Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Surxay Tağızadə - 90!

Aprelin 8-i əmək veteranı, tanınmış ictimai xadim, elm adamı, uzun illər müxtəlif dövlət orqanlarında aparıcı vəzifələr tutan Surxay Tağızadənin 90 yaşı tamam olur.

 

Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir.

 

Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir.

 

Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur.

 

Surxay Tağızadə Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar.

 

S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Respublika Şurası sədrinin 1-ci müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı" qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur. S. Tağızadə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycan Veteranlarının haqq səsinin dünya ictimayyətinə çatdırılması istiqamətində də geniş fəaliyyət göstərmiş və bunlar 1941 – 1945 ci illər Böyük Vətən müharibəsi veteranlarının 2011-ci ildə keçirilmiş ümumrespublika toplantısında, ATƏT-in rəhbərlərinə və Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinə göndərilən Müraciətlərdə, MDB ölkələri Veteranları Əlaqələndirmə Şurasının iclaslarında və başqa sənədlərdə öz əksini tapmışdır.

Surxay Tağızadə 2010-cu ilin 24-26 noyabrında UNESKO-nun mənzil qərargahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi yeddinci beynəlxalq konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanı beynəlxalq tədbirdə təmsil etmişdir. Burada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan veteranlarının Bəyanatını yaymış və çıxış etmişdir.

 

Surxay Tağızadə bu gün də elm adamı, ictimai xadim kimi aktiv fəaliyyət göstərməkdə, dövlətə və xalqa xidmət etməkdədir.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 90 illik yubileyi münasibəti ilə Surxay Tağızadəni təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır!

2022-04-05 12:41:00
1975 baxış

Digər xəbərlər

“AzərGold”ASC-nin kitabla bağlı bu layihəsi vətənpərvər və intellektual gəncliyin formalaşmasına xidmət edir”

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “AzərGold”ASC maraqlı layihəyə imza atıb. Belə ki, Daşkəsən və Göygöl rayonlarında quraşdırılmış “Kitab köşkləri”nin fəal oxucuları Quşçu kənd sakinləri Zakir Sadıqlı, Gülxanım Bayramova, eləcə də Göygöl rayon sakini Məhbubə İbrahimovaya xatirə hədiyyələri təqdim olunub. Maraqlıdır, rayonlarda kitab köşklərinin quraşdırılması, eləcə də, fəal oxucuların müəyyən edilərək mükafatlandırılması gənc nəslin kitaba, mütaləyə marağının artırılması baxımından nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən təhsil eskperti Gülnarə Hüseynova mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Hesab edirəm ki, kitabla bağlı hər bir layihə, hər bir addım vətənpərvər və intellektual gəncliyin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki məhz kitab gənclərin şəxsiyyət kimi yetişməsində böyük rol oynayır, onlara zəngin dünyagörüşü, dərin bilik, ali məziyyətlər qazandırır. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə  intellektual və milli-mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasının önəmini qeyd edib, bunun dövlətimizin gələcək tərəqqisi və təhlükəsizliyi baxımından həyati rol oynadığını bildirib. Bu baxımdan “AzərGold”ASC tərəfindən regionlarda kitab köşklərinin yaradılması, minlərə yeniyetmə və gəncin bu köşklərdən istifadəsinin təmin olunması olduqca böyük və təqdirəlayiq bir hadisədir. Mən bu nəcib, xeyirxah təşəbbüsə görə “AzərGold”ASC-ə öz təşəkkürümü bildirirəm. Eyni zamanda hesab edirəm ki, gənclərimizin maariflənməsi, onlarda kitaba marağın artırılması baxımından bu təşəbbüs və təcrübənin daha da genişləndirilməsinə ciddi ehtiyac var. İnanıram ki, yaxın gələcəkdə kitabla bağlı bu layihə daha da genişlənəcək, xalqımıza və dövlətimizə vətənpərvər ruha malik yeni intellektlər qazandıracaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Novxanı məscidində mərasim evinin açılışı olub, iftar süfrəsi verilib, Qarabağ Dirçəliş Fonduna ianə olunub

22 mart 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. 40 gün ərzində inşa edilən mərasim evi kondinsionerlər, müasir havalandırma sistemi, təhlükəsizlik kameraları, mətbəx, anbar, sanitar qovşağı və digər təchizatla tam təmin olunub. Bununla yanaşı, məsciddəki cənazə evi yenidən inşa edilib, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb.  Açılış günündə şəhid ailələri, müharibə veteranları, kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində məscidin axundu və məclisin aparıcısı Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt “Cümə” məscidinin axundu, Abşeron, Sumqayıt, Xızı bölgə qazisi Hacı Rauf Sərdarov iştirak edib, Qurandan surələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib. İftar süfrəsində Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiram hissi ilə yad edilib, onların ruhuna dualar oxunub. Məclis iştirakçıları həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin əmin-amanlığı və firavanlığı üçün də dualar edib, xalqımıza, dövlətimizə, ordumuza uğurlar diləyiblər. Şəhid ailələri və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz minnətdarlıqlarını bildiriblər. Məscidin axundu Hacı Ələsgər Mikayılzadə məscid ərazisində müasir mərasim evinin inşasına, habelə məscid ərazisində həyata keçirilən ümumi abadlıq işlərinə görə iş adamı Hacı Cəlil Nağıyevə təşəkkür edib. Axund bildirib ki, bu cür xeyirxah əməllər digər vətəndaşlara örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından da mühüm əhəmiyyətə malikdir. İftar süfrəsində çıxış edən din xadimləri, ağsaqqallar Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib,  bundan sonra da Azərbaycanın rifahı və tərəqqisi naminə hər bir kəsin dövlətimizə, dövlət başçısına dəstək verməyin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyinə toxunublar. Din adamları çıxışlarında dövlətimizin Qarabağda apardığı böyük abadlıq işlərinə, bu prosesin miqyas və əhəmiyyətinə diqqət çəkib, Qarabağ Dirçəliş Fonduna ianə olunub. Seymur ƏLİYEV  

Hamısını oxu
15 İyun – Liderin Qayıdışı, Xalqın Qurtuluşu

Bəzən elə günlər olur ki, bir xalqın taleyi bircə gündə dəyişir, tarix yeni bir səhnəyə qədəm qoyur. Həmin günlər millətin hafizəsinə qazılmış müqəddəs izlərə çevrilir. Azərbaycan xalqı üçün belə günlərin başında 15 İyun – Milli Qurtuluş Günü gəlir. Bu gün təkcə siyasi dəyişikliklərin başlandığı gün deyil, həm də xalqın qaranlıqdan işığa, ümidsizlikdən sabaha doğru irəlilədiyi gündür. Veteranlar olaraq biz bu tarixi nəinki xatırlayır, onu daim ruhumuzda, varlığımızda yaşadırıq. 1991-ci ildə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqilliyini yenidən qazandı. Lakin bu müstəqillik sanki sərhədsiz bir boşluğun içində çırpınan, kapitanı olmayan, istiqaməti bəlli olmayan bir gəmi kimi idi. 1991–1993-cü illər tariximizdə daxili siyasi böhranların, vətəndaş qarşıdurmalarının, torpaq itkisi və ümidsizliklə dolu bir dövr kimi qaldı. Ermənistanla davam edən müharibədə hər gün bir kənd, bir vətən torpağı əldən çıxırdı. Dövlət institutları fəaliyyətsiz, rəhbərlik zəif və təcrübəsiz idi. Azərbaycan paramparça olmağa doğru gedirdi. Bu acı günlərdə biz  səngərlərdə can verən gəncləri, evlərindən didərgin düşən yüz minlərlə insanın göz yaşlarını görürdük. Vətən çökürdü və o zaman xalq bir səs, bir yol, bir lider axtarırdı. Xalq bir xilaskar gözləyirdi. Və nəhayət, o gün gəldi. 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. 15 iyun tarixində isə Azərbaycan Ali Sovetinin sədri seçildi. Biz o günlərdə onun tribunadan səsləndirdiyi fikirləri dinləyərkən onun baxışında, sözündə, duruşunda bir dövlətin xilası, bir millətin sabahını görürdük. Səngərdə vuruşan əsgər, zavodda çalışan fəhlə, məktəbdə dərs deyən müəllim, kənddə torpaq becərən kəndli, onların hər biri anlayırdı ki, Azərbaycan artıq sahibsiz deyil. Heydər Əliyev yalnız siyasi və dövlətçilik təcrübəsi ilə deyil, həm də xalqın ruhunu anlayan bir lider olaraq önə çıxdı. O, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, sabitlik gətirdi, vətənin dağılmasının qarşısını aldı. Onun dediyi kimi: “İctimai-siyasi sabitlik olmadan heç bir iqtisadi və sosial inkişafdan danışmaq mümkün deyil.” 15 İyun müstəqilliyin möhkəmləndirildiyi gün oldu. 1993-cü ilin oktyabrında Heydər Əliyev prezident seçildi. Onunla bərabər islahatlar, ordu quruculuğu, konstitusiyanın qəbulu, neft strategiyası və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması prosesi başladı. 1994-cü ildə imzalanan atəşkəs sazişi ilə cəbhədə silahlar susdu. Elə həmin il imzalanan “Əsrin Müqaviləsi” ilə Azərbaycan iqtisadi inkişafa qədəm qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri iqtisadi gücümüz olmaqla yanaşı, həm də Azərbaycanın söz sahibi dövlətə çevrilməsinin əsas pillələri idi. 1995-ci ildə qəbul edilən Konstitusiyamız dövlətin hüquqi təməllərini formalaşdırdı. Hüquqi islahatlar, insan hüquqları, azadlıq və mülkiyyət hüququ ölkədə təmin edilməyə başlandı. Azərbaycan artıq müstəqil, hüquqi və demokratik bir dövlət idi. 15 İyun  həm də xalqla liderin birliyinin simvoludur. Ulu Öndər Heydər Əliyevin cəsarətli və müdrik siyasəti, onun xalqına sadiqliyi, hər bir vətəndaş üçün qürur qaynağına çevrildi. Biz  veteranlar onun siyasətində öz zəhmətimizin, inamımızın dəyərini gördük. O, bizə arxa durdu, əziyyətimizi dəyərləndirdi. Heydər Əliyev bizim üçün təkcə prezident deyildi. O, xalqın xilaskarı, dövlətin memarı, ruhumuzun dayağı idi. 1997-ci ildə bu gün rəsmi dövlət bayramı elan olundu. O vaxtdan bəri Azərbaycanın inkişafı, sabitliyi, beynəlxalq uğurları, Qarabağın azadlığı, hər biri 15 iyunla başlanan o möhtəşəm yolun davamıdır. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu zamanın çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Azərbaycanın bu günkü gücü, iqtisadi inkişafı, azad edilən torpaqları və digər bütün addımları Heydər Əliyevin mirası və İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri 15 İyun – Milli Qurtuluş Gününün dərin mənasını, tarixi əhəmiyyətini bütün varlığımızla anlayırıq. Bu gün bizim üçün sadəcə bir təqvim günü deyil, dövlətin varlığının, xalqın birliyinin və müstəqil gələcəyimizin təməlidir. Biz yaxşı bilirik ki, əgər o tarixi anda Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verməsəydi, Azərbaycan adlı müstəqil, güclü dövlətin taleyi qaranlığa qərq olacaqdı. 15 İyun Azərbaycan xalqının öz taleyini əlinə aldığı, dövlətçiliyimizin uçurumun kənarından geri qaytarıldığı, gələcəyin əsasının qoyulduğu gündür. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, siyasi qətiyyəti və xalqına sonsuz inamı sayəsində Azərbaycan ayağa qalxdı, öz gücünə inandı və gələcəyə doğru inamla irəlilədi. Bu milli dirçəliş yolu 44 gün davam edən Vətən müharibəsində özünün zirvəsinə çatdı. 2020-ci ilin payızında xalqımız bir daha bir yumruq kimi birləşdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ulu Öndərin arzuladığı və tövsiyə etdiyi strateji hədəfi  torpaqlarımızın azad olunmasını gerçəkləşdirdi. Şanlı Zəfərimiz Şuşanın alınması ilə başa çatan bu müqəddəs savaş Heydər Əliyev siyasi kursunun davamının nə qədər möhkəm təməl üzərində qurulduğunu bir daha sübut etdi. 15 İyunun qoyduğu təməl üzərində yüksələn Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi güc mərkəzi, beynəlxalq siyasətin mühüm oyunçusudur. Biz bu şərəfli yolun canlı şahidləri olan veteranlar, şəhidlərimizin müqəddəs ruhuna baş əyir, qazilərimizin rəşadətini ehtiramla yad edirik. Bu gün Azərbaycan güclüdür, çünki lideri ilə xalqı birdir, ruhu bütövdür, tarixi və gələcəyi möhkəm dayaqlar üzərində qurulub. Ona görə də 15 İyun təkcə keçmişin səhifəsi deyil, həm də hər bir azərbaycanlının qürurla yaşatdığı milli hafizədir. Bu gün biz onu qürurla qeyd edir, xatırlamaqla kifayətlənmir, yaşadırıq. Bu gün bizim həm milli özünüdərk, həm də gələcəyə sonsuz inam günümüzdür. Qoy 15 İyun – Milli Qurtuluş Günü daim azadlığımızın, gücümüzün, birliyimizin simvolu olsun! Yaşasın Azərbaycan! Yaşasın Qurtuluşun rəhbəri Heydər Əliyevin əbədi ideyaları! Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Yeni Klinika Avropa brendinə çevrilir...

Almaniyanın nəhəng medikal qrupu tibb müəssisəsində ən son tibbi innovasiyaları tətbiq edəcək  TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Yeni Klinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar. Eyni zamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq müqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “Sana Hospital Group”un direktoru Tomas Lemke imza atıblar. Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana” Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Yeni Klinikanın kollektivi və media nümayəndələri də iştirak ediblər. Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb. Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işləri həyata keçiriləcək. Yeni Klinikada keçirilən imzalanma mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək ölkə rəhbərliyinin xüsusi diqqət, qayğısı və birbaşa xeyir-duası ilə Azərbaycan səhiyyə sahəsində bir ilkə imza atıldığını, Almaniyanın nəhəng medikal qruplarından biri ilə əməkdaşlığa başlanıldığını qeyd edib.  O, tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini və bütün bunların nəticəsi olaraq bir çox inkişaf etmiş ölkələrin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb: “Bu gün TƏBİB-in tabeliyində 3 mindən çox tibb müəssisəsi fəaliyyət göstərir. İstər paytaxt Bakıda, istərsə də regionlarda yerləşən tibb müəssisələrimizdə son illərdə nəzərəçarpacaq qədər irəliləyişlərə nail olmuşuq. Həm maddi-texniki bazanın gücləndirilməsi, həm kadr təminatı, peşəkar həkim-mütəxəssislərin tibb müəssisələrimizə cəlb olunması, yeni cihaz və avadanlıqların alınması, rəqəmsallaşma, səhiyyədə yeniliklərin tətbiqi istiqamətində çox işlər görülüb və bu istiqamətdə fəaliyyətlərimiz bundan sonra da davam edəcək. Müəssisələrimiz arasında Yeni Klinikanın xüsusi yeri, xüsusi çəkisi var. Tarixi çox yeni olsa da, bu gün Qafqazın ən böyük xəstəxanası ünvanını daşıyır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 mart 2020-ci il tarixində açılışı baş tutan Yeni Klinikada bu gün çox mürəkkəb və çətin əməliyyatlar uğurla icra olunur. 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxanası ilə Yeni Klinikada unikal əməliyyatlar icra olunur. Əldə olunan nailiyyətlər təbii ki, xarici ölkələrin də diqqətini çəkir. Bu, həm də Almaniyanın Azərbaycanın tibb sahəsinə investisiyaların cəlb olunması baxımından da önəmli müqavilədir”. Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman çıxışında əməkdaşlıq müqaviləsinin imzalanmasının iki ölkə arasında münasibətlərin inkişafında çox önəmli addım olduğunu, səhiyyə sahəsində bir yenilik olduğunu deyib: “Bu, insanlara xeyir verəcək bir əməkdaşlıqdır. “Sana Hospital Group” Almaniyanın aparıcı şirkətlərindən biridir. Şirkətin həm menecment, həm səhiyyə sahəsində  səmərəli və effektiv metodları, yüksək standartları burada da tətbiq olunacaq. Bu əməkdaşlıqla bağlı ilkin layihəni “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk Prezident İlham Əliyevə təqdim edəndə o da bu iş birliyini müsbət qiymətləndirib, iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyindən məmnun olduğunu bildirmişdi”. Daha sonra “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk çıxış edərək əvvəllər yalnız ideya və düşüncədən ibarət olan bu əməkdaşlığın detallarının artıq rəsmi şəkildə imzalanmasından məmnun olduğunu bildirib: “Bu, yalnız səhiyyə sahəsinə deyil, həm də iki ölkə arasında xarici siyasətə, iqtisadiyyata töhfədir. Bu, iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsində də önəmli addımdır. Biz bu gün bir düşüncənin artıq reallığa keçməsini qeyd edirik”.   “Sana Hospital Group”un direktoru Tomas Lemke çıxışında Azərbaycanı keyfiyyətli tibbi xidmətin mərkəzinə çevirmək üçün birlikdə əməkdaşlıq etməklərindən məmnunluğunu dilə gətirib: “Bizim əməkdaşlığımız 2023-cü ildən başlayıb. Bu müddət ərzində qarşılıqlı tanışlıq səfərləri, görüşlər keçirərək bir-birimizin iş prinsiplərini daha yaxından öyrəndik, inanıram ki, çox uğurlu işbirliyi olacaq. Mən sizi rəhbərlik etdiyim qurumun 36 min əməkdaşı adından da salamlayıram. “Sana Hospital Group” olaraq fəxr edirik ki, bizim təcrübəmiz Azərbaycanda da insanların sağlamlıqlarına qovuşması istiqamətində öz töhfəsini verəcək. Bir sıra ölkələr var ki, tibbi xidməti düzgün və keyfiyyətli şəkildə qurmaqda çətinlik çəkirlər. Amma siz Azərbaycanda tibbi xidməti çox uğurlu şəkildə təşkil etmisiniz. Mən bu əməkdaşlığımıza çox sevinirəm”. Sonda Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərək bildirib ki, artıq uzun müddətdir ki, dünya miqyasında tibbi turizmə artan tələbata uyğun olaraq TƏBİB-in dəstəyi ilə Yeni Klinikada bu istiqamətdə müəyyən addımlar atılır. Məhz bu məqsədlə beynəlxalq turistlərin cəlb edilməsi imkanlarının genişləndirilməsi üçün tibb müəssisəsində info-turlar, görüşlər və tibbi təcrübə mübadilələri təşkil olunur: “Düşünürəm ki, Yeni Klinika və “Sana Hospital Group” arasında imzalanacaq bu müqavilə böyük uğurlara yol açaraq tibbi turizm istiqamətində görüləcək işləri daha da sürətləndirəcək”. Əməkdaşlıq müqaviləsində “Sana Hospital Group”un loqosunun Yeni Klinikada müştərək istifadə olunması da nəzərdə tutulub. Məlumat üçün bildirək ki, “Sana Hospital Group”un loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək. Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşı olan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.  

Hamısını oxu