Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

 

“İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi.

 

Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.  

 

Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub. 

 

2022-01-18 20:55:00
1262 baxış

Digər xəbərlər

İlham Əliyev Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.  

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi Nəsimi Rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyevaya qardaşı Nağıyev Əliqulu Fərhad oğlunun vaxtsız vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Prezident və Birinci vitse-prezident nekroloq imzaladılar

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur. Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır. Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur. 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir. Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Ziyad Səmədzadə Eldar İbrahimov Əhliman Əmiraslanov Teymur Bünyadov Sudeif İmamverdiyev".

Hamısını oxu
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Hamısını oxu