Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın hər zaman alternativ seçimləri və imkanları var

Postmüharibə dövründə Azərbaycan çox mühüm təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Bu, həm də regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması baxımından əhəmiyyətlidir.

Azərbaycan indiyə qədər vacib strateji layihələr reallaşdırıb, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən dizayn edib. 44 günlük Vətən müharibəsindən sonra bölgədə kommunikasiyaların bərpası da Prezident İlham Əliyevin diqqət mərkəzindədir və Azərbaycanın strateji gündəliyinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması da bu səpkidə böyük önəm daşıyır.

Memorandumun imzalanması həm geosiyasi, həm də iqtisadi əhəmiyyətə malikdir. Çünki bununla Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsi, eləcə də rabitə və enerji təminatı xətləri yaradılır. Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.

Layihənin icrası Naxçıvan MR-in blokadadan çıxması, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılması baxımından da olduqca önəmlidir. Bu isə Azərbaycanın əsas strateji məqsədlərindən birinə nail olacağını göstərir. Bütün bunlar deməyə əsas verir ki, Anlaşma Memorandumunun imzalanması Azərbaycanın yeni diplomatik nailiyyəti və tarixi hadisədir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan qətiyyətli mövqe sərgiləsə və müvafiq addımlar atsa da, Ermənistan bir sıra öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışıb. Xüsusilə də, regionda kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar İrəvan bu günə qədər vaxtı uzatmağa çalışıb, konkret mövqe ortaya qoymayıb. Azərbaycan isə təsdiqləyib ki, bütün hallarda, hər cür şəraitdə alternativ seçimləri və imkanları var. Ölkəmizin bəhs olunan Anlaşma Memorandumunun imzalanması ilə Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısının yaradılmasına nail olması da bunun əyani təsdiqidir.

İndi zaman Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə işləyir. Ölkəmiz öz strateji hədəflərinə doğru addım-addım irəliləyir. Məğlub ölkənin isə regional təcrid vəziyyəti dərinləşir. Azərbaycan strateji seçimini edib – rifah və inkişafa yönəlik yeni regional nizam yaradır. İndi söz sırası İrəvandadır. Ya konstruktiv davranıb yeni reallıqlardan faydalanacaq, ya da siyasi xaos və iqtisadi tənəzzül şəraitində çırpınışlarını davam etdirəcək.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

2022-03-16 11:11:00
945 baxış

Digər xəbərlər

Bayrağımız - qürur mənbəyimiz

Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir Bakı, 9 noyabr, AZƏRTAC Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Dövlət bayrağımızın tarixinə qısaca nəzər salaq. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına sahib çıxdı. Dövlət bayrağımızı səciyyələndirən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Dövlət bayrağımız Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himniniz səslənir. Biz bundan böyük qürur duyuruq, ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”. Rəşadətli ordumuzun bu il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı nəticəsində işğaldan edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu gün həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, işğaldan azad olunmuş 215 kəndə sancıb. Bu qələbələr fonunda Prezident İlham Əliyevin iki il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər də yada düşür: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edir və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırır. Xalqımız əmindir ki, işğal atlındakı bütün torpaqlarımız azad olunacaq, dövlətimizin başçısının dediyi kimi, həmin torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilərək hərbi paradda nümayiş etdiriləcək. O gün çox yaxındadır.

Hamısını oxu
Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Bakı, 9 may, AZƏRTAC Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici əhəmiyyət kəsb edib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub. Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Amma 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramını ləğv etmişdi və veteranlar mənəvi terrora məruz qalmışdılar. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Böyük Vətən müharibəsi bizim şanlı tariximizdir. O dəhşətli müharibədə misilsiz şücaətlər göstərən qəhrəman oğul və qızlarımız bu gün də hörmətlə xatırlanır və 75 il keçsə də onların qazandığı tarixi Qələbə öz əhəmiyyətini itirmir.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov BSU-da Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masada iştirak edib

Veteran.gov.az bsu-uni.edu.az-a istinadən xəbər verir ki, iyunun 24-də Bakı Slavyan Universitetində (BSU) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev qalib ölkənin Silahlı Qüvvələr Gününü öz ölkəsinin ərazi bütövlüyünü təmin etmiş xalqın nümayəndələri kimi qeyd etmənin qürur olduğunu deyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı canlarından keçərək azad etdiyini bildirib. Vətən uğrunda canından keçən şəhidlərin sırasında BSU məzunlarının da olduğunu vurğulayan rektor BSU-nun öz qəhrəman məzunları ilə hər zaman fəxr etdiyini və həmişə də fəxr edəcəyini deyib. Anar Nağıyev həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, şanlı Silahlı Qüvvələrin qələbəsinin təmin olunması işində universitetin professor-müəllim heyəti, əməkdaşları, tələbələri hər biri öz sahəsində elmi və akademik çərçivədə də müxtəlif dillərdə ölkəmizin haqq səsinin dünyanın fərqli coğrafiyalarında eşidilmələri üçün əllərindən gələni ediblər. Anar Nağıyev deyib ki, Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu formalaşması məhz vaxtilə Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, onun milli zabit kadrların hazırlanmasına göstərdiyi xüsusi diqqətin davamı olaraq, Prezident Ilham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində apardığı islahatların nəticəsidir. Anar Nağıyev gənclərin Vətəni, onun tarixini, azərbaycançılıq ideyasını anlamaq, onu başa düşmək, təbliğ etmək və daha da inkişaf etdirmək kimi bir missiya daşıdığını bildirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə toxunan rektor geniş kontekstdə BSU-nun və bütövlükdə gənclərlə çalışan insanların üzərinə də böyük məsuliyyət düşdüyünû qeyd edib. "Bizim işimiz təkcə yaxşı kadr yetişdirmək deyil, ilk növbədə, vətəndaşlarımızın Vətənə, dövlətə, tarixinə, dövlətçiliyinə sadiq insanlar kimi formalaşmasıdır" - deyə o, vurğulayıb. Sonra Azərbaycan Ordusunun yaranması tarixi ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov BSU-nun yetişdirdiyi mütəxəssislərin Azərbaycan ordusunda qəhrəmanlıq göstərərək, Azərbaycanın ən ali oden və medallarına layiq görüldüklərini diqqətə çatdırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, həmin dövrdə baş verən ictimai-siyasi proseslərdən söz açıb. BSU ETLL-nın rəhbəri Sadir Məmmədov “Azərbaycan Respublikası Silahlı Qüvvələri xalqımızın Vətən müharibəsində parlaq qələbəsini təmin etdi”, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Ərzuman Əmirov “Müasir dövr hərb tarixi”, Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov “Ordumuzun 44 günlük müharibədə zəfəri” mövzularında məruzələrlə çıxış ediblər. Dəyirmi masa “Zəfər soraqlı Azərbaycan Ordusu” videoçarxının nümayişi ilə yekunlaşıb.  

Hamısını oxu
“Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən bu cür tur-aksiyanın keçirilməsini alqışlayıram”

“Onlar öz canlarını ərazi bütövlüyümüz, xalqımızın və dövlətimizin təhlükəsizliyi uğrunda qurban verib”   Ceyhun Məmmədov: “Hər bir fərd, hər bir qurum şəhid ailələri ilə bağlı məsələyə son dərəcə həssas yanaşmalıdır”   Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup şəhid ailəsi üçün Şəki şəhərinə istirahət məqsədli tur-aksiya təşkil edilib.   Bununla bağlı saytımıza açıqlama verən millət vəkili Ceyhun Məmmədov belə addımların mühüm əhəmiyyətə malik olduğunu bildirib:   “Azərbaycanda hər zaman şəhid ailələrinə yüksək diqqət və qayğı olub. Həm ölkə başçısı, həm də Mehriban xanım tərəfindən bu təbəqədən olan insanlara xüsusi həssaslıqla yanaşılıb. Ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri də şəhid ailələri ilə bağlı məsələləri daim diqqətdə saxlayıb. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən belə bir aksiyanın həyata keçirilməsi də vətəndaş institutlarının şəhid ailələrinə olan diqqətin nümunəsidir və təbii ki, təqdirəlayiqdir. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən bu cür tur-aksiyanın keçirilməsini alqışlayıram.   Şəhid ailələri ilə bağlı bu cür aksiyaların təşkil olunması məqsədəuyğundur. Bu kimi aksiyalar gələcəkdə də davam etdirilməlidir. Unutmaq olmaz ki, şəhidlərimiz öz canlarını ərazi bütövlüyümüz, xalqımızın və dövlətimizin təhlükəsizliyi uğrunda qurban verib. Buna görə də hər bir fərd, o cümlədən hər bir dövlət orqanı, özəl qurum şəhid ailələri ilə bağlı məsələyə son dərəcə həssas yanaşmalıdır.   Qeyd etdiyim ki, bu cür aksiyaların gələcəkdə də davam etdirilməsini vacib hesab edirəm. Şəhid ailələri dövlətimizin və vətəndaşlarımızın qayğısı ilə daim əhatə olunmalıdır. Şəhid ailələri hiss etməlidirlər ki, dövlətin də, cəmiyyətin də diqqəti daim onların üzərindədir”.   Seymur ƏLİYEV

Hamısını oxu