Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

QHT sədri: “Uğurla inkişaf edən Azərbaycanın dünyada nüfuzu getdikcə güclənməkdədir”

Azərbaycan xalqı 2021-ci ilə uğurla yekun vurdu. Ölkəmiz 2020-ci ildə düşmən üzərində qazandığımız möhtəşəm Qələbəmizdən, ərazi bütövlüyümüzün bərpasından sonra daha da möhkəmləndi. Avropa İttifaqı, dünya dövlətləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməyə məcbur oldular. Uğurla inkişaf edən ölkəmizin dünyada nüfuzu getdikcə güclənməkdədir.

 

Bu fikirləri Azərtac-a açıqlamasında "Sağlamlığın qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

 

Y.Abdiyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mühüm və əlamətdar hadisə olduğunu bildirib. Şuşanın müqəddəs şəhər olduğunu diqqətə çatdıran QHT sədri ötən müddət ərzində burada mühüm işlərin görüldüyünü qeyd edərək deyib:

 

“Şuşada Azərbaycanın musiqi və incəsənət dahilərinin ruhları dolaşır. İkinci Qarabağ müharibəsinin gedişində dönüş nöqtəsi olan Şuşa döyüşləri qəhrəmanlıq dastanı nümunəsidir. Bu torpaq, bu şəhər cəsur igidlərimizin qanı ilə suvarıldığı üçün müqəddəsdir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində vurğuladığı kimi, biz İkinci Qarabağ müharibəsini, işğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq”.

 

Y.Abdiyeva qeyd edib ki, digər ərazilərimiz kimi, 30 ilə yaxın işğaldan əziyyət çəkən Şuşamız indi azad nəfəs alır. Şuşada infrastruktur yenilənir, bərpa və quruculuq işləri sürətlə aparılır. Mədəniyyət paytaxtımız ötən il “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm tədbirlərə ev sahibliyi etdi. Dünya Azərbaycan musiqisinin əzəmətini, gözəlliyini bir daha gördü. Əminliklə deyə bilərik ki, Qarabağın incisi Şuşamız daha da inkişaf edəcək, daha da gözəlləşəcək.

 

“Dövlətimizin başçısı xalqa təbrikində regionda çoxtərəfli əməkdaşlıq platformasının formalaşdığını və bunun Azərbaycanın maraqlarına cavab verdiyini qeyd etdi. Humanist prinsipləri dövlət siyasətində hər zaman əsas tutan Prezident İlham Əliyev onu da vurğuladı ki, nə vaxtsa Ermənistanla da qonşuluq əlaqələrinin qurulacağı mümkün ola bilər. Bu isə reallıqla barışmaqdan başqa çarəsi qalmayan qonşumuzdan asılıdır. Regional çərçivədə öz rolunu artırmaq artıq onun öz öhdəsindədir”, - deyə Yazgül Abdiyeva vurğulayıb.

 

Şuşanın rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin hər bir həmvətənimizə qürur hissi yaşatdığını deyən QHT sədri bu sevinci bizə yaşadan şəhidlərimizə, qazilərimizə, Prezident Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildirib.

 

2022-01-09 00:14:00
1049 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: "Ordudakı islahatlar dövlətimizin müdafiə qüdrətini daha da artıracaq"

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə bir çox məsələlərlə yanaşı, ordudakı islahatlara da toxunub, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırıldığını, bu prosesin davam etdiriləcəyini bildirib. Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aparılan islahatların Azərbaycanın müdafiə qabiliyyətini daha da artıracağını vurğulayıb: “Dövlət başçısı müşavirədəki çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb və bu proses gələcəkdə də davam edəcək. Ordudakı son islahatlarla bağlı diqqət çəkən məqamlardan biri də yeni qoşun növünün - Komando növünün yaradılması ilə bağlıdır. Ali Baş Komandan müşavirədə komandoların sayını ildən-ilə artıracağını bildirdi. Hesab edirəm ki, bu islahatlar əsasən 44 günlük Vətən müharibəsinin nəticə və gedişatından qaynaqlanır. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr işğalçılar üçün əsl kabusa çevrildi, erməni faşizminin məğlub edilməsində mühüm rol oynadı. Məhz bu baxımdan Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması, onların təchizatının, döyüş hazırlığının daha da yüksəldilməsinə xüsusi diqqət yetirilir. Komanda qoşun növünün yaradılması gerçəyi də məhz bu amillə əlaqədardır”. Polkovnik qeyd edib ki, Azərbaycanın maliyyə imkanları, iqtisadi gücü istər Xüsusi Təyinatlı Qüvvələrdə, istərsə də Komanda qoşun növündə xidmət edən əsgərlərin sayının artırılmasına, onların təchizatının daha da gücləndirilməsinə imkan verir: “Ali Baş Komandan açıq şəkildə qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması bundan sonra da həyata keçiriləcək və hərbi məsələlərin həlli üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, o qədər də vəsait ayrılacaq. Yəni hərbi məsələlərin həlli, ordudakı islahatların davam və inkişaf etdirilməsi üçün heç bir maliyyə problemi yoxdur. Dövlətimizin maliyyə imkanları, iqtisadi gücü bu islahatların dərinləşməsinə imkan verir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə biz daha güclü, daha qüdrətli orduya sahib olacağıq”.  

Hamısını oxu
İgid qazimiz keçdiyi döyüş yolundan danışdır

Könüllü olaraq cəbhəyə yollanan Kənan Kazımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Başından qəlpə yarası alan qazinin nitqində qüsurlar yaranıb. Qazimiz döyüş zamanı mühasirəyə düşdüklərini bildirir. O deyir ki, çətinliklə də olsa, mühasirədən çıxıblar. Hətta elə şərait yaradılıb ki, ermənilər öz qazdıqları quyuya özləri düşüb.   Qazinin atası Çinar Kazımov övladı ilə fəxr etdiyini bildirir. Torpaqlarımızın işğaldan azad olunmasını uzun illərdir gözlədiyini deyir. Ana ürəyi daha həssas olurmuş. Nə qədər balasından uzaqda olsa da, Kənan Cəbrayılda yaralananda anası Səltənət xanım bunu hiss etdiyini deyir. Ətraflı Baku TV-nin süjetində:

Hamısını oxu
Bakıda “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetinin nəşr etdiyi kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bu kitabda Xocalı soyqırımının şahidlərinin, işgəncələrə məruz qalan insanların çətinliklə danışa bildikləri yazılar yer alıb. Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.

Hamısını oxu
“Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusunda konfrans keçirilib

23 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin birgə təşkilatçılığı ilə  “Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublkasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xocalı soyqırımı və onun ağır nəticələri haqqında danışıb, 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatından sonra Xocalı qatillərinin məsuliyyətə cəlb edildiyini vurğulayıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edilmişdir. Şəhər tam mühasirəyə alınmış, dinc əhaliyə qarşı əvvəlcədən planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qətliam törədilmişdir. Rəsmi məlumatlara əsasən 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur; 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir, 487 nəfər yaralanmışdır,1275 nəfər əsir götürülmüşdür,150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum qalır. Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilmiş, 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xüsusi qərar qəbul edilmişdir. Bu qərar faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olmuşdur. Bu gün Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Heydər Əliyev Fondunun təşəbbüsü və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində faciə ilə bağlı həqiqətlər bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatları tərəfindən tanınmış və siyasi qiymətini almışdır. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bununla da Xocalı qurbanlarının və bütün şəhidlərimizin qanı yerdə qalmamışdır”. Daha sonra “Biz soyqırıma və terrora yox deyirik!” adlı sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri jurnalist Şamil Sabiroğlu Xocalı sakinlərinin üzləşdiyi soyqırımın dəhşətlərindən söz açıb, Ayaz Mütəllibov hakimiyyətinin səhlənkarlığından, səriştəsizliyindən bəhs edib. Gəncləri Prezident İlham Əliyevə dəstək verməyə səsləyən Şamil Sabiroğlu, tarixi keçmişimizin öyrənilməsinin gələcəyimiz baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev çıxışında xalqımızın yaşadığı faciələrin, eləcə də, imza atdığı qəhrəmanlıqların təbliğində ədəbiyyat və mədəniyyətin mühüm rol oynadığını bildirib. Əməkdar jurnalist qeyd edib ki, ədəbiyyat adamları, yazıçı və tarixçilər bundan sonra da öz təbliğati, maarifləndirici missiyalarını davam etdirməli, tariximizlə bağlı faktların gələcək nəsillərə çatdırılmasında aktiv iştirak etməlidirlər. Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova yeniyetmə və gənclərin milli tarixlərinə bələd olmasının vacibliyindən danışıb. O, qeyd edib ki, məhz tarixi dərindən bilmək, xalqın keçmişinə bələd olmaq gələcək nəsilləri yeni bəlalardan və təhlükələrdən hifz edə bilər. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin  üzvü, soyqırımın şahidi Hüseynağa Quliyev şahidi olduğu erməni vəhşiliklərindən danışıb. Ermənilərin dinc insanları ən qorxunc işgəncələrlə qətlə yetirdiyini bildirən soyqırım şahidi, bütün bu həqiqətlərin bütün dünyaya yayılmasının vacibliyini qeyd edib. Ehtiyatda olan mayor, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin iştirakçısı qazi Muxtar Həşimov erməni vəhşiliyindən bəhs etməklə yanaşı, ermənilər tərəfindən Xocalıda qətlə yetrilən şəxslərin sayının 613 deyil, daha çox olduğunu bildirib, bu rəqəmin yenidən dəqiqləşdirilməsinin vacib olduğuna diqqət çəkib. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva Xocalı soyqırımının heç zaman unudulmayacağını, xalqımızın yaddaşında hər zaman yaşayacağını vurğulayıb. Konfransın sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu