Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Abşeron rayonunda şəhid ailələri və qaziləri üçün Novruz şənliyi keçirildi

Veteran.gov.az xəbər verir, Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.

Dədə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır.

Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır.

Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir.

Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər.

Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur.

Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etməkdədirlər.

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları ifadə etmişlər.

Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.

 

1211 baxış

Digər xəbərlər

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedəcək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar olub”. C.Xəlilov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya fövqəladə vəziyyət elan edilmədən yeridilən keçmiş SSRİ-nin hərbi birləşmələri şəhərdə əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR konstitusiyalarını kobud surətdə pozublar. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi əksəriyyəti ermənilərdən ibarət olan, xalqımızın qanına susamış vəhşi cinayətkarlar idi. “Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək xalqla birgə olduğunu bildirib. Dahi rəhbər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham edib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd ediblər.

Hamısını oxu
XXI əsrin qəhrəmanı Sizsiniz, cənab Ali Baş Komandan! - Prezidentə yazırlar

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər. Publika.az məktublardan bəzilərini təqdim edir: "Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir" Zaur Spivakdan, Berlin, Almaniya: "Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizin Azərbaycan naminə gördüyünüz bütün işlər xalqımız tərəfindən dəstəklənir. Qələbə ilə başa çatan 44 günlük müharibədə Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir. Həmin günlərdə biz- Vətəndən kənarda yaşayan azərbaycanlılar - Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları Vətənin bu məsuliyyətli günlərində üzərimizə düşən vəzifəni dərk edərək Azərbaycanın haqlı mübarizəsini, öz torpaqlarını işğaldan azad etmək haqqının olduğunu yaşadığımız ölkələrin, şəhərlərin müxtəlif orqanlarına çatdırmağa səy göstərdik, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavablar verdik. Azərbaycan diasporu daim Sizin qayğı və diqqətinizi hiss edir. Bu il “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunan soydaşlarımızın adları içərisində mənim də adımın olmasından qürur və fərəh hissi keçirdim. Bu, Sizin və dövlətimiz tərəfindən mənim fəaliyyətimə verilən yüksək qiymətdir. Cənab Prezident! Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, daim Vətənimizin yanında olaraq, ölkəmizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əlimdən gələni edəcəyəm". "Rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusunun uğuru bizi çox sevindirdi" Cavid Çağlardan, İstanbul, Türkiyə: "Hörmətli cənab Prezident, dəyərli qardaşım, Sizi Ermənistanın işğalına qarşı mübarizədə qazandığınız Qələbə münasibətilə təbrik edir və alqışlayıram. Rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusunun uğuru bizi çox sevindirdi. Atanızın yaxın dostu olaraq Sizi və Azərbaycan xalqını təbrik edir, yeni ilinizin uğurlu olmasını arzu edirəm". "Mən fəxr edirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşıyam" Xədicə Məmmədəliyevadan, Tərtər, Azərbaycan: "Hörmətli cənab Prezident. Xalqımıza yaşatdığınız tarixi Zəfər üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Bu 30 ildə bizlərə- məcburi köçkünlərə böyük diqqət və qayğı göstərmisiniz. Mən fəxr edirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşıyam. Sizə uzun ömür cansağlığı arzulayıram". "Siz xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyaraq tarixi ədaləti bərpa etdiniz" Baba Əliyevdən, Bakı, Azərbaycan: "Möhtərəm cənab Prezident! Hər bir azərbaycanlının əbədi qürur duyacağı Müzəffər Ali Baş Komandan! Başa vurduğumuz 2020-ci ildə istər çoxşaxəli islahatlar və pandemiya ilə mübarizədə öncül rəhbər, istərsə də müzəffər lider və Azərbaycan xalqının amalını gerçəkləşdirən şəxsiyyət kimi könülləri yenidən fəth etdiniz. 44 gün davam edən və işğal altındakı yurd yerlərimizin şanlı ordumuz tərəfindən azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Siz xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyaraq tarixi ədaləti bərpa etdiniz. Sizin “Qarabağ Azərbaycandır!” ifadəniz bu gün bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisidir. Bu qəhrəman xalqa, bu müqəddəs Vətənə sonsuz sevginiz ətrafında əldə edilmiş əvəzsiz birlik və həmrəyliyi də heç vaxt və heç nə sarsıda bilməz. Bu birlik və həmrəyliyimizin, əzəli və əbədi torpaqlarımızın azad olunması sevinci ilə Sizi, qürurunu hər gün yaşadığımız və yaşayacağımız Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və uzun ömür, müstəqil Azərbaycanımızın daima inkişafı naminə yeni-yeni uğurlar arzulayıram. Yaşasın Azərbaycan, yaşasın Xalq-Prezident həmrəyliyi! Qarabağ Azərbaycandır!". "Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində biz Qələbənin sevincini daddıq" Elmir Kazımovdan, Füzuli, Azərbaycan: "Müzəffər Ali Baş Komandan, 44 günlük Vətən müharibəsində qazandığınız parlaq Qələbə münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Doğma kəndimiz, orada keçirdiyim uşaqlıq illərinin xatirələri 28 ildə bir an da olsa mənim yadımdan çıxmadı. Bu illər ərzində Qarabağımıza, doğma yurd-yuvamıza qayıtmaq arzusu ilə yaşamışıq. Nəhayət ki həmin gün gəlib çatdı. Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində biz Qələbənin sevincini daddıq. Bu gün biz öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqıq. Hər bir qarabağlı kimi mən də Qarabağımıza, Yuxarı Yağlıvənd kəndinə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Cənab Prezident, icazənizlə Sizi və ailənizi babam Seyid Musa Ağanın ocağına dəvət edirəm. Çünki bizlərə bu sevinci yaşadan, dədə-baba ocaqlarımıza qaytaran məhz Sizsiniz. Buna görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Sizə ilk növbədə cansağlığı, tükənməz həyat eşqi, bol-bol uğurlar arzu edirəm. Hakimiyyətə gəldiyiniz ilk gündən çiyinlərinizə necə mürəkkəb və məsuliyyətli, eyni zamanda şərəfli missiyanın düşdüyünü anlamış, bu yolda yorulmadan, əzmlə addımlamısınız. Şükürlər olsun ki, bu gün də çəkdiyiniz əziyyətin bəhrəsini gördünüz. Bu gün ərazi bütövlüyünü bərpa etmiş qalib sərkərdə, Müzəffər Ali Baş Komandansınız. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan xalqı çox xoşbəxtdir. Sizə ancaq Qələbə yaraşır. Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!". "Siz Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş qəhrəmanlıq səhifəsi yazdınız" Səlahəddin Aslanovdan, Ağcabədi, Azərbaycan: "Müzəffər Ali Baş Komandan! Sizi yeni tarix yazmağınız, doğma Qarabağ torpaqlarını almağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz həqiqətən Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş bir qəhrəmanlıq səhifəsi yazdınız! Siz bunu dünyanı mat qoyan müdrik və uzaqgörən siyasətinizlə bacardınız. Azərbaycan dövlətinin və xalqının gücünü və mərhəmətini bütün dünyaya göstərdiniz. Sizin xarici ölkə jurnalistlərinə verdiyiniz müsahibələri, xüsusilə dövlətimizə qarşı qərəzli münasibət sərgiləyən mətbuat nümayəndələri ilə dialoqlarınızı, onlara verdiyiniz kəskin və tutarlı cavablarınızı, Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmağınızı böyük qürur və iftixar hissi ilə izləyirdik. XX əsrin qəhrəmanı ulu öndərimiz Heydər Əliyevdir, XXI əsrin qəhrəmanı isə Sizsiniz, cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!". "Siz bu şanlı Qələbəyə imza atmaqla atanızın əbədiyaşar ideyalarına sədaqətinizi və sadiqliyinizi nümayiş etdirdiniz" Murad Əliyevdən, Oğuz, Azərbaycan: "Hörmətli cənab Prezident, Sizi və müzəffər Azərbaycan Ordusunu şəxsən öz adımdan və yaşadığım Calut sakinləri adından möhtəşəm, şanlı Qələbə münasibətilə təbrik edirəm, minnətdarlığımı bildirirəm. Siz bu şanlı Qələbəyə imza atmaqla, atanızın vəsiyyətini yerinə yetirməklə onun ruhunu şad etdiniz, onun əbədiyaşar ideyalarına sədaqətinizi və sadiqliyinizi nümayiş etdirdiniz. Bizə isə qalib ölkənin qalib vətəndaşı sevincini yaşatdınız. Ulu Tanrı Sizi, Mehriban xanım Əliyevanı və bütün ailə üzvlərinizi qorusun. Sizləri bu ölkənin, bu xalqın başı üzərindən əskik etməsin. Sizə qalib Azərbaycanın xoşbəxt gələcəyi naminə yeni zəfərlər arzulayıram. "Biz Sizin ətrafınızda dəmir yumruq kimi birləşmişik" Mütəllib Əliyevdən, Mingəçevir, Azərbaycan: "Əziz və hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan! İkinci Qarabağ müharibəsinin iştirakçısı, Suqovuşan və Talışkənd döyüşlərinin iştirakçısı kimi Sizə dərin təşəkkürümü bildirirəm. Siz tarixdə əbədi iz qoydunuz. Sizin böyük siyasətçi və lider olduğunuzu bütün dünya bir daha gördü. Biz Sizin ətrafınızda dəmir yumruq kimi birləşmişik. Biz fəxr edirik ki, Azərbaycanlıyıq! Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!". "Bu günləri bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik." Davud Məmmədovdan, Naftalan, Azərbaycan: "Müzəffər Ali Baş Komandan,Sizə təhsil aldığım Səməd Vurğun adına Naftalan şəhər tam orta məktəbin şagirdləri və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Siz düşmən üzərində böyük zəfər çalmaqla və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Hazırda biz dünyanın ən xoşbəxt övladlarıyıq. Bu günləri bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Bizim Prezidentimiz, bizim rəhbərimiz, Uca Allah Sizi qorusun!". "Siz fəxr etdiyimiz Xalq Qəhrəmanısınız" Əli Zayidovdan, Göyçay, Azərbaycan: "Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,Vətən döyünən ürəyimiz, məsləyimiz, öz yurdumuza hakimliyimiz, üçrəngli bayrağımız qürurumuz, and yerimiz, Siz isə fəxr etdiyimiz Xalq Qəhrəmanısınız. Sizə ailə üzvlərim və şəxsən öz adımdan azad, güclü Azərbaycanın vətəndaşı olduğuma görə təşəkkür edir, Sizin yürütdüyünüz siyasəti dəstəkləyirəm. Allah daim Sizi qorusun! Amin Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunduRamilə Cəfərlidən, Bakı, AzərbaycanHörmətli cənab Prezident, Tükənməz səbriniz və dəmir iradəniz sayəsində Siz başda olmaqla Azərbaycan Ordusu iki əsr sonra şanlı tarix yazdı. Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, dövlətimiz və xalqımız həm beynəlxalq arenada, həm də döyüş meydanında alnıaçıq, üzüağ olaraq qalibiyyət qazandı. Buna görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Allah həmişə yolunuzu açıq etsin! Allah Sizi xalqımıza çox görməsin!". "Sizin ölkəmizin bütün sahələrində apardığınız uğurlu siyasətin nəticələri öz bəhrəsini verməkdə davam edir" Ramazan Salamovdan, Şəki, Azərbaycan: "Çox hörmətli cənab Prezident, Ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız böyük mübarizənizi tarixi zəfərlə başa vurmağınız münasibəti ilə Sizi ailə üzvlərim və şəxsən öz adımdan təbrik edirəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, yaralanmış qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. Sizin ölkəmizin bütün sahələrində apardığınız uğurlu siyasətin nəticələri öz bəhrəsini verməkdə davam edir. Vətəndaşlarımıza göstərdiyiniz qayğı xalqımızın yaddaşına, hafizəsinə birdəfəlik daxil olmuş və bu xeyirxah əməlləriniz tarix boyu ürəklərdə yaşayacaq. Xüsusilə də təhsilə, səhiyyəyə, sosial sahəyə və digər sahələrə diqqət sözün əsl mənasında təqdirə layiqdir. Cənab Prezident, övladım Xəyalə Salamova Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində ödənişli əsaslarla təhsil alır. O, Azərbaycan Respublikası Gənclər Fondunda keçirilən müsabiqədə iştirak etmiş və qalib olmuşdur. Keçirilən müsabiqədə qalib olduğu üçün bu ilki təhsil haqqı Gənclər Fondu tərəfindən ödənilmişdir. Bu diqqət həm ailəmizə sevinc bəxş etmiş, həm də qızımı daha yaxşı oxumağa həvəsləndirmişdir. Bu diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. "İlham Əliyev əsl Liderdir!" Natəvan Ağayevadan, Sumqayıt, Azərbaycan: "Əziz və hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan! Tarix Sizi millətin şan-şöhrət rəmzi kimi yetişdirib. İlham Əliyev mötəbər məclislərdə xalqımızın ləyaqətli elçisidir. Onun daşıdığı titulların hər birinə nəzər salsaq iftixarla deyə bilərik: İlham Əliyev əsl Liderdir! Qarabağ probleminin həlli yolunda biz ondan çox şey gözləyirdik və inamlarımız liderimizin sayəsində gerçək oldu. Ali Baş Komandan, möhtərəm cənab Prezident, Sizə işğal altındakı torpaqlarımızı azad etdiyinizə, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına, doğma ocaqlarına qayıtmasında qazandığınız uğura görə, Qələbəmizə görə təşəkkür edirəm. Mən bir Şurnuxlu kimi Sizə çox sağ olun deyirəm, mənim ata-baba torpağımı yağı düşməndən azad etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Müdrik bir atalar sözü var: “Ataların yolu oğulların yoludur”. Bu atalar sözü Sizin haqqınızda deyilib. Siz Ulu Öndərimizin davamçısısınız. Atanıza verdiyiniz sözü tutdunuz. Uğurlarınız davamlı olsun! Biz bilirik ki, Siz işğaldan azad olunmuş torpaqlarımızı cənnətə çevirəcəksiniz. Bir daha Sizə təşəkkür edirəm". Sizin göstərişiniz əsasında qazilərə qayğı, maddi və mənəvi dəstək olunmasının canlı şahidiyəm Teymur Heydərovdan, Ağcabədi, Azərbaycan: "Müzəffər Ali Baş Komandan! 27 sentyabr 2020-ci il tarixində başlamış, 44 gün ərzində davam etmiş Vətən müharibəsində erməni faşistlərini dəmir yumruğunuzla məhv etdiniz. Bu qələbə ilə Siz Azərbaycan tarixində görünməmiş bir zəfər qazandınız. Sizə ailə üzvlərim və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Sizin göstərişiniz əsasında qazilərə qayğı, maddi və mənəvi dəstək olunmasının canlı şahidiyəm. Çünki mənim oğlum, qazi olan mayor Heydərov Elşad Teymur oğluna da yüksək səviyyədə diqqət və qayğı göstərilir. Buna görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Övladım Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə sağ ayağını dizdən yuxarı itirmişdir. Vətən sağ olsun! Mən fəxr edirəm ki, oğlum torpaqlarımızın azad olunması uğrunda mübarizədə iştirak etmişdir. Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! "Fəxr edirəm ki, bizim bu cür güclü və qəhrəman, torpağını və xalqını sevən Prezidentimiz var" Ayə Tağıyevadan, Mingəçevir, Azərbaycan: "Müzəffər Ali Baş Komandanımız,Mən gözəl nur şəhəri olan Mingəçevir şəhərində anadan olmuşam, hazırda bu şəhərdə yaşayıram. 10-cu sinif şagirdiyəm. Mən Sizinlə qürur duyuram, fəxr edirəm ki, bizim bu cür güclü və qəhrəman, torpağını və xalqını sevən Prezidentimiz var. Arzu edirəm ki, heç bir zaman qocalmayasınız, həmişə belə cavan və güclü olasınız. Sizə olan ürək sözlərim çoxdur, nə qədər gözəl sözlər yazsam belə, Sizin üçün az olar. Mən televizor vasitəsilə Sizi əsgərlərimizlə görüşərkən gördüm. Mənim də arzumdur ki, Sizi canlı olaraq görüm, Sizi bir baba kimi qucaqlayım. Mən Sizi çox sevirəm, Sizi görən kimi sevinirəm. Həyatda ən böyük arzum Sizinlə görüşməkdir. Sizin gözəl ürəyiniz var, Uca Rəbbim ürəyinizə görə versin! İnşallah! Müharibə vaxtı çox qorxu, həyəcan, stress keçirsək də, Mingəçevirə atılan raketlərin qorxunc səsləri biz uşaqları qorxutsa da, nəhayət ki, bütün bunların sonu Sizin kimi uzaqgörən, müdrik rəhbərimiz və qəhrəman əsgərlərimiz sayəsində sevinclə bitdi. Sizə və əsgərlərimizə sonsuz təşəkkürlərimi bildirirəm. Şəhid olan qardaşlarımın ruhu qarşısında baş əyirəm, onların ailələrinə səbir diləyirəm. Allah bütün qazilərimizə də şəfa versin! Bundan belə hər bayramda bizlər şəhid olan qardaşlarımızın ailələrinə baş çəkməli, qazilərimizi ziyarət etməliyik. Əgər bizlər 2021-ci ilə sağ-salamat qalmışıqsa, Sizin və əbədi səssizliyə qovuşanlar sayəsində, Vətən üçün canından keçənlər sayəsində, qazilərimiz sayəsində qalmışıq. Bizim gələcəyimiz olsun deyə, öz gələcəyindən keçənlərdir şəhidlər! Biz gülək deyə, öz ailələrini gözüyaşlı qoyanlardır şəhidlər! Biz torpağımızda rahat gəzək deyə, qanını torpağa tökənlərdir şəhidlər! Üçrəngli bayrağımız zirvələrdə dalğalansın deyə, o bayrağa bürünüb gözünü əbədi yumanlardır şəhidlər! Şəhidlik böyük zirvədir. Hər adama nəsib olmur. Şəhidlərimizi heç vaxt unutmayacağam. Bu il şəhidlərin ilidir. Öpürəm bütün şəhid analarının əllərindən. Sizə isə, cənab Prezident, sonsuz təşəkkürlər! Sizi çox sevirəm. Yaxşı ki varsınız. "44 günlük Vətən müharibəsində əldə etdiyiniz Qələbə müvəffəqiyyəti Sizin 17 illik gərgin fəaliyyətinizin məntiqi yekunudur" Elşad Hüseynovdan, Bakı, Azərbaycan: "Hörmətli Prezident! Müzəffər Ali Baş Komandan! 44 günlük Vətən müharibəsində əldə etdiyiniz Qələbə müvəffəqiyyəti Sizin 17 illik gərgin fəaliyyətinizin məntiqi yekunudur. Bu, Azərbaycan kimi gənc bir ölkə və onun gənc ordusu üçün həqiqətən misilsiz uğur, inanılmaz nailiyyətdir. Sizin xalqı bir yumruq kimi birləşdirən “Qarabağ Azərbaycandır!” ifadəniz bu gün bütün dünya azərbaycanlılarının milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisinə çevrilmişdir. Bu xoş günləri bizlərə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk. Bütün məcburi köçkünlər kimi Laçın rayonu Mirik kənd əhalisinin mütləq əksəriyyəti də vandal düşmənlər tərəfindən darmadağın edilmiş ata-baba yurd yerlərimizin bərpası və abadlaşdırılması işində iştirak etmək üçün səbirsizliklə o torpaqlara qayıdacağı günü gözləyir. "Siz Azərbaycanın şərəfini, qürurunu, ləyaqətini özünə qaytardınız" Vəzir Qasımovdan, Bakı, Azərbaycan: "Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Mən Vətən müharibəsinin şəhidi, 1995-ci il təvəllüdlü Şəhriyar Qasımovun atasıyam. Oğlum Şəhriyar Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması uğrunda aparılan müharibəyə könüllü getmiş və ön cəbhədə düşməni məhv etmək üçün hücuma keçən hərbi hissənin tərkibində döyüşlərə qatılmışdır. Döyüş yoldaşlarının danışdıqlarına və dövlətimizin qiymətləndirməsinə əsasən, tam qətiyyətlə deyə bilərəm ki, oğlum qəhrəmancasına vuruşmuş və arzuladığı şəhidlik zirvəsinə ucalmışdır. Bu şərəfli yolu tutmuş Şəhriyar Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət göstərdiyinə görə Sizin tərəfinizdən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qəlbində sonsuz Azərbaycan sevgisi olan Şəhriyar hələ orta məktəbdə oxuduğu dövrdən yaxın əhatəsində Qarabağ uğrunda döyüşlərdə iştirak etməyi və Vətən uğrunda şəhid olmağı arzuladığını bildirirdi. Azərbaycan bayrağının aşiqi idi. Həqiqi hərbi xidmətdə olduğu dövrdə də Şəhriyar könüllü olaraq ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmişdir. Şəhriyarın Vətən sevgisi yolu nəhayət Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etməsi ilə yekunlaşdı. Bu gün Şəhriyardan ata-anasına, bacısına və əzizlərinə heç vaxt unudulmayacaq övlad acısı, amma eyni zamanda şərəfli ad və qürur hissi qaldı. Mən Şəhriyarın bütün əzizləri adından Sizin tərəfinizdən oğlumun “Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etməsini çox yüksək qiymətləndirirəm və buna görə Sizə çox minnətdarıq ki, balamızın adını əbədiləşdirmisiniz. Biz çox minnətdarıq ki, hər gün bizim qayğılarımızla maraqlanır, övladımızın xatirəsinin əziz tutulması üçün mümkün olan hər şey edilir. Möhtərəm cənab Prezident! Mən çox qürurluyam ki, Sizin Ali Baş Komandanlığınızla torpaqlarımızın azad olunmasını gördüm, Azərbaycan tarixinin ən şərəfli dövrünün şahidi oldum. Siz Azərbaycanın şərəfini, qürurunu, ləyaqətini özünə qaytardınız. Çox xoşbəxtəm ki, yeganə oğul övladım Şəhriyar da bu şərəfli tarixin xalqımıza yaşadılmasında bilavasitə, qanı-canı ilə iştirak etmişdir. Qarabağımız, xüsusilə Şuşa azadlığına qovuşanda təskinlik tapdım ki, balamın ruhu da rahatlıq tapacaqdır. Müzəffər Ali Baş Komandan! Əmin ola bilərsiniz ki, mən də, Şəhriyarın digər əzizləri də hər zaman Sizin əmrinizlə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırıq. Allah Sizi və ailənizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! "Cənab Prezident, Qələbəyə aparan həmrəylik məhz Sizin sayənizdə mövcud oldu" Samir Əliyevdən, Gəncə, Azərbaycan: "Müzəffər Ali Baş Komandan, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi və 30 ilə yaxın düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması bir vətəndaş kimi məni hədsiz qürurlandırır. Bu, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın haqq savaşı idi. Böyük zəfərlə başa çatan 44 günlük bu haqq savaşında gördüyüm birlik və bərabərlik, düşmənə qarşı bir yumruğa çevrilməyimiz mənə bu xalqın bir parçası olmağımın qürurunu yaşatdı və bunun üçün, heç şübhəsiz, ən böyük təşəkkür Sizə düşür, cənab Prezident. Qələbəyə aparan bu həmrəylik məhz Sizin sayənizdə mövcud oldu. Siz bunu bacardınız. Mən bir şəhid atası olaraq onu deyə bilərəm ki, övladını cəbhəyə, vətən torpaqlarını azad etməyə yollayan hər bir valideyn bir an olsun belə tərəddüd etməyib. Bizim Sizə olan inamımız böyükdür. Cənab Prezident, məhz bu inam və həmrəylik bizə bu qələbəni gətirdi. Mən öz övladımı vətən uğrunda şəhid verdim, əvəzində yüzlərlə övlad qazandım. Bu gün həmin övladlar bizi bir gün belə tək qoymurlar. Hər kəs, hamı bizə diqqət göstərir. Əlbəttə, bütün bunlar bizi qürurlandırdığı kimi, övladımın ruhunu da sevindirir. Allah Sizi və komandanı olduğunuz Azərbaycan Ordusunu daim müzəffər etsin!".

Hamısını oxu
Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etməli və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etməlidir.   Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır: - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi; - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik; - Müvafiq yerli icra hakimiyyəti orqanları. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər: - Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi; - İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması; - Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi; Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi; - Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi; - Hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməlidirlər. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etməlidirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görməlidirlər. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirməlidirlər. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Hamısını oxu
Polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib

Veteran.gov.az xəbər verir ki, Müahribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib. Birinci Qarabağ müharibəsi veteranı Adil Haqverdiyev respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, habelə gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə “Böyük Zəfər Medalı”na layiq görülüb. Məlumat üçün qeyd edək ki, polkovnik Adil Haqverdiyev bugünə qədər müxtəlif dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən çoxsaylı orden və medallarla təltif olunub.    

Hamısını oxu