Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün şəhid Abbaslı Elgün Ağayar oğlunun doğum günüdür

Elgün Abbaslı 16 may 1991-ci  ildə Laçın rayonunun Dəyhan  kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın  işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta  köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar.

Orta təhsilini başa vurandan sonra Elgün hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elgün Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  iştirak etmişdir.  Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa  istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Sumqayıt  Şəhidlər  Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra” Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra “ Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti  05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

 

2022-05-16 10:16:00
1053 baxış

Digər xəbərlər

“Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusunda konfrans keçirilib

10 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, 1941-1945-ci illər II Dünya Müharibəsində həlak olanların və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusuna həsr edilmiş konfransı açıq elan edərək xalqımızın faşizm üzərindəki qələbəyə verdiyi tarixi töhfədən danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə insan resursları ilə yanaşı, həm də zəngin enerji resursları ilə iştirak edib, qələbənin əldə edilməsində həlledici rol oynayıb: “İkinci Dünya müharibəsi öz miqyasına görə bəşər tarixinin ən böyük, ən dəhşətli müharibəsi olub. Bu müharibədə Azərbaycan yalnız vuruşan bir xalq olmadı o, həm də zəfərin əsas təminatçılarından biri oldu. Bakı Sovet İttifaqının neft mənbələrini təmin edərək müharibənin iqtisadi dayağını təşkil etdi. Müharibə dövründə Azərbaycanın neft yataqları Sovet İttifaqının silahlanmasını və hərbi əməliyyatlarını dəstəkləyərək döyüşlərin gedişatına böyük təsir göstərdi. Həmçinin Azərbaycandan olan minlərlə əsgər, tankçı, atıcı, pilot, həkim cəbhə xəttində öz adlarını tarixə qızıl hərflərlə yazdırdılar. Onların qəhrəmanlığı və cəsarəti döyüşlərdə verdikləri mübarizənin nəticəsi olaraq Zəfərin qazanılmasına böyük töhfə verdi. İkinci Dünya Müharibəsində Azərbaycan xalqı yalnız döyüş meydanlarında deyil, həm də cəmiyyətin bir çox sahəsində öz fədakarlıqlarını göstərdilər. Onlar yaşadığı torpağı, evini, millətini qorumaq uğrunda əzmlə mübarizə apardılar. Azərbaycanın hər bir şəhərindən, kəndindən, hər bir evindən bir müharibə qəhrəmanı yetişdi.  Onlara nümunə kimi general-mayor Həzi Aslanov,  Mixaylo” adı ilə tanınan əfsanəvi Mehdi Hüseynzadə, Ziya Bünyadov və başqalarını göstərə bilərik. Qəhrəmanlarımızın şücaətləri yalnız Sovet İttifaqının deyil, bütün dünyanın qəlbində özünə bir yer tapdı. Onların adı əbədiləşdirildi və şərəflərinə çoxsaylı abidələr ucaldıldı. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Bu gün bu qəhrəmanların ruhu böyük mübarizənin hüzurunda Zəfər çaldığı torpaqlarda sükunət tapır. Çünki onların əzmi hər bir azərbaycanlının qəlbində ölümsüz bir atəş kimi yanır. Onların göstərdiyi fədakarlıq sayəsində biz bu gün burada - azad Azərbaycan torpağında müstəqil bir xalq olaraq başımız uca yaşayırıq. Bizə həyat, şücaət və məğlubedilməz bir ruh bəxş edən bu qəhrəmanları unutmaq mümkün deyildir”.  Konfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri,  millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov, filologiya elmləri doktoru Şərəf Cəlili, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovun qardaşı oğlu Araz Kazımov, uşaqları alman faşistlərinin əsirliyindən azad etmək üçün alman generalını əsir götürmüş Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə verdiyi töhfəyə diqqət çəkiblər. Natiqlər qeyd ediblər ki, Azərbaycan gəcnləri babalarının İkinci Dünya müharibəsindəki qəhrəmanlıq ənənələrini davam etdirərək 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atmış, bununla da ərazi bütövlüyümüzü təmin etmişdir. Konfransda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovnik-leytenantı Emin Aslanov, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, Rəyasət Heyətinin üzvü professor İmran Əbilov, Müdafiə Nazirliyinin nümayəndəsi, Rəyasət Heyətinin üzvü polkovnik Elvin Əzizov, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbələri, Müdafiə Nazirliyinin nəzdində olan hərbi təhsil müəssisələrinin nümayəndələri, şəhər veteran təşkilatlarının sədrləri və üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransın sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı pansionatda yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Burada müalicə alanların reabilitasiyasında müasir metodika ən qabaqcıl texnologiyanın tətbiqi ilə paralel təşkil olunacaq. Pansionatda Abşeronun iqliminə xas olan klimoterapiya bu müalicə ocağının əsas özəlliklərindən biridir. Burada mövsümə uyğun iqlimlə müalicə imkanları ilə yanaşı, fizioterapiyanın da demək olar bütün sahələri əhatə edilib. Bildirilib ki, post-müharibə dövründə bu tip müalicə mərkəzlərinin əhəmiyyəti xüsusi nəzərə çarpır. Müalicə xidməti ilə bərabər, əlilliyi olan şəxslərin sosial statusunun bərpası, cəmiyyətə inteqrasiyası əsas məsələlərdəndir. Bu il istifadəyə verilməsi gözlənilən Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ və Şəmkir Uşaq Reabilitasiya mərkəzləri də daxil olmaqla, ümumilikdə reabilitasiya xidmətləri göstərilən şəxslərin sayı 30 min nəfərə çatacaq, 2018-ci ildə isə bu potensial cəmi 10 min nəfərə bərabər idi. Müharibədən sonrakı dövrdə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib, 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Vətən müharibəsində yaralanmış şəxslərin 90 faizi ilə artıq evlərində görüş keçirilib. Amputasiyası olan 301 nəfərdən 109-nun protez ehtiyacları müəyyən edilib. 2021-ci ildə onların protezlə təmin olunması planlaşdırılır.

Hamısını oxu
Hərbi-siyasi ekspert: Erməni yalanlarına verilən dəstək bölgədə gərginliyi artırır

Bakı, 18 sentyabr, AZƏRTAC Erməni yalanlarına verilən hər bir dəstək bölgədə gərginliyi artırır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, müəyyən dövlətlər və güclər öz maraqlarını təmin etmək üçün regionda yeni qarşıdurma və gərginliyin yaşanmasında maraqlı görünür: “Təəssüflər olsun ki, elə qüvvələr var ki, onlar öz maraqları naminə regionda qarşıdurma meyillərini qızışdırmağa cəhd edir. Bu məqsədlə də erməni yalanlarını dəstəkləyir, məqsədli şəkildə anti-Azərbaycan kampaniyasında yer alırlar. ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı Azərbaycanın ünvanına səsləndirilən böhtanlar buna nümunədir. Bu dinləmələr zamanı regionla bağlı əsassız fikirlər səsləndirilib, Qarabağdakı ermənilərin guya blokadada yaşadığı iddia olunub. Həmçinin müharibənin başa çatmadığı ilə bağlı absurd fikirlər ifadə edilib. Halbuki, erməni lobbisinin, eləcə də rəsmi İrəvanın maraqlarına cavab verən bu fikirlərdə həqiqət payının olmadığı hər kəsə məlumdur. Sadəcə, məqsəd erməni separatizmini ayaqda tutmaq, onlara mənəvi-siyasi dəstək göstərmək və bununla da həmin qüvvələri yeni qarşıdurmalara sövq etməkdir”. Respublika Veteranlar Təşkilatının sədr müavininin sözlərinə görə, bəzi dövlətlərin regionda qarşıdurma meyillərini qızışdırmaq cəhdi yolverilməzdir və həmin dövlətlər, həmçinin erməni lobbisinin diktəsi ilə hərəkət edən qüvvələr bu siyasətdən imtina etməlidirlər. Azərbaycan bütün problemlərin və mübahisələrin sülh yolu ilə həllində maraqlıdır və atdığı hər addımla bunu əməli şəkildə isbatlayır. Lakin separatizmə dəstək verməklə onları qarşıdurmalara həvəsləndirən qüvvələr Azərbaycanın öz təhlükəsizliyini, suverenliyini təmin etməyə qadir olduğunu bilməlidirlər. Hər zaman olduğu kimi bundan sonra da Azərbaycan bu istiqamətdə bütün lazımi addımları atacaq.

Hamısını oxu
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Fatma Səttarova ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmi vurğulanıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev də iştirak edib.      Seymur ƏLİYEV  

Hamısını oxu