Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəkidə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib

Aprelin 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib.

Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Şəki şəhərinin və ətraf rayonların veteran və ziyalıları, o cümlədən Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açaraq, xalqımızın, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşən Azərbaycan xalqı, qəhrəman ordumuz cəmi 44 gündə Ermənistan ordusunu darmadağın edərək, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olub.

Dövlətin veteranlara, müharibə əlillərinə, Vətənin müdafiəsində bu və ya digər dərəcədə iştirak edən şəxslərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, cəmiyyətdə narahatlıqla qarşılanan bəzi məqamlara da diqqət çəkib. Bəzi şəxslərin müharibə iştirakçısı statusundan süni şəkildə istifadə etməyə çalışdığını, dövlət qurumlarına təzyiq göstərməyə cəhd etmək, əsassız iddia və tələblər səsləndirməklə qazi adına yaraşmayan əməllərə imza atdığını diqqətə çatdıran Cəlil Xəlilov qanunun hamı üçün bir olduğunu bildirib, həmin şəxsləri hüquqi əsası olmayan tələblər irəli sürməkdən çəkinməyə çağırıb.

Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Azərbaycan xalqının dövlətimizin başçısının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük əzm və mübarizlik sərgilədiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Ordusu xalqın dəstəyi ilə qısa zamanda işğalçı Ermənistan ordusunu darmadağın edərək, dövlətimizin ərazi bütövlüyünü, xalqımızın təhlükəsizliyini qorumağa qadir olduğunu sübut edib.

Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara böyük qayğı göstərdiyini diqqətə çatdıran icra başçısı, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı böyük sosial layihələrin həyata keçirildiyini, bu təşəbbüslərin cəmiyyətdə məmnunluqla qarşılandığını bildirib. Bəzən sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən dövlətimizə qarşı əsassız iddia və tələblər səsləndiyini təəssüflə qeyd edən Elxan Usubov, bu cür qərəzli iddialara qarşı hər kəsin, o cümlədən müharibə veteranlarının, qazi və əlillərin birgə mübarizə aparmalarının vacib olduğunu söyləyib.

Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Sektor müdiri dövlətin şəhid ailələrini, veteranları, müharibə əlillərini daim diqqət mərkəzində saxladığını qeyd edib. Vüsal Quliyev, həmçinin bəzi şəxslərin və veteran adı daşıyan təşkilatların bu statusdan sui-istifadə cəhdlərini də qınayıb, bu cür hallara qarşı birgə mübarizənin vacibliyinə toxunub. Sektor müdiri bildirib ki, veteranlar müharibədə olduğu kimi, bu sahədə də aktiv olmalı, milli maraqların, dövlətin və dövlətçiliyin keşiyində dayanmalıdırlar.

Vüsal Quliyev veteran təşkilatlarına bu cür görüşlərin mütəmadi təşkil olunmasını, veteran təşkilatlarının beynəlxalq veteranlar hərəkatında daha aktiv iştirak etmələrini tövsiyə edib.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrin İctimai Birliyinin Şəki filialının sədri, Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov, Əfqanıstan və Birinci Qarabağ müharibəsi veteranı Adil Musayev, Vətən müharibəsi qazisi Asif Məmmədəliyev də çıxışlarında dövlətin veteranlara qayğısından razılıqla bəhs edib, veteran adından, qazi statusundan sui-istifadə cəhdlərini qınayıblar.

Tədbirin ikinci hissəsi aktiv diskussiya şəraitində keçib. Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi qaziləri dövlətin həssas təbəqə ilə bağlı sosial siyasətini, şəhid ailələrinə, veteran və müharibə əlillərinə göstərdiyi qayğını yüksək qiymətləndirib, dövlətimizin başçısına öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, üzləşdikləri neqativ hallarla bağlı şikayətlərini də dilə gətirən qazilər, xüsusilə əlilliyin təyinatı ilə bağlı məsələlərdə bəzi hallarda süründürməçilik və qeyri-obyektivliklə qarşılaşdıqlarını vurğulayıblar.

Polkovnik Cəlil Xəlilov rəhbərliyində təmsil olunduğu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının neqativ hallarla üzləşən veteranlara yardım etməyə, onların şikayət və narazılığını, təklif və iradlarını əlaqədar qurumlara çatdırmağa hazır olduğunu bildirib.

Tədbir iştirakçıları sonda ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

2022-04-15 18:16:00
1374 baxış

Digər xəbərlər

Nərimanov rayonunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə fiziki tərbiyə müəllimləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə keçirilən “İdman həftəsi” çərçivəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qarşıdan gələn 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hamını təbrik etdi və bildirdi ki, ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və fundamental uğurlar Umummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf etməsi tamamilə məntiqi və qanuna uyğundur. Gəncləri idman vasitəsilə layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdarə rəisi vurğuladı ki, 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkədə milli idman növləri ilə yanaşı Olimpiya idman növləri də böyük vüsət aldı. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait Azərbaycana medalların axıb gəlməsi ilə bərabər Respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Əlbəttə ki, bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir. Sonda adları aşağıda qeyd edilən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən İdman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, gənclərdə idmana, bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə və 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə fəxri fərmanlar ilə təltif olunmuşlar: - Kənan Məmmədov – 34 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Cəfər Aslanov - 36 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - İradə Lələyeva - 37 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Eldar Muxtarlı - 39 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Amid Qasımov - 45 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Rübabə Həsənova – Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Səyyad Əkbərov - 57 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Yelena Həsənova – “Tərəqqi” texniki-humanitar liseyin fiziki tərbiyə müəllimi; - Namiq Əsədov – “Ankara məktəbi” məktəb-liseyin fiziki tərbiyə müəllimi; - Afət Məmmədova - 82 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Esmira Hüseynova - 93 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Nicat Əhmədov - 177 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Samir Paşayev - 178 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Əhliman Hüseynov - 193 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Rəqsanə Lətifova – Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi; - Qətibə Bayramova - Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi; - Vasif Piriyev - Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi; - Xavər Mahmudova - 202 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - İlahə Mustafayeva - 207 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Rauf Nəzərov - 212 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Əli Kərimov - 258 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Murad Mehdiyev – Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli liseyin fiziki tərbiyə müəllimi; - Mariya Novruzova – “Evrika” liseyinin fiziki tərbiyə və cüdo, 6 nömrəli məktəb-liseyinin fiziki tərbiyə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının cüdo müəllimi. Təltif olunan müəllimlərizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatının sədri şəhid ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 11.02.2023-cü il tarixində şəhid Zeynalov Bəhruz Novruz oglunun şəhadət günü ilə bağlı Ağdam rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, habelə Təşkilat üzvləri şəhid ailəsini ziyarət edib.  Birinci Qarabağ müharibəsi qazisi olan şəhid atası Novruz Zeynalov görüş əsnasında şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib. O, qeyd edib ki, hər bir şəhid ailəsi dövlətin qayğısını öz üzərində daim hiss etməkdədir. Şəhid ailəsi arzu və istəklərini də dilə gətirib. Şəhid anası bildirib ki, ən böyük arzuları yaşadıqları küçəyə şəhid olan övladının adının verilməsidir.Yaşadıqlaı küçədəki yolun təmir edilməsinə də ciddi ehtiyac duyulduğunu bildirən şəhid ailəsi, bu istəklərinin əlaqədar qurumlar tərəfindən nəzərə alınacağına ümid etdiklərini bildiriblər. Görüşdə şəhidin kursant yoldaşları da iştirak edib.    

Hamısını oxu
Üç rəngli Bayrağımız müstəqilliyimizin əbədi simvoludur

9 Noyabr-  - Dövlət Bayrağı günü münasibəti ilə Respublika Veteranlar Təşkilatında tədbir keçirilimişdir. Tədbiri giriş sözü ilə Təşkilatın sədri general polkovnik Tofiq Ağahüseynov açdı. T.Ağahüseynov: Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.  1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.          Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur”. Çıxış edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov: “Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd – vətəndaşlığın əxlaqi yükünü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. O, şəxsi həyatındakı irəliləyişləri belə öz dövlətinin milli inkişafından ayrılmaz şəkildə dərk edir. Milli simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cilalayır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun istiqamətləri formalaşdırır və stimullaşdırır”. Tədbirdə digər çıxış edənlər digər çıxış edənlər Üç rəngli bayrağımızın əbədi müstəqilliyimizin simvolu olduğunu bildirdilər. Azərbaycan bayrağının xalqımızın həytında xüsusi yeri olduğunu bildirən natiqlər vətən və bayraq anlayışların eyniyyətindən və müqəddəsliyini vurğuladılar.  Tezliklə  Lələtəpə kimi digər işğal altında olan torpaqlarımızda şanlı Odumuzun Qələbə Bayrağımızı dalğalanacağına inam ifadə etdirər.

Hamısını oxu
Bir sıra rayonlarda yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. Aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir. Xatirladaq ki, Təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək veteranları, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə veteranlar bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar. Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad, Füzuli, İmişli, Ağdam, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Kürdəmirdə yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımları artıq paylanılıb. Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar. Respublika Veteranlar təşkilatının nümayəndələri ilə görüşən Rayon İcra Hakimiyyətinin rəhbərlikləri Koronavirus (COVID-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndiriblər. Yardım aksiyası iyulun sonunadək davam edəcək.

Hamısını oxu