Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ordumuz xalqımızın iftixar mənbəyi, təhlükəsizliyimizin qarantıdır!

Dünyanın müxtəlif regionlarında dövlətlərin bir-birlərinə qarşı mübarizədə istifadə etdikləri yeni müharibə üsulları, iqtisadi sankiyalar, törədilmiş terror aktları, separatizm, etnik-dini-siyasi qarşıdurmalar və s. proseslərin geniş vüsət alması, regiona dövlətlərin milli və hərbi təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Mövcud vəziyyətin mürəkkəbliyi problemin qarşısının alınması mexanizmlərinin səmərə vermədiyini deməyə əsas verir.

Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən bir sistemi yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir.

Hərbi təhlükəsizliyin təmin olunması, həm sırf hərbi, həm də siyasi-diplomatik, iqtisadi, ideoloji və digər quruluşlu bütün komponentlər, dövlət qurumlarının məqsədyönlü və əlaqəli səyləri sayəsində əldə olunur. Hərbi təhlükəsizlik üç səviyyəyə bölünür: qlobal, regional və milli.

Qlobal səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi kütləvi qırğın silahlarının yayılmamasına çalışmaq, strateji hücum silahlarının azaldılması və s. tədbirlərlə təmin edilir.

Regional səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi Rusiya və NATO ilə hərbi əməkdaşlığı çərçivəsində ölkənin hərbi-strateji mövqeyini gücləndirməklə təmin edilir.

Milli səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi əsasən ölkənin lazımi hərbi potensialının yaradılması ilə təmin edilir.

Ordu – müstəqilliyimizin və təhlükəsizliyimizin qarantı!

Ümumilikdə götürsək, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas vəzifə və istiqamətlərindən biri ölkə ərazisinin və əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısının alınmasından ibarətdir.

Hərbi siyasətin məqsədi -  hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadənin mümkünlüyünü, zəruriliyini və hədlərini müəyyənləşdirmək; mövcud hərbi qüvvənin keyfiyyət və kəmiyyət xüsusiyyətlərinin qiymətləndirilməsi; hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadə yollarının və vasitələrinin müəyyən edilməsi, zəruri hallarda hərbi qüvvənin potensial düşmənə təsir etməsi.

Bu baxımdan Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən hərbi təhlükəsizliyin təmin edilməsi sistemini yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir.

Hərbi təhlükəsizliyin təminində iqtisadi, hüquqi və digər amillərin rolu...

Ölkənin hərbi təhlükəsizliyinin təmin olunmasında qanunverici aktların layihələrini hazırlayan və qəbul edilmiş qanunların icrasını təmin edən hüquqi təsisatlar böyük rol oynayır. Hərbi təhlükəsizliyin təmin olunmasında daxili siyasi strukturların rolu olduqca çoxşaxəlidir. Ölkənin müdafiəsi, əhalinin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı hökumətin bütün qanunvericilik aktlarını və qərarlarını səmərəli şəkildə yerinə yetirməli, iqtisadiyyatın və ölkə ərazisinin hərbi cəhətdən hazırlanması sahəsində fəaliyyətini təmin etməli, güclənməsinə və sabitləşməsinə töhfə verən sosial və milli siyasətləri praktikada həyata keçirməlidirlər.

Hərbi təhlükəsizliyin təmin olunmasında iqtisadi strukturların rolu böyükdür. Hərbi potensial Silahlı Qüvvələrin saxlanması və təkmilləşdirilməsi, döyüşün effektivliyinin artırılması, müasir silahlar, hərbi texnika və bütün növ müavinətlərlə təmin edilməsi iqtisadiyyatdan birbaşa asılıdır.

Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək üçün zəruri şərt hamı üçün təhlükəsizlik bərabərliyi prinsipinə əsaslanan qlobal və regional təhlükəsizliyin təmin edilməsi üçün bir modelin yaradılması olmalıdır. Hərbi təhlükəsizlik sistemi təkcə təhdid və çağırışlara cavab verməməli, həm də qabaqcadan düşünmək, mümkün təhdidlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək bacarığına sahib olmalıdır.

Sülh dövründə Silahlı Qüvvələrin əsas vəzifələri sırasına Azərbaycana qarşı silahlı təcavüzə hazırlığın vaxtında aşkarlanması, ölkəmizə yönəlmiş hər hansı təcavüzə qarşı kifayət qədər güc və çəkindirmə vasitələri potensialının yaradılması, qoşunların döyüşə hazırlığı kimi əsas vəzifələr də daxildir. Əslində, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən asılı olmayaraq bu ölkənin “monoetnik dövlətçiliyi, etnik təmizləmə və ərazi ekspansiyasını öz siyasətinin tərkib hissəsi kimi davam etdirməsi” və s. kimi addımları göstərir ki, Azərbaycan ona qarşı öz müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamalıdır.

Silahlı təcavüzün dəf edilməsi vəzifələrinin icrası Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmr və göstərişlərinə uyğun olaraq həyata keçirilir. Silahlı Qüvvələrin birləşmələri Hərbi Doktrinada müəyyən edilmiş potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq yerləşdirilir.

Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və potensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır

və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin yaradılması və saxlanılması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla,

hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi, qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə, daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s. prinsiplər əsas götürülür. Ölkənin siyasi və hərbi rəhbərliyinin ciddi fəaliyyətinin nəticəsi olaraq hazırda Azərbaycanda müasir döyüş sistemləri və silahlarla təmin olunmuş, taktiki, hərbi, fiziki və mənəvi cəhətdən əksər hərbi və döyüş vəzifələrini yerinə yetirməyə hazır olan, məxsusi zabit korpusuna malik, dəqiq strukturlaşdırılmış və öz komandir heyətinin tapşırıqlarını icra etməyə hazır olan həqiqi müasir və peşəkar ordu yaradılmışdır.

Vahid hərbi komandanlığın formalaşması, idaretmə mexanizminin təşəkkül tapması, müasir ordu quruculuğu, ən son nailiyyətlərə əsaslanan silahların, peşəkar zabit kadrlarının mövcudluğu, ən əsası 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyət onu deməyə əsas verir ki, artıq Azərbaycan Respublikası müstəqil hərbi siyasətinin həyata keçirməklə, özünün hərbi təhlüksizliyini təmin etməyə qadirdir.

İlham Əliyev müasir Azərbaycan tarixinin memarı, bu tarixin qəhrəmanıdır

Prezident İlham Əliyevin ölkə başçısı kimi hansı iqtisadi-siyasi nailiyyətlərə imza atdığı, Ali Baş Komandan kimi ordumuzun döyüş hazırlığını, texniki təchizatını hansı səviyyəyə yüksəltdiyi məlumdur. Azərbaycan bu gün iqtisadi gücünə görə bütün Qafqazda lider dövlətə çevrilib. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Ölkə başçısının siyasi fəaliyyəti əsrlər sonra da öyrəniləcək, təbliğ ediləcəkdir. Lakin prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq.

8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı.

Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir.

8 noyabr qalibiyyəti sadəcə bu ilin deyil, bu əsrin ən böyük zəfər salnaməsidir

Təbii ki, 2020-ci illə bağlı ən böyük və ən mühüm olay Azərbaycanın erməni işğalında qalan torpaqlarının azad edilməsi, düşmən üzərində 8 noyabr zəfərinin əldə edilməsidir. Bu, o qədər böyük hadisədir ki, onun böyüklüyünü bir günə, bir aya, yaxud bir ilə sığdırmaq mümkün deyil. 44 günlük Vətən müharibəsində ordumuz düşmən üzərində o qədər parlaq, o qədər qəti və həlledici qələbə qazandı ki, bu qələbə və onun nəticələri haqqında əsrlər uzunu danışılacaq.

Doğrudur, bu qələbə itkisiz başa gəlmədi. Üç minə yaxın hərbçimiz ərazi bütövlüyümüzün təmin olunması, erməni işğalının ordan qaldırılması üçün öz həyatını qurban verdi, şəhidlik zirvəsinə yüksəldi. Biz onları hər zaman dərin hörmət və ehtiram hissi ilə yad edəcəyik. Biz məhz onların qəhrəmanlığı sayəsində işğaldakı torpaqlarımızı azad etməyə, yağı düşməni diz çökdürməyə nail olduq. Ordumuzun əsgər və zabitləri şəhidlərimizin qisasını artıqlaması ilə aldılar. Erməni ordusunu Qarabağdan qovaraq bu torpaqlar üzərində dövlətimizin faktiki nəzarətini bərpa etdilər.

Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı, öz döyüş tapşırığını yüksək bacarıqla yerinə yetirməsi qələbəmizi təmin etdi. Azərbaycan ordusu ilə müharibədə rüsvayçı məğlubiyətə uğrayan Ermənistan, hərbçilərimizin ölümcül zərbələri qarşısında davam gətirməyərək işğal etdiyi torpaqlardan qaçmağa məcbur oldu.

Vətən müharibəsindəki şanlı Qələbəmiz ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək

Vətən müharibəsindəki şanlı qələbə və Ermənistanın kapitulyasiyası həm Azərbaycanın, həm də regionun inkişafı üçün geniş perspektivlər açıb. Doğma Qarabağımızın bərpası ilə bağlı böyük planlar, möhtəşəm layihələr mövcuddur. Artıq bir çox layihələrin icrasına start verilib. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. İşğaldan azad edilə ərazilər “ağıllı kənd”, “ağıllı şəhər” layihələri əsasında yenidən inşa ediləcək, müasir qaydada yenidən bərpa olunacaq. Artıq qardaş Türkiyənin bir çox şirkətləri bu quruculuq işinə cəlb edilib və Qarabağdakı abadlıq prosesində yaxından iştirak edir. Biz yaxın günlərdə iqtisadi müstəvidə böyük uğurlara şahid olacağıq. Bütün bu uğurlara zəmin yaradan isə Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətidir. Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, məğlubedilməz ordusu var. Bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir.

Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi

Şübhəsiz, Azərbaycan ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı.

Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir.

44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi.

Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi.

Mən 26 iyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçilərimizi təbrik edir, onlara öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Onlar əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alışlanacaqdır.

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

2022-06-22 14:54:00
1375 baxış

Digər xəbərlər

“Bu qətnamə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”

30 aprel tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib.  Avropa Parlamentinin məlum qətnaməsi Cənubi Qafqazda sülh prosesinə zərbə vurmaq, yeni münaqişə və qarşıdurmalara rəvac vermək cəhdi kimi dəyərləndirilə bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu qətnamənin qəbuledilməz olduğunu bildirib: “Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində göstərilən ittihamlar, qərəzlidir, yalan və böhtanlardan ibarətdir. Heç bir halda, Azərbaycan xalqı, dövləti tərəfindən qəbul edilə bilməz. Sayca 13-cü olan, bu qətnamə, məzmun baxımından, əvvəlkilərdən çox da fərqlənmir. Qətnamədə qeyd olunan hallar, suveren dövlətin daxili işlərinə müdaxilə, məhkəmə tərəfindən cinayətləri sübut olunmuş şəxslərin, dünya ictimaiyyətinə “hərbi əsir” kimi təqdim olunması, onların həbsdən azad olunması üçün Azərbaycan hökumətinə təzyiqlər edilməsi, Qarabağ ermənilərinin geri qaytarılması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bütün bunlar, Avropalı parlamentarilərin, hələ də ikili standartlardan əl çəkmədiklərini, erməni diasporalarının və lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirdiklərini göstərir. Avropa Parlamenti, 30 il ərzində torpaqlarımızın işğalı, bir milyona yaxın qaçqın, məcburi köçkünün acınacaqlı vəziyyəti ilə bağlı münasibət bildirmədi. Əksinə, Ermənistanı, Qarabağ separatçılarını dəstəkləməklə, dəstəkləməklə, işğala haqq qazandırdı. 44 günlük müharibədən beş ildən artıq vaxt ötüb. Vaşinqtinda ABŞ-nın vasitəçiliyi ilə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Sərhədlərin delimitasiyası üzərində müştərək iş aparılır. Azərbaycan tərəfindən Ermənistana tranzit yüklər, o cümlədən Azərbaycanın neft məhsulları daşınır. Hiss olunur ki, uzun illərin düşmənçiliyindən sonra iki xalqın barışması, Cənubi Qafqazda sülhün bərqərar olması, bəzi Avropa strukturlarını ciddi şəkildə narahat edir. Ermənistan siyasi hakimiyyətinin, şəxsən baş nazir Nikol Paşinyanın, Azərbaycanın “Qarabağ daxil” ərazisini tanıdıqlarını bəyan etməsinə rəğmən, həmin qüvvələr sakitləşmir. Bütün imkanlarını səfərbər etməklə, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdə saxlanılmasına çalışırlar. Birmənalı olaraq, demək olar ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Cənubi Qafqazda sülh prosesinə zərbə vurur və regionda gərginliyin artmasına çalışan geosiyasi güclərin maraqlarına xidmət edir”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Ermənistan Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”

Cəlil Xəlilov: “Ordumuz istənilən təxribatı dəf etməyə qadirdir” “Aprelin 11-də Ermənistanın ordumuzun Laçındakı mövqelərini atəşə tutması və nəticədə üç hərbçimizin şəhid olması rəsmi İrəvanın təxribatlardan əl çəkmədiyini göstərir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bundan öncə səsləndirdiyi əsassız iddilar, sülh müqaviləsinin imzalanmasını süni şəkildə yubatması İrəvanın təxribatlara hazırlaşdığını göstərirdi: “44 günlük Vətən müharibəsi iki ildən çoxdur ki, başa çatsa da, Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir, siyasi müstəvidə təxribatçı bəyanatlarla çıxış edirdi. Aprelin 11-də baş verən silahlı toqquşma göstərdi ki, İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdu və Ermənistan postmüharibə dönəminin reallıqlarını bu cür təxribatlarla dəyişməyə çalışır. Diqqət çəkən digər bir məqam ermənilərin hərbi təxribatlarının Avropa İttifaqının missiyasının Ermənistana gəlişindən sonra artmasıdır. Görünən budur ki, Ermənistan Avropa İttifaqı missiyasının bölgəyə gəlişindən sonra cəsarətlənib və bunu öz iddialarını gerçəkləşdirmək üçün fürsət  hesab edir. Ancaq Ermənistan bilməlidir ki, kimə güvənməyindən, hansı güclər tərəfindən imayə olunmasına baxmayaraq heç vaxt öz əsassız iddialarını təmin edə, Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”. Polkovnik bildiirb ki, Azərbaycan Ordusu şəhid olan hərbçilərinin intiqamını alıb və bundan sonra da bu cür təxribatlara sərt qarşılıq verəcək: “Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verib, şəhid olan hərbi qulluqçularımızın qisasını alıb. Ermənistanın rəsmi dairələrinin özünün etirafına görə döyüşlərdə 4 erməni məhv edilib, xeyli sayda əsgər yaralanıb. Azərbaycan əsgərləri düşmənin bütün atəş nöqtələrini uğurla susdurub. Bu, dövlərimizin, ordumuzun erməni təxribatlarına qarşı ayıq-sayıq olduğunu, bu cür təxriabatların qarşısını qətiyyətlə aldığını göstərir. Allahdan şəhid olan hərbçilərimizə rəhmət diləyir, ordumuza uğurlar arzulayıram. Bütün Azərbaycan xalqı kimi, veteranlar da Azərbaycan Ordusunun yanındadır və bundan sonra da hərbçilərimizin yanında olmaqda davam edəcək”.    

Hamısını oxu
“Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”

Cəlil Xəlilov: “Bu çıxış bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyüki töhfələr verdiyini sübut etdi”   “Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İlk öncə dövlət başçısının pandemiyaya qarşı mübarizə məqsədi ilə atdığı addımlara diqqət çəkən Cəlil Xəlilov, Prezident İlham Əliyevin problemə yanaşma tərzinin digər dünya liderlərinə də örnək olduğunu vurğulayıb:   “Prezidentimizin VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı istər siyasi və iqtisadi, istərsə də elmi-mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı bu çıxışda bir sıra məsələlərə münasibət bildirdi, özünəməxsus yanaşma tərzi sərgilədi. Bu baxımdan prezident İlham Əliyevin koronaviris pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi töhfə xüsusilə qeyd edilməlidir.   Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu bəlaya qarşı birgə mübarizə aparmağın zəruriliyini vurğuladı, bununla bağlı dünya dövlətlərinə çağırışlar ünvanladı. Koronavirusa qarşı vaksin yaradılanda isə Azərbaycanın dövlət başçısı bildirdi ki, bu vaksin iqtisadi gücündən, siyasi nüfuzundan asılı olmayaraq, dünya dövlətləri arasında ədalətli şəkildə bölünməlidir. Hansı ki, Asiya və Afrikanın əksər dövlətlrinin, o cümlədən bir sıra Latın Amerikası dövlətlərinin bu prosesdən əsaslı şəkildə kənarda qaldığı bir həqiqət idi. Məhz belə bir məqamda Prezident İlham Əliyev vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi təklifi ilə çıxış etdi, dünya liderlərini, beynəlxalq təşkilatları bu məsələdə vicdanla davranmağa səslədi.   Xatırladım ki, məhz Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVİD-ə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu çağırış əksər BMT dövlətləri tərəfindən dəstəkləndi və nəhayətdə 2020-ci ilin 3-4 dekabr tarixlərində bu sessiya reallaşdı.   Azərbaycan dövləti ölkə daxilində də pandemiyaya qarşı mübarizə istiqamətində böyük işlər həyata keçirdi. Qısa zamanda 13 yeni dövlət xəstəxanası açıldı ki, bu xəstəxanalar pandemiyadan əziyyət çəkən vətəndaşlarımızın müalicəində mühüm rol oynadı. Vətəndaşlar arasında kütləvi vaksinləmə prosesi həyata keçirildi. Bu və bu kimi addımlar sayəsində pandemiyaya qarşı mübarizədə böyük uğurlara nail olundu. Bununla yanaşı, Azərbaycan bri sıra dövlətlərə tibbi yardımlar göndərdi. Bununla da öz humanist mövqeyini nümayiş etdirdi”.   Cəlil Xəlilov ölkə başçısınınm Vətən müharibəsi və bunu doğuran səbəblər haqqında VIII Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlərə də münasibət bildirdi:   “Dövlət başçısı məlum Forumda Vətən müharibəsi və bunu doğuran səbəblər, habelə post-müharibə dönəmində dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələrinə də diqqət çəkdi. Prezidentimiz qeyd etdi ki, Ermənistan uzun müddət problemin sülh yolu ilə həllindən imtina etməklə yanaşı, 2020-ci ildən etibarən Azərbaycana qarşı hərbi müstəvidə ciddi təxribatlara əl atdı. Dövlət başçısı bidlirdi ki, sentyabrda Ermənistanın həyata keçirməyə cəhd etdiyi növbəti təxribat müharibəni tətiklədi və bu müharibə Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı. Azərbaycan ordusu cəmi 44 gün içində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi.   Müharibədən sonra Azərbaycanın bu torpaqlarda həyata keçridiyi qurucluq işləri bir daha dünyaya kimin-kim olduğunu göstərdi. Baş verənlər əməli surətdə göstərdi ki, Azərbaycan xalqı sülhpərvər və yaradıcı xalqdır. Baş verənlər göstərdi ki, Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında düşmənin daşı-daş üstündə qoymadığı Qarabağı cənnətə döndərməyə qadirdir və bu istiqamətdə böyük işlər həyata keçirir.   Bir sözlə, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz”.      

Hamısını oxu
Hikmət Hacıyev: Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir: "Ermənistanın və işğal olunmuş ərazilərdəki həbsxana şəraitində, penitensiar müəssiələrdə qanunsuz saxlanılan soydaşlarımızın səhhəti ciddi bir müzakirə mövzusudur. Çünki istisna deyil ki, Ermənistanın bu saxlama müəssisələrində, həbsxanalarda koronavirusla bağlı acınacaqlı bir vəziyyət hökm sürür". PA rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi soydaşlarımızla bağlı məsələni həmişə gündəmdə saxlayır: "Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar məlumatları biz Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə alırıq. Ancaq hər fürsətdə Minsk qrupunun həmsədrləri qarşsında da daim bu məsələni qaldırırıq ki, onların azad olunması təmin olunsun". Milli.Az  

Hamısını oxu