Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Nəsillərin görüşü: Azərbaycan veteranları və vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib

16 fevral 2022-ci il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Müdafiə Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü: Azərbaycan veteranları və vətənpərvərlik tərbiyəsi”  mövzusunda tədbir keçirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində baş tutan tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, veteranların vətənpərvərlik tərbiyəsindəki rolu, dövlətimizin gənclər siyasəti, Müzəffər Ali Baş Komandanın Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışından irəli gələn vəzifələrin icrası istiqamətində atılması gərəkən addımlar müzakirə edilib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Daha sonra Azərbaycan Rerspublikasının Dövlət Himni səslənib, vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

“Veteran adını, onun müqəddəsliyini qorumalıyıq!”

 

Polkovnik Cəlil Xəlilov dövlətin gənclərə olan diqqət və qayğısından bəhs edib, eyni zamanda gənclər qarşısında dayanan vəzifələrə toxunub:

 

“Hörmətli tədbirlər iştirakçıları!

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib, gənclərin ölkə həyatındakı roluna, eyni zamanda onlar qarşısında dayanan vəzifələrə toxunub.

Xatırladım ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Lakin gənclərin missiyası bununla bitmir. Bu gün Azərbaycan gəncləri işğaldan azad edilən ərazilərdəki böyük quruculuq prosesində aktiv iştirak etməklə yanaşı, Azərbaycanın müstəqilliyinə, dövlətçilik maraqlarına düşmən olan qüvvələrə qarşı da mübarizələrini davam etdirməli, bundan sonra da dövlətçilik maraqlarımızın keşiyində ayıq-sayıq dayanmalıdırlar. Təəssüflər olsun ki, bəzən özünü qazi kimi təqdim edən müəyyən şəxslərin dövlət qurumlarına qarşı qanunsuz tələblər irəli sürməsi, aqressiya sərgiləməsi müşahidə edilir. Hər kəs bilməlidir ki, bütün hüquq və imtiyazlar qanunla tənzimlənir. Əgər hansısa vətəndaşın, yaxud qazinin hüququ pozulubsa, nədənsə narazıdırsa, bunu hüquqi yolla, qanuni şəkildə tənzimləməli, həmin problemi əlaqədar dövlət qurumlarına müraciət edərək həll etməlidir. Biz veteran adını, onun müqəddəsliyini qorumalı, atdığımız hər bir addımda bu ada layiq olmağa çalışmalıyıq”.

 

“44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı”

 

Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov da Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən söz açıb, xalqın müharibədə ordunun yanında yer aldğını, hər vasitə ilə Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik sərgilədiyini bildirib:

“44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı. Xalq çətin gündə öz ordusunun, Ali Baş Komandanının yanında oldu, düşmən üzərində zəfərin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Məhz xalqın dəstəyi ilə biz düşmənə layiq olduğu dərsi verdik, işğaldakı torpaqlarımızı azad etdik.

Azərbaycan dövləti hər zaman veteranlara diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıb. Bu işlər bu gün də davam edir. Mən buna görə Azərbaycan dövlətinə öz minnətdarlığımı bildirir, gənclərimizi bundan sonra da dövlətimizə dəstək verməyə, onun müstəqilliyinin, təhlükəsizliyinin keşiyində dayanmağa səsləyirəm”.

 

“Müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalıyıq”

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərin 44 günlük Vətən müharibəsində sadəcə ön xətdə deyil, informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə apardığını bildirib:

“44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyk qəhrəmanlıq və fədakarlıq sərgilədi, düşməni qısa zamanda darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Xalqımızın, gənclərimiz Azərbaycan ordusunun, onun Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu tarixi qələbəyə öz töhfəsini verdi. Bu, Azərbaycanın son 200 illik tarixinin ən böyük qələbəsidir. Bizim hər birimizin müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalı, milli maraqlarımızın keşiyində dayanmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuz, vicdan borcumuzdur. İnanıram ki, gənclərimiz hər zaman olduğu kimi bundan sonra da dövlət maraqlarımızın keşiyində duracaq, dövlətimizi zəiflətməyə, onun imicinə kölgə salmağa cəhd edən qüvvələrə layiqli cavab verəcəklər”.

 

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Vətən müharibəsi qazisi Kənan Kərimli, Elnur İsgəndərov və digərləri çıxış edib.

 

Vətən müharibəsi qaziləri onları maraqlandıran məsələlərlə bağlı təşkilatçılara suallar ünvanlayıb, milli maraqlarımızın keşiyində dayanmaqlarından qürur duyduqlarını bildiriblər.  Tədbirin sonunda  hərbi-vətənpərvərlik mahnısı ifa edilib, xatirə şəkli çəkilib.

 

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Səbail, Nəsimi, Nizami və Yasamal Rayon Veteranları Təşkilatının nümayəndələri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, gənclər, tələbələr və qazilər iştirak edib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

 

2022-02-16 15:08:00
2134 baxış

Digər xəbərlər

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində görüş keçirilib

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində  Birliyin sədri polkovnik Cəlil Xəlilov və “Alyans”   Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abasov arasında görüş keçirilmişdir. Ölkəmizdə veteranlar təşkilatının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən polkovnik Cəlil Xəlilov  cənab Prezident İlham Əliyevin və  Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşkilata göstərdikləri dövlət dəstəyini vurğuladı.   Görüşdə Təşkilatın sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib.     Həmçinin görüşdə hər iki təşkilatın arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Hamısını oxu
Bakı İdman Sarayında “Şuşa ili”nə həsr edilən möhtəşəm idman yarışı...

26-28 fevral 2022-ci il tarixlərində, Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyası tərəfindən “Şuşa ili”nə həsr edilmiş, Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 26-cı açıq respublika çempionatı və birinciliyi keçirilir Azərbaycan Kempo Federasiyası, Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəliyi, V & A Law Consulting Group -un rəsmi tərafdaşlığı ilə 26-cı açıq respublika çempionatı və birinciliyində paytaxtla yanaşı, Respublikanın ən güclü 350 idmançısı mübarizə aparır. Qalib idmançılar yığma komandanın tərkibində yer alaraq, 2022-ci il üçün Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər deyə Federasiya rəsmisi Vüsal Abdullazadə bildirib. Vüsal Abdulazadə qeyd edib ki, bugünün sağlam gənci, dövlətimizin gələcəyi, sabahımızın təminatçılarıdır: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, xalqımız 2022-ci ildə Pənahəli xanın 1752-ci ildə təməlini qoyduğu Şuşanın yubileyini böyük təntənə ilə qeyd edəcək. Dövlətimizin başçısı bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa ili” elan Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyası tərəfindən “Şuşa ili”nə həsr edilmiş, Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 26-cı açıq respublika çempionatı və birinciliyi edib. Bu xəbər hər bir vətənpərvər insan kimi, məni də çox sevindirdi. Ona görə ki, Şuşa adi şəhər deyil. Bu gözəl və ecazkar şəhər bizim milli musiqimizin beşiyidir, mədəniyyətimizin tacıdır. Mən inanıram ki, 2022-ci il təkcə Şuşa, Qarabağ üçün deyil, bütövlükdə ölkəmiz üçün çox uğurlu il olacaq. Təsadüfi deyil ki, Prezident xalqa müraciətində demişdir: “Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Məlum olduğu kimi, bu il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər. Dövlətimizin başçısı Şuşanın məşhur Cıdır düzündə parlaq, dərin məzmunlu çıxış edərək deyibdir: “Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Prezident İlham Əliyev Cıdır düzündəki tarixi çıxışında həmçinin vurğuladı ki, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Azərbaycan xalqı Qarabağı şəhidlərinin canı-qanı bahasına azad edibdir. Qoy bunu hamı bilsin: heç bir qüvvə bundan sonra bizi Şuşadan, Qarabağdan ayrı sala bilməz! Bəllidir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi birləşdi. O yerdə ki, milli birlik, həmrəylik var, orada həmişə uğur və qələbə olacaq. Biz bu xoşbəxtliyə xalq-iqtidar birliyi sayəsində nail ol-muşuq. Bəli, biz birlikdə güclüyük! Bu həqiqəti heç vaxt unutmamalıyıq. Bu yerdə bir məqamı da vurğulamaq istərdim. Azərbaycan xalqı bu gün işğaldan azad edilmiş ərazilərdə böyük həvəs və şövqlə qurub-yaratmaqla məşğuldur. Prezident İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan dövləti və xalqımız regionda ədalətli və davamlı sülhün bərqərar olunması üçün çalışır. Sonda demək istəyirəm ki, 2022-ci ilin “Şuşa ili” elan edilməsi xalqımız üçün çox əlamətdar hadisədir. Əminəm ki, bu il ölkəmizin uğurları daha da artacaq, xalqımızın inkişaf və intibahı sürətlənəcək”. Federasiyanın prezidenti, Əməkdar Bədən tərbiyəsi və idman xadimi Tarverdi Allahverdiyev idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Məlum olduğu kimi, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 illiyini böyük təntənə ilə qeyd edəcəyik. Bu ilin “Şuşa İli” elan olunması isə bütün xalqımız üçün cari ildə görüləcək işlərin əhəmiyyətini daha da artırır. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir. Daha sonra isə digər rəsmilər, şəhid ailələri və qazilər çıxış edərək idmançılara uğurlar arzu ediblər.            

Hamısını oxu
Şəhid Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub

  Veteran.gov.az xəbər verir ki, Goranboy rayonunda Vətən müharibəsi şəhidi Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub. Bu barədə Goranboy rayon Gənclər və İdman İdarəsinin sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir:   “19 sentyabr 2021-ci il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsi, Rayon İcra Hakimiyyətinin əməkdaşı və bir qurup gənc könüllülərlə birgə Vətən Müharibəsi şəhidi, rabitə xidmətinin rəisi mayor Məmmədov Əlövsət Əli oğlunun məzarı və ailəsi ziyarət olunub.   Məmmədov Əlövsət Əli oğlu 28.02.1988-ci il tarixdə Goranboy rayon Muzdurular kəndində doğulub, 44 günlük Vətən Müharibəsində qəhramancasına şəhid olub, 09.11.2020-ci il tarixdə dəfn olunub.   Ailəlidir, 3 övladı var.   Şəhidimizin kiçik oğlu Sənanın bu gün doğum günüdür. Bu münasibətlə ona ad günü hədiyyəsi təqdim edilib.   Şəhid ailəsilə görüşdə atası Əli Məmmədov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb.Onlara əmanət olan şəhidimizin övladlarını da vətənə layiqli övlad kimi böyüdəcəyini bildirib. Şəhidimizin övladları da gələcəkdə ataları kimi hərbiçi olacaqlarını deyiblər.   Doğum günü münasibətilə qəhraman şəhidimizin övladı Sənan balanı təbrik edir, cansağlığı və  uzun omur arzu edirik.   Allah bütün şəhidlərimizə rəhmət eləsin!”  

Hamısını oxu
“2025-ci il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün uğurlu olub”

Cəlil Xəlilov: “Cari ildə daha böyük hədəflərə nail olmaq əzmindəyik” 2025-ci il başa çatıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla söhbətimizdə 2025-ci ildə görülən işlərə qısa da olsa nəzər salmağa çalışdıq: -Сəlil müəllim, 2025-ci il başa çatdı. Ötən il rəhbəri olduğunuz təşkilat üçün  hansı hadisələrlə əlamədar oldu? -Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr  2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənəli qeyd olundu. 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasıdna sülh müqaviləsimətninin paraflanması da bu ilin ən mühüm hadisələrindən biri oldu. İşğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri bu il də tam vüsətlə davam etdirildi, onlarla müəssisəsnin, yaşayış binasının, yol və körpünün açılışı reallaşdı. Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Bir sözlə, 2025-ci ildə dövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədər uğurlu oldu. -2025-ci ili rəhbəri olduğunuz Təşkilatın fəaliyyəti baxımından nə dərəcədə uğurlu hesab edirsiniz? -2025-ci il Təşkilatımız üçün də uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını,  beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir. Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyaban ziyarət edilərək Ulu öndərin xatirəsi ehtiramla yad edilmişdir. Hər il olduğu kimi 2025-ci ildə də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır. -Təşkilatınıza yeni üzvlərin qəbulu ilə bağlı vəziyyət necədir? -Ötən dövrdə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı,  40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü,  6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir. Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir. -2025-ci ildə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində hansı işlər görülüb? -Hesabat ilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə  Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü  Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları   haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir. -Veteranların müalicəsi və istirahətinin təmini istiqamətində necə hansısa addımlar atıldımı? -Şübhəsiz. 2025-ci il ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520  nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla  “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir. Müalicəyə ehtiyacı olan bir çox veteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətlər edilmiş, onların müalicəsi istiqamətində konkret addımlar atılmışdır. Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir.    -Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının beynəlxalq müstəvidə də aktiv fəaliyyət göstərdiyi məlumdur. Maraqlıdır, Təşkilatınız  beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı bu il hansı yeniliklərə imza atıb? -2025-ci ildə İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir.   II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda, Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın iştirakı təmin edilmiş, müzakirələr zamanı aidiyyəti üzrə tərəfimizdən konkret təkliflər irəli sürülmüşdür.. Hesabat ilində  Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir.  Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir. Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir.  -Cəlil müəllim, mümkünsə bir qədər də Təşkilatın media ilə əməkdaşlığı, informasiya təminatındakı fəaliyyəti haqqında məlumat verərdiniz.  -2025-ci ildə İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib. Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin,   foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir. Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın  “ Az TV ”,  “ Real TV ”-də,  “ Yeni TV” youtube kanalında, “ AzərTac ”, “ Moderator.az”,  “ AzadMedia.az ”,  “ İki sahil ”,  “ Trend ”,  “Redaktor.az ” , “ 24 informedia.az ”saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir. 2026-cı ildə bütün digər müstəvilərdə olduğu kimi, informasiya sahəsində də fəaliyyətinizimi genişləndirməyi hədəfləyirik. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu