Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan-Çin Strateji Tərəfdaşlığı: Yeni Dövrün Başlanğıcı

Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən birini dünya miqyasında güc mərkəzlərindən olan Çin Xalq Respublikası ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi işi təşkil edir. Bu siyasətin təməlində suverenlik, müstəqillik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə hörmət dayanır.

 Çinlə ikitərəfli münasibətlərdə bu dəyərlərin qarşılıqlı qəbul olunması əməkdaşlığımızı daha da dərinləşdirir. 2023-cü il iyulun 3-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi.

Prezident İlham Əliyevin 2025-ci il aprelin 21-də Çinin aparıcı informasiya agentliyi Sinxuaya verdiyi müsahibədə bu Bəyannamənin tarixi əhəmiyyətinə xüsusi diqqət çəkilmiş, əməkdaşlığımızın gələcək inkişafı üçün geniş perspektivlərin mövcud olduğu vurğulanmışdır. Strateji tərəfdaşlıq Bəyannaməsində bir sıra vacib prinsiplər önə çəkilmişdir. Bunlara qarşılıqlı hörmət, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq daxildir. Tərəflər vurğulamışlar ki, diplomatik münasibətlərin qurulmasından bəri yəni 1992-ci ildən etibarən əldə olunan nailiyyətlər yalnız başlanğıcdır və gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi əsas hədəfdir.

Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yeridən, regional və qlobal sülhə, sabitliyə töhfə verən mühüm tərəfdaşlardır. Bu baxımdan Astana görüşü zamanı iki ölkə liderlərinin qarşılıqlı səfərlər üçün dəvətləri, yüksək səviyyəli siyasi dialoqun davamlı olmasının göstəricisidir. Eyni zamanda nəqliyyat, logistika, enerji kimi sahələrdə əməkdaşlıq gündəlikdə xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə reallaşan Orta Dəhliz layihəsi, Çinlə Avropa arasında təhlükəsiz, sürətli və səmərəli birləşdirici marşrut kimi diqqətəlayiqdir. Bu infrastruktur təşəbbüsləri hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, regionun inteqrasiyasına da ciddi töhfə verir.

Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etməkdə maraqlıdırlar. Hər iki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan etmiş, bu prinsiplərin pozulmaz olduğunu vurğulamışdır. Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən model bir münasibətdir. Mövcud razılaşmalar və qarşılıqlı etimada əsaslanan bu əlaqələr gələcək onilliklərdə daha da inkişaf edəcək, ortaq maraqlara xidmət edəcəkdir.

Bu münasibət təkcə ikitərəfli əlaqələrin deyil, həm də Asiya ilə Qafqazı, Şərqlə Qərbi birləşdirən böyük bir sülh və əməkdaşlıq xəritəsinin əsas sütunlarından birinə çevrilməkdədir. Bu tərəfdaşlıq dərin geosiyasi dəyişikliklərin fonunda müstəqilliyini qoruyub saxlayan, öz yolunu azad şəkildə seçən Azərbaycanın dünyaya açılan mühüm pəncərələrindən biridir. Əminliklə demək olar ki, mövcud razılaşmalar, iqtisadi, siyasi və mədəni əməkdaşlıq sahəsində əldə edilən uğurlar gələcək onilliklər ərzində də davamlı inkişaf üçün zəmin yaradacaq, xalqlarımız arasında dostluğu daha da dərinləşdirəcək. Bu strateji xəttə xalqımızın müxtəlif təbəqələri böyük dəyər verir. Onlar yaxşı bilirlər ki, davamlı sülh, güclü diplomatiya və sağlam beynəlxalq tərəfdaşlıqlar yalnız silah gücünü deyil, siyasi müdrikliyi və xalqın rifahını önə çəkən dövlətin gücünü göstərir.

Veteranlarımız bu münasibətləri qazanılmış sabitliyin, qorunan ərazi bütövlüyünün, uğurla aparılan xarici siyasətin parlaq təzahürü kimi qiymətləndirir. Onlar üçün bu tərəfdaşlıq – sülhün, iqtisadi tərəqqinin və gələcək nəsillərə ötürüləcək etibarlı mirasın bir hissəsidir.

Azərbaycan-Çin münasibətləri bu gün artıq model bir əməkdaşlıq nümunəsinə çevrilmişdir. Bu münasibət nəinki keçmişin təmkinli baxışını, bu günün uğurlu nəticələrini, eyni zamanda gələcəyin güclü təməlini əks etdirir. Bu tərəfdaşlıq körpüsünün hər bir sütunu dostluq, qarşılıqlı fayda və strateji sabitliklə ucaldılır ki, bu körpüdən gələcək nəsillər inamla keçəcəklərdir.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-04-29 15:00:29
3901 baxış

Digər xəbərlər

Novxanı Ailə Sağlamlıq Mərkəzində vətəndaşların tibbi müayinəsi həyata keçirilib

Məlum olduğu kimi 01 aprel 2021- ci il tarixindən icbari tibbi sığorta Abşeron rayonunda da tədbiq edilir. Hər bir vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə bilər və 2550-dən artıq xidmətdən yaralana bilər. Bu əhalinin səhiyyə xidmətlərinə əl çatanlığını və bu xidmətlərin daha da keyfiyyətli olmasını təmin edir. Veteran.gov.az Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən 17 mart tarixində Novxanı kəndində məlumatlandırma aparılmışdır. Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edildi və tibbi müayinələrini həyata keçirdilər. İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alındı və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırıldı. Yeni bir maliyyə mexanizminə dayanan vətəndaşların bir sosial müdafiə sistemi olaraq aparılan işlər birmənalı şəkildə vətəndaş məmnunluğunu təmin edir, tədbiq edilən müayinə və müalicələrin effektivliyini daha da artırır. Məlumat üçün qeyd edək ki, Novxanı Ailə Sağlamlıq Mərkəzi hər zaman vətəndaşlara nümunəvi xidməti, peşəkar həkim kolektivi ilə diqqət çəkib. Pandemiyaya qarşı mübarizə çərçivəsində də mühüm nailiyyətlərə imza atan Novxanı Ailə Sağlamlıq Mərkəzi vətəndaşların vaksinasiya olunması, onların sağlamlığının qorunması prosesində də aktiv iştirak edib.   Seymur ƏLİYEV

Hamısını oxu
“Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir”

Cəlil Xəlilov: “Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”   “Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir. Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi, onun terrorçu, təcavüzkar xarakterinin təcəssümüdür:   “Bildiyiniz kimi, Ermənistan bəzi rayonlarla bağlı mina xəritələrini Azərbaycana versə də, bu xəritələrin yetərincə dəqiq olmadığı, oradakı məlumatların sadəcə 25%-nin öz təsdiqini tapdığı məlum oldu. Başqa sözlə desək, Ermənistan bu rayonlarda basdırdığı minaların dəqiq xəritəsini ölkəmizə vermədi. Təbii ki, bunda məqsəd Azərbaycanın minalarla mübarizəsini zəiflətmək, bu mübarizənin sürət və tempini aşağı salmaqdır. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Bu siyasət həm də Ermənistanın terorçu xarakterini bir kəs daha ortaya qoyur. Baş verənlər göstərir ki, Ermənistan bu gün də mina terrorunu davam etdirir və bu terroru dayandırmaq niyyətində deyil”.   Cəlil Xəlilovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin uzanması, vaxtiylə bu torpaqlardan didərgin salınmış insanların doğma torpaqlarına qayıtması yolunda başlıca əngəldir:   “Məlumdur ki, işğaldan azad edilən ərazilərə qayıdışın başlıca şərti vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Vətən müharibəsindən dərhal sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar atıb və bu gün də atmaqdadır. Bu baxımdan ANAMA-nın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz ANAMA-nın səyi nəticəsində hektarlarla ərazi minalardan təmizlənib, orada quruculuq işlərinin həyata keçirilməsi üçün gərəkli olan təhlükəsizlik təmin edilib. Lakin Azərbaycan tərəfinin əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün bu prosesi maksimum sürətlə həyata keçirmək mümkün deyil. Bu isə 30 il bundan öncə həmin torpaqlardan didərgin salınan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışına mane olur, bu prosesi uzadır. Yəni Ermənistan Vətən müharibəsində məğlub olmasına, hərbi müstəvidə rüsvayçı məğlubiyətə uğramasına baxmayaraq, hələ də vətəndaşlarımızın geri qayıdışına mane olmağa çalışır. Əslində, Ermənistan dövləti Azərbaycana qarşı terror siyasəti aparmaqla bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır. Bunun özü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.    Təbii ki, Azərbaycan dövləti istənilən halda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesini uğurla başa çatdıracaq, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin edəcək. Lakin Ermənistanın mina terroru siyasəti tarixin yaddaşında erməni faşizminin qorxunc təzahürlərindən biri kimi daim nifrət və ikrah hissi ilə xatırlanacaq”.  

Hamısını oxu
"Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür"

"44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür” Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında  Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz fikrinə münasibət bildirərkən deyib.  O söyləyib ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı, maddi-texniki bazası daha da gücləndi: "Prezident İlham Əliyev öz müsahibə və açıqlamalarında dəfələrlə qeyd edib ki, Azərbaycan Ordusu Vətən müahribəsindəki ordu deyil. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclü, daha qüdrətlidir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan ordusu arasında onsuz da böyük olan güc balansı zamanla daha da artır və Ermənistanın bu balansı hansısa formada tənzimləməsi mümkün deyil. Məhz bu prizmadan çıxış edən Nikol Paşinyan Ermənistan ordusunun heç vaxt Azərbaycan Ordusunu üstələyə bilməyəcəyini bəyan edir və bu məsələdə haqlıdır”. Ekspert qeyd edib ki, Paşinyanın məlum açıqlaması iki dövlət arasındakı hərbi reallıqlara diqqət çəkməklə yanaşı, siyasi baxımdan da ciddi önəm kəsb edir: "Ehtimal ki, Paşinyan bu açıqlama ilə həm daxili, həm də xarici auditoriyanın diqqətinə çatdırmaq istəyir ki, İrəvanın Azərbaycanla nə zamansa yenidən hərbi müstəvidə qarşılaşmış niyyəti və potensialı yoxdur. Bu mənada Paşinyanın məlum açıqlama ilə Ermənistandakı revanşist qüvvələrə də konkret mesaj verdiyini düşünmək olar. Çox güman ki, İrəvan bütün revanşist qüvvələrə başa salmağa çalışır ki, onların arzuları ilə reallıq arasında fərq böyükdür və bu məkirli niyyətlər heç vaxt reallaşmayacaq. İstənilən halda Paşinyanın sözügedən açıqlaması regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və özündə mövcud reallıqları əks etdirir”. Şahanə Ziyad Azxeber.com  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Mehriban xanım!   Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətinizdə uğurlar arzulayırıq.   Azərbaycan xalqının hər bir nümayəndəsi kimi əminik ki, Sizin Birinci vitse-prezident kimi ortaya qoyduğunuz böyük siyasi əzm, həyata keçirdiyiniz nəcib ideyalar, əməllərinizlə təbliğ etdiyiniz humanizm və xeyirxahlıq düşüncəsi bundan sonra da dövlətimizin çiçəklənməsinə töhfə verməklə yanaşı, cəmiyyətimizdə ictimai şüur və təfəkkürün sevgi, mərhəmət və vətənpərvərlik üzərində köklənməsinə kömək edəcək, mənəvi dəyərlərimizin inkişafına təkan verəcəkdir.   Bir daha  Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə bütün veteranların sevgi və salamını çatdırırıq”.   Hörmətlə: Fatma Səttarova və Cəlil Xəlilov

Hamısını oxu