Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etməli və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etməlidir.

 
Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır: - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi; - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik; - Müvafiq yerli icra hakimiyyəti orqanları. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər: - Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi; - İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması; - Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi; Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi; - Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi; - Hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməlidirlər. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etməlidirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görməlidirlər. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirməlidirlər. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

2020-10-29 00:00:00
3542 baxış

Digər xəbərlər

”Müstəqilliyə gedən yol” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2026-cı il tarixində Sabunçu  rayonunda tədbir keçiriblər.  20 Yanvar faciəsinin 36 –cı ildönümunə həsr edilmiş tədbir Bakı şəhəri Sabunçu  rayonu şəhid Rasim Quliyev adına 107 saylı tam orta ümum təhsil məktəbində  baş tutub. ”Müstəqilliyə gedən yol” adlı tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, müavini Adil Məmmədov, məktəbin direktoru Kəmalə Məmmədova, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, 20 Yanvar faciəsinin qurbanları və torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbidə çıxış edən Adil Haqverdiyevə verildi öncə Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ehtiyatda olan  polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. 20 Yanvar faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, bu hadisə xalqımızın tarixində həm qanlı bir gün, həm də qürur duyulacaq  tarixi gündür.Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq. Nəbi Hacıyev və Adil Məmmədov da çıxışlarında 20 Yanvar faciəsini doğuran səbəblər və bu faciənin nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirin sonunda şagirdlər 20 Yanvar faciəsinə  həsr edilmiş şerlər səsləndiriblər. Məktəbin direktoru Kəmalə Məmmədova qonaqlara təşəkkürünü bildirib, vətənpərvərlik mövzusunda davamlı şəkildə tədbirlər keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib. 

Hamısını oxu
15 İyun – Liderin Qayıdışı, Xalqın Qurtuluşu

Bəzən elə günlər olur ki, bir xalqın taleyi bircə gündə dəyişir, tarix yeni bir səhnəyə qədəm qoyur. Həmin günlər millətin hafizəsinə qazılmış müqəddəs izlərə çevrilir. Azərbaycan xalqı üçün belə günlərin başında 15 İyun – Milli Qurtuluş Günü gəlir. Bu gün təkcə siyasi dəyişikliklərin başlandığı gün deyil, həm də xalqın qaranlıqdan işığa, ümidsizlikdən sabaha doğru irəlilədiyi gündür. Veteranlar olaraq biz bu tarixi nəinki xatırlayır, onu daim ruhumuzda, varlığımızda yaşadırıq. 1991-ci ildə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqilliyini yenidən qazandı. Lakin bu müstəqillik sanki sərhədsiz bir boşluğun içində çırpınan, kapitanı olmayan, istiqaməti bəlli olmayan bir gəmi kimi idi. 1991–1993-cü illər tariximizdə daxili siyasi böhranların, vətəndaş qarşıdurmalarının, torpaq itkisi və ümidsizliklə dolu bir dövr kimi qaldı. Ermənistanla davam edən müharibədə hər gün bir kənd, bir vətən torpağı əldən çıxırdı. Dövlət institutları fəaliyyətsiz, rəhbərlik zəif və təcrübəsiz idi. Azərbaycan paramparça olmağa doğru gedirdi. Bu acı günlərdə biz  səngərlərdə can verən gəncləri, evlərindən didərgin düşən yüz minlərlə insanın göz yaşlarını görürdük. Vətən çökürdü və o zaman xalq bir səs, bir yol, bir lider axtarırdı. Xalq bir xilaskar gözləyirdi. Və nəhayət, o gün gəldi. 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. 15 iyun tarixində isə Azərbaycan Ali Sovetinin sədri seçildi. Biz o günlərdə onun tribunadan səsləndirdiyi fikirləri dinləyərkən onun baxışında, sözündə, duruşunda bir dövlətin xilası, bir millətin sabahını görürdük. Səngərdə vuruşan əsgər, zavodda çalışan fəhlə, məktəbdə dərs deyən müəllim, kənddə torpaq becərən kəndli, onların hər biri anlayırdı ki, Azərbaycan artıq sahibsiz deyil. Heydər Əliyev yalnız siyasi və dövlətçilik təcrübəsi ilə deyil, həm də xalqın ruhunu anlayan bir lider olaraq önə çıxdı. O, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, sabitlik gətirdi, vətənin dağılmasının qarşısını aldı. Onun dediyi kimi: “İctimai-siyasi sabitlik olmadan heç bir iqtisadi və sosial inkişafdan danışmaq mümkün deyil.” 15 İyun müstəqilliyin möhkəmləndirildiyi gün oldu. 1993-cü ilin oktyabrında Heydər Əliyev prezident seçildi. Onunla bərabər islahatlar, ordu quruculuğu, konstitusiyanın qəbulu, neft strategiyası və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması prosesi başladı. 1994-cü ildə imzalanan atəşkəs sazişi ilə cəbhədə silahlar susdu. Elə həmin il imzalanan “Əsrin Müqaviləsi” ilə Azərbaycan iqtisadi inkişafa qədəm qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri iqtisadi gücümüz olmaqla yanaşı, həm də Azərbaycanın söz sahibi dövlətə çevrilməsinin əsas pillələri idi. 1995-ci ildə qəbul edilən Konstitusiyamız dövlətin hüquqi təməllərini formalaşdırdı. Hüquqi islahatlar, insan hüquqları, azadlıq və mülkiyyət hüququ ölkədə təmin edilməyə başlandı. Azərbaycan artıq müstəqil, hüquqi və demokratik bir dövlət idi. 15 İyun  həm də xalqla liderin birliyinin simvoludur. Ulu Öndər Heydər Əliyevin cəsarətli və müdrik siyasəti, onun xalqına sadiqliyi, hər bir vətəndaş üçün qürur qaynağına çevrildi. Biz  veteranlar onun siyasətində öz zəhmətimizin, inamımızın dəyərini gördük. O, bizə arxa durdu, əziyyətimizi dəyərləndirdi. Heydər Əliyev bizim üçün təkcə prezident deyildi. O, xalqın xilaskarı, dövlətin memarı, ruhumuzun dayağı idi. 1997-ci ildə bu gün rəsmi dövlət bayramı elan olundu. O vaxtdan bəri Azərbaycanın inkişafı, sabitliyi, beynəlxalq uğurları, Qarabağın azadlığı, hər biri 15 iyunla başlanan o möhtəşəm yolun davamıdır. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu zamanın çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Azərbaycanın bu günkü gücü, iqtisadi inkişafı, azad edilən torpaqları və digər bütün addımları Heydər Əliyevin mirası və İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri 15 İyun – Milli Qurtuluş Gününün dərin mənasını, tarixi əhəmiyyətini bütün varlığımızla anlayırıq. Bu gün bizim üçün sadəcə bir təqvim günü deyil, dövlətin varlığının, xalqın birliyinin və müstəqil gələcəyimizin təməlidir. Biz yaxşı bilirik ki, əgər o tarixi anda Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verməsəydi, Azərbaycan adlı müstəqil, güclü dövlətin taleyi qaranlığa qərq olacaqdı. 15 İyun Azərbaycan xalqının öz taleyini əlinə aldığı, dövlətçiliyimizin uçurumun kənarından geri qaytarıldığı, gələcəyin əsasının qoyulduğu gündür. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, siyasi qətiyyəti və xalqına sonsuz inamı sayəsində Azərbaycan ayağa qalxdı, öz gücünə inandı və gələcəyə doğru inamla irəlilədi. Bu milli dirçəliş yolu 44 gün davam edən Vətən müharibəsində özünün zirvəsinə çatdı. 2020-ci ilin payızında xalqımız bir daha bir yumruq kimi birləşdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ulu Öndərin arzuladığı və tövsiyə etdiyi strateji hədəfi  torpaqlarımızın azad olunmasını gerçəkləşdirdi. Şanlı Zəfərimiz Şuşanın alınması ilə başa çatan bu müqəddəs savaş Heydər Əliyev siyasi kursunun davamının nə qədər möhkəm təməl üzərində qurulduğunu bir daha sübut etdi. 15 İyunun qoyduğu təməl üzərində yüksələn Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi güc mərkəzi, beynəlxalq siyasətin mühüm oyunçusudur. Biz bu şərəfli yolun canlı şahidləri olan veteranlar, şəhidlərimizin müqəddəs ruhuna baş əyir, qazilərimizin rəşadətini ehtiramla yad edirik. Bu gün Azərbaycan güclüdür, çünki lideri ilə xalqı birdir, ruhu bütövdür, tarixi və gələcəyi möhkəm dayaqlar üzərində qurulub. Ona görə də 15 İyun təkcə keçmişin səhifəsi deyil, həm də hər bir azərbaycanlının qürurla yaşatdığı milli hafizədir. Bu gün biz onu qürurla qeyd edir, xatırlamaqla kifayətlənmir, yaşadırıq. Bu gün bizim həm milli özünüdərk, həm də gələcəyə sonsuz inam günümüzdür. Qoy 15 İyun – Milli Qurtuluş Günü daim azadlığımızın, gücümüzün, birliyimizin simvolu olsun! Yaşasın Azərbaycan! Yaşasın Qurtuluşun rəhbəri Heydər Əliyevin əbədi ideyaları! Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Zərdab Rayon Veteranlar Təşkilatına yeni sədr seçilib

12 mart 2026-cı il tarixində Zərdab rayon Gənclər Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zərdab rayon təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə  “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, 1-ci Qarabağ, Vətən müharibəsi, Silahlı Qüvvələr və əmək veteranları iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın və rayon veteranlar təşkilatının sabiq sədri Hüseyn Həsənovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ədliyyə   polkovniki İmran Əhmədov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib.    Daha sonra Zərdab Rayon Veteranlar Təşkilatının yeni sədri Qarabağ müharibəsi və əmək veteranı Gülməmməd Mürsəlov tədbir iştirakçılarına təqdim olunub. Ədliyyə polkovniki İmran Əhmədov Gülməmməd Mürsəlova yeni vəzifəsində uğurlar arzulayıb.

Hamısını oxu
Kazan kitabxanalarına Azərbaycanla bağlı kitab təqdim edilib

Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib. Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb. Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib. Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb. Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib. Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”. Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər. Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.

Hamısını oxu