaradır? – Bu, daha təhlükəli sahədir. Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır, toxumaların zədələnməsinə, şişkinliklərə və hətta qalıcı deformasiya hallarına səbəb ola bilər. – Bu məhsullar hormonal balansı da poza bilərmi? – Bəli, bəzi kosmetik vasitələrin tərkibində endokrin sistemə təsir edən maddələr olur. Bu maddələr hormonal balansı poza bilər və nəticədə sızanaqların artması, saç tökülməsi və digər problemlər yarana bilər. – Uzunmüddətli istifadə zamanı daha ciddi xəstəlik riski varmı? – Əlbəttə. Tərkibində kanserogen maddələr olan kosmetik vasitələrin uzun müddət istifadəsi hüceyrə dəyişikliklərinə səbəb ola bilər və bu da xərçəng riskini artırır. – Qarşıdan yay mövsümü gəlir, bu dövrdə xüsusilə nələrə diqqət edilməlidir? – Yay aylarında dəri daha həssas olur və günəş şüalarına birbaşa məruz qalır. Bu səbəbdən keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi daha ağır nəticələr verə bilər. İlk növbədə günəşdən qoruyucu (SPF) məhsulların keyfiyyətli və sertifikatlı olmasına diqqət yetirilməlidir. Ucuz və tərkibi bilinməyən SPF vasitələri dərini qorumaq əvəzinə zərər verə bilər. Eyni zamanda yayda məsamələr daha tez tıxandığı üçün ağır, yağlı və keyfiyyətsiz makiyaj vasitələrindən uzaq durmaq lazımdır. Dərinin nəfəs almasına imkan verən, yüngül və dermatoloji cəhətdən yoxlanılmış məhsullara üstünlük verilməlidir. Həmçinin, açıq havada edilən kosmetoloji prosedurlar və ya steril olmayan şəraitdə aparılan müdaxilələr infeksiya riskini artırdığı üçün bu məsələdə daha diqqətli olmaq vacibdir. Su ilə təmasın artdığı yay mövsümündə (hovuz, dəniz) istifadə olunan kosmetik vasitələrin dəriyə uyğunluğu və keyfiyyəti xüsusilə önəmlidir. Keyfiyyətsiz məhsullar günəş və su ilə birlikdə dəridə ləkələrin yaranmasına və qıcıqlanmanın artmasına səbəb ola bilər. – İstifadəçilərə ümumi olaraq nə tövsiyə edərdiniz? – İnsanlar kosmetik vasitələri alarkən onların sertifikatına, tərkibinə və istehsalçı brendinə diqqət yetirməlidirlər. Çox ucuz və mənşəyi bilinməyən məhsullardan uzaq durmaq lazımdır. Eyni zamanda kosmetoloji prosedurlar yalnız peşəkar və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır. – Sonda bu mövzu ilə bağlı nəyi vurğulamaq istərdiniz? – Gözəllik naminə sağlamlığı riskə atmaq düzgün deyil. Keyfiyyətsiz kosmetoloji vasitələr qısa müddətli effekt versə də, uzunmüddətli ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə yay mövsümündə dəriyə qulluq daha diqqətlə aparılmalı və yalnız etibarlı məhsullardan istifadə edilməlidir. Seymur ƏLİYEV

Hamısını oxu