Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisi davam edir

Veteran.gov.az xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyəti Qahirə Universitetindən sonra bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağı olan Əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.

Əl-Əzhər Universitetində Azərbaycan dilini cəmiyyətin fəal üzvü İnarə Osmanova tədris edir. Bu ali təhsil ocağının Humanitar fənlər fakültəsinin türk dili bölməsində birinci və ikinci kurslarda təhsil alan tələbələr dilimizin öyrənilməsinə böyük maraq göstərirlər.

İ.Osmanova artıq beş ildir ki, bu ali təhsil ocağında ana dilimizi könüllü şəkildə tələbələrə öyrədir. O, həmçinin altı ildir ki, Qahirədəki Azərbaycan diaspor mərkəzində Azərbaycan dili və ədəbiyyatını tədris edib. Bu illər ərzində mindən çox tələbəyə Azərbaycan dilini  tədris etmişdir.  Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.

Bu il əl-Əzhər Universitetində Azərbaycan dili dərslərində 204 tələbə iştirak edir. Dilimizə böyük maraq göstərən gənclər onu təkmilləşdirmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün əlavə kurslar təşkil olunacaq.

Qədim tarixi olan – 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə 115 ölkədən 500 mindən çox tələbə təhsil alır.

 

2022-03-17 08:25:00
1258 baxış

Digər xəbərlər

Mehriban Əliyeva təşəkkür etdi

Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib. Bununla bağlı Birinci vitse-prezidentin “Instagram” hesabında paylaşım edilib:   “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Hamısını oxu
Prezidentin köməkçisi cəbhəboyu zonada olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib. Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb. Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

Hamısını oxu
Qazaxıstanda 27 Sentyabr - Anım Günü və Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş təqdimat keçirilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 27-də Qazaxıstanın Türküstan şəhərində “Farab” kitabxanasında Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Anım Gününə və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Şərqin Parlaq Ulduzu" adlı təqdimat mərasimi keçirilib.   Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı, görkəmli qazax yazıçısı Marhabat Bayğut, tanınmış şair Narmaxan Beqalıulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov və Milli Məclisin deputatları, Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, qardaş ölkələrin dövlət və ictimai xadimləri, ziyalılar iştirak ediblər.   Hörmətli qonağı Akademiya prezidenti Darxan Kıdıralı xüsusi olaraq qarşılayıb.   Görüş 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Daha sonra Türk Akademiyası tərəfindən nəfis tərtibatda çap olunan, Nizami Gəncəvinin "Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsinin yer aldığı yeni nəşrin lenti Milli Məclisin spikeri Sahibə Qafarova, yazıçı Marhabat Bayğut və Darxan Kıdırəlinin iştirakı ilə kəsilib.   Sahibə Qafarova Nizaminin təkcə Türk və İslam dünyasının deyil, bütün bəşəriyyətin qüruru, dünya sivilizasiyasında özünəməxsus yeri olan böyük şəxsiyyət olduğunu qeyd edib. Öz növbəsində, Akademiya rəhbəri bildirib ki, Türk dünyasının mənəvi birliyini ortaya qoyan Qarabağ zəfərinə aparan yolun ilk günündə belə bir təqdimata toplaşmağın xüsusi anlamı var. Bu gün Türküstanda dahi Nizamini anmaqla bu mənəvi birliyi gücləndirməkdəyik. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, Beynəlxalq Türk Akademiyası 2021-ci ili Qazaxıstanda və bütün Türk dünyasında “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirlərini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil olunub. Qazax oxuculara təqdim edilən kitab da bu fəaliyyət planı çərçivəsində nəşr olunub. Kitabda yer alan iki poema əslində sovet hakimiyyətinin ilk vaxtlarına – 1940-cı illərdə böyük qazax ədiblərinin tərcüməsi əsasında işıq üzü görüb. Lakin uzun müddət keçib və həmin kitablar köhnəlib və əlçatan deyil. Bunu nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası əsərlərin nəfis tərtibatda yenidən çapına qərar verib.   “Nizami irsi, onun əsrarəngiz yaradıcılığı dünya durduqca aktualdır və öz əhəmiyyətini qoruyur. Onun insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. O, bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Nizamidən sonra Nəsimi, Füzuli, Nəvayi, Abay və yüzlərlə digər şair və yazıçı onun yaradıcılığından təsirlənərək nəhəng əsərlər yaratmış, onun mütərəqqi fikirlərini inkişaf etdiriblər” - deyə Akademiya rəhbəri bildirib.   Nizaminin şeirləri Tair Jarokov, Kasım Amanjolov, Təken Əlimkulov, Qali Ormanov, Jakan Sızdıkov kimi nüfuzlu qazax şairləri tərəfindən yüksək peşəkarlıqla qazax dilinə tərcümə olunub. Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Spiker dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb. Tədbirin sonunda Akademiya tərəfindən nəşr olunan Azərbaycana aid digər dəyərli əsərlər qonaqğa hədiyyə edilib.  

Hamısını oxu
general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir

Bu yaxınlarda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir keçirildi. Polkovnik-leytenant Mikayıl Hüseynov qonaqları, müəllim və kursant heyətini salamladı. Ulu öndər Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildikdən sonra "Ürəklərdə yaşayan sərkərdə" sənədli filmi nümayiş etdirildi. İlk söz alan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı Həzi Aslanov haqda oxuduğu kitablardan bəzi xatirələri yada salaraq xoşbəxt millət olduğumuzu diqqətə çatdırdı: "Biz o qədər xoşbəxt millətik ki, oğullarımız uzaqlarda da Azərbaycanın adını həmişə yaşadıblar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov hər birimizə örnək olan, Azərbaycanın adını yüksəldən oğullardandır. İndiki müharibə şəraitində də Həzi Aslanov kimi oğullarımız az deyil." Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Həmid Cəfərov çıxışında ümummilli lider Heydər Əliyevin peşəkar zabit hazırlığına və qəhrəmanlıq salnaməsində adı keçən oğullarımıza qayğı göstərməsinə diqqət çəkdi: "Ümummilli Liderin rəhbərliyi dövründə istər İkinci Dünya müharibəsində, istərsə də Qarabağ müharibəsində döyüşən oğullarımız dövlətin himayəsində olublar. Ulu Öndərimizin Həzi Aslanov kimi oğullarımıza diqqət və qayğısı baxdığımız sənədli filmdəki çıxışından görsənir: "Həzi Aslanov Azərbaycan xalqının Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan nümayəndələrindən ən görkəmlisidir. O, döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə layiq olduğunu nümayiş etdirmişdir. ... Mən Böyük Vətən müharibəsində həlak olmuş, Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından müdafiə edərkən şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi qarşısında baş əyirəm." Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Ali Hərbi Məktəbində görüşün təsadüf olmadığını bildirdi: "Biz həmişə çalışırıq ki, bizim kursantlarımız, gələcək zabitlərimiz ən yüksək biliyə nail olsunlar. Onların xidməti ilə həmişə maraqlanırıq. Arzu edirik ki, onlar da Azərbaycanın qəhrəman oğullarına oxşasınlar. Gördüyünüz film göstərdi ki, Həzi Aslanov Azərbaycanın Böyük Vətən müharibəsində xidmət etmiş ən görkəmli sərkərdələrindən biridir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz qeyri-adi istedada malik olan bir hərbçi idi. Belə qəhrəmanlarımız gənc nəsil üçün örnəkdir. Çünki dövlətimizin təhlükəsizliyini sizlər təmin edəcəksiniz. Azərbaycan torpağını işğaldan siz azad edəcəksiniz. Ona görə də hərbi, fiziki, mənəvi hazırlığınız yüksək səviyyədə olmalıdır. Torpaqlarımızın işğaldan azad olunmasında siz də öz sözünüzü deyəcəksiniz, Azərbaycan bayrağını Şuşada, Xankəndində və işğal olunmuş digər rayonlarımızda dalğalandıracaqsınız." Sonda bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının adından  fəxri fərmanlar təqdim edildi.   Kapitan Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"

Hamısını oxu