Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

20 Yanvar Azərbaycan xalqının qan yaddaşı, həm də Əbədi İstiqlal uğrunda tarixi savaşıdır

Hürriyyət, Azadlıq və İstiqlaliyyət pay verilmir, uğrunda qan tökülür, Şəhid verilir! Şəhidlərin al qanı ilə tarix yazılır! Azərbaycan xalqının azadlığa, Əbədi İstiqlala gedən yolda ən böyük sınağı, ən parlaq nümunəsi hesab olunan 20 Yanvar faciəsindən 35  il ötür. Bu qanlı cinayəti törətməkdə əsas məqsəd Azərbaycan xalqının iradəsini qırmaq, onun azadlıq istəyini boğmaq idi. Lakin sovet imperiyasının amansız davranışı xalqımızın azadlıq istəyini daha da alovlandırdı, milli azadlıq hərəkatı daha da geniş vüsət aldı. 20 Yanvar faciəsi xalqımızın yaddaşında, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. 20 Yanvar dəhşətlərinin  baş verməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqının Kreml tərəfindən cəzalandırılması da əsas rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların Bakını zəbt etməsi, mühasirəyə alması xüsusi qəddarlıqla müşayiət olundu. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Fövqəladə vəziyyət elan olunanadək və ondan sonra beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri pozulmuş, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməyərək qanunsuz olaraq xalqı təzyiq altında saxlamağa çalışmışlar. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların qətlə yetirilməsi və yaralanması, 82 nəfərin amansızcasına qətlə yetirməsi, 20 nəfərin ölümcül yaralaması ilə müşayət olunan hadisələr sübut etdi ki,  bu faciə düşünülmüş şəkildə həyata keçirilmiş, dünyanın gözü qarşısında insan haqlarına təcavüz edilmişdir.  Qanlı yanvar hadisələri təkcə paytaxt Bakını deyil fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da həyata keçirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar gecəsi baş vermiş tarixi cinayət Beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayət idi. SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu bəşəri cinayəti həmin dövrlərdə obyektiv siyasi hüquqi qiymət alması qeyri-mümkün idi. Təsadüfi deyil ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmiş və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması barədə qərarı vermiş 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılaraq geri qaytarılmamışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmişdir.  Bu qanlı cinayətə ilk etiraz edən şəxs məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Sovet rejiminin qadağalarına baxmayaraq, faciədən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə mənəvi və siyasi varisi, ən yeni Azərbaycanın prezidenti İlham Əliyevlə birlikdə gələn Heydər Əliyev cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş siyasi səhv kimi qiymətləndirmişdir.

Qeyd etdiyimiz kimi 20 Yanvar dəhşətlərinin tarixi kökləri var idi. Qarbaçov rejimi Azərbaycan xalqının iradəsini qırmaq, onun Qərbi Azərbaycan və Qarabağ uğrunda savaşlarına son qoymaq niyyətində idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Moskva dövründən sonra lidersizlik problemi yaşayan Azərbaycanın üzərinə hücumlar səngimək bilmirdi. 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi durumun kəskinləşməsi, Kreml rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda azadlıq hərəkatının güclənməsinə zəmin yaratmışdı. Bunun  əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi-torpaq  iddiaları ilə çıxış etməsi, uydurma "Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin əsassız iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı prinsipiallığı ilə SSRİ  rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində baş qaldıran erməni separatizmi qədim türk torpaqları olan Qərbi Azərbaycandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdi. Bu haqsızlığa və cinayətə görə nümayiş və mitinqlərə çıxan əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zor gücünə  öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də  ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi. Respublikada yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə  edən SSRİ-nin xüsusi xidmət orqanları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif  ixtişaşlar törətdi. Yanvarın 20-də sovet qoşunları dinc əhalinin üstünə yeridildi, dəhşətli faciə baş verdi. Azərbaycan informasiya blokadasına alındı. Qanlı faciədən az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladıldı. Radionun fəaliyyəti, qəzetlərin nəşri dayandırıldı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və faciəli bir vaxtda xalqımızın vətənpərvər oğlu, Ulu öndər Heydər Əliyev yuxarıda da vurğuladığımız kimi, Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə baxmayaraq, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin şəkildə tənqid edən bəyanat verdi. Ulu Öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünyaya çatdırdı, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli Lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla da 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin əsasını qoydu. Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsi üçün ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü yenidən götürülsün və burada Şəhidlər Memorial Kompleksi ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və həmin iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqətində oldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində, eləcə də Vətən müharibəsində ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial təminatı ildən-ilə gücləndirildi.

20 Yanvar hadisələrinin qurbanlarına, İstiqlal Fədailərinə daimi dövlətin diqqət və qayğısı bununla bitmir. Bu məqsədlə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. 1990-cı ilin yanvarında şəhid olmuş şəxslərin ailələrinin və övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri, Şəhidlər Memorial Kompleksi ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Onu da vurğulamaq yerinə düşər ki, hazırda 20 Yanvar faciəsi zamanı şəhid olmuş Azərbaycan övladlarının ruhu şaddır! 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli Azərbaycan Ordusunun, Qazilərimizin iradəsi, Şəhidlərin al qanı ilə  Vətən torpaqları işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan xalqı, ümumiyyətlə dünya Azərbaycanlıları 35 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə meydanında şəhid olanları daima anır, yad edir, ruhları qarşısında baş əyir. Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinin həllinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın  da bu istiqamətdə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən xalqımızın qanlı 20 Yanvarı, habelə Vətən müharibəsi ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Milli vətənpərvərlik hissi ilə müşaiyət olunan bu xeyirxah missiyanın işğaldan azad olunan tarixi torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərini də əhatə etməsi milli müstəqilliyin əbədi və dönməz olması üçün bu gün də mücadilə edən hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır!

 

                                                                                                        Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri

                                                                                             polkovnik    Cəlil Xəlilov

                                                                          

2025-01-15 16:00:46
3393 baxış

Digər xəbərlər

Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır

Bakı. Trend: Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır. Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, sözügedən təşkilatın birtərəfli şəkildə Ermənistanın müdafiəsində dayanması, Azərbaycanın ünvanına böhtanlar səsləndirməsi Qərbin ənənəvi ikili standartlar siyasətindən xəbər verir: “Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin ölkəmizin ünvanına səsləndirdiyi ittihamlar, xüsusilə də Azərbaycanla xəbərdarlıq dilində danışmaq cəhdi təəsssüf və gülüş doğurur. Hər şeydən öncə cənab Borrell başa düşməlidir ki, Azərbaycanla xəbərdarlıq dilində danışmaq olmaz və ölkəmizin hər danışıq və davranışa uyğun ortaya qoyacaq adekvat mövqeyi hökmən vardır. İkincisi, Azərbaycanın hansısa ölkənin sərhədlərini pozmaq, onun suverenliyinə təhlükə yaratmaq, bölgədə hərbi müstəvidə hansısa addımlar atmaq planı yoxdur. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib və cari ilin lokal antiterror tədbirləri nəticəsində suverenliyinin tam şəkildə bərpasına nail olub. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit edilən haqqıdır və bizə bunun xaricində heç nə lazım deyil. Əksinə, Fransanın aktiv dəstəyi ilə Ermənistanın sürətlə silahlanması, müxtəlif ölkələrdən silah-sursat almağa səy göstərməsi onu göstərir ki, bölgənin gələcəyi üçün təhdid təşkil edən ölkə Ermənistandır. Yaxşı olardı ki, Avropa İttifaqı Azərbaycanın ünvanına məsuliyyətsiz açıqlamalar səsləndirmək əvəzinə, ikili standartlardan imtina etsin. Ermənistanı silahlandırmaq, onu hərbi, siyasi və psixoloji baxımdan yeni qarşıdurmaya hazırlamaq səylərindən əl çəksin. Avropa İttifaqının Cənubi Qafqaz regionunun gələcəyinə verə biləcəyi ən böyük töhfə elə bu ola bilər”.

Hamısını oxu
Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi

Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıblar.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zəfərin Memarları: 14 Qəhrəmanımızın doğum gününü qürurla anırıq

Hər təqvim səhifəsinin bir xatirəsi var, amma elə günlər var ki, millətin yaddaşına qızıl hərflərlə yazılır. Sentyabrın 17-si günəşin şəhidlərin adına doğduğu, 14 igidin səmaya yüksəlib millətin qəlbində ölümsüzləşdiyi gündür. Onlar şəhid olaraq millətin yenidən doğuluşuna imza atdılar. Qarabağ torpağının hər qarışı onların adları ilə nəfəs alır, hər zəfər nəğməsi onların əzmi ilə yazılır. 2020-ci ilin payızında şəhidlərin ruhu səfərbər olmuşdu, torpaq sanki oyanmışdı. 44 gün tarixdə çox qısa görünə bilər. Amma bu günlərə nələr sığmadı? Minlərlə oğul, minlərlə yurd həsrəti və bir millətin dirənişi. O 14 şəhidin də qanı bu yurdun dirçəlişinə can verdi. Onların hər biri bu zəfərin daşını-daş üstə qoyan igidlər idi. Qarabağ  təkcə bir coğrafiya deyil. Qarabağ bir vətən sevgisi, bir nisgil, bir and idi. Qayıdışımız şəhidlərin ruhlarının səssiz səfəri idi. Onların ayaq izləri ilə döyüş yolu çəkildi. İndi hər dağ başında, hər bulaq kənarında, hər səssiz kənddə onların nəfəsi var. Sentyabrın 17-də doğulanlar millətin qayıdış dastanının simvolları kimi tarixə yazıldı. Hər dirçəlişin bir bünövrəsi olur. Bizim dirçəlişimizin əsası şəhidlərin qanı ilə, ruhu ilə, sevgisi ilə atıldı. İndi Qarabağda yeni məktəblər tikilir, yollar çəkilir, kəndlər canlanır. Bütün bu işlər şəhidlərin adına ucaldılmış abidələr kimidir. Bu torpağın hər çiçəyi, hər ağacı onların ruhuna səcdə edir. Hər il bu tarixdə Azərbaycan bir daha baş əyəcək: “Siz bizim qürurumuz, siz bizim tariximizsiniz!” deyəcək. Qarabağ artıq azaddır. Amma bu azadlıq təsadüf deyil. Bu azadlıq şəhidlərin ruhunun, anaların göz yaşının, əsgərin addımının, millətin birlik ruhunun nəticəsidir. 14 qəhrəman 14 ulduz kimi bu Zəfər səmasında əbədi parlayır.  Vətən Uğrunda Canından Keçən Qəhrəman – Zöhrab Abbasov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız, tariximizin ən parlaq səhifələrini yazıblar. Onlar təkcə torpaqlarımızın azadlığı uğrunda döyüşmədilər, həm də bir xalqın qürurunu, iradəsini və yenilməzliyini tərənnüm etdilər. Bu qəhrəmanlardan biri də Zöhrab Abbasovdur. Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində dünyaya göz açdı. İlk təhsilini Eynallı kənd tam orta məktəbində aldı. 2007–2018-ci illər ərzində burada oxuyaraq savadlı, vətənpərvər və məsuliyyətli bir gənc kimi yetişdi. Ailəsinin, müəllimlərinin və dostlarının sevgisini qazanan Zöhrab sadə və təvazökar təbiəti ilə seçilirdi. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmət onun üçün bir öhdəlik, bir borc, bir şərəf idi. Zöhrab hərbi hissədə nümunəvi davranışı, intizamı və vətənə bağlılığı ilə seçilirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Zöhrab Abbasov ön cəbhədə, Suqovuşanın azadlığı uğrunda gedən qanlı döyüşlərə qatıldı. Ən ağır mövqelərdə, çətin şəraitdə belə geri çəkilməyən Zöhrab döyüş yoldaşları ilə birgə işğal altındakı torpaqlarımızın azadlığı uğrunda canını fəda etməyə hazır idi. O, 13 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.  bilmədi. Zöhrab Abbasovun göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu. Həmçinin “Suqovuşanın azad olunmasına görə” medalı da onun xatirəsinə təqdim edildi. Zöhrab Abbasovun adı bu torpağın azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımız arasında əbədi qalacaq. Onun əziz xatirəsi ailəsinin, doğmalarının, döyüş yoldaşlarının və bütövlükdə xalqımızın yaddaşında daim yaşayacaq. İlkin Ağakişiyev- Vətənə Məhəbbət və Şücaətin Əbədi Nümunəsi 1995-ci ilin sentyabrında Mingəçevirdə dünyaya göz açan İlkin Ağakişiyev elə uşaq yaşlarından qəlbində doğma vətəninə qarşı sarsılmaz sevgi daşıyırdı. Həyatının hər addımında bu sevgi onu irəli aparır, çətinliklərə sinə gərməyə, böyük arzularına doğru inamla yürüməyə həvəsləndirirdi. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsilini davam etdirərkən İlkin yalnız biliyi ilə deyil, həm də vətənə bağlılığı, insanlara olan hörməti və qəhrəmanlıq ruhu ilə seçilirdi. O, həyatın ən ağır çağırışlarına belə hazırlıqlı idi, ürəyində isə sonsuz vətən eşqi alovlanırdı, bu alov heç vaxt sönməyəcəkdi. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini şərəflə yerinə yetirdi. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayanda isə İlkin Ağakişiyev cəsarətlə döyüş meydanına atıldı. Suqovuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq nümunələri göstərdi. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etməkdən çəkinmədi. Oktyabrın 8-də Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucaldı, amma onun ruhu millətin qəlbində əbədi yaşadı. Noyabrın 27-də Mingəçevirin Şəhidlər Xiyabanında doğma torpağa əbədi qovuşdu. O, Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24 iyun 2021-ci il tarixli sərəncamla isə "Suqovuşanın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edildi. İlkin Ağakişiyev vətən sevgisi, igidliyi və şücaəti ilə bir millətin qürur mənbəyidir və onun həyahı gələcək nəsillərə vətənpərvərlik dərsi, qəhrəmanlıq örnəyidir. O, sönməz ulduz kimi Azərbaycan tarixində parlayacaq, xalqının qəlbində əbədi yaşayacaqdır. Asim Əliyev – Vətənə Sadiq Bir Ömür   1998-ci ilin sentyabr ayının 17-də, Sabirabad rayonunun Əsədli kəndində doğulan Asim Əliyev uşaqlıqdan ürəyində vətən sevgisi ilə böyümüşdü. O, sıradan bir gənc deyildi, onun baxışlarında və əməllərində hər zaman bir qürur, bir məsuliyyət vardı. Vətən onun üçün təkcə doğulduğu torpaq deyil, qəlbində yaşadan, canını fəda etməyə hazır olduğu müqəddəs bir məfkurə idi. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan Ordusunun igid əsgərləri kimi Asim də döyüş meydanına atıldı. O, yalnız bir əsgər yox, Vətən uğrunda döyüşən qəhrəman ruh idi. Qarabağın dağlarında, Füzulinin torpaqlarında şəhidlik zirvəsinə yüksəlmək onun vətənə olan ən böyük sevgisinin əyani sübutu oldu. Oktyabrın 14-də Asim Əliyev öz canını, gənc həyatını vətən torpağı uğrunda fəda etdi. Onun şəhidliyi təkcə bir ailənin deyil, bütöv bir millətin ağrısı, qürur mənbəyi oldu. Sabirabadın Əsədli kəndində dəfn edilən Asim vətən sevgisinin əbədiyyətə çevrilən nümunəsi kimi yaddaşlarda yaşayacaq. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Asim Əliyev “Vətən uğrunda” medalı ilə, 25 dekabr tarixli sərəncamla isə “Füzulinin azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif edildi. Bu medallar onun igidliyinin, şəxsi qəhrəmanlığının, vətənə olan sonsuz məhəbbətinin ən yüksək rəmzləridir. Asim Əliyevin həyatı və şəhidliyi bizə bir daha xatırladır: Vətən yalnız torpaq deyil, vətən azadlıq, şərəf, qəhrəmanlıq və fədakarlıqdır. Asim Əliyev  hər kəsin qəlbində yaşayan, gələcək nəsillərə vətən sevgisini miras qoyan bir qəhrəmandır. Vətən Uğrunda Son Nəfəs: Rahib Hacıismayılovun Şəhidlik Yolu Hacıismayılov Rahib Məmmədəmin oğlu 17 sentyabr 1991-ci ildə dünyaya gəlmişdi. Gənc yaşlarından vətənə sonsuz məhəbbətlə bağlı olan Rahib 2020-ci ilin sentyabr ayının 30-dan könüllü olaraq döyüşlərə atıldı. O, Vətən müharibəsinin ilk günlərindən döyüş meydanında idi. Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli, qanlı döyüşlərdə igidliklə vuruşdu. Ağdərə rayonu istiqamətində gedən amansız mübarizədə o, Vətənə olan sevgisi və fədakarlığı ilə əvəzsiz şücaət göstərdi. Oktyabrın 20-də Ağdərənin azadlığı uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid oldu. Rahib Hacıismayılov vətən üçün canından keçən, qəlbi Azərbaycan sevgisi ilə döyünən əsl qəhrəman idi. Onun igidliyi, vətənpərvərliyi və fədakarlığı Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində Rahib kimi minlərlə şəhid və qazilərimiz sayəsində 8 noyabr 2020-ci ildə Zəfərimiz rəsmi olaraq elan edildi, Azərbaycanın əzəli torpaqları düşmən tapdağından azad olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rahib ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi. Bu medallar onun vətənə bağlılığının, qətiyyətinin və mərdliyinin əbədiləşdirilməsidir. Rahib kimi igidlərimizin qanı ilə yazılan bu zəfər tarixi gələcək nəsillərə vətən sevgisinin və qəhrəmanlığın ən parlaq nümunəsi olaraq həkk olunacaq. Onların xatirəsi daim qəlblərdə yaşayacaq, azad və müstəqil Azərbaycan isə əbədi var olacaq. Həsənov Pərviz Yolçu oğlu: Vətəninə Qanıyla Yazılan Şərəfli Bir Əfsanə Beyləqan rayonunun Kəbirli kəndində 17 sentyabr 1990-cı ildə doğulan Həsənov Pərviz Yolçu oğlu öz həyatını vətən sevgisinə bağlayan igidlərdən biri idi. Hər zaman könlündə yanan o alovlu vətən eşqi, onu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə çağırdı. O, böyük bir əzmlə, könüllü olaraq 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin ön cəbhəsinə atıldı. Hər bir addımı ilə, hər bir nəfəsiylə Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparan Pərviz 27 sentyabrdan başlayan döyüşlərdə Füzulinin azad olunması üçün canını fəda etməkdən çəkinmədi. O, igidlik nümunəsi oldu, qəhrəmanlıq dastanı yazdı. 20 oktyabr 2020-ci ildə Füzuli istiqamətində düşmənin mərmisinin yağışı altında Pərviz şəhidlik zirvəsinə ucaldı. Onun qanı torpağa qarışdı, amma ruhu sonsuzluğa qovuşdu. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən bu qəhrəman şəhidin xatirəsi Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə əbədiləşdirildi. Bu medalla yanaşı, Füzulinin azadlığına göstərdiyi şəxsi igidlik və şücaətə görə 25 dekabr 2020-ci il tarixində “Füzulinin azad olunmasına görə” medalı, həmçinin “Xocavəndin” və “Qubadlının” azad olunmasındakı misilsiz xidmətlərinə görə müvafiq medallarla təltif olundu. Pərviz Vətənin canı, xalqın qüruru, azadlıq uğrunda mübarizənin canlı rəmzi idi. Onun adı vətən torpaqlarının hər qarışında, şəhidlərin müqəddəs məzarlarında əbədi yaşayacaq. Vətən onun kimi oğullar sayəsində azad və müstəqildir. Eldəniz Hüseynov, sən bizim qəlbimizdə, tariximizdə və zəfər dastanımızda əbədi yaşayırsan Bir doğma diyarın səmasının altında yüksələn ucalıq var şəhidlik zirvəsi. O zirvəyə gedən yol igidlik, fədakarlıq və canını, qanını vətən yolunda qurban verməyi tələn edir. Bu yolda addımlayanların ən öncüsü Eldəniz Hüseynov kimi doğma torpağına bağlı, qəlbində xalqının azadlığı və istiqlaliyyəti üçün sonsuz məhəbbət daşıyan oğullar olur . 1996-cı ilin payızında İmişlidə dünyaya göz açan Eldəniz bir gənc kimi arzularla dolu idi. Lakin bu arzuların ən uca və ən müqəddəs olanı vətənin azadlığı üçün döyüşmək arzusu idi. 2020-ci ilin payızında Azərbaycan ordusunun igid əsgəri kimi o, ürəyindəki vətən sevgisi ilə silahlandı və Vətən müharibəsinin alovlu yollarına addım atdı. Eldəniz Hüseynov Cəbrayılın azadlığı uğrunda gedən qəhrəman döyüşlərin ön cəbhəsində dayandı. Düşmənin xəyallarını qıran, torpağımızı zəfərlə bürüyən igidlərin sırasında öz adı ilə tarixə düşdü. 9 oktyabr 2020-ci il bu tarix onun qəhrəmanlıq salnaməsinə qanlı, lakin qürur dolu bir səhifə olaraq yazıldı. Döyüş tapşırığının icrası zamanı şəhidlik zirvəsinə ucaldı. Eldəniz Hüseynovun igidliyi, onun şəhidlik məqamında göstərdiyi şücaət bir xalqın, bir millətin azadlıq eşqinin, qələbəyə olan ümüd yeri idi. Onun adı "Vətən uğrunda" medalı ilə, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədi yaşadı. Eldənizin həyatını və ölümünü bir anlıq düşünəndə bu torpağın azadlığı üçün canından keçən bütün oğulların əziz xatirəsi canlanır. O, şəhidlik zirvəsində ucalaraq bizə bir mesaj verdi: azadlıq, müstəqillik və qələbə heç vaxt itkisiz ötüşmür. Bu yolda yalnız qorxmazlar, yalnız igidlər addımlaya bilər. Eldəniz Hüseynov kimi oğulların qanı ilə torpaqlarımız azad oldu, bayrağımız yüksəldi və tarix yenidən yazıldı. Onun adı, onun igidliyi, onun qəhrəmanlığı gələcək nəsillərə işıq olacaq, ürəklərdə cəsarət, Vətənə sonsuz sevgi olaraq qalacaq. Zəfərə Gedən Yol: Rəcəb İsmayılovun Qəhrəmanlıq Salnaməsi Azərbaycanın igid oğulları qanları ilə, canları ilə, qürurları ilə tarix yazdılar. Bu tarix 44 günlük Vətən müharibəsinin Zəfər səhifələrində həkk olundu. O səhifələrin qəhrəmanlarından biri də İmişlinin Əliqulular kəndində dünyaya göz açan Rəcəb İsmayılov idi. 2000-ci ilin 17 sentyabrında sadə bir kənddə doğulan Rəcəb 20 il sonra bütün Azərbaycanın qürur mənbəyinə çevriləcəkdi. Vətən sevgisi ilə böyüyən bu gənc torpaqların harayına biganə qala bilmədi. 2020-ci il sentyabrın 27-də başlayan və tarixə Qələbə müjdəçisi kimi düşən Vətən müharibəsində silaha sarıldı, döyüş meydanına atıldı. Rəcəb Füzulidə, Cəbrayılda, Qubadlıda və Laçında torpağın hər qarışında döyüşdü. O, cəbhədə vüqarla irəliləyən, düşmənin səngərini yarıb keçən, öz canı bahasına Zəfəri yaxınlaşdıran bir qəhrəman idi. Hər addımı ilə azadlıq salnaməsini yazırdı. 30 oktyabr 2020-ci il, Laçın uğrunda ağır döyüşlər gedirdi və Güləbird istiqamətində həyata keçirilən mühüm tapşırıq vardı. Rəcəb həmin tapşırığın icrasında ön sıralarda idi. O gün o, sonuncu dəfə Vətənə baxdı. Sonuncu dəfə nəfəsini çəkdi və Vətən yolunda şəhid oldu. 3 fevral 2021-ci ildə Rəcəb İsmayılov doğulduğu torpaqda - Əliqulularda torpağa tapşırıldı. Bu torpaq indi daha müqəddəsdir. Çünki altında bir igid yatır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Rəcəb İsmayılovun göstərdiyi qəhrəmanlıq dövlət səviyyəsində qiymətləndirildi. O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olundu. Bu medallar təkcə bir şəhidin yox, bir xalqın iftixarıdır. Rəcəb İsmayılovun adı gələcək nəsillərə örnək olacaq. Onun simasında biz igidliyi, vətənpərvərliyi və sarsılmaz iradəni görürük. O, şəhid oldu, amma Zəfərin parlaq ulduzuna çevrildi. Zəfər yolu şəhidlərin qanı ilə yoğrulub. Rəcəb və onun kimi yüzlərlə qəhrəman bu torpaqlar uğrunda şəhid oldu ki, Azərbaycan bütöv olsun, bayraq azad səmalarda dalğalansın. Onların ruhu azad Şuşanın səmalarında dolaşır, Zəngilanda günəşlə birlikdə doğur, Laçında qartallar kimi ucalır. 44 gün və bir əsrə bərabər bir Qələbə. Bu zəfərin hər anı şəhidlərin igidliyi ilə yazıldı. Rəcəb İsmayılov da bu tarixin sarsılmaz sütunlarından biridir. Onu unutmaq olmaz, unutmayacağıq da! Qalib bir xalqın qəhrəman övladı Rəcəb İsmayılov, ruhun qarşısında baş əyirik!    Zəfər Yolunun Qəhrəmanı – Elgün Kərimov 17 sentyabr 1999-cu ildə Yevlax rayonunun Aran qəsəbəsində bir uşaq dünyaya göz açdı. Elgün adını verdilər... Bu ad illər sonra Azərbaycanın igid oğullarından birinə çevriləcək, xalqın yaddaşına qəhrəman kimi həkk olunacaqdı. Hələ uşaqlıqdan vətənpərvər ruhla böyüyən Elgün sadə, zəhmətkeş ailənin övladı idi. 2006-2017-ci illərdə Aran qəsəbə 1 saylı tam orta məktəbində təhsil aldı. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə çağırılan Elgün Şəmkirdə kəşfiyyat bölüyündə xidmət etdi. Bu, onun ruhunda yaşayan vətən sevgisinin, qələbə əzminin sınağa çəkildiyi ilk mərhələ idi. Hərbi xidmətini şərəflə başa vurduqdan sonra, 2020-ci ilin avqustunda Elgün bir daha könüllü olaraq ordumuza MAXE hərbi qulluqçusu kimi qayıtdı. Azərbaycan Vətən müharibəsinin astanasında idi. 27 sentyabr 2020 tariximizin Zəfər səhifəsinin yazıldığı gün. Elgün Kərimov artıq bu tarixin qəhrəmanlarından biri idi. Murovdağ, Talış kəndi, Suqovuşan bu adlar indi tarixdir, bu adlar indi zəfərin rəmzidir. Və həmin məkanlarda Elgün kimi qəhrəmanlarımızın addım səsləri, mübariz ruhu qalır. 16 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı Elgün Kərimov şəhid oldu. O, şəhadəti ilə əbədiyyətə ucaldı, amma adı tariximizdə, qəlbimizdə, Vətən torpağında yaşamağa davam etdi. Cənnət məkanına çevrilən torpaqlarımızın hər qarışı onun və onun kimi igidlərin qanı ilə suvarıldı. 17 oktyabrda doğulduğu Aran qəsəbəsində torpağa tapşırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Elgün Kərimov ölümündən sonra bir sıra medallarla təltif edildi: "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və nəhayət, ən yüksək dəyərli təltiflərdən biri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni. Bu təltiflər bir ömrün, bir qəhrəmanlığın, bir vətən eşqinin nişanəsidir. Elgün Kərimovun adı bu xalqın Zəfər salnaməsində qızıl hərflərlə yazıldı. Zəfərin Qanlı Səhifəsi: Tural Məmmədovun Şəhidlik Zirvəsinə Ucalan Ömrü   Qarabağ... Bu ad illərlə sinəmizdə daşınıb gələn bir nisgil, bir həsrət idi. Və bu həsrətə son qoyan igidlərdən biri də Qızılhacılı kəndinin Vətənə qurban verdiyi qəhrəman oğlu Tural Məmmədov oldu. Tural Məmmədov 1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində dünyaya göz açdı. 1996-2007-ci illərdə Səməd Vurğunun adını daşıyan məktəbdə təhsil aldı. Hər bir azərbaycanlı oğul kimi Tural da Vətənə olan borcunu yerinə yetirmək üçün 2008-2010-cu illərdə Ağcabədidə yerləşən "N" saylı hərbi hissədə xidmət etdi. Amma Tural üçün bu xidmət sadəcə bir vəzifə deyil, bir başlanğıc idi. O, 2016-cı ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə könüllü olaraq geri döndü. Çünki o bilirdi: bu torpaqların azadlığı üçün hələ yolun başlanğıcındayıq.           Vətən müharibəsi başlandı. Tural Məmmədov həmin günlərdə Murovdağ istiqamətində gedən ağır döyüşlərdə iştirak edirdi. Tural isə bir igid kimi döyüşürdü. O, həmin gün müharibənin ilk günü – şəhidlik zirvəsinə ucaldı. 11 dekabr 2020-ci ildə Tural Məmmədov Qazaxda, doğma torpağında dəfn olundu. Onun nəşi torpağa qovuşsa da, adı ucalarda yaşamağa başladı. Azərbaycan Prezidenti İlham Əliyev onun igidliyini, vətənə olan sədaqətini yüksək qiymətləndirdi. Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi. Bu gün Tural Məmmədovun adı Azərbaycan Ordusunun şərəf lövhəsində yazılıb. İki övladı atalarının adını başıuca daşıyacaq. Onlar biləcəklər ki, onların atası bir zəfərin, bir dirənişin, bir xalqın qalibiyyət dastanının qəhrəmanıdır.Torpaq uğrunda ölən varsa, Vətəndir. Tural Məmmədov kimi şəhidlər sayəsində Azərbaycan əbədi var olacaq. Ruhun şad olsun, əziz şəhid. Zəfər sənin adınla qürur duyur. Zəfərin Səssiz Qəhrəmanı – Orxan Mönsümzadə   Tariximizin şanlı səhifələrindən biri olan 2020-ci il Vətən müharibəsi təkcə dövlətimizin ərazi bütövlüyünün bərpası deyil, həm də yüzlərlə igid oğulun qəhrəmanlıq dastanı oldu. O dastanlardan biri də Orxan Mönsümzadənin qısa, lakin mənalı ömür yolunda yazıldı. Orxan Mönsümzadə 1993-cü ilin 17 sentyabrında Ağdam rayonunun Birinci Baharlı kəndində dünyaya göz açdı. Əslən Kəlbəcərdən olan bu gənc ömrünün hər səhifəsində vətənə sevgi, torpağa bağlılıq və qeyrət hissi daşıyırdı. Elə bu duyğular onu həyatının ən şərəfli yoluna hərb yoluna çıxardı. Azərbaycan Ordusunda kiçik çavuş rütbəsi daşıyan Orxan topçu kimi xidmət edirdi. 2020-ci il sentyabrın 27-si – Azərbaycan tarixində Zəfər səhifələrinin yazılmağa başlandığı gündür. Orxan da silaha sarıldı, torpaqların işğaldan azad olunması üçün cəbhəyə yollandı. Bir gün sonra sentyabrın 28-də Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O, həyatının 27-ci payızını yaşaya bilmədi. Amma onun ruhu, adı və əməlləri əbədi olaraq Zəfər tariximizin bir parçasına çevrildi. Onun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Orxan Mönsümzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Bu mükafat onun vətən qarşısında göstərdiyi fədakarlığın, şücaətin və əzmkarlığın simvoluna çevrildi. Daha sonra  2021-ci ilin 24 iyununda isə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu. Orxan Mönsümzadə  adını tarixə yazanlardan oldu. O, Zəfərin səssiz qəhrəmanıdır. Onun qəlbində daşıdığı Vətən sevgisi, əsgər andına sədaqəti və şəhidliyi bizə bir daha xatırladır ki, bu torpaq əbəs yerə azad edilməyib. Hər qarış torpağın altında Orxan kimi qəhrəmanların əzmi, ruhu və canı var. Bu gün azad Ağdam torpağında əsən hər bir meh, onun kimi şəhidlərimizin ruhuna çəkilən duaları daşıyır. Zəfər onların adları ilə başlayır, onların ruhu ilə yaşanır. Ruhun şad olsun, Orxan! Zəfər sənin kimi igidlərin mirasıdır. Zəfərə gedən yol: Şəhid Pəhli Qəribovun ömür dastanı   Vətən... Bu kəlmənin hər bir səsi minlərlə igidin canı, qanı, ruhu ilə yazılıb bu torpağa. Onlardan biri də Pəhli Qəribovdur. 17 sentyabr 1993-cü ildə Kürdəmirdə dünyaya göz açan Pəhli sadə bir ailənin, lakin böyük ürəyə sahib bir vətənsevərin övladı idi. Uşaqlıq illəri torpağın nə demək olduğunu dərk etməklə, Vətənin necə seviləcəyini öyrənməklə keçdi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Pəhli dövlətin verdiyi hər tapşırığı qeyrətlə yerinə yetirdi. Xidmətini başa vurduqdan sonra mülki həyata qayıtsa da, vətən üçün yenidən silaha sarılmaq zamanının gələcəyini hiss edirdi sanki. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbərliyə çağırıldı. Bu dəfə yol onu birbaşa tarixə aparırdı. 27 sentyabrda başlayan Vətən müharibəsi Pəhlini döyüş meydanına, igidlərin ön cəbhəsinə səslədi. Füzuli, Cəbrayıl, Xocavənd... Addım-addım irəliləyən zəfər yolunun şahidlərindən biri də o oldu. Səngərlərdə torpağın nə qədər müqəddəs olduğunu bir daha sübut etdi. Və nəhayət  Şuşa! Azərbaycanın mədəniyyət beşiyi, qürur qalası. 8 noyabr 2020-ci il... Tarixə Zəfər Günü kimi yazılan bu günün səhərində Pəhli Qəribov əmrə tabe olaraq son döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. O, canını yalnız Şuşaya deyil, bütün Azərbaycana əbədi sevgi və sədaqətlə bağışladı. Pəhli Qəribov doğma torpağında - Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Amma onun adı bu torpağın hər qarışında, xalqın yaddaşında əbədi yaşayacaq. Şəhidliyindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Pəhli Qəribov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olundu. Bu medallar millətin qəlbində daşıdığı qürur nişanələrinə çevrildi. Pəhli Qəribovun adı da, ruhu da bu zəfərin səsində yaşayır. O, bir ömrü Vətənə fəda etdi ki, biz azad nəfəs alaq, Şuşada bayraq dalğalansın, sabahlar daha parlaq olsun. Ruhun şad olsun, igid! Sən Zəfərin adısan. Tarix Yazan Müəllim: Şəhid Elgün Quliyev   17 sentyabr 1992-ci ildə Şamaxının Göylər kəndində bir uşaq dünyaya göz açdı. Elgün adını verdilər - qəlbində nur, yolunda günəş daşıyan bir ad. Bəlkə də o gün heç kim bilmirdi ki, bu uşaq bir gün özü tarix olacaq, özü bir millətin yaddaşına çevriləcək. Elgün Quliyev 1998-ci ildə Göylər kənd 2 saylı məktəbində təhsil almağa başladı, sonra yollar onu İsmayıllıya, Şəkiyə apardı. 2008-ci ildə Şəki İslam Kollecini bitirdi. 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində “Tarix müəllimliyi” ixtisası üzrə təhsil aldı. 2014-cü ildə Vətən çağırdı, Füzuli rayonundakı "N" saylı hərbi hissədə xidmət etdi. Silahı əlinə aldı, torpağı qorumağın nə demək olduğunu öyrəndi. O illər hələ qəlbində bir arzu daşıyırdı: müəllim olmaq. 2020-ci ildə bu arzusu gerçəkləşdi. Müəllimlərin İşə Qəbulu imtahanından uğurla keçdi və Lerik rayonunun Sors kəndinə müəllim kimi təyin olundu. Amma tarix ona başqa bir rol yazmışdı: o artıq təkcə müəllim deyil, həm də qəhrəman olacaqdı. 2020-ci ilin sentyabrında Vətən savaşa qalxdı. Elgün tərəddüdsüz könüllü oldu. Bu torpaq uğrunda can verməyə hazır idi. Onun döyüş yolu Şuşaya qədər uzandı. Elgün Quliyev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O gün Elgün tarix yazdı. Şəhid Elgün Quliyev göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu. O, indi Şamaxının Göylər kəndində uyuyur. Amma ruhu ucalarda Şuşanın qayalarında, Füzulinin dağlarında, hər azad edilmiş qarış torpaqda dolaşır.          Elgün Quliyev  tarix yazan müəllim. Adın yaddaşımızda, şəklin ürəyimizdə, ruhun Vətənin hər qarışında yaşayacaq. Zəfər səninlə başladı, səninlə əbədiləşdi... Zəfərə Aparan Yol Elvin Salahovun xatirəsinə…   17 sentyabr 2001-ci ildə Bakı şəhərində Elvin adlı bir uşaq dünyaya gəldi. Bu ad illər sonra bir millətin yaddaşına qızıl hərflərlə həkk olunacaqdı. O, qəlbində qeyrət, vicdan və vətən sevgisi ilə böyüyürdü. Elvinin təhsil yolu 2007-ci ildə Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə başladı. Uşaq yaşlarından çalışqanlığı, nizam-intizamı və əxlaqı ilə seçilirdi. 2015-ci ildə 9-cu sinfi əla və yaxşı qiymətlərlə bitirib Azərbaycan Dövlət Dəmiryolu Kollecinə daxil oldu. Dörd il ərzində burada da nümunəvi tələbə kimi yadda qaldı. 2019-cu ildə maşinist ixtisasına yiyələnərək məzun oldu. 2019-cu ilin oktyabrın 7-də o, Şabran rayonundan hərbi xidmətə yollandı. Xidmətə Ağcabədidə başladı. Andiçmə mərasimindən sonra Cəlilabadda yerləşən N saylı hərbi hissəyə göndərildi. Burada göstərdiyi rəşadət, fiziki və mənəvi hazırlıq onu Xüsusi Təyinatlı Qüvvələrin sıralarına yüksəltdi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Elvinin ömür kitabında yeni bir səhifə açdı. O, Xüsusi Təyinatlı kimi ön cəbhəyə yollandı. Füzuli və Qubadlı istiqamətlərində döyüşlərə qatıldı. Hər addımı zəfərə aparan addım idi. Elvin silahdaşı ilə çiyin-çiyinə, bir dağın başından bir dərənin dərinliyinə qədər döyüşdü. Amma qəhrəmanlıq ucadır, çox ucadır ki, bəzən şəhidlik zirvəsində dayanır. 2020-ci ilin oktyabrın 23-də, Qubadlı uğrunda gedən şiddətli döyüşlərin birində Elvin snayper gülləsinə tuş gəldi. O, canını torpaq uğrunda fəda etdi. Elvin Salahov oktyabrın 24-də Bakı şəhərinin Badamdar qəsəbəsində son mənzilə yola salındı. Lakin onun ruhu, onun mübarizəsi və onun adı bu torpağın hər dağında, hər daşında yaşayır. Qəhrəmanlığa gedən yol – Pərvin Salmanzadənin ömür dastanı   1991-ci ilin 17 sentyabrında Astarada bir uşaq dünyaya gəldi - Pərvin Təbriz oğlu Salmanzadə. Hələ o zaman heç kim bilmirdi ki, bu körpənin alın yazısına vətən uğrunda qəhrəmancasına şəhid olmaq yazılıb. Ailənin 6 üzvündən biri olan Pərvin erkən yaşlarından zəhmətə, ailə qayğılarına bələd oldu. 1997-ci ildə Mirzə Fətəli Axundzadənin adını daşıyan 1 saylı kənd tam orta məktəbinin birinci sinifinə qədəm qoydu. Orta məktəbdə çalışqanlığı, sakitliyi və yardımsevərliyi ilə seçilirdi. 2008-ci ildə məktəbi bitirib, gələcəyə doğru addımladı. 2009-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Vətən sevgisi və hərbi nizam-intizam onu hər kəsdən fərqləndirirdi. 2011-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dəstək olmaq üçün "Azpetrol LTD" MMC-də çalışdı. Lakin ürəyindəki hərbçi ruhu onu yenidən silaha sarılmağa səsləyirdi. 2020-ci ildə Pərvin könüllü şəkildə orduya qayıtdı. Artıq bu dəfə o, "MAHHXHQ" olaraq müqavilə əsasında hərbi xidmətdə idi. Eyni ilin 27 sentyabrında başlayan Vətən müharibəsində o, ön cəbhədə idi. Ağdərə və Xocavəndin qanlı döyüşlərində igidlik göstərdi. Düşmənin canlı qüvvəsinə ciddi zərbələr endirdi, döyüş yoldaşlarına güvən verdi, öz canını təhlükəyə ataraq digərlərinin həyatını qorudu. 6 noyabr 2020-ci il Azərbaycan tarixində Şuşa uğrunda gedən ən gərgin döyüşlərdən birində Pərvin öz komandirini və silahdaşlarını xilas edərkən canını fəda etdi. O, bir qəhrəman kimi şəhid oldu. Şəhidin cənazəsi doğulduğu torpağa  gətirildi və Seyid Camaləddin türbəsi yaxınlığında torpağa tapşırıldı. Bu torpaq artıq müqəddəsdir, çünki onun qoynunda bir qəhrəman yatır.           Pərvin Salmanzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra yüksək medallarla təltif olundu: "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə". Bu medallar Pərvinin göstərdiyi şücaətin, fədakarlığın, əbədi qəhrəmanlığın rəmzidir. Pərvinin şəhadəti ilə sona çatan həyat yolu, əslində bir millətin qürur salnaməsinə çevrildi. O, ölümə meydan oxuyaraq Şuşaya, Qarabağa, Vətənə ZƏFƏR qazandıranlar sırasında yer aldı. Pərvin Salmanzadə bir tarix yazdı. Və bu tarix Zəfərlə  başa çatdı.      Cəlil Xəlilov: Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik    

Hamısını oxu
“Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib

10 aprel 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr polkovnik Cəlil Xəlilov, sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov, Bakı şəhər Hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov, Xocavənd əməliyyat”nda şəhid olmuş kəşfiyyatçıların komandiri,  ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhid Dinar Mustafayevin bacısı Yazanə xanım, şəhid ailələri, şəhidlərin döyüş yoldaşları, veteranlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanı ziyarət edib, respublikamızın ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümumilli Lider Heydər Əliyevin, o cümlədən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü ugrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək 10 aprel 1997-ci il tarixdə şəhidlik zirvəsinə qovuşmuş “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri “leytenant Agayev Elxan Ataxan oglunun, leytenant Yarəhmədov Vüqar Rzaxan oglunun, çavuşlar Rzayev Anar Üzeyir oglunun, Mustafayev Dinar İbrahim oglunun, Həsənov Aqşin Əli oglunun, Ələkbərov Nizami Səfi oglunun və Cavadov Fariz Şamil oglunun anım gününə həsr olunmuş tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bu əməliyyatın önəmindən danışıb. “Xocavənd əməliyyatı”nda iştirak edən hər bir hərbçinin Ümummilli Lider Heydər Əliyevin müvafiq fərman ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bu əməliyyatın Azərbaycan əsgərinin tarixi qəhrəmanlıq, sonsuz cəsarət və yenilməzlik nümunəsi olduğunu bildirib. Tədbirdə çıxış edən “Xocavənd əməliyyatı”ndan bəhs edən “Əbədi yaşayanlar” kitabının müəllifi jurnalist Jalə Cəfərova qəhrəmanlarla bağlı maraqlı faktlara diqqət çəkib. Jurnalist qeyd edib ki, illər, əsrlər sonra da “Xocavənd əməliyyatı” və bu əməliyyatda iştirak edən döyüşçülərimizin qəhrəmanlığı bütün yaradıcı insanlar üçün ilham mənbəyi olacaq, şəhidlərimiz haqqında yeni məqalələr, əsərlər yazılacaq. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazılanmış “Xocavənd Əməliyyatı” kəşfiyyatçılarına həsr olunmuş“8 oğul istərəm” sənədli filmi nümayiş olunub. Seymur ƏLİYEV      

Hamısını oxu