Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan gəncliyi şərəf və ləyaqət simvoluna çevrilib

Hər bir cəmiyyətin, xalqın və ölkənin taleyində aparıcı – həlledici rol oynayan qüvvələrdən biri gənclərdir. Gənclik enerjisi quruculuğa yönləndiriləndə, onların potensialından zamanında, yerində və səmərəli istifadə olunanda rifah, inkişaf, firavanlıq əldə etmək, etibarlı gələcək inşa etmək mümkün olur. Azərbaycan xalqı da bu baxımdan şanslı və xoşbəxtdir. Çünki ölkəmizdə sağlam, milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda gəncliyin formalaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət, qayğı göstərilir.

Biz haqlı olaraq qeyd edirik ki, Ümummilli Liderimiz Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Çünki O, qüdrətli dövlət yaratmağa müvəffəq olub, gələcəyin Azərbaycanını inşa edib, həmçinin xalqımızın, dövlətimizin sabahı olan sağlam gəncliyin formalaşması naminə misilsiz işlər görüb. Ümummilli Lider Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd etdiyimiz 2 Fevral – Gənclər Günü Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən elan edilib. Bu,  dahi şəxsiyyətin gəncliyin inkişafına xüsusi diqqətinin, tükənməz qayğısının göstəricisidir. Ulu Öndər gəncliyin inkişafı ilə əlaqədar çox mühüm fərman və sərəncamlar imzalayıb, ölkəmizdə müasır çağırışlara uyğun dövlət proqramları icra olunub.

Müasir çağırışlara və reallıqlara əsaslanan bu siyasət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, bir çox layihə və proqramların reallaşdırılması gənclərin müxtəlif sahələrdə fəallığının artmasına, ölkəmizi beynəlxalq arenada layiqincə etməsinə geniş imkanlar yaradıb. Ən əsası, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz üzərinə düşən vəzifəni – Vətən borcunu layiqincə yerinə yetirməklə şərəf və ləyaqət simvoluna çevrilib. Bu, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin siyasətinin böyük uğuru, xalqımızın isə qürur mənbəyidir. Əminliklə demək olar ki, Ulu Öndərin ideyalarına sadiqliyi ilə seçilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyi bundan sonra da Vətən – qalib və qüdrətli Azərbaycan naminə böyük nailiyyətlərə imza atacaq!

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2022-02-02 10:40:00
882 baxış

Digər xəbərlər

“Dünyadan pul dilənən bir ölkənin bu vəsaiti hərbi təlimlərə sərf etməsi gülünc və məntiqsizdir”

“II Dünya müharibəsi ilə bağlı muzeyin yaradılması xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm xidmət olar” Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızda həyata keçirdiyi hərbi təlimlər, Qarabağ probleminin həlli ilə bağlı diplomatik müstəvidə atılan bir sıra addımlar, eləcə də şəhdilərimizin, milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi ilə bağlı irəli sürülən yeni təkliflər son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bütün bu məsələləri şərh etməyə, bəzi nüanslara aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, oktyabrın 5-də Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər başa çatar-çatmaz düşmən yenidən 40 günlük hərbi təlimlərə başlayacağını elan etdi. Sizcə işğaldakı torpaqlarımızda fasiləsiz olaraq keçirilən bu təlimlər düşmənin ölkəmizə qarşı növbəti təxribatı sayıla bilərmi?   -Təbii ki, bu bir təxribatdır. Dünya ictimaiyəti görür ki, heç bir beynəlxalq qanuna əhəmiyyət vermədən Azərbaycan torpaqlarını işğal edən Ermənistan, dünyadan pul dilənə-dilənə bu vəsaiti hərbi təlimlərə sərf edir. Halbuki, Ermənistanın bu torpaqlarda hər hansı formada fəaliyyət göstərmək, eləcə də hərbi təlimlər keçirmək haqqı və hüququ yoxdur. Bu gün Ermənistan ordusunda elə bir ağır vəziyyət mövcuddur ki, heç bir zabit və əsgər bu orduda xidmət etmək istəmir. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son vaxtlar qocaları, qadınları, yanğınsöndürənləri orduya cəlb etməyə çalışır, onları sovet dönəmindən qalma silahlarla təchiz edir. Ermənistan anlamalıdır ki, bu problemin onlar üçün heç bir müsbət perspektivi yoxdur. Onlar heç vaxt Qarabağı Ermənistana birləşdirə, bu torpaqların sahibi ola bilməyəcəklər. Çünki bu torpaqlar Azərbaycana məxsusdur və dünya da bu torpaqları məhz belə qəbul edir. Ermənistanın işğal edilmiş torpaqlarımızda keçirdiyi təlimlər beynəlxalq ictimaiyyətin təpkisinə səbəb olmalı, dünya birliyi işğalçı ölkəyə təzyiq göstərməlidir. Beynəlxalq təşkilatlar Ermənistandan tələb etməlidir ki, BMT-nın Təhlükəsizlik Şurasının Qətnamələrinə əməl etsin və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin.   -Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışında bir daha erməni təcavüzünə diqqət çəkərək adıçəkilən təşkilatı məlum problemin həllində aktiv olmağa səslədi. Sizcə Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın maraqlarını beynəlxalq tribunada bu cür qətiyyətlə müdafiə etməsi erməni təcavüzünün qınaq hədəfinə çevrilməsi baxımından nə dərəcədə önəmlidir?   -Ərdoğan BMT-yə Qarabağla bağlı ciddi mesajlar verdi. O qeyd etdi ki, nə üçün BMT Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra mexanizmini tapa bilmir? Nə üçün aparıcı dövlətlər Ermənistana iqtisadi-siyasi təzyiq göstərmir? Niyə öz torpaqlarından didərgin düşən bir milyondan çox insanın hüquqlarının pozulmasına göz yumulur? Niyə aparıcı dövlətlər, özlərini demokratiyanın beşiyi adlandıran ölkələr buna susur? Ərdoğanın beynəlxalq tribunada Qarabağ probleminə, erməni təcavüzü ilə bağlı səsləndirdiyi bəyanatını yüksək qiymətləndirir və bunu Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü hesab edirəm. Hesab edirəm ki, Türkiyənin diplomatik müstəvidə ölkəmizə göstərdiyi bu dəstək olduqca vacib və önəmlidir.   -Son günlər yeni açılacaq metro stansiyalarına, körpülərə şəhidlərin adının verilməsi ilə bağlı təkliflər var. Sizcə bu təkliflərin reallaşması şəhid adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbiği baxımından nə dərəcədə zəruridir?   -Azərbaycan xalqı və dövləti qarşısında xidməti olan insanların adları təbii ki, əbədiləşdirilməlidir. Onların adlarına parklar salınmalı, bu insnaların adları küçələrə, məktəblərə verilməlidir. Onların adları gəmilərə, metro stansiyalarına da verilə bilər. Yəni söhbət xalq və dövlət qarşısında xidməti olan insanlardan gedir. Əlaqədar dövlət orqanları bu məsələni diqqətdə saxlamalı və gərəkli addımları atmalıdır. Bizim veteranlar arasında da buna layiq olan, böyük xidmətlər göstərmiş insanlar var. Mən istərdim ki, onların da adı əbədiləşdirilsin. Mən uzun illər sərhəd qoşunlarında xidmət edən general Mustafa Nəsirovun adının əbədiləşdirilməsini istərdim. O, uzun müddətdir ki, rəhmətə gedib. Onun evinin divarına mərhum generalla bağlı lövhə belə vurulmayıb. Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təklif göndərmişik. Əlaqədar dövlət qurumlarına bununla bağlı məktublar ünvanlamışıq. Bəzi genarallarmızın adları əbədliləşdirildi, bir sıra genarllarla -general-mayor Firudin Hüseynov, general-leytenant Ziya Yusifzadə, general-leytenant Valeh Bərşadlı ilə də bağlı bu cür addımların atılmasını zəruri hesab edirəm. Bizim milli qəhrəmanlarımız, sovet ittifaqı qəhrəmanlarımızın, elm və əmək adamlarının da adlarının əbədiləşdirilməsi arzuediləndir. Qoy gənclər də bilsinlər ki, xalq qarşısında kimlərin xidməti var və bu insanlar heç vaxt unudulmur, daim ehtiram hissi ilə yad edilir.   -Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov Azərbaycanın II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində mühüm xidmətlərə malik olduğunu, Bakının bu məsələdəki rolunun müstəsnalıq təşkil etdiyini bildirib. Hansı ki, məhz ölkəmizin faşizm üzərindəki mübarizədə əlahiddə xidmətlərə malik olduğu əsas götürələrək  bir müddət bundan öncə məhz sizin tərəfinizdən gələn il – faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar olaraq Azərbaycanın II Dünya müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi səsləndirilib. Necə hesab edirsiniz, O.Süleymanovun Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu haqqında səsləndirdiyi yüksək fikirlər, sizin muzeylə bağlı irəli sürdüyünüz təklifin beynəlxalq miqyasda böyük aktuallıq kəsb etməsinin isbatı sayıla bilərmi?   -Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilir ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovskiy öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı, müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. Istərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya Müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər. Biz muzeyin yaradılması ilə bağlı biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Lakin hələ ki, qarşı tərəf bununla bağlı rəsmi münasibət bildirməyib. Biz istəyirik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində muzeyin yeri müəyyən edilsin, onun yaradılması istiqamətində konkret addımlar atılsın. Bu, xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm bir xidmət olar.   Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti millət vəkili Anar İsgəndərova başsağlığı verib

Tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Anar İsgəndərovun qardaşı Hacı Əsəd Camal oğlu İsgəndərov vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından millət vəkili Anar İsgəndərova qardaşının vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!

Hamısını oxu
“Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir”

Məşhur Məmmədov: “Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi bu diyarı uşaqlara erkən yaşlarından tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir”   Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi Qarabağla bağlı animasiya filmlərinin çəkilməsinə qərar verib. Filmlərdə Qarabağın tarixi, mədəniyyəti, xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı məqamlar yer alacaq.   Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu cür filmlərin uşaqlara vətəni erkən yaşlarından tanıtmaq və sevdirmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib:   “Qarabağ, onun təbliği və tanıdılması ilə bağlı atılan hər bir addım, görülən hər bir iş mühüm əhəmiyyətə malikdir. Biz tariximizi, mədəniyyətimizi bilmədən onu sevə bilmərik. Sevdirmək üçün isə sadəcə gənclər və yeniyetmələr arasıdna deyil, uşaqlar arasında da düzgün iş aparmalı, onlara erkən yaşlarından vətənimizi, onun gözəlliklərini, qəhrəmanlıq tariximizi tanıtmalıyıq. Unutmaq olmaz ki, uşaq yaddaşında yer alan hər bir məlumat həmin insanın xatirəsində, düşüncəsində, ruhunda həmişəlik iz qoyur, onun üçün həmişəlik doğma və unudulmaz olur. Bu baxımdan Mədəniyyət Naizlriyinin dəstəyi ilə animasiya filmlərinin hazırlanması olduqca faydalı və əhəmiyyətlidir.   Ümumiyyətlə, Qarabağla bağlı istənilən bədii əsər, yaxud musiqi əsəri, mədəniyyət və incəsənət nümunəsi böyük təbliğati əhəmiyyətə malikdir. Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir. Sizə bir nümunə deyim. Məşhur “Qarabağ” mahısı hər bir azərbaycanlıya yaxşı məlumdur. Bu mahnıda Qarabağ, vətən torpağı, onun müqəddəsliyi ilə bağlı qəlbə, ruha hopacaq böyük, nəhayətsiz sevgi var. Bu mahnı səslənəndə Azərbaycanımızın harasında yaaşmasından asılı olmayaraq, hər bir insan özünü qarabağlı kimi hiss edir. Bu faktın özü bir sənət əsərinin necə böyük təsir qüvvəsinə malik olduğunu göstərir. Odur ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi də olduqca faydalı və təqdirəlayiqdir. Bu cür filmlər uşaqların doğma Azərbaycanımızın bir hissəsi olan Qarabağı daha yaxından tanıması, onu daha dərindən sevməsinə böyük töhfə verəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Rusiya Federasiyasının Azərabycan Respublikasındakı səfiri Respublika Veteranlar Təşkilatında olub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Boçarnikov Mixail Nikolayeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə 02 mart 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, alman faşizmi üzərində qələbənin qazanılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmışdır. Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışan sədr, ölkələrimizin veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini xüsusi vurğulamışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Azərbaycan milli diviziyalarının şərəfli döyüş yolları barədə ətraflı məlumat vermişdir.   Səfir Mixail Boçarnikov Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq bildirmişdir. O, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyədə olduğunu, alman faşizmi üzərində qələbənin qazanılmasında iştirak etmiş bütün insanların xatirəsinin rus xalqı üçün daim əziz olduğunu xüsusi qeyd etmişdir.

Hamısını oxu