Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdür

Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür.  Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbəiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur.

 

Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla torpaqlarımızın erməni faşizmindən azad edilməsi uğrunda mübarizəyə başlayan Azərbaycan Ordusu, bu müqəddəs missiyanın öhdəsindən bacarıqla gəlmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bununla da 30 ildən çox davam edən erməni işğalına son qoyulmuş, Azərbaycan təkbaşına, öz gücü və imkanları ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına nail olmuşdur.

 

Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir. Bu həqiqət Prezident İlham Əliyevin çıxışlarında da öz əksini tapmış, Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilmişdir. Dövlət başçısının 2021-ci ilin 27 sentyabr tarixində xalqa etdiyi müraciət buna sübutdur. Prezident İlham Əliyev həmin tarixi müraciətində demişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

 

Göründüyü kimi, dövlət başçısı 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi zəfəri milli ləyaqətimizin bərpası baxımından da yüksək qiymətləndirir, buna xüsusi önəm verir. Bu fakt bir daha göstərir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixində başa çatan 44 günlük Vətən müharibəsi bütün parametr və müstəvilərdə dövlətimizin maraqlarını təmin etmiş, onun inkişafında, yüksəlişində yeni bir dönəmin başlanğıcını qoymuşdur.

 

27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Çünki 27 sentyabr tarixindən 10 noyabr gününə qədər baş verənlər göstərdi ki, Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır. Nəinki bacarır, bu birliyi qoruyub saxlamaq, onu zəfərə çevirmək üçün əlindən gələni əsirgəmir, bu yolda əsl fədakarlıq sərgiləyir. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq.

 

Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə həmrəyliyimizin oynadığı rol Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı müxtəlif müsahibə və çıxışlarında 44 günlük Vətən müharibəsindəki qələbəmizdə xalqımızın həmrəyliyinin mühüm rol oynadığını xatırladıb, eyni zamanda, bu həmrəyliyi qoruyub saxlamağın vacibliyindən bəhs edib.

 

44 günlük Vətən müharibəsi bizə,  həm də vətənpərvər gəncliyin önəmini, bu gəncliyin hansı xarüqələr yarada biləcəyini göstərdi. Bu müharibə sübut etdi ki, dövlətin, xalqın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizliyi həm də onun gənclərinin vətənprəvərlik ruhundan önəmli dərəcədə asılıdır. 44 günlük Vətən müharibəsində öz gücünü vətən sevgisindən alan Azərbaycan gəncləri düşməni 30 ildir ki, möhkəmləndiyi istehkamlardan çıxaraq qaçmağa, təslim olmağa vadar etdi. Bu fakt bir daha gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin, onlara milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının son dərəcə vacib olduğunu göstərdi.

 

Yada salaq ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetindəki çıxışında gənclərin vətənprəvərlik ruhunda yetişdirilməsinin önəmindən bəhs edərək 44 günlük Vətən müharibəsini yada salmış, Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıqları xatırlatmışdır: “Bildiyiniz kimi, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz”.

 

Dövlət başçısı cari il sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı zamanı da bu faktora toxunmuş, vətənprəvər gəncliyin önəminə diqqət çəkmişdir: “Bir məsələyə də toxunmaq istərdim. Mən üç gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin açılışında bunu demişəm, bir də demək istəyirəm. Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”.

 

Dövlət başçısının səsləndirdiyi bu fikirlər, heç şübhəsiz yaxın tariximizin inkaredilməz həqiqətlərindəndir. Hansı ki, bu həqiqətlər bizim hər birimizin qarşısında konkret vəzifələr qoyur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları qarşısında duran əsas vəzifələrdən biri gənclər arasında mütəmadi iş aparmaq, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsi, əcdadlarımızın qəhrəmanlıq ənənələrini öyrənməsini təmin etməkdir. Bu məqsədlə də biz orta və ali təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlər təşkil edir, keçridiyimiz forum və konfranslara, tədbirlərə yaşlı nəslin nümayəndələri ilə yanaşı, həm də gəncləri dəvət edir, veteranlarla gənclərin görüşlərini keçiririk. İstəyirik ki, gənclər 44 günlük Vətən müharibəsi haqqındakı həqiqətləri bu müharibənin qəhrəmnanlarının dilindən eşitsinlər, onlarla bilavasitə təmasda olsunlar.

 

27 sentyabr həm də şəhdilərimizi Anım Günüdür. Biz xalq və dövlət olaraq 27 sentyabr tarixində onların qəhrəmanlığını yad edir, onlara sevgi və ehtiramımızı bildiririk. Lakin bu da bir həqiqətdir ki, biz şəhidlərimizi hər gün yad etməli, onların tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliği ilə bağlı iş aparmalıyıq və aparırıq da. Sevindiricidir ki, demək olar ki, hər gün, hər həftə ölkə mediasında bu barədə çoxsaylı məqalələr yer alır, televiziyalarımızda şəhdilərimizlə bağlı süjetlər nümayiş etdirilir. Bir sıra orta məktəblərdə siniflərə şəhidlərin adının verilməsi, şəhid ailələri ilə görüşlərin keçirilməsi, şəhdilərimizlə bağlı sənədli filmlərin hazırlanması və s. buna nümunədir. Biz da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıə olaraq tez-rez şəhid ailələri ilə görüşlər keçirir, onları evlərində ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Bu, hər şeydən önzə bizim mənəvi borcumuz, vətəndaşlıq vəzifəmizdir.

 

Qeyd edək ki, Prezident İlham Əliyev bu il fevralın 14-də andiçmə məraisimindəki çıxışında bir daha şəhidlərə olan borcumuzu yada salmış, Qarabağa qayıdışımızın onların qəhrəmanlığı sayəsində reallaşdığını vurğulamışdır: “...Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.

 

Bu gün Azərbaycan xalqı Anım Gününü öz suverenliyini təmin etmiş bir ölkə olaraq qeyd edir. İnanıram ki, illər, əsrlər bundan sonra da xalqımız öz ərazi bütövlüyü və suverenliyini əzmlə qoruyacaq, öz həyatı bahasına ona azad, ləyaqətli həyat bəxş edən şəhidlərimizin xatirəsini hər zaman minnətdarlıq hissi ilə yad edəcək.

 

Polkovnik Cəlil Xəlilov

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icraçısı

 

2024-09-27 08:31:33
2818 baxış

Digər xəbərlər

Ulduz Səttar oğlu Kəngərli

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur.  1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir. 1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir. Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir. Ulduz Kəngərlinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri respublikanın müxtəlif sənaye müəssisələrində geniş tətbiq edilmişdir. Ulduz müəllim respublikada elmipedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, kafedranın əməkdaşlarının elmi səviyyələrinin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində böyük xidmətlərinə görə Böyük Vətən müharibəsi veteranı (bir sıra orden və medallarla təltif edilmişdir), əmək veteranı, texnika elmləri doktoru (1969), professor (1970). Ulduz Səttar oğlu Kəngərli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və kollektivi İkinci Dünya müharibəsi veteranı Ulduz Səttar oğlu Kəngərlinin vəfatindan kədərlənir, yaxınlarlna dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin.

Hamısını oxu
Yeni Azərbaycan Partiyası beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Yeni Azərbaycan Partiyası (YAP) Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar və Livandan erməni ailələrinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. AZƏRTAC YAP-ın saytına istinadla müraciətin mətnini təqdim edir. Təxminən otuz ildir ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini - Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlamaqdadır. Hərbi təcavüz siyasətinin davamı olaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş mövqeyini ələ keçirmək üçün 2020-ci il iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca artilleriya və minaatanlardan istifadə etməklə silahlı təxribatlar həyata keçirib. Döyüşlər zamanı Ermənistan hərbi qüvvələri Azərbaycanın Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli və Əlibəyli kəndlərini də atəşə tutaraq qəsdən mülki obyektləri hədəf alıb. Nəticədə, aralarında yüksək rütbəli hərbçilər də olmaqla, 12 azərbaycanlı hərbçi, eləcə də 76 yaşlı bir mülki şəxs qətlə yetirilib, çoxsaylı yaralananlar olub, fərdi evlər və xəstəxanalar da daxil olmaqla, mülki obyektlərə ciddi ziyan dəyib. Bu arada, dərin narahatlıqla o da qeyd edilməlidir ki, həmin günlərdə radikal erməni qrupları Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatına etiraz edən xaricdəki Azərbaycan icmalarının üzvlərinə, dinc azərbaycanlı nümayişçilərə, habelə respublikamızın bir neçə xarici ölkədəki diplomatik nümayəndəliklərinə qarşı zorakı əməllər törədiblər. Son erməni təxribatı işğal altındakı Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın ətraf rayonları ilə əlaqəli olmayan ərazidə, Cənub Qaz Dəhlizi də daxil olmaqla strateji regional enerji boru kəmərləri və nəqliyyat infrastrukturunun və Bakı-Tbilisi-Qars dəmir yolunun yaxınlığında törədilib. Ermənistan, həmçinin açıq şəkildə qarşıdurmanın əhatəsini genişləndirməyə və həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsini yeni səviyyəyə qaldırmağa çalışıb. Bu məqsədlə toqquşmalardan dərhal sonra Yerevan üzvü olduğu hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. İyulun ortalarındakı gərgin döyüşlərdən sonra Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədindəki vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan ordusu Azərbaycan tərəfinə atəş açmaqda və vəziyyəti ağırlaşdıra biləcək təxribat xarakterli əməllər törətməkdə davam edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupu Azərbaycanın Goranboy rayonu istiqamətində təxribat törətməyə çalışarkən həmin dəstənin komandiri Azərbaycan Ordusu tərəfindən ələ keçirilib. Yerevan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən istifadə edir. Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün bir fürsət kimi qiymətləndirib. Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı rejimin lideri Livandan olan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib və Ermənistanın İctimai Radiosunun yaydığı xəbərə görə, artıq bir neçə livanlı erməni ailəsi bölgədə yerləşdirilib. Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın bu məsuliyyətsiz davranışını qınamağa və bu ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı dörd qətnaməsini icra etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün xoşniyyətli danışıqlar aparmasını tələb etməyə çağırır. Azərbaycan münaqişənin bu çərçivədən kənar heç bir siyasi həll yolunu qəbul etmir və məhz bu anlayışa əsaslanaraq nizamlama prosesində iştirak edir. Buna görə də beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycana qarşı təcavüz əməllərinə görə qınaması son dərəcə vacibdir. Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkarlıq və işğal siyasətini qətiyyətlə pisləməyincə və bu ölkənin təhlükəli qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görməyincə, bütün bölgə davamlı olaraq dağıdıcı silahlı qarşıdurmalara sürüklənmə riski ilə qarşılaşacaq”.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər. Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən  gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub. Görüşün sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edərək onu 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.            

Hamısını oxu
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.    Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Hamısını oxu