Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar Unudulmur!

 

Avqustun 22-si...Bəzən təqvimdəki bir tarix, sadəcə bir gün deyil. Bəzən o gün bir millətin hekayəsini daşıyır. Bəzən bir tarix torpaqla, bayraqla, qanla, sədaqətlə yazılır. Bu gün biz dörd igid oğulun doğum gününü anırıq ömürləri qısa, izləri əbədi olan şəhidlərimizin...Onlar bir zamanlar dünyaya göz açmışdı. Körpəlik keçmiş, məktəb yollarında addımlamış, həyatın sadə sevincinə qovuşmağa çalışan uşaqlar olmuşdular. Amma alın yazıları fərqli idi. Onlar bu torpaq üçün doğulmuşdular. Onların yolunu tarix seçmişdi şəhidlik yolu ilə ucalan bir ömür...

Daşqın Şəfiyev – Laçında dayanan ürək

Əsgər Daşqın Hidayət oğlu Şəfiyev 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində dünyaya göz açdı. O, Vətən müharibəsinin ən çətin döyüşlərindən birində 5 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mərdliyi, səssiz qəhrəmanlığı və qətiyyəti ilə silahdaşlarının yaddaşında iz buraxdı.Daşqının adı təkcə ailəsinin yox, millətin fəxridir. Onun igidliyi "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədiləşdirildi. O, torpaq uğrunda döyüşdü, torpağa qovuşdu əbədi yaşamaq üçün...

Məhəmməd Məmmədli – Goranboy səngərində düşən ulduz

Məhəmməd Murad oğlu Məmmədli 1994-cü ilin bu günündə 22 avqust tarixində Mingəçevirdə dünyaya gəldi. Vətən müharibəsi başlananda, 21 sentyabrda hərbi xidmətə çağırıldı. Cəmi 11 gün sonra, 2 oktyabr 2020-ci ildə Goranboyun Kəhrilər istiqamətində mərmi partlayışı nəticəsində şəhid oldu.Onun əsgərliyi ömür qədər qısa, qəhrəmanlığı isə zaman qədər uzundur. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunması, onun igidliyinin dövlət səviyyəsində tanınmasıdır. Məhəmməd bu millət üçün yaşadı, bu Vətən üçün can verdi.

Elyar Məmmədov - Füzulidə yazılan bir ömür

Məmmədov Elyar Elbəyi oğlu 1990-cı ildə Biləsuvarın Ağalıkənd kəndində doğuldu. Sadə kənd həyatının içindən çıxan bu gənc, əsgərliyini tam şərəfi ilə başa vurdu. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdi və 27 oktyabrda şəhid oldu. Elyarın üzərinə düşən tapşırıqlar ən çətin olanlardandı  çünki o ixtisaslı hazırlıq keçmiş döyüşçü idi. Hər səngər, hər zirvə onu tanıyırdı. Onun qəhrəmanlığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ölümsüzləşdirildi. Elyar döyüşlərin sükutunda adını səsləndirdi.

Ruslan Binnətov - Ad günü səngərlərdə qaldı

Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Göygöl rayonunun Haça Qaya kəndində dünyaya gəldi. O, Vətən müharibəsinin son günlərində 9 noyabrda Xocavənd uğrunda döyüşdə qəlpə yarası alaraq şəhid oldu. Gənc yaşında, arzularının ən alisində  Vətən sevgisində canını verdi.Onun igidliyi "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirildi. Ruslanın həyatı qısa oldu, amma o, ömrünü bir millətin gələcəyinə çevirdi.Bu dörd oğul Daşqın, Məhəmməd, Elyar və Ruslan elə bu gün 22 avqustda doğulmuşdular. Onların doğum günü indi bir xalqın qürur günü, bir millətin yaddaş kitabındakı şanlı səhifədir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi sadəcə bir savaş deyildi  bu, bir millətin haqq hayqırtısı, ədalət çağırışı idi. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mülki əhalini, şəhər və kəndlərimizi ağır artilleriya və raket atəşinə tutması qarşısında Azərbaycan Ordusu səssiz qala bilməzdi. 44 gün boyunca səngərlər döyüşün, dağlar qələbənin, şəhidlər isə millətin hekayəsini yazdı. Bu müharibədə 2908 əsgər şəhid oldu. Dördü isə bu gün 22 avqustda doğulmuşdu.

Onların yaşının üstünə yaş gəlmir, onların  şəhid olduqları gündə donub qaldı. Amma adları  zamanla yarışır, xatirələri  xalqın ruhunda yaşayır. Bu gün onlar doğulmasaydı, bəlkə də biz bu azad səmanı, dalğalanan bayrağı, torpağımıza qayıdan ayaq izlərini görə bilməzdik. Onların doğumu  bir millətin taleyinə yazılmış qurtuluşdu. Bəzən tarix bir insanın doğumu ilə dəyişir. Bu gün o dörd doğum dörd istiqamətdən bir millətin qüruruna çevrilib.Qoy bu torpaq, bu millət, bu bayraq daim onların ruhu ilə ucalılsın. Ruhunuz qarşısında baş əyirik, igidlər. Ad gününüz həm mübarək, həm də əbədidir.

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-08-22 15:47:58
1653 baxış

Digər xəbərlər

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində geniş Novruz bayramı şənliyi keçirilib

Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə böyük bayram tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Türkiyə Səfirliyinin diplomatları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar,  Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə Novruz bayramı, “Şuşa ili” ilə əlaqədar, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib. Qonaqlar Bahar bayramı münasibəti ilə Mədəniyyət Mərkəzində açılmış “Bahar çələngi” sərgisi ilə də tanış olublar. İştirakçılar Novruza dair bayram xonçaları, şirniyyatlar, şəkərbura, paxlavaya qonaq ediliblər. İlk öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov milli bayramımız olan Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də  Türk dünyası ölkələrində qeyd olunması, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib. O, tarixi faktlardan sitat gətirərək Novruzun Türk dünyasında qədimdən qeyd olunduğunu, Mahmud Kaşqarinin “Devonu luğati türk” əsərində, Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında, Əbu Rayhan Biruni, Əlişir Nəvai, Zəhiriddin Baburun əsərlərində bu bayram haqqında məlumatların öz əksini tapdığını vurğulayıb. Samir Abbasov xalqlarımızın qədimliyini, zəngin mədəniyyətini, adət və ənənələrini nümayiş etdirən Novruz Bayramının Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, tanınmış alim Adxambek Olimbekov Azərbaycanın təşəbbüsü, Özbəkistanın və bir sıra digər dövlətlərin dəstəyi ilə 2020-ci ildə BMT Baş Məclisi yekdilliklə martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi tanınması ilə əlaqədar qətnamə qəbul etdiyini söyləyərək, Novruzun sülhə, dostluğa, əmin-amanlığa çağırış, yenilik və barış bayramı olduğunu qeyd ediblər. Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Dostluğun mədhi” musiqi klipi nümayiş etdirilib. Klipdəki musiqi Özbəkistanın xalq artisti Ramiz Usmanov və Özbəkistan Dövlət Uşaq Filarmoniyasının Xor Kapellası tərəfindən icra olunub. Bayram tədbirində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələrinin şeir kompozisiyası ilə davam edib, tələbələr Novruz bayramı və Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər səsləndiriblər. Özbəkistanın dünyada tanınmış, məşhur “Uzbegim Yoshları: Özbək gəncləri” musiqi qrupu tərəfindən Azərbaycan və Özbək mahnıları ifa olunub, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, bahara dair rəqslər təqdim ediblər.

Hamısını oxu
Məzarı Azərbaycan olan şəhid: Kazı Soltanov!

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də böyük qəhrəmanlıqlar göstərdiyi, öz igidliyi, mübarizliyi, rəşadət və cəsarəti ilə erməni faşizminə ölümcül zərbələr vurduğu şübhəsizdir. Məhz bütün bu qəhrəmanlıqların nəticəsidir ki, dünya gücləri tərəfindən açıq şəkildə dəstəklənən, əsrlər uzunudur ki, mübarizəyə hazırlaşan Ermənistan işağlçılıq müharibəsini sona qədər davam etdirə bilməmiş, 1994-cü ildə Azərbaycanın atəşkəs təklifini dəstəkləməyə məcbur olmuşdur. Birinci Qarabağ müharibəsində öz bənzərsiz igidliyi ilə adını tarixə yazdıran, ölümü ilə əfsanələşən belə qəhrəmanlardan biri də Soltanov Kazım Hacı oğlu olmuşdur. Sadə həyatdan ölümsüzlüyə uzanan yol... Kazım Soltanov 10 iyun 1949-cu ildə Kürdəmirdə anadan olub. Bundan bir il sonra, yəni 1950-ci ildə Kazım Soltanovun ailəsi Bakının Bülbülə qəsəbəsində məskunlaşıb. Əmircandakı 226 saylı məktəbin ilk məzunlarından olan Kazım, Suraxanıdakı 7 saylı peşə məktəbini bitirib. Bundan sonra Dzerjinski adına zavodda əmək fəaliyyətinə başlayıb.  Zavodda çalışdığı dönəmdə həm də öz təhsilini davam etdirməyə qərar verən Kazım, Bakı Maşınqayırma Texnikumuna daxil olur və bu təhsil müəssisisəni müvəffəqiyyətlə bitirir. Bundan sonra Kazım Soltanov sex həmkarlar təşkilatının katibi kimi əmək fəaliyyətini davam etdirir, öz çalışqanlığı, əməksevərliyi ilə rəhbərliyin diqqətini cəlb edir. Kazım Soltanov  peşəkarlığı və zəngin təcrübəsi ilə böyük perspektiv vəd etsə də, o, ötən əsrin 90-cı illərinin əvvəllərində alovlanan Birinci Qarabağ müharibəsinə biganə qala bilmir. Vətənin müdafiə və təhlükəsizliyini şəxsi kariyerasından üstün tutan Kazım Soltanov, könüllü şəkildə orduya qatılmağa qərar verir. Bununla da onun həyatında barıt qoxulu yeni bir dönəm başlayır. Hansı ki, bu dönəm Kazım Soltanovu ölümsüzlüyə qovuşdurur, onun sadə həyatına qəhrəmanlıq möhürü vurur. Atadan oğula miras qalan qəhrəmanlıq ənənəsi... 1991-ci ildə könüllü şəkildə Azərbaycan Milli Ordusuna qoşulan Kazım Soltanov bununla da İkinci Dünya müharibəsi veteranı olan atasının yolunu davam etdirmiş olur. 1991-ci ildə Şuşa, Umudlu, Kosalar və Qarabağın bir çox bölgəsində aktiv hərbi əməliyyatlarda yaxından iştirak edən Kazım Soltanov, öz ağlı, təcrübəsi, cəsarəti ilə burada da döyüşçü yoldaşlarının sevimlisinə çevrilir. Ona hörmət və ehtiram əlaməti olaraq “Qoca” ləqəbi verilir. Kazım Soltanov ağır müdafiə döyüşləri ilə yanaşı, həm də hücum əməliyyatlarında iştirak edir, vətən torpağının erməni işğalından müdafiəsi üçün əlindən gələni əsirgəmir. 1992-ci ilin 25 yanvar tarixində başlayan və 26 yanvar axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Kazım Soltanovun döyüş yolunda sonuncu hərbi əməliyyat olur. Şəhidliklə nəticələnən xilas əməliyyatı... Kəndin erməni işğalından azad edilməsi üçün hazırlanan “Daşaltı əməliyyatı” Qarabağın tacı sayılan, öz strateji əhəmiyyəti və qeyri-adi relyefi ilə fərqlənən Şuşa şəhərinin etibarlı müdafiəsi baxımından da olduqca əhəmiyyətli idi. Buna görə də Azərbaycan Ordusunun komandanlığı bu əməliyyata xüsusi önəm verir, kəndin azad edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırdı. Kəndin azad edilməsində Azərbaycan Ordusunun könüllülərdən ibarət üç bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. “Daşaltı əməliyyatı” xəyanət nəticəsində uğursuzluqla nəticələnsə də, Azərbaycan Ordusu bu döyüşdə düşmənin 80-dən çox hərbçisini, eləcə də bir neçə ağır texnikasını məhv etməyi bacardı. Əməliyyat zamanı Azərbaycan Ordusunun 90 nəfərdən artıq hərbçisi şəhid oldu, 72 əsgər və zabit isə itkin düşdü. “Daşaltı əməliyyatı” Kazım Soltanov üçün də son əməliyyat oldu. Döyüşün gedişində ağır şəkildə yaralanan Kazım Soltanov onu xilas etmək üçün gələn döyüş yoldaşlarının köməyindən imtina etdi. Onun belə bir qərar verməsinin səbəbi isə kifayət qədər sadə idi. Kazım Soltanov yaxşı başa düşürdü ki, əsgər yoldaşlarının qarlı havada, mərmi yağışı altında onu xilas cəhdi döyüş yoldaşlarının özlərinin həlak olması ilə nəticələnə bilər. Məhz buna görə də yoldaşlarının yardım təklifindən imtina edən Kazım, düşmən əlinə sağ keçməmək, eləcə də son nəfəsdə belə bir neçə düşmən əsgərinin həyatına son qoymaq üçün olduqca cəsarətli qərara imza atır. Kazım Soltanov düşmənlər yaxınlaşan zaman əlindəki qumbaranı partladaraq əbədiyyətə qovuşur. Partlayış nəticəsində Kazım Soltanov şəhidlik zirvəsinə yüksəlir, bir neçə düşmən əsgəri isə məhv olur. Ölümü ilə də düşmənləri dəhşətə gətirən məzarsız şəhid İntiharı ilə də düşmənlərə ölüm bəxş edən Kazım Soltanovun son addımı erməni faşistlərini dəhşətə gətirir. Düşmən Kazım Soltanovun timsalında bir daha Azərbaycan əsgərinin yenilməz, məğlubedilməz olduğuna şahid olur. Bu ay Kazım Soltanovun şəhadətinin 34-cü ili tamam olur. 34 ildir ki, şəhid olmasına baxmayaraq, Kazım Soltanovun məzarı yoxdur. Partlatdığı qumbara ilə sadəcə bədənini deyil,  qanını və ruhunu da bu torpağa qarışdıran, məzarı Azərbaycan olan Kazım Soltanovla bağlı ən ağrılı məqam isə onun hələ də heç bir fəxri adla təltif edilməməsidir. Ümid edirik ki, Kazım Soltanovla bağlı bu məqam əlaqədar qurumlar tərəfindən araşdırılacaq və məzarsız şəhidimizin qəhrəmanlığı lazımi səviyyədə qiymətləndiriləcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Komitə sədri: “Azərbaycan tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma prosesini uğurla həyata keçirir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə son səfəri ölkəmizin, kəlbəcərlilərin həyatında tarixi hadisələrlə yadda qaldı. Azərbaycanın ən füsunkar təbiətə malik bölgələrindən olan Kəlbəcər 32 ildən sonra öz doğma sakinlərinə qovuşdu. Bu sözləri AZƏRTAC-A-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib. “Kəlbəcər sakinləri, digər keçmiş məcburi köçkünlər kimi uzun illər ərzində doğma Vətən həsrəti ilə yaşayıblar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində evlərindən didərgin düşən kəlbəcərlilər bu günü böyük səbirsizliklə gözləyirdilər. İşğalın davam etdiyi illərdə dövlətimiz məcburi köçkünlərin sosial rifahını daim diqqət mərkəzində saxlayıb, onların məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri addımları atıb. Amma təbii ki, öz doğma torpaqlarına qayıtmaq əzmi bir gün də olsa onları tərk etmədi. Kəlbəcərlilər əmin idilər ki, Prezidentimizin qətiyyətli siyasəti, müdrikliyi sayəsində onlar öz doğma torpaqlarına qayıdacaqlar”, - deyə Şahin İsmayılov vurğulayıb. Ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinin dövlətimiz üçün ən prioritet məsələ olduğunu söyləyən komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti uzaqgörən və nəticəyə hesablanmış siyasəti ilə bu tarixi günü yaxınlaşdırdı. Prezident-Xalq-Ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” keçmiş məcburi köçkünlərin, o cümlədən kəlbəcərlilərin Vətən həsrətinə son qoydu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Xüsusilə “Dəmir yumruq” sayəsində Ermənistanın kapitulyasiya aktına imza atması ilə Kəlbəcər bir güllə atılmadan işğaldan azad olundu. Komitə sədri bildirib ki, iki il əvvəl bütün dünya ordumuzun qüdrəti sayəsində dövlət suverenliyimizin tam bərpa olunması istiqamətində növbəti tarixi Qələbəmizə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan dövlət suverenliyinin, konstitusiya quruluşunun tam bərpası ilə nəticələndi. Bu gün Azərbaycan Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə əzəmətlə və qürurla dalğalanır. Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya nəticəsində bölgədə sabitlik və təhlükəsizliyin əldə edilməsi, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaradılması, sülhün təmin olunması üzrə tarixi addımların atıldığını söyləyən Şahin İsmayılov deyib: “Azərbaycan, eyni zamanda, tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma fəaliyyətini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətli və genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının diqqəti və birbaşa nəzarəti ilə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, tarixi torpaqlarımızın yüksək inkişaf etmiş regiona, mühüm turizm məkanına çevrilməsi istiqamətində əsaslı addımlar atılır”.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Şəhidlərimizin vətən uğrunda göstərdikləri fədakarlıq xalqımızın tarixində unudulmaz yer tutur

Səfa  Axundov: Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir.                                            Şəhidlərin al qanı ilə tarix yazılır! Bu, yalnız bir ifadə deyil, xalqımızın qəhrəmanlıq və fədakarlıq ruhunun əksidir. Hər bir şəhid, öz həyatını fəda edərək, müstəqillik və azadlıq uğrunda iz qoymış olur. Onların qanı, yalnız torpağa düşmür, xalqın ürəyinə, yaddaşına köçən və gələcək nəsillərə miras qalan yadigardır. Azərbaycanın müstəqilliyinin qorunması və azadlığının əldə edilməsi, heç vaxt asan olmamışdır. Bu yolu qət edən, xalqımızın birliyi və əzmi ilə döyüşən şəhidlərimizin fədakarlığı, heç vaxt yaddan çıxmayacaq. Onlar yalnız döyüş meydanlarında deyil, həm də hər birimizin qəlbində əbədi olaraq yaşayırlar. Onların qanı, Azərbaycanın hər qarış torpağının müstəqil və azad qalması üçün dökülüb, həmin torpaqlarda yeni tarixlər yazılıb. Azərbaycanın Zəfər tarixində Azərbaycanın Milli Qəhrəmanı  Səfa Axundovun da adı qızıl həriflərlə yazıldı.1958-ci ildə dünyaya göz açan Səfa Fətulla oğlu Axundov hələ uşaqlıq çağlarında orta məktəbdə təhsil aldığı illərdə təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzusu onu 1975-ci ildə Bakı aeroportuna gətirmiş və burada əmək fəaliyyətinə başlamışdı. Bir ildən sonra Orenburq şəhərində Mülki Aviasiya Məktəbinə qəbul olunmuşdu. Məktəbi bitirərək, təyyarəçi ixtisasını qazanmışdı. Vətənə qayıtdıqdan sonra, Bakıda 3 saylı Birləşmiş Aviadəstəsinin AN-2 təyyarəsində pilot köməkçisi kimi əmək fəaliyyətini davam etdirmişdi.Səfa Axundov 1982-ci ilin noyabr ayında Riqa şəhərinə köçmüş və 39 saylı Orta Texniki Peşə Məktəbində müəllim işləməyə başlamışdı. O, buraya bir müddət işlədikdən sonra Ali Mülki Təyyarəçilər məktəbinə daxil olmaq, ixtisasını artırmaq məqsədilə gəlmişdi. Həmin il Mülki Təyyarəçilik İnstitutunun qiyabi mexanika fakültəsinə qəbul olunmuşdu.Qarabağ hadisələri başlananda Səfa Axundov hədsiz dərəcədə hiddətləndirirdi. Gecə-gündüz Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, azadlığı barədə düşünürdü. Bilirdi ki,  gec-tez SSRİ dağılacaq. Doğma Azərbaycanı qorumaq lazımdır. Əsgərlərimiz sovet ordusu sıralarında xidmətdən boyun qaçırıb, Vətənə qayıtmalıdırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar birləşməli, doğma torpaqlarımızı qorumalı, ölkəmizin suveren, demokratik bir respublikaya çevrilməsi naminə var qüvvə ilə çalışmalıdırlar. Bu məqsədlə ilk növbədə informasiya mühasirəsindən çıxmalı, ermənilərin yalan məlumatlarını alt-üst etməli, dünyanın hər yerində Azərbaycan barəsində həqiqətin geniş yayılmasına nail olmalıyıq. Bu məqsədlədə Səfa Axundov Latviyanı qarış-qarış gəzib dolaşdı, burada yaşayan azərbaycanlılarla görüşüb, onlara öz məqsədini bildirdi. Qərib eldə yaşayan azərbaycanlılar Səfanın nəcib təşəbbüsünü bəyəndilər, yumruq kimi birləşdilər. 1988-ci ilin noyabr ayında Riqada “Dostluq” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradıldı. Səfa Axundov cəmiyyətin ilk sədri seçildi. Cəmiyyət Azərbaycanı dünyada tanıtmaq, Dağlıq Qarabağ barəsində həqiqəti yaymaq, erməniləri ifşa etmək sahəsində böyük işlər görürdü. Səfa Axundov o vaxtlar tez-tez Bakıya gəlir, kütləvi informasiya vasitələrində çıxış edir, Latviyadakı cəmiyyətlə Azərbaycanın əlaqələrini möhkəmləndirirdi. Təəssüf ki, bəzi partiya-sovet rəhbərləri cəmiyyətin sədrinə köməklik göstərmir, əksinə, “millətlər arasına ədavət toxumu səpmə” deyə onun işlərinə mane olurdular. Lakin Səfa Axundov ruhdan düşmür, Azərbaycanın qeyrətli övladları ilə sıx əlaqə saxlayırdı. Sonralar vahid Azərbaycan ideyasını nümayiş etdirmək məqsədilə cəmiyyətin adı dəyişdirilib, Latviya-Azərbaycan Əlaqələr Cəmiyyəti adlandırıldı. Cəmiyyətdə aparılan struktur dəyişikliyi onun fəaliyyət dairəsinin daha da genişlənməsinə səbəb oldu. Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün ağırlaşdırırdı. Ermənilərin tərəfini açıq-aşkar saxlayan Qorbaçov hökuməti 1990-cı il yanvarın 20-də Bakı qırğınını törətdi. Bununla da bütün dünyaya, bilməyənlərə də bəyan oldu ki, Moskva ermənilərin arxasında durub. Dünya miqyasında erməni diasporuna, onların güclü tərəfdarlarına, qorbaçovlara, sovet imperiyasına arxalanan ermənilər Dağlıq Qarabağda və sərhəd bölgələrində Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqınlar edir, kəndləri, evləri yandırır, talan edir, günahsız adamları qətlə yetirir, girov aparırdılar. Erməni təcavüzünün getdikcə genişlənməsi, düşmənin azğın hərəkətləri Azəbycan xalqının qeyrətli oğllarının səbrini tükəndirmişdi. Səfanın Axundov 1990-cı ilin iyun ayında cəmiyyətin keçirilən yığıncağında Azərbaycanın içtimai-siyasi vəziyyəti barədə geniş nitq söyləyib, axırda belə bir nəticəyə gəldi: “Vətən ağır vəziyyətdədir. Onun heç bir arxası yoxdur. SSRİ-nin bütün yerlərində ordu arasında aparılan iş genişləndirilməli, azərbaycanlı əsgərlərin Vətənə qayıtması təmin edilməlidir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. Məsələn, mənim özümdən danışaq. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Vicdanım məni rahat buraxmır. Günü sabahdan mən Vətənə yola düşməliyəm. Siz də yaxşı-yaxşı fikirləşin, mənim əzizlərim! Kimin hərbi təcrübəsi, biliyi, baçarığı vardısa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”. Səfa Axundov 1990-cı il də Vətənə qayıtdı. O, əvvəlcə AN-2 təyyarəsində işə qəbul edildi. Lakin bu iş onun ürəyincə deyildi. Müdafiə Nazirliyinə üz tutaraq onun kömək məqsədilə mühüm işə qəbul olunmasını xahiş etdi. Çox keçmədən Səfa Axundov Zabratdakı “Azalaxti” şirkətinə məxsus Mİ-8 vertolyotunda ikinci pilot vəzifəsinə təyin olundu. Səfa Axundov Bakı-Ağdam marşrutu üzrə fəaliyyət göstərirdi. Lakin bu iş də onun ürəyini açmırdı. Səfa son dərəcə təhlükəli hesab edilən Dağlıq Qarabağ səmasında uçmaq, burada ağır vəziyyətdə yaşayan soydaşlarımıza köməklik göstərmək istəyirdi. Xalqımızın vətənpərvər oğlunun bu arzusu da nəzərə alındı. Səfa Axundov 1992-ci il yanvarın 27-də Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edildi. Onun ürəyi düşmənə nifrət, doğma xalqına məhəbbət və sədaqət hissi ilə döyünürdü. O, 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etdi.Yorğun olmasına baxmayaraq “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər” deyərək yenidən səmaya qalxdı. Artıq Şuşaya yaxınlaşırdı bu zaman Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Vertolyotu idarə edən üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.Bu, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi. 1992-ci il yanvarın 30-da xalqımızın qəhrəman oğlu Səfa Axundov iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudovla birlikdə Bakıda “Şəhidlər xiyabanında torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Səfa Fətulla oğlu Axundova göstərdiyi şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hər bir şəhidin apardığı mübarizə, yalnız bir torpağın müdafiəsi deyil, həm də azadlıq və müstəqillik uğrunda döyüşdür. Bu qəhrəmanlar, yalnız döyüş meydanında deyil, xalqın ürəyində də əbədi iz buraxırlar. Bu cür fədakar və qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın müstəqil dövlət olaraq dünyada mövqeyinin möhkəmlənməsinə, xalqın özünə güvəninə və torpaqların yenidən azad edilərək, qorunmasına böyük töhfə vermişdir. 44 günlük tarixi Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Şəhidlərimiz qanı yerdə qalmadı, çünki hər bir şəhidin qəlbi, onun mübarizəsi və döyüşü əsasında Azərbaycan torpaqları əbədi olaraq azad oldu. Göstərdikləri qəhrəmanlıq və fədakarlıq, Azərbaycanın müstəqil və güclü dövlət kimi gələcəyini təmin etməyə yönəlmiş əbədi bir addım oldu. Ərazi bütövlüyümüz uğrunda canını fəda edən qəhrəmanların arzusunu gerçəyə çevirdi. Şəhidlərimiz bizim qəlbimizdə, tariximizdə yaşayacaq və biz onların xatirəsini daima uca tutacağıq.                                                               Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                                              polkovnik    Cəlil Xəlilov

Hamısını oxu