Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ASCO və MEDİA jurnalistlər üçün təlim keçirib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.

 Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə 20 müxtəlif çap və online mediasını təmsil edən jurnalist iştirak edib.

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsindən ibarət olduğunu bildirib. O əlavə edib ki, belə təlimlər gələcəkdə silsilə şəkildə təşkil olunacaq.

 

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur. Pərvanə İbrahimova ASCO ilə birgə keçirilən təlimin də bu baxımdan jurnalistlər üçün faydalı olacağına əminliyini ifadə edib

Təlim çərçivəsində ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa, təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər. 

 

İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Yekunda  iştirakçıların təlimi necə mənimsədiyini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılıb. Təqdimatlara uyğun jurnalistlərə 20 sual verilib. “Azadmedia.az” saytından Elnurə Abuşova, “Manşet.az” saytından Gülçin Nağıyeva, “Calibr.az” saytından Timur Rzayev suallardan 18-nə düzgün cavab verməklə ən yüksək nəticə göstəriblər.

 

Sonda təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.

2022-03-02 11:36:00
1628 baxış

Digər xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

2020-ci il oktyabrın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşmüşdür. Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, erməni tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırmışdır. Əli Nağıyev qeyd etmişdir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir. Hətta atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibb xidməti qulluqçusu ağır yaralanmışdır. Həmçinin oktyabrın 11-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə məruz qalmış, nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olmuş, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər yaralanmışdır. Vurğulanmışdır ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmış, 1200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılmışdır. Həmçinin Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirmişdir ki, Ermənistan hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbiçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi pozulduğunun sübutudur. Ermənistanın beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymamasına baxmayaraq, meyitlərin dəyişdirilməsi, əsir və girovların azad edilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilmişdir. Sonda Komissiya sədri Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair faktları xanım Arian Bauerə təqdim etmiş, BQXK-nı Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarına obyektiv qiymət verməyə çağırmışdır. Xanım Arian Bauer BQXK və Dövlət Komissiyasının qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. 

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ümummilli liderin məzarını ziyarət edib, məzar önünə çələng və gül dəstələri qoyublar.   Daha sonra veteranlar görkəmli akademik Zərifə Əliyeva və tanınmış dövlət xadimi Əziz Əliyevin də məzarlarını ziyarət ediblər.  Fəxri Xiyabanda veteranlar qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Ulu öndərin tarixi xidmətlərinə diqqət çəkib, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların arxasında Heydər Əliyev siyasi kursunun dayandığını bildirib.  Veteranlar həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun məzarını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidə kompleksini, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın, Respublika Veteranlar Təşkilatının sabiq sədrləri Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də polkovnik Rzaqulu Quliyevin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiram hissi ilə yad ediblər.  

Hamısını oxu
“Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib

Veteran.gov.az xəbər verir ki, iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Forum Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, hər iki təşkilatın rəhbər heyəti, ölkə üzrə bütün filiallarının sədri, digər qeyri-hökumət təşkilatlarının sədrləri, ağsaqqallar və veteranlar iştirak edib. Forumun keçirilməsində əsas məqsəd ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin aktivliyini artırmaq, onlar arasıdna əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin veteran və ağsaqqalların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaqdır. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhdilərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ağsaqqalların və  veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. Vüsal Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidir. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”. V.Quliyev ağsaqqaların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”. Şəhid ailələrinə, müahribə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Vüsal Quliyev bildirib ki, şəhid ailələri və veteranlarla bağlı əlaqədar qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev çıxışında Azərbaycan milli mentalitetinə uyğun olaraq ağsaqqalların cəmiyyətdə böyük nüfuza sahib olduğunu xatırladıb, onların veteranlarla birgə fəaliyyətinin önəminə toxunub. Millət vəkili bildirib ki, həm ağsaqqallar, həm də veteranlar gənc nəslin vətənprəvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmalı, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova cəmiyyətin bütün təbəqlərinin dövlətə, onun Prezidentinə dəstək olmasının vacibliyini bildirib. Fatma Səttarova qeyd edib ki, bu məsələdə həm ağsaqqallar, həm də veteranlar aktiv olmalı, gənclərə yol göstəməli, onlar üçün nümunə olmalıdırlar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov indiki dönəmdə həm ağsaqqalların, həm də veteranların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polkovnik qeyd edib ki, dövlətimizə, xalqımıza qarşı müxtəlif təxribatların davam etdiyi bir zamanda həm ağsaqqallar, həm də veteranlar koordinasiyalı fəaliyyət ortaya qoymalı, cəmiyyəti milli maraqlarımızın müdafiəsində səfərbər etməlidir. Cəlil Xəlilov çıxışının sonunda Forumun keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə öz təşəkkürünü bildirib. Forumda millət vəkili Eldar İbrahimov, sabiq təhsil naziri Misir Mərdanov, Respublika Veteranlar Təşkilatının Lənkəran rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Nərimanov Rayon Təşkilatının sədr müavini Kamil Babayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Abşeron Rayon Təşkilatının sədri Qabil Qocayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Veteranları Təşkilatının sədri Ağalar Əliyev, Qarabağ qazisi Rey Kərimoğlu və başqaları çıxış edib. Tədbirdə çıxış edən ağsaqqallar və veteranlar Forumun önəminə toxunub, hər zaman olduğu kimi bundan sonra da dövlətə, onun Prezidentinə dəstək verəcəklərini vurğulayıblar. Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının sevilən ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.  

Hamısını oxu
Rusiya Federasiyasının Azərabycan Respublikasındakı səfiri Respublika Veteranlar Təşkilatında olub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Boçarnikov Mixail Nikolayeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə 02 mart 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, alman faşizmi üzərində qələbənin qazanılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmışdır. Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışan sədr, ölkələrimizin veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini xüsusi vurğulamışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Azərbaycan milli diviziyalarının şərəfli döyüş yolları barədə ətraflı məlumat vermişdir.   Səfir Mixail Boçarnikov Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq bildirmişdir. O, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyədə olduğunu, alman faşizmi üzərində qələbənin qazanılmasında iştirak etmiş bütün insanların xatirəsinin rus xalqı üçün daim əziz olduğunu xüsusi qeyd etmişdir.

Hamısını oxu