Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şuşa – hər daşında bir tarix yatan müqəddəs şəhər

Novruzda Cıdır düzündə 3 tonqal qalayaq!

Hər bir xalqın ən gözəl bayramları onun milli kimliyi və cəng, hərb meydanında qazandığı qələbələrlə bağlıdır. Bu baxımdan Azərbaycan xalqının Novruz bayramı kimi, Vətən Müharibəsində qazandığı qələbə ilə tariximizə yazılan Zəfər Günü də bizim qürur duyacaq, fəxrlə nümayiş etdirəcək və coşqu ilə qeyd edəcək bayramlarımızdandır. 

Qalib, müharibədən üzü ağ çıxmış xalqın nümayəndəsi kimi 30 il işğal altında olan torpaqlara ayaq basmaq, onu salamlayıb, qoxusunu-ətrini ciyərlərimizə doğru var gücümüzlə çəkmək tamam başqa bir hiss, başqa bir duyğudur. İndi üzərində müzəffər duruşumuzu görən vətən də sanki başqa bir şadlıq, başqa bir sevinclə qarşılayır öz oğlunu, öz sahibini.
  
Şuşa Azərbaycan xalqı üçün o qədər müqəddəs şəhərdir ki, hətta orda doğulmayanlar, onu bir dəfə də olsun görməyənlər belə ona aşiq olur, içində, duyğularında ona bağlanır. Bu baxımdan müqəddəs şəhərə getməyi, onun tarix qoxuyan hər daşına əlləri ilə toxunmağı, Cıdır düzünün yamyaşıl çəmənliyində ayaqyalın gəzməyə, məscidində dua etməyə, şairlər, bəstəkarlar, xanəndələr yetişdirən havasından udmağa, İsa bulağında ovcuna doldurduğun suyundan içməyə, tarix yağan əyri-üyrü küçələrini gəzməyə hər bir Azərbaycanlı balası tələsir, istəyir və buna can atır. Bu baxımdan mənim də belə bir arzumun getdikcə alovlanması başa düşüləndir. 2022-ci il girər-girməz bu istəyimin reallaşması üçün addımlar atmağa başladım. Şuşaya səfərlər təşkil edən yetkililərə hətta “feysbuk” (facebook.com) sosial şəbəkəsi vasitəsi ilə səslənməkdən, belə bir arzumu açıq-aşkar ifadə etməkdən belə çəkinmədim. 

Və çox keçmədi ki, ağlım kəsəndən özünü mənə sevdirən, valeh edən Şuşaya  edəcək səfərim reallaşdı. Sevincimin həddi-hüdudu yox idi. Biləndə ki yanvarın 8-i Şuşaya gedəcəm, şadlığımdan səhərə qədər yata bilmədim. 

Şuşaya yaxınlaşanda dan yeri yenicə sökülürdü. Şəhərin üstünü almış xəfif bulud aram–aram çəkilirdi. Bulud çəkildikcə dağların başı görünürdü. Qəribədir, adama elə gəlir ki, Şuşa ona yaxınlaşan hər azərbaycanlını görəndə üzü gülür, buludlardan yaranan qaşqabağını yığışdırırdı.

Bizi müqəddəs şəhərin qayaları qarşıladı. Daşaltıdan buludlara doğru ucalan sıldırım qayalar məğrur, müzəffər igidin şişirtmiş olduğu sinəsini xatırladırdı. Necə də şişirtməsin sinəsini, necə də qürurlanmasın?! Tam da haqqı var. Çünki təkcə ona görə yox ki, 30 ildən sonra işğaldan azad olunub, həm də ona görə ki, azadlığına gedən yol bu qayalardan keçdi. Azərbaycanın mərd, məğrur, qəhrəman oğlanları insan ağlına, insan fantaziyasına qalib gələrək yüngül silahlarla, yəni sadəcə bıçaq və tapancalarla keçilməz olan bu sıldırım qayaları aşıb şəhərə daxil olmağı bacarmışdılar. Düşmən gözləmədiyi yerdən, gözləmədiyi anda qorxmaz igidlərimizi görəndə təəccübünü və çaşqınlığını gizlədə bilməmişdi. Yüngül silahlarla düşmənin arxasına keçən, əlbəyaxa döyüşüb onun silahını ələ keçirən igidlərimiz öz döyüş əzmi, döyüş ruhu ilə qarşı tərəfi tamamilə - həm ruhən, həm də fiziki olaraq məhv etməyi bacarmışdı. Bunu da yalnız və yalnız içində vətən həsrəti olan qəhrəmanlar edə bilərdi. 

Şəhərə daxil olanda qəhrəman oğullarımızın divarlara yazdıqları yazıları oxumaq zövq verirdi insana. Hər tinində bir igidin imzası, qeydi olan Şuşanın üzünün güldüyü görünürdü. Küçələr təmizlənmiş, böyük quruculuq işlərinin getdiyi hiss olunurdu. 

Yuxarı Gövhər Ağa məscidinin qarşısında dayanırıq. Müqəddəs şəhərin müqəddəs məkanında tanrıya əl açaraq dövlətimizə, xalqımıza, şəhidlərimizə, qazilərimizə və ümumilikdə vətənizimizin keşiyinə qalxmış bütün igid oğullarımız üçün dualar oxuyuruq. 

Şuşa, ümumilikdə Qarabağ azərbaycanlılar üçün ona görə müqəddəs torpağa çevrildi ki, onu qorumaq üçün biz minlərlə şəhid verdik. 

İgidlərimiz, qəhrəmanlarımız öz şirin canlarını vətəninə fəda edərək ölkəmizin bütövlüyünü qorudular. Qoy allah da şəhidlərin, qazilərin, ümumilikdə qəhrəmanlarımızın övladlarına, ailə üzvlərində bu torpaqlarda gözəl günlər keçirməyi nəsib etdin. AMİN.

Sonra dadı və ətri ilə məşhur Şuşa çörəyinin bişirildiyi yerə gedirik. Burda bir qeyri-adiliyin olduğunu dərhal hiss edirsən. Sanki şəhər bizi duz-çörəklə qarşılayır. Şəhərə birinci gəlişimi nəzərə alib onunla duz-çörək kəsirik. 

Buradan birbaşa Bülbülün ev muzeyinə gedirik. Həyətə daxil olan kimi Bülbülün I Qarabağ müharibəsi zamanı Ermənilər tərəfindən üz-ağız nahiyyəsini dağıdılan və Vətən Müharibəsindən sonra yeni qoyulan heykəlləri ilə qarşılaşırıq. Hər iki heykəl yan-yana dayanmışdı. Biri ermənilərin barbarlığını, ikincisi isə Azərbaycanlıların dönməzliyini, vətənindən vaz keçməzliyini simvolizə edirdi. Hər kəsə gün kimi aydındır ki, Şuşa özünün avazı, səsi, xanəndələri ilə tanınıb. Ermənilər Bülbülün heykəlinin ağız nahiyyəsini dağıtmaqla sanki Azərbaycan xalqının səsini boğmaq istəmişlər. İkinci heykəli onun yanında ucaltmaqla bacarmayacaqlarına işarə edildiyi hiss olunur. Qoy düşmənlərimiz, eləcə də hər kəs bilsin. BACARMAYACAQSINIZ!!! Bu xalqı kimsə susdura bilməyəcək. Xalqımızın uca səsi bundan sonra da daimi olaraq Şuşa səmasına bərqərar olacaq. 

Sonra Vaqifin məqbərəsinə doğru yön alırıq. Məqbərəyə çatanda ümummilli lider Heydər Əliyev tərəfindən bu abidənin açılışı zamanı yağan qarı xatırlayıram. İstər istəməz adamın gözü qar axtarır. Həm günəşi, həm də qarı ilə qonaqlarını qarşılayan məqbərə qələbəmizin rəmzi kimi özünü simvolizə edir. 

Daha sonra Cıdır düzünə qalxırıq. O məşhur düzə. İgidlərin at minib, bilək tutub güləşdiyi, hünər göstərib ad qazandığı düzə. 

Cıdır düzünə qalxar-qalxmaz əsən mehin sərinliyini hiss edirsən. Burnuna dəyən vətən qoxusu 30 illik həsrəti sona çatdırır. Barmaqlarını cütləşdirib, əlini alnına söykəyib üzü aşağı tərəf, xanın kəndinə - Xankəndinə doğru boylanırsan. Baxdıqca ürəyində arzular, demək istədiyin sözlər yaranır. 

Arzum budur bu Novruzda Cıdır düzündə 3 tonqal qalansın. Tüstü dumanı havaya qalxdıqca ətrafa qələbə müjdəsini bir daha çatdırsın. Qoy düşmən görsün ki, Oğuz elinin ocağı gur yanır.
 
Səninlə Novruzda görüşənədək, əziz və müqəddəs şəhər. 

Seymur Qasımbəyli 

2022-01-18 21:06:00
1590 baxış

Digər xəbərlər

“Şöhrət” ordenli ən gənc məmur: kimlərlə, nələr danışdı

İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüş keçirdi. Mənim də iştirak etdiyim görüşdə koronavirus pandemiyası ilə mübarizə yönündə ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən, geniş ictimaiyyətə bəlli olan hadisələr və digər məsələlər ətrafında müzakirələr aparıldı. Bəri başdan deyim ki, çox önəmli görüş oldu və mən səmimi, açıq müzakirələr üçün hörmətli Anar müəllimə və əlbəttə, ona belə bir görüş üçün mandat vermiş dövlət rəhbərliyimizə bir daha təşəkkür edirəm. Belə önəmli müzakirələrin çox faydalı olduğu danılmazdır. Vətəndaşlarımızı düşündürən, yaxından maraqlandıran və eyni zamanda müəyyən məqamlarda (istiqamətlərdə) rahatsızlıq doğuran bəzi məsələlərin geniş müzakirə olunmasını yalnız alqışlamaq olar. Özü də bu görüş təşəbbüsünün dövlətdən gəlməsi və mühüm vəzifə daşıyan şəxsin məhz səmimi müzakirə ortamı yaratması təqdirəlayiq, örnək addımdır. Əslində, bu görüş, ali dövlət rəhbərliyinin, şəxsən cənab Prezidentin toplumun, aydınların düşüncələrinə, fikirlərinə və irəli sürülən təkliflərə nə dərəcədə ciddi önəm verdiyinin və idarəçilik sistemində son dövrlər aparılan islahatların nə qədər əhəmiyyətli olduğunun parlaq göstəricisidir. Ölkəmizi açıq və gizli düşmənlərdən daha güclü qorumaq, inkişafımız və güclü təhlükəsizlik üçün dövlətçiliyimizin inkişafını düşünən bütün sağlam qüvvələrin birgə səylərinin gücləndirilməsi çox vacibdir. Bu müzakirələrin davamlı olacağına, ən əsası, toplumumuza, dövlət-vətəndaş münasibətləri sisteminə fayda gətirəcəyinə inanıram. Özü də bu görüşün siyasi partiyalarla dialoqun gücləndirildiyi bir dövrdə baş verməsi ilə də əlamətdardır. Habelə, ilyarım öncədən yaradılmış Sosial Tədqiatlar Mərkəzinin önəmli fəaliyyətləri, daha öncələrdən formalaşmış vətəndaş cəmiyyəti institutlarına ardıcıl qrantlar ayıran milli donor institutlarının, QHT-lərlə, KİV-lə iş sahəsində müvafiq konsepsiyaların mövcudluğu fonunda baş verməsi ilə də təsadüflikdən uzaqdır. Yəni, ictimai fikrin öyrənilməsi mexanizmləri zatən mövcuddur, bir sıra hallarda institutlaşma prosesi başa çatıb, lakin dövlət rəhbərliyi ictimaiyyət nümayəndələri ilə, aydınlarla görüşü nəinki istisna etmir, əksinə, belə görüşü təşkil edir. Təşkil edilən görüşün formatı, artıq vurğuladığımız kimi, səmimi ortamı və səviyyəsi ilə dövlət nəzakətinin təntənəsini göstərir. Xatırladığımız kimi, ötən ilin mart ayında dövlət rəhbərliyinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə geniş görüş-müzakirəsi təşkil edilmişdi. Habelə, ayrı-ayrı müəssisələrin açılış mərasimlərində dövlətin zirvəsinin şəxsən iştirak etdiyini, vətəndaşlarla görüşüldüyünü; TV-lərə müsahibələr verildiyi, vətəndaşların çoxsaylı məktublarının cavablandırıldığı da xatırlanınca, dövlət-vətəndaş münasibətlərində ardıcıllıq və inkişaf olduğunu rahatlıqla deyə bilərik. Nəhayət, bütün bunlardan sonra və ya paralel şəkildə ictimaiyyət nümayəndələri və aydınlarla görüşün keçirilməsi və görüşün məhz Anar Əlkəbərova həvalə edilməsi, qaynar gündəm içində fərqləndiriləcək, dəyərləndiriləcək bir hadisədir. Anar Ələkbərovu uzun illərdir tanıyıram. O öz kübarlığı, analitik təfəkkürü, operativ qərar qəbueltmə keyfiyyəti ilə seçilən bir aydınımızdır. Anar Ələkbərovun indiyədək ona etibar edilmiş bütün ictimai və dövləti vəzifələrdə etimadı doğrultduğunu bilirik. Heydər Əliyev Fondunda, Heydər Əliyev Mərkəzində ictimaiyyətə bəlli çalışmaları Anar Ələkbərova geniş şöhrət qazandırmışdır. Təsadüfi deyil ki, o, “Şöhrət” ordeni ilə təltif olunmuş ən gənc insandır və bugün Prezidentin köməkçisi kimi çox mühüm bir vəzifə daşımaqdadır. Görüş, görüşdə müzakirə ediən mövzuları qısa şəkildə özətləyəsi olsaq, nələri deyə bilərik? Anar müəllim qlobal pandemiya elan olunandan bəri Nazirlər Kabineti yanında Operativ Qərargahda ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyələrinə, tapşırıqlarına uyğun şəkildə aparılmış müzakirələr, atılan mühüm addımlar haqqında geniş məlumat verdi. Bildirildi ki, görülən məqsədyönlü işlər nəticəsində hazırda yoluxmaların sayının azalmasına nail olunub. Azərbaycan həkimi çox fədakar davranır; xarici ölkələrdən cəlb olunan mütəxəssislər də virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərir. Azərbaycan Prezidentinin köməkçisi, dövlətin çağırışlarına anındaca müsbət cavab verən, dəstək göstərən özəl sektorun rolunu xüsusi qeyd etdi. Bildirdi ki, bütün bu deyilənlər tezliklə bu qlobal problemin öhdəsindən gələcəyimizə inamı qüvvətləndirir. Əlbəttə, bunun üçün vətəndaş həmrəyliyi çox vacibdir və bu həmrəylik içində ən önəmli məqamlardan birini vətəndaş məsuliyyəti təşkil edir. Anar Ələkbərov xüsusi karantin rejimində, əmək münasibətlərində, icazə rejimi və s. sahəsində mərhələli yumşaldılmadan danışarkən, bu sahədə “yüz ölçüb, bir biçildiyi”ni, habelə, vətəndaş-dövlət münasibətlərində medianın, tanınmış ictimaiyyət nümayəndələrinin təbliğati dəstəyinin önəminə vurğu etdi. Görüşdə son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr də müzakirə olundu. Etiraf edim ki, şəxsən mənimçün bu mövzu xüsusi önəm daşıyırdı; özüm Tovuzdan bir neçə saat öncə gəlmişdim, hərbçilərimizin, yerli əhalinin hansı ovqatda olduğuna şahiddim. Mümkün olduğunca, xarici və yerli medianın reaksiyalarından da xəbərdardım və işğalçı Ermənistanın növbəti hərbi həmləsi fonunda vətəndaşlarımızın yüksək vətənpərvərlik, mübarizlik ovqatı nümayiş etdirdiyini görüş iştirakçılarının ümumi qənaəti kimi görmək xoş oldu. Qeyd olunduğu kimi, həmrəyliyin yalnız respublika daxilində deyil, müxtəlif xarici ölkələrdə də yaşanması, soydaşlarımızın xalqımızın haqq səsini çatdırmaqçün birləşməsi təqdirəlayiqdir, yaxın dövr tariximizə düşəcək haldır. Bununla belə, sosial şəbəkələrdə insanlara qorxu, panika hissi aşılamağa çalışanlar da olmamış deyil və belə xoşagəlməz halların qarşısını almaqçün imkanlarımızı səfərbər etməliyik. Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri, yazarlar, jurnalistlər, hüquqşünaslar, incəsənət xadimləri və biz millət vəkilləri belə vacib görüşlərin təşkilindən məmnunluğumuzu bildirdik. Hər birimiz vətəndaşları rahatsız edən məsələlərə toxunduq, öz fikirlərimizi, təkliflərimizi çatdırdıq. Belə bir ümumi fikir vurğulandı ki, sosial medianın bəzi iştirakçıları tərəfindən öncəbhə ilə bağlı aparılan təxribatlar bunun qarşısını almaq üçün səmərəli mexanizmlərin tətbiqini vacib qılır. Prezidentin köməkçisi bizlərin çoxsaylı suallarını cavablandırdı və səslənən fikirlərin əhəmiyyətli olduğunu və bütün uyğun təkliflərin nəzərə alınacağını bildirdi. Beləliklə, əlamətdar bir görüş oldu və günümüzə sözün müsbət anlamında damğa vurdu. Görüşün son görüş olmayacağına inanırıq, inanırıq ki, yeni görüşlər olacaq və cəmiyyətin səsinin dövlətin zirvəsinə çatdırılmasına, dövlət orqanlarının vətəndaşların qayğılarına daha çevik reaksiyası, ictimai nəzarətin gücləndirilməsi, icra orqanlarının, dövlətin sosial-siyasi islahatlar kursuna, yeni çağırışlara uyğun davranmasına töhfə vermək baxımından özünəməxsus faydasını göstərəcək. Bəli, fərqli düşünən insanların fikirlərini öyrənmək, tənqidi məqamlarla tanış olmaq, bütün tənqidlərin anlayışlı şəkildə qəbul edilməsi Prezident köməkçisi ilə görüşün məziyyətlərindədir. Bu dəfə daha çox (yaxud biləvasitə) pandemiya ortamında hökumətin çalışmaları, görülən işlər, nöqsanlar, durumun daha yaxşı olması üçün atılmalı yeni addımlar və son zamanlar Tovuz istiqamətində cərəyan edən hərbi hadisələr, bu hadisələr fonunda ölkəmizə informasiya hücumları və bəzi təxribatlar müzakirə olundu; inşallah, yeni görüşlərdə cəmiyyəti maraqlandıran digər mövzular da faydalı şəkildə müzakirə olunar və öz nəticəsini verər. Dövlətimiz var olsun! Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 8 mart - Beynəxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr müavini polkovnik Cəlil Xəlilov  8 mart - Beynəxalq Qadınlar Günü münasibəti ilə Təşkilatın qadın əməkdaşlarını təbrik edib, onlara ən xoş arzularını çatdırdılar. T.Ağahüseynov bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadınlar Respublika Veteranlar Təşkilatı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etdilər. Sonra birgə xatirə şəkili çəkdirildi

Hamısını oxu
Vətənpərvər

Neçə il əvvəl bir dostum haqqında “bizi birləşdirən çox şeylər vardı”, yazmışdım. Bu gün haqqında söhbət açmaq istədiyim Bayram Məmmədovla bağlı da bu sözləri yaza, onunla bölüşdüyümüz çox şeylərin olduğunu deyə bilərəm. Yəqin bununla mübaliğəyə yol vermərəm, çünki biz eyni rayonda yaşamış, eyni məktəbi bitirmiş, ali təhsil aldıqdan sonra da təqribən eyni vaxtda, bir-birinə yaxın sahələrdə fəaliyyət göstərmişik. Bayram partiya-komsomol işində, mən həmin partiyanın orqanı və təbliğat-təşviqat vasitəsi olan rayon qəzetində. Ən başlıcası fikirlərimiz üst-üstə düşüb, dünyaya baxışımız, bölüşdüyümüz dəyərlər barədə uzun-uzadı danışmasaq da onların da cüzi fərqlərlə eyni olduğu qənaətindəyəm. Dinc, Zəngilanlı günlərimizdə də, torpaqlarımızın düşməndən qorunması naminə o silah, mən qələm götürüb səngərə üz tutanda, sonra bizləri Qarabağsız və nəhayət Zəngilansız qoyan illərin acısını çəkəndə, qəzəbimizi ürəyimiz boyda olan yumruğumuza düyünləyib başımız üzərinə qaldıranda da eyni hissləri, ağrı-acıları yaşamışıq. Ancaq Bayram Məmmədovla bir-birimizə dost deməyə haqqımız çatsa da, bu sözü yeri gəldi-gəlmədi işlətməyə ehtiyac duymamışıq. Bayram Məmmədov ixtisasca müəllim və politoloqdur. Rayonun qiyabi orta, Keçikli və Canbar kənd 8 illik məktəblərində ingilis dili müəllimi işləmişdi. Ancaq onu rayonda daha çox tanıdan sovet idarəçilik sistemində xüsusi yeri olan komsomol, partiya təşkilatlarında və Icraiyyə Komitəsində işləməsi olmuşdu. Elə həmin vaxtdan çoxlarının biliyi, təşkilatçılığı, işə münasibəti, şəxsi keyfiyyətlərinə görə bu cavan oğlanı özünə yaxın, etibar ediləsi şəxs saydığını deyə bilərəm. Ancaq fikrimcə, Bayramı bütün zəngilanlıların yaxını, dostu, nəhayət doğması edən onun rayonda yaradılan ilk ərazi müdafiə taborunun (yarandığı vaxt bu hərbi birlikləri özünümüdafiə taboru adlandırırdılar) komandiri, əlinə silah alanların ön sırasında dayanması oldu. Mən o zaman “Vətən səsi”, “Xalq ordusu” və “Sərhəd” qəzetlərində işlədiyimdən  cəbhə və sərhəd rayonlarında tez-tez olurdum. Ən azı ayda iki dəfə Zəngilana baş çəkdiyim, eləcə də Laçın, Qubadlı, Cəbrayıl və başqa rayonlara müntəzəm ezamiyyələrə getdiyimdən ərazi müdafiə taborlarının necə döyüşdüyündən xəbərdar idim. Əli silahlılardan fərqli olaraq əli qələm tutanların üstünlüyü olan bu cəhət bizə həqiqi komandirlərlə təsadüfi şəxsləri bir-birindən fərqləndirməyə imkan verirdi. Əslində sonda yazmağımın daha doğru olduğu fikri elə buradaca da demək istəyirəm. Bayram Məmmədov peşəkar hərbçi olmasa da, əsl komandir, həqiqi vətənpərvər zabitdir. O, hərbi, yaxud xüsusi təhsil almamışdı. SSRİ-nin Uzaq Şərqdəki hərbi hissələrindən birində əsgəri xidmət keçmiş, ehtiyatda olan zabit olmuş, sonra da rayon komsomol təşkilatında idman və kütləvi- müdafiə işləri şöbəsinin müdiri kimi bu sahədə müəyyən təcrübə qazanmışdı. Ancaq getdkcə intensivləşən erməni hücumlarının qarşısının alınması zərurətinin yerli özünümüdafiə taborunun yaradırılmasını həyatı məsələyə çevrdiyi günlərdə Bayram da, döyüş yoldaşları da sanki aylar deyil, günlərlə püxtələşdilər. Əslində mövcud vəziyyət bunu tələb edirdi. Vaxt son dərəcədə məhdud idi. Ermənilərlə döyüşlərin gedişində formalaşan tabordan düşmən təcavüzünün qarşısının alınması üçün hərbi əməliyyatları daha peşəkarlıqla hazırlayıb həyata keçirməsi tələb edilirdi. Bütün bunlar mərkəzdən heç bir real köməyin gözlənilmədiyi şəraitdə baş verirdi. Ancaq həqiqi fədakarlar düşmənə müqavimət göstərməyə qadir hərbi hissə yarada bildilər. Laçında, Qubadlıda olan hərbi birləşmələrlə yanaşı, Ermənistandan gözlənən təcavüzün qarşısında artıq Zəngilan özünümüdafiə taboru da dayanmışdı. Taborun apardığı uğurlu döyüşlər çox keçmədən Bayramın əsl komandir, həqiqi vətənpərvər zabit olduğuna nəinki Zəngianda, qonşu rayonlarda da inam yaratdı. Müdafiə Nazirliyi sistemində sonrakı xidmət illəri də bunun məhz belə olduğunu sübuta yetirdi. Daha dəqiq olsun deyə, onun komandir kimi keçdiyi döyüş yolu, ağır xidmət illəri ilə bağlı bəzi faktları yada salmağı, o vaxta aid qeydlərimi bölüşməyi lazım bilirəm. Çünki faktlara istinad etməkə istənilən məsələ barəsində daha obyektiv, birmənalı fikir yürütmək olar. Digər tərəfdənsə, mənim də Bayram Məmmədovun da xüsusi ilə hazırkı yaşımızda gəlişi gözəl sözlərə ehtiyacımız yoxdur. Beləcə, faktların dili ilə nələrisə çatdırmağa çalışaq. Yazacaqlarımı şərti olaraq sübutlar da adlandırmaq olar. Bayram Məmmədovun şəxsi arxivində saxladığı “Sərhəd” qəzetində (“Komandir nümunə göstərməlidir” 1993-cü il 22 aprel) illər əvvəl dərc olunmuş bir müsahibə. Bu müsahibə həmin qəzetdə hərbi müxbir işlədiyim dövrə aiddir. Doğrusu, arxivlərdə işləməyi xoşlasam da, şəxsi arxiv yaratmaqda laqeyd olduğumu etiraf edirəm. 1984-1992-ci illərdə müxtəlif qəzetlərdə onlarla yazılarımın dərc edilməsin baxmayaraq, bu gün əlimdə 10-15 yazıdan artıq heç nə qalmayıb. Yenə dost-tanış, qohum-qardaş sağ olsunlar ki, hərdən özlərində saxladıqları qəzet nüsxələrinin surətini mənə də verirlər. Bayram Məmmədovun saxladığı həmin müsahibə onunla 1992-ci il dekabr ayının 10-da ermənilərin Zəngilanın 11 kəndini işğal etdiyi günlərdə aparılıb. “Sual: - O vaxt Ordu yox, prezident qvardiyası adı altında eks-prezidenti müdafiə edəcək qüvvələr yaratmağa can atırdılar. Milli Ordunun yaradılması haqqında Qanun əslində kağız üzərində qalmışdı. Cavab: - Əlbəttə, vəziyyət ağır idi. Ordu quruculuğunun ləngidilməsi keçmiş hakimiyyətə sərf edirdi. Halbuki bütün imkanlar bu işə yönəldilsəydi, bütün potensial Ordunun komplektləşdirilməsi və formalaşdırılmasına istiqamətləndirilsəydi, məğlubiyyətlərimiz də olmazdı. Bəlkə də indi müharibəni qurtarmışdıq. Sual: - Yadımdadır, ötən ilin 25 aprelində Zəngilan ərazisinə çox güclü hücum oldu. Artilleriya atəşlərindən sonra düşmən iki istiqamətdə hərbi texnikanın və vertolyotların köməyi ilə torpaqlarımıza soxuldu. Ancaq əsgərlərimizin şücayəti ilə qarşısı alınan ermənilər itki verib geri çəkildilər. Dekabrın 10-da isə 4-5 qat artıq qüvvə ilə torpaqlarımızı düşmən işğalından qoruya bilmədik. Bunu nə ilə izah edirsiniz? Cavab: - Keçən il aprel hadisələri dediyiniz vaxt bizim üçün ən ağır dövr idisə də, inam vardı. Komandirlər nümunə göstərirdilər. 25-i sübhçağı birinci komandirlər getdilər. Kəşfiyyat aparıldı, sonra gərgin döyüşdə düşmən geri oturduldu. Dekabrın 10-da isə mülki adamlar Canbar kəndinə qədər getdilər, düşmənin əsas qüvvələri geri çəkilmişdilər. Ancaq bir nəfər Ordu komandiri tapılmadı ki, əsgərləri döyüşə aparıb ərazilərimizi geri qaytarsın. Ordunun başında duran adamların kimliyi bilinmirdi. Dolayı yollarla Silahlı Qüvvələrə soxulanlar isə döyüş yox, başqa şeylər haqqında düşünürdülər. Mən qəti deyirəm, 10 dekabrda əks-hücum olsaydı, biz torpaqlarımızı geri qaytara bilərdik”. Yəqin ki, əlavə şərhə, qəhrəmanımın qeyd olunan keyfiyyətlərindən xəbər verən məqamların təhlilinə ehtiyac yoxdur. Görünən dağa nə bələdçi. Onunla yenə 1993-cü ilin əvvəllərində baş tutan, sonra bir yazımda yer alan söhbətimizi xatırlayıram. Həmin vaxt bir çox məsələlərdən, əsasən də 1989-90-cı illərdə getdikcə güclənən, sonra daha geniş miqyas alan düşmən təcavüzlərinin qarşısının alınması, torpaqlarımızın müdafiəsinin təşkilindəki problemlərdən danışmışdıq. “Biz ilk dəfə batalyon yaradanda çoxları inanmırdılar ki, Azərbaycanın özünün Silahlı Qüvvələri ola bilər. Buna baxmayaraq, sağlam qüvvələr tapıldı. Məşəqqətlərə, əziyyətlərə davam gətirməli olduq. Biz ilk müdafiə qüvvələrini yaradanda ağsaqqallardan, hətta savadlı adamlardan belə “həyatınızdan qorxmursunuz? Hökumət gələcək, sizi aradan götürəcək” deyirdilər. Bütün bunları bəzən eşitməzliyə vurur, öz işmizi görürdük. Vətənin müdafiəsini hər şeydən üstün tutan adamlar bizə lazımi kömək göstərirdi. Əsas çətinliyimiz o idi ki, bizə dövlət tərəfindən mane olurdular. Ordunun təşkilini ləngitmək üçün hər şeyə əl atırdılar. Nəticəsi gətirib ona çıxardı ki, həddindən artıq itkilərimiz oldu.” Şuşa daxil omaqla Dağlıq Qarabağın, Laçının işğalını, başqa torpaqlarımızın itirilməsini nəzərdə tuturdu. Hələ nə o, nə də mən inana bilməzdik ki, bu itkilər son olmayacaq. Qarşıda bizi daha 6 rayonun işğalı, Xocalı kimi soyqırım fəlakəti gözləyir. Soyqırımlar isə əslində 1905-1907-ci illərdən başlamış, 1918-1920-ci və daha sonrakı tarixlərdə müxtəlif miqyaslarda təkrarlanmış, nəhayət 1988-ci ilin fevralında yenidən vüsət almışdı. Nəticəsi də azərbaycanlıların (düşmənin daha dəqiq adlandırdığı kimi türklərin) öz əzəli yurdlarından didərgin salınması ilə türksüz Ermənistanın yaradılması olmuşdu. Bayramla bu tarixlərin hər biri, ümumən ermənilər (daşnak, yaxud qeyri ad altında əslində fərq etmir) tərəfindən Azərbaycan torpaqlarında törədilmiş qanlı faciələr barəsində xeyli söhbətlərimiz olub. Ancaq təəssüf ki, əksər hallarda olduğu kimi, bizimki sözdən-söhbətdən o tərəfə keçmir. Baxmayaraq ki, bunların bir çoxu onun da, mənim də hansısa yazılarımızda işıq üzü görüb, ictimailəşdirilib. Birbaşa cəbhə xəttində baş tutan söhbətlərimiz də az olmayıb. Belə söhbətlərdə yaxınlığımıza mərmi düşdüyü, güllələrin böyür-başımızdan uçuşduğu anlar da olub. Ancaq söhbətimizi heç vaxt yarımçıq kəsməmişik. Xatırlayıram ki, Bayram torpaqlarımızın müdafiəsini bütün xalqın, onun əli silah tutan hər bir övladının vəzifəsi hesab edir, həmçinin məsələnin obyektiv bir cəhətini də daim vurğulayırdı. Düşmənə qəfil, daha effektli zərbələrin vurulması üçün həmin ərazilərdə doğulmuş, döyüş bölgələrini yaxşı tanıyanlara xüsusi ehtiyac var. Belələri hərbi birləşmələrin azı 35-40 faizini təşkil etməlidirlər. Bu mövqe günümüzdə də öz aktuallığını itirməyib. “Torpaqları qoyub qaçdınız” kimi haqsız ittihamlarla “silahlanmış” biganəlik təcəssümləri, “torpağı ancaq biz qorumalıydıqmı?” kimi utandırıcı bəraət müəllifləri üçün də eyni qədər keçərlidir. Görünür, hələ də “yurdum” dediyimiz torpaqların hər birimiz üçün doğma Vətən olduğunun, Azərbaycan adlandığının fərqində deyilik. Öz əlimiz, öz dilimizlə parçaladığımız Vətəni isə düşməndən müdafiə edə bilmədiyimiz kimi, geri qaytarıb bütünləşdirməyimiz də çətin olacaq. Son 100 ildən bir qədər artıq dövrün hadisələri də bunu dəfələrlə sübuta yetirib. Böyük şair demişkən “məndən ötdü” deyəndən bəri nə qədər torpaqlar itirmişik, nə qədər faciələr, fəlakətlər yaşamışıq. Bunu bizə yaşadan düşmənin, millətçi, qeyri-millətçi, daşnak, bolşevik, ya kommunist (nə adlanması fərq etməz), bir sözlə erməninin arxasında kimlərinsə durmasının da elə bir fərqi yoxdur. Özümüzü bu aldadıcı təsəllidən də uzaq tutmağı bacarmalıyıq. Az qala 200 ildir ki, biz torpaqlarımızı itirə-itirə, ermənilərsə qazana-qazana gəlirlər. Son 30 ildə işğal edilmiş 20 faiz ərazimizi çıxmaqla, hamısı ilə də əslində, təəssüf ki, barışmışıq, yaxud da bizi barışdırıblar (yenə fərq etmir). Heç olmasa, sonuncu işğala görə düşməni layiqincə cəzalandırmaq, Azərbaycanın taleyini qaranlıqdan biryolluq qurtarmaq lazımdır. Sizlərə də yaxşı məlum olan bu həqiqətləri təkrarlamaqda məqsədim onunla hansı fikirləri bölüşdüyümüzü bir daha çatdırmaq, qayğıları, düşüncələri ilə bir az da yaxından tanış etməkdir. Ən yeni tariximizin səngərlərdə yazıldığı günlərdə cəbhə bölgələrini mərhum hərbi operator Seidağa Mövsümlü ilə birlikdə addım-addım gəzən hərbi jurnalist, tələbə dostum Ədalət Teymurovun Bayram Məmmədov haqqında dediklərini yada salmamaq mümkün deyil. Müdafiə Nazirliyinin əməkdaşı, hərbi jurnalist kimi komandirlərin avtobioqrafiyasına, xarakterlərinə, səriştələrinə yaxşı bələd olan Ədalət Bayram barəsində rəğbətlə danışır, onun tabeliyində olanlarla davranışını xüsusi vurğulayırdı: “Deyirlər, dünya yaxşıların çiynində qərar tutur. Həmin yaxşılar öz varlığı ilə dünyanı zinətlədirir. Bayram Məmmədov dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ordusunun ilk zabitlərindən, Vətənin müdafiəsi üçün könüllü olaraq əlinə silah götürənlərdən biri, birincilərdən idi. Bayramı mən də, başqaları da qətiyyətli, tabeçilində olanlara qayğıkeş yanaşmaqla onlardan nizam-intizam tələb edən komandir, əsl zabit kimi tanıyırıq. Döyüşlərdə əldə etdiyimiz uğurlar da elə onun kimi zabitlərin sayəsində mümkün olurdu. O, yaddaşımda xeyirxah, sadə, çətin vəziyyətdə özündə güc tapmağı bacaran insan kimi də qalır.” Dəqiq və səmimi sözlərdir. Mən deyilənlərin təsdiqi kimi onun özündən rütbəcə kiçik zabitlərə, əsgərlərə xoş münasibətinin, əsil ata, böyük qardaş qayğısının dəfəlrlə şahidi olduğumu da əlavə etmək istərdim. Bayram Məmmədov səngərdə dayanan əsgərin təkcə isti paltara, isti yeməyə deyil, həm də insani münasibətə ehtiyacı olduğunu yaxşı başa düşür və bunu həmişə nəzərə alırdı. Onunla şəxsi heyət arasında qarşılıqlı etimad da bunun nəticəsi idi. Bütün bunlarda yəqin pedoqoji təhsil almasının da təsiri vardı. Qeyd edim ki, ünsiyyətcil olması, qarşısındakını inandırmaq bacarığı da onu həmişə fərqləndirib. Birgə iş yerimiz, müstəqil hərbi jurnalistikamızın ilk səlnaməsini yaradan “Xalq Ordusu” qəzetindən tanıdığım (hazırda “Azərbaycan Ordusu”) şair dostumz, yazdıqlarının reallığına və səmimiliyinə inandığım Rəşid Faxralının “Ədalət” qəzetindəki “Kamil insan” məqaləsindən: “Döyüşlərdə özü də iştirak edirdi. Tanıyanlar ona “Döyüşən komandir” deyirdi. Döyüşlərin birində əsgərlərdən birinin yaralandığını görüb, komandir onu döyüşün içindən çıxarmaq üçün kimisə səsləməyib, kiməsə göstəriş verməyib, yaralı əsgərin imdadına özü çatıb. Əsgərə tibbi yardım göstərilib. Az sonra həkim deyib ki, gecikdirilsə, yaralı əsgər qanaxmadan keçinərdi.” Bayramı tanıyanlar da inanırlar ki, onun döyüş yolu ilə bağlı belə faktlar çoxdur. Ancaq həmin faktlarsız da hər şey ortadadır. Bayram Məmmədov ilk gəncliyindən mərd, vətənpərvər insan kimi diqqət çəkib. Ali təhsilni əla və yaxşı qiymətlərlə başa vurduğu Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda aspirant kimi qalmayıb ucqar dağ kəndələrində müəllim işləmək istəyini qətiyyətlə bildirəndə, əvvəl şagirdlərinin, sonra bütün rayon gənclərinin vətənpərvərlik, mübarizlik ruhunda tərbiyəsində bütün biliyini, ürəyinin hərarətini əsirgəməyəndə, nəhayət Zəngilanın ilk öznümüdafiə taborunun yaradılmasında gecə-gündüz demədən fədakarlıqla çalışanda bu qənaətlərin doğruluğunu təsdiqləyib. B.Məmmədov 1991-ci ildən 2006-cı ilədək Müdafiə Nazirliyi sistemində hərbi hissə (tabor) komandiri, hərbi hissə (alay) komandirinin müavini, Silahlı Qüvvələrin Arxa Cəbhəsinin Kadrlar bölməsinin və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin baş zabiti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi olub. 2006-cı ildə Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra həmin ilin iyun ayından Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin xarici dillər kafedrasının baş müəllimi təyin edildi. Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini – baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi  vəzifəsində çalışdı. Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman - German dilləri bölməsinin baş müəllimi vəzifəsində Silahlı Qüvvələrimizə yüksək hazırlıqlı, peşəkar zabitlər hazırlamaqda üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirir. Başlıcası budur ki, bu illər ərzidə o, nəinki onu insanlara sevdirən, dəyərini artıran yüksək keyfiyyətlərini dəyişməyib, əksinə bütün iş yoldaşları və tanıyanların məmnunluqla qeyd etdiyi yenilərini əlavə edib. Ancaq bütün bunlara görə nə mükafat umub, nə də özünə vurğunluq xəstəliyinə düçar olmayıb. Çünki mayası belə yoğrulub, necə deyərlər, sadə, zəhmətkeş ailədə böyüməsi, çətinliyin nə demək olduğunu şəxsi həyatında yaşaması onu təvazökar, başqalarının əməyinə qiymət verməyi, özünü ağır, sanballı aparmağı bacaran bir insan kimi yetişdirib. Mükafatlara gəlincə, bunlar Bayram Məmmədovu özü, həm də çox sakit, əksər hallarda özündən xəbərsiz tapıb. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, AR Silahlı Qüvvələrinin bir neçə, o cümlədən 100 illiyi yubiley medalları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının birinci dərəcəli medalı, Müdafiə Nazirliyi üzrə fəxri fərmanlar və qiymətli hədiyyələr, nəhayət Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyun tarixli 1291 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əlbəttə, bu siyahını bir qədər də uzatmaq olar. Ancaq mahiyyət eynidir. Bayram Məmmədovun fədakar və səmərəli fəaliyyəti, layiqli əməyi, məsuliyyəti və peşəkarlığı layiqincə qiymətləndirilib. 2004-2013-cü illərdə Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) Azərbaycanda keçirdiyi Cüdo üzrə 30-cu, Güləş üzrə 24-cü, Boks üzrə 52-ci dünya çempionatlarının, BHİŞ in Avropa Konfransının, hərbçilərin 1-ci Dünya Futbol kubokunun Təşkilat Komitəsinin üzvü və koordinatoru olanda da o eyni əzm və fəaliyyət nümunəsi göstərmişdir. Onu gəncliyindən idmana bağlayan tellər isə fərdi maraq səviyyəsindən daha yüksək, mübaliğəsiz demək olar ki, kifayət qədər möhkəmdir. Hazırda Azərbaycan Respublikası Hap Ki Do Federasiyasının vitse-prezidenti olan Bayram Məmmədovun kiçik oğlu Orxan Məmmədli taekvando(İTF) üzrə Avropa çempionu və əlbəyaxa döyüşlər üzrə beşqat dünya çempionudur.  Dəfələrlə şərq döyüş növləri üzrə ölkə səviyyəli yarışların qalibi olub. Bayram oğlu Orxanın müqəddəs Azərbaycan bayrağını beynəlxalq yarışlarda dəfələrlə dalğalandırmasından bir ata kimi haqlı qürur duyub. Onunla bərabər bu duyğuları bütün Azərbaycana yaşatdığı üçün Orxana “atana layiq, fəxr ediləsi övladsan”, deyir və idman həyatında yeni uğurlar arzulayırıq. Bayram Məmmədov istefada olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar müəllimdir. Ancaq onu bir insan, vətəndaş kimi bütün bu rütbələrdən, titullardan daha artıq xarakterizə edən bir ad var – vətənpərvər. Yurd həsrətli, Vətən yanğılı yazılarından, işğal altındakı torpqalara qayıdış, gənclərin igidlik, dönməzlik ruhunda tərbiyəsinə önəm verilməsinə çağrıan məqalə və çıxışlarından da vahid, qırılmaz bir xətt keçir -  vətənpərvərlik. Şotland əsilli məşhur amerikalı aktyor və rejissor Mel Gibsonun baş rol oynadığı “Vətənpərvər” filmini xatırlayıram. Bütün itkilərə, mərhumiyyətlərə, hətta sarsıntılara baxmayaraq, filmin qəhrəmanı sonunda düşmənini məğlub etməyi bacardı. Biz də bacarmalıyıq və bacaracağıq. Artıq başqa yolumuz yoxdur. Əsla, gəlişi gözəl səslənməsi üçün demirəm. Biz də düşmənə qalib gələcək, torpaqlarımızı işğaldan azad edəcəyik, çünki Bayram Məmmədov kimi vətənpərvər insanlarımız, onların yolunu şərəflə davam etdirən gənc əsgər və zabitlərimiz var.   Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, Azərbaycan Yazıçılar və Jurnalıstlər birliklərinin üzvü.

Hamısını oxu
Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub

Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub Rusiya Federasiyası "Qələbənin varisləri" beynəlxalq İttifaqının Qırğızıstan Respublikasındakı nümayəndiliyinin dəstəyi ilə 10 aprel 2018-ci il tarixdə veteran təşkilat əməkdaşlarının Tyan-Şan dağının Qırğızıstan ərazisində yerləşən “Müəllim zirvəsi”nə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya iştirakçıları 17 aprel 2018-ci il tarixdə Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar 4530 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq həmin zirvəyə üzərində Heydər Əliyevin şəkli təsvir edilmiş bayraq sancmışlar. “Qələbənin varisləri” beynəlxalq İttifaqının növbəti ekspedisiyası isə yaxın vaxtlarda Elbrus dağının hündür zirvələrindən birinə planlaşdırılır. “Qələbənin varisləri” beynəlxalq İttifaqının bu ekspedisiyaya qoşulan iştirakçılarının məqsədi veteranların Azərbaycanın ümummili lideri Heydər Əliyevə olan hörmət və diqqətinin beynəlxalq aləmdə bir daha nümayiş etdirilməsidir. Elbrus yürüşünün Ümummili liderin 95 illik yubileyi gününə qədər başa çatması nəzərdə tutulur.

Hamısını oxu