Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ömrünü xalqına həsr edən Ulu Öndər dövləti üçün misilsiz xidmətlər göstərdi

10 may tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin dünyaya gəldiyi gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 10 may günü deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin hamıya örnək ömür kitabını vərəqləyəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

 

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətlə eyni dövrdə yaşayıb fəaliyyət göstərmələrindən qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib.

Təəssüf ki, respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.

 

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.

 

Ulu Öndərin dünyaya gəlişindən 99 il ötür. Təəssüf ki, ömür vəfa etmədi, qurub-yaratdığı ölkənin bugün dünya ölkələri ilə müqayisə olunduğunu, xalqa əmanət qoyduğu idarəçilik məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində ölkəmizin regionda söz sahibinə çevrildiyi günləri görmədi...

 

Bu gün öz Prezidentinə etimad göstərən, onun ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyev həmişə hörmətlə anılacaq, onun dövlətçilik məktəbi uğurla fəaliyyətini davam etdirəcək!


Məşhur Məmmədov

Millət vəkili

2022-05-10 09:13:00
1421 baxış

Digər xəbərlər

İki dünyanın 46 yaşlı GENERALI

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. Publika.az xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olur. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı verilib. O, ailəli olub, 2 oğul və 1 qız atası idi. Yeni yaşın mübarək, cənab General!      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 may Qələbə günü qeyd edilmişdir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. RVT–nin inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlvə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında  o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Sonra veteranlar çıxış edərək onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolundan, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Hərbi orkestrin ifasında Respublika Veteranlar Təşkilatının Qələbənin 72 illik yubileyi münasibəti ilə hazırladığı sözləri Zəminə Xınalıya, musiqisi Şahin Musaoğluna aid “Veteranlar Marşı”  və digər musiqilər səslənmişdir. Sonda veteranlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Hamısını oxu
“Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından ilk kitabın təqdimatı keçirilib

Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi “Respublika Xatirə Kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından ilk kitabın - “Gözlə gələcəyəm” sənədli povestinin təqdimatı keçirilib. Əsərin müəllifi tanınmış publisist İradə Sarıyevadır. Nəşrin rəyçisi “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev, redaktoru Zülfüqar Şahsevənlidir. Kitab redaktorun “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var...” sərlövhəli qeydləri ilə başlanır. AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov kitab haqqında məlumat verib. Bildirib ki, sənədli povestdə Vətən uğrunda döyüşlərdə şəhid olmuş, 23 yaşlı kəşfiyyatçı-snayper, gizir Aydın Abdullayevin ömür yolundan söhbət açılır. Son dərəcə təsirli epizodlarla zəngin olan povesti şəhidlərimizin xatirəsinə yazılmış elegiyaya bənzətmək olar. Zülfüqar Şahsevənli povestin çox kövrək hisslərlə qələmə alındığını söyləyib. Diqqətə çatdırıb ki, istedadlı qələm sahibi İradə Sarıyeva bir şəhidin harayına səs verərək, onun həyatını əks etdirib, gələcək nəslə örnək qoyduğunu vurğulayıb. Tədbirdə Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Maarifə Hacıyeva, tədqiqatçı-jurnalist Şəmistan Nəzirli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov və başqaları gizir Aydın Abdullayevin şərəfli döyüş yolunu işıqlandıran bu cür kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Aydın Abdullayevin bir idmançı kimi qazandığı qələbələrin, döyüş cəbhəsində göstərdiyi qəhrəmanlığın povestdə çox böyük məsuliyyət hissi və peşəkarlıqla qələmə alındığını söyləyiblər. Tədbirdə layihə rəhbəri, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın ssenarisi əsasında çəkilmiş, şəhidin ömür yolunu işıqlandıran “Gözlə gələcəyəm” adlı film nümayiş olunub. Sonda şəhidin atası Əmirsoltan Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Hamısını oxu
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir. Erməni separatçılarının ordumuzun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutması, yeni təxribatlara cəhd etməsi Ermənistanın məkrli niyyətlərindən xəbər verir və regionun təhlükəsizliyi baxımından ciddi təhdid yaradır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Təşkilatın sədr müavini diqqətə çatdırıb ki, Ermənistanın təxribatları bu ölkəni uçuruma sürükləyir. Ötən il 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalayaraq faktiki olaraq kapitulyasiyaya imza atan Ermənistanın hazırda ordumuzun mövqelərini atəşə tutması, yenidən təxribatlara əl atması məntiqlə anlaşılan deyil. Qırx dörd günlük Vətən müharibəsi Ermənistanın hərbi potensialı ilə yanaşı, onun zəif iqtisadiyyatını da sıradan çıxartdı. Bu gün Ermənistan nə hərbi, nə iqtisadi, nə də digər baxımdan hər hansı qarşıdurmaya hazır deyil. Amma buna baxmayaraq, təxribatlarından da əl çəkmək, öz məğlubiyyəti ilə barışmaq istəmir. Hansı ki, Ermənistanın bu təxribatları bütün regionda sülhə və sabitliyə mənfi təsir göstərir, bölgədə vəziyyəti gərginləşdirir. “Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycan bu təxribatlara sonsuzadək səssiz qala bilməz. “Dəmir yumruq” əməliyyatı göstərdi ki, ordumuz sözün həqiqi mənasında qarşısıalınmazdır və istənilən missiyanı uğurla yerinə yetirməyə qadirdir. Bu isə o deməkdir ki, yeni bir qarşıdurma Ermənistanın dövlət kimi mövcudluğuna son qoya bilər. Ola bilsin ki, Ermənistan indiki məqamda Azərbaycanı yeni hərbi əməliyyatlara sövq etməklə özünü dünya ictimaiyyətinə qurban kimi təqdim etməyi planlaşdırır. Ermənistan belə təxribatlarla Azərbaycanın səbrini tükətməyə, onu yenidən anti-terror əməliyyatlarına başlamaq məcburiyyəti ilə üz-üzə qoymağa çalışır. Çalışır ki, Azərbaycan separatizmə qarşı yeni bir mübarizəsə start versin və yenə özünü bütün dünyaya qurban kimi təqdim edərək bildirsin ki, “məzlum xalq” Azərbaycanın hücumuna məruz qalıb. Hesab edirəm ki, Avropa İttifaqı Komissiyasının prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi xarakter daşımır və məqsəd Azərbaycanın imicinə kölgə salmaq, onun zorakı, militarist obrazını yaratmaqdan ibarətdir”, - deyə C.Xəlilov vurğulayıb. Ehtiyatda olan polkovnik qeyd edib ki, rəsmi İrəvan mövcud reallığı dərk etməli, öz xalqının taleyi ilə oynamamalıdır. Azərbaycan Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməkdə, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməkdə nə qədər qərarlı olduğunu bütün dünyaya göstərdi. “Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməklə bir daha bu torpaqların əsl sahibi olduğunu dünyaya göstərməkdədir. Belə olan halda rəsmi İrəvanın yenə də təxribatlara əl atması, onun hər şeydən əvvəl xalqının taleyi ilə oynadığını göstərir. Ancaq Ermənistan hakimiyyəti bilməlidir ki, əgər Azərbaycan yeni bir anti-terror əməliyyatına başlayarsa, bunun nəticəsinə qatlanmaq onun üçün ikiqat çətin olacaq. Çünki yeni bir müharibə hərbi-iqtisadi baxımdan tükənən Ermənistanın bir dövlət kimi sonu demək olacaq”, - deyə Cəlil Xəlilov əlavə edib.

Hamısını oxu