Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb. 

H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib.

Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub. 

F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib. 

Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

 

www.sosial.gov.az

1416 baxış

Digər xəbərlər

Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Kazım Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Böyük Vətən Müharibəsi veteranı Kazım Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir:   “Böyük Vətən Müharibəsi veteranı Quliyev Kazım Seyid oğlu vəfat edib.   Kazım Quliyev 1925-ci ildə Bakı şəhərində anadan olub. İkinci Dünya Müharibəsi dönəmində faşist işğalına qarşı mübarizəyə qoşulan Kazım Quliyev, Qafqaz və Ukrayna cəbhəsinin aviasiya hissələri tərkibində bir çox yaşayış məntəqələrinin  faşist işğalından azad edilməsində iştirak edib, hərbi əməliyyatlar zamanı böyük şücaətlər göstərib.  Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə polkovnik-leytenant Kazım Quliyev çoxlu sayda orden və medallarla təltif olunub.   İkinci Dünya Müharibəsi iştirakçısı Kazım Quliyevin işıqlı xatirəsi veteranların, o cümlədən onu tanıyan hər kəsin qəlbində həmişə yaşayacaqdır.   Allah rəhmət eləsin!”    

Hamısını oxu
Ordumuz xalqımızın iftixar mənbəyi, təhlükəsizliyimizin qarantıdır!

Dünyanın müxtəlif regionlarında dövlətlərin bir-birlərinə qarşı mübarizədə istifadə etdikləri yeni müharibə üsulları, iqtisadi sankiyalar, törədilmiş terror aktları, separatizm, etnik-dini-siyasi qarşıdurmalar və s. proseslərin geniş vüsət alması, regiona dövlətlərin milli və hərbi təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Mövcud vəziyyətin mürəkkəbliyi problemin qarşısının alınması mexanizmlərinin səmərə vermədiyini deməyə əsas verir. Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən bir sistemi yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin təmin olunması, həm sırf hərbi, həm də siyasi-diplomatik, iqtisadi, ideoloji və digər quruluşlu bütün komponentlər, dövlət qurumlarının məqsədyönlü və əlaqəli səyləri sayəsində əldə olunur. Hərbi təhlükəsizlik üç səviyyəyə bölünür: qlobal, regional və milli. Qlobal səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi kütləvi qırğın silahlarının yayılmamasına çalışmaq, strateji hücum silahlarının azaldılması və s. tədbirlərlə təmin edilir. Regional səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi Rusiya və NATO ilə hərbi əməkdaşlığı çərçivəsində ölkənin hərbi-strateji mövqeyini gücləndirməklə təmin edilir. Milli səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi əsasən ölkənin lazımi hərbi potensialının yaradılması ilə təmin edilir. Ordu – müstəqilliyimizin və təhlükəsizliyimizin qarantı! Ümumilikdə götürsək, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas vəzifə və istiqamətlərindən biri ölkə ərazisinin və əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısının alınmasından ibarətdir. Hərbi siyasətin məqsədi -  hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadənin mümkünlüyünü, zəruriliyini və hədlərini müəyyənləşdirmək; mövcud hərbi qüvvənin keyfiyyət və kəmiyyət xüsusiyyətlərinin qiymətləndirilməsi; hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadə yollarının və vasitələrinin müəyyən edilməsi, zəruri hallarda hərbi qüvvənin potensial düşmənə təsir etməsi. Bu baxımdan Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən hərbi təhlükəsizliyin təmin edilməsi sistemini yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin təminində iqtisadi, hüquqi və digər amillərin rolu... Ölkənin hərbi təhlükəsizliyinin təmin olunmasında qanunverici aktların layihələrini hazırlayan və qəbul edilmiş qanunların icrasını təmin edən hüquqi təsisatlar böyük rol oynayır. Hərbi təhlükəsizliyin təmin olunmasında daxili siyasi strukturların rolu olduqca çoxşaxəlidir. Ölkənin müdafiəsi, əhalinin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı hökumətin bütün qanunvericilik aktlarını və qərarlarını səmərəli şəkildə yerinə yetirməli, iqtisadiyyatın və ölkə ərazisinin hərbi cəhətdən hazırlanması sahəsində fəaliyyətini təmin etməli, güclənməsinə və sabitləşməsinə töhfə verən sosial və milli siyasətləri praktikada həyata keçirməlidirlər. Hərbi təhlükəsizliyin təmin olunmasında iqtisadi strukturların rolu böyükdür. Hərbi potensial Silahlı Qüvvələrin saxlanması və təkmilləşdirilməsi, döyüşün effektivliyinin artırılması, müasir silahlar, hərbi texnika və bütün növ müavinətlərlə təmin edilməsi iqtisadiyyatdan birbaşa asılıdır. Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək üçün zəruri şərt hamı üçün təhlükəsizlik bərabərliyi prinsipinə əsaslanan qlobal və regional təhlükəsizliyin təmin edilməsi üçün bir modelin yaradılması olmalıdır. Hərbi təhlükəsizlik sistemi təkcə təhdid və çağırışlara cavab verməməli, həm də qabaqcadan düşünmək, mümkün təhdidlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək bacarığına sahib olmalıdır. Sülh dövründə Silahlı Qüvvələrin əsas vəzifələri sırasına Azərbaycana qarşı silahlı təcavüzə hazırlığın vaxtında aşkarlanması, ölkəmizə yönəlmiş hər hansı təcavüzə qarşı kifayət qədər güc və çəkindirmə vasitələri potensialının yaradılması, qoşunların döyüşə hazırlığı kimi əsas vəzifələr də daxildir. Əslində, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən asılı olmayaraq bu ölkənin “monoetnik dövlətçiliyi, etnik təmizləmə və ərazi ekspansiyasını öz siyasətinin tərkib hissəsi kimi davam etdirməsi” və s. kimi addımları göstərir ki, Azərbaycan ona qarşı öz müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamalıdır. Silahlı təcavüzün dəf edilməsi vəzifələrinin icrası Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmr və göstərişlərinə uyğun olaraq həyata keçirilir. Silahlı Qüvvələrin birləşmələri Hərbi Doktrinada müəyyən edilmiş potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq yerləşdirilir. Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və potensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin yaradılması və saxlanılması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla, hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi, qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə, daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s. prinsiplər əsas götürülür. Ölkənin siyasi və hərbi rəhbərliyinin ciddi fəaliyyətinin nəticəsi olaraq hazırda Azərbaycanda müasir döyüş sistemləri və silahlarla təmin olunmuş, taktiki, hərbi, fiziki və mənəvi cəhətdən əksər hərbi və döyüş vəzifələrini yerinə yetirməyə hazır olan, məxsusi zabit korpusuna malik, dəqiq strukturlaşdırılmış və öz komandir heyətinin tapşırıqlarını icra etməyə hazır olan həqiqi müasir və peşəkar ordu yaradılmışdır. Vahid hərbi komandanlığın formalaşması, idaretmə mexanizminin təşəkkül tapması, müasir ordu quruculuğu, ən son nailiyyətlərə əsaslanan silahların, peşəkar zabit kadrlarının mövcudluğu, ən əsası 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyət onu deməyə əsas verir ki, artıq Azərbaycan Respublikası müstəqil hərbi siyasətinin həyata keçirməklə, özünün hərbi təhlüksizliyini təmin etməyə qadirdir. İlham Əliyev müasir Azərbaycan tarixinin memarı, bu tarixin qəhrəmanıdır Prezident İlham Əliyevin ölkə başçısı kimi hansı iqtisadi-siyasi nailiyyətlərə imza atdığı, Ali Baş Komandan kimi ordumuzun döyüş hazırlığını, texniki təchizatını hansı səviyyəyə yüksəltdiyi məlumdur. Azərbaycan bu gün iqtisadi gücünə görə bütün Qafqazda lider dövlətə çevrilib. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Ölkə başçısının siyasi fəaliyyəti əsrlər sonra da öyrəniləcək, təbliğ ediləcəkdir. Lakin prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir. 8 noyabr qalibiyyəti sadəcə bu ilin deyil, bu əsrin ən böyük zəfər salnaməsidir Təbii ki, 2020-ci illə bağlı ən böyük və ən mühüm olay Azərbaycanın erməni işğalında qalan torpaqlarının azad edilməsi, düşmən üzərində 8 noyabr zəfərinin əldə edilməsidir. Bu, o qədər böyük hadisədir ki, onun böyüklüyünü bir günə, bir aya, yaxud bir ilə sığdırmaq mümkün deyil. 44 günlük Vətən müharibəsində ordumuz düşmən üzərində o qədər parlaq, o qədər qəti və həlledici qələbə qazandı ki, bu qələbə və onun nəticələri haqqında əsrlər uzunu danışılacaq. Doğrudur, bu qələbə itkisiz başa gəlmədi. Üç minə yaxın hərbçimiz ərazi bütövlüyümüzün təmin olunması, erməni işğalının ordan qaldırılması üçün öz həyatını qurban verdi, şəhidlik zirvəsinə yüksəldi. Biz onları hər zaman dərin hörmət və ehtiram hissi ilə yad edəcəyik. Biz məhz onların qəhrəmanlığı sayəsində işğaldakı torpaqlarımızı azad etməyə, yağı düşməni diz çökdürməyə nail olduq. Ordumuzun əsgər və zabitləri şəhidlərimizin qisasını artıqlaması ilə aldılar. Erməni ordusunu Qarabağdan qovaraq bu torpaqlar üzərində dövlətimizin faktiki nəzarətini bərpa etdilər. Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı, öz döyüş tapşırığını yüksək bacarıqla yerinə yetirməsi qələbəmizi təmin etdi. Azərbaycan ordusu ilə müharibədə rüsvayçı məğlubiyətə uğrayan Ermənistan, hərbçilərimizin ölümcül zərbələri qarşısında davam gətirməyərək işğal etdiyi torpaqlardan qaçmağa məcbur oldu. Vətən müharibəsindəki şanlı Qələbəmiz ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək Vətən müharibəsindəki şanlı qələbə və Ermənistanın kapitulyasiyası həm Azərbaycanın, həm də regionun inkişafı üçün geniş perspektivlər açıb. Doğma Qarabağımızın bərpası ilə bağlı böyük planlar, möhtəşəm layihələr mövcuddur. Artıq bir çox layihələrin icrasına start verilib. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. İşğaldan azad edilə ərazilər “ağıllı kənd”, “ağıllı şəhər” layihələri əsasında yenidən inşa ediləcək, müasir qaydada yenidən bərpa olunacaq. Artıq qardaş Türkiyənin bir çox şirkətləri bu quruculuq işinə cəlb edilib və Qarabağdakı abadlıq prosesində yaxından iştirak edir. Biz yaxın günlərdə iqtisadi müstəvidə böyük uğurlara şahid olacağıq. Bütün bu uğurlara zəmin yaradan isə Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətidir. Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, məğlubedilməz ordusu var. Bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir. Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi Şübhəsiz, Azərbaycan ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi. Mən 26 iyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçilərimizi təbrik edir, onlara öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Onlar əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alışlanacaqdır. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru  

Hamısını oxu
Şəhidlərimizin ruhu Gürcüstanın Qardabani rayonunda ehtiramla yad olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun İstisu (Tbilistskaro) kəndində ehtiramla anılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, rayon və kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Səfir Dursun Həsənov çıxış edərək düşmənin silahlı bölmələrinin iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məlumat verib. Bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələr Paşinyan rejiminin daxili elektorata hesablanmış növbəti təxribatıdır. Bu qondarma “demokratik” rejim növbəti dəfə dəhşətli xarici düşmən obrazı yaratmağa, həm əhalinin, həm də müxalifətin diqqətini yayındırmağa çalışır. Diplomat vurğulayıb ki, Ermənistanın hərbi təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alınıb. İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Deputat Azər Süleymanov, şəhidin təhsil aldığı İstisu kənd məktəbinin direktoru Mehman İsayev, Qardabani şəhər 3 saylı tam orta məktəbin direktoru Abay Süleymanov və başqaları çıxış edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə telefonla zəng etməsi xüsusi qeyd olunub. Bildirilib ki, dövlətimizin başçısının bu diqqət və qayğısı ordumuzun döyüş ruhunu daha da artırıb. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.   Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi

Hamısını oxu