Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir

İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunun da müxtəlif səbəbləri var.  Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında dediyi kimi, müasir Azərbaycan  iqtisadi cəhətdən tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. 

Sirr deyil ki, son 3 ildə dünyada baş verən epidemoloji , ekoloji və siyasi kataklizmlərlə əlaqədar yaranan yeni iqtisadi vəziyyət dünya əhalisini ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyub. Bu təhlükə elə bir səviyyəyə çatıb ki, problem yalnız aşağı və orta gəlirli ölkələri yox, həm də yüksək gəlirli, böyük iqtisadiyyata sahib ölkələri də qorxudur. 

Ötən dövrdə dünya iqtisadiyyatdan asılı olan ərzaq böhranı təhlükəsi ilə ilk dəfə COVİD-19 pandemiyasının yaranmasından sonra üzləşdi. Xüsusi karantin rejiminin tətbiq edilməsi kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının azalmasına səbəb oldu. Bu vəziyyətlə əlaqədar Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Tsyuy Dunyuy və Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus birgə bəyanat verərək pandemiyanın dünyada kənd təsərrüfatı üzrə tədarük zəncirini pozduğunu və potensial ərzaq böhranı təhdidini yaratdığını bəyan etdilər. 
Həqiqətən də 2020-ci ildə COVID-19 pandemiyası kənd təsərrüfatı istehsalına əhəmiyyətli təzyiq göstərdi, qlobal dəyər və təchizat zəncirini pozdu və bu, ən yoxsul ailələrin ciddi şəkildə təsirləndiyi qida çatışmazlığı və qeyri-adekvat ərzaq təminatı problemlərini yaratdı.

2021-ci ildə xüsusi karantin rejimi yumşaldılsa da dünya ekoloji kataklizmlə üzləşdi. Quraqlığın geniş yayılması, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir etdi. İqlim dəyişiklikləri və quraqlıq nəticəsində ekoloji mühit kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli olmadı, ərzaq istehsalı tələbatı qarşıla bilmədi. Qlobal səviyyədə istehsalın azalması təklifi daraltdı və qiymət artımları üçün əlavə imkanlar yaratdı.
İqtisadiyyatın böhranı üçün yeni problemi Rusiya-Ukrayna müharibəsi üzə çıxartdı. 

Müharibə səbəbindən fevral ayının sonundan başlayaraq kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri davamlı artır. Ötən qısa müddətdə buğda 40 % bahalaşıb. Hazırki qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə çatıb. 
Siyasi və hərbi böhran ərzaqla yanaşı yanacaq və gübrə qiymətlərini də xeyli artırıb, Qara dəniz regionundan tədarük zəncirini pozub. BMT rəhbəri xəbərdarlıq edib ki, bu vəziyyət  bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir. İqtisadiyyat həm də ölkələrdə əhalin rifah halının göstəricisidir. Əgər ölkə iqtisadi cəhətdən problem yaşamırsa, əhalinin maddi vəziyyəti də yaxşı olur, dünyada gedən proseslərlə bağlı yaranan qiymət artımı əhalinin rifah halınin mənfiyə doğru dəyişməsinə təsirsiz ötüşür.

Yaranmış yeni vəziyyətdə Azərbaycan hökumətinin iqtisadi sahədə atdığı addımlar daha rasional və effektlidir. Hazırda ölkəmizdə ərzaq təminatında hər hansı problem, çətinlik müşahidə olunmur. Düzdür, son bir ildə ərzaq qiymətlərində illik müqayisədə 17,5 faiz artım faktı var ki, bunun da hansı səbəblərdən baş verdiyi qeyd edildi. Ərzaq qiymətlərinin daha çox artmaması və təminat çətinliyinin yaranmaması üçün hökumət müvafiq proqramlar və tədbirlər planları həyata keçirir. Hələ Rusiya-Ukrayna müharibəsindən öncə, 2022-ci ilin yanvarın 18-də  Nazirlər Kabinetində keçirilən Hökumətin iclasında əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində xüsusi tapşırıqlar verildi. Bu tapşırıqların əsasını 6 baza prinsip təşkil edir. 

Hökumət ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzini əsasən yerli istehsalın üzərinə qoydu. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaqla təminat yaxşılaşdırılacaq.
İkinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir. Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur.
Qiymət siyasəti ilə bağlı iki qırmızı xətt müəyyənləşdirildi: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır. Hökumət təminatı yaxşılaşdırmaq üçün haqsız rəqabətə qarşı mübarizə gücləndirəcəyini, subsidiyaların nəticəyə görə veriləcəyini bəyan etdi. 

Ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılması məqsədilə martın 29-da Nazirlər Kabinetində müşavirə keçirildi. Müşavirədə 18 mart tarixli qərardan irəli gələn tapşırıqlar,  əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub. Bununla əlaqədar İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib. Bütün sadaladıqlarım bir daha cənab Prezident İlham Əliyevin yuxarıda adıçəkilən çıxışında iqtisadiyyatımız barədə söylədiklərini bir daha təsdiqləyir: "Azərbaycan  iqtisadi cəhətdən tam müstəqildir".

 

Məşhur Məmmədov

Millət vəkili

2022-06-01 08:53:00
1028 baxış

Digər xəbərlər

“Rusiyada soydaşımızın ölümünə səbəb olan polis əməkdaşı haqqında ədalətli qərarın çıxarılması vacibdir”

Cəlil Xəlilov: “Vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad edilməsi hüquqi və məntiqi baxımdan anlaşılmazdır”   Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub. Qeyd edək ki, yol polisinin atəş açması nəticəsində yaralanan V.Abdullayev xəstəxanada vəfat edib.   Soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının azadlığa buraxılması  həm Rusiyadakı soydaşlarımız, həm də Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığına səbəb olub.   Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının ədalətli şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib:   “Təbii ki, Rusiyada yol polisinin soydaşımıza odlu silahdan atəş açması və daha sonra  İstintaq Komitəsinin tələbi ilə həbsdən azad edilməsi təəssüfedici haldır və ictimaiyyətdə haqlı narazılıq doğurmaqdadır. Silahsız vətəndaşa qarşı polis əməkdaşı tərəfindən silah tətbiqinin özü ciddi qanun pozuntusudur və dünyanın bütün ölkələrində hüquq-mühafizə orqanı əməkdaşları üçün məsuliyyət doğuran hal sayılır. Belə bir əmələ yol verən yol polisinin daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri tərəfəndən həbsdən azad edilməsi isə məntiqi və hüquqi baxımdan anlaşılmazdır.   Rusiya Azərbaycanın şimal qonşusudur və onunla ölkəmiz arasında sıx dostluq münasibətləri, strateji əməkdaşlıq mövcuddur. Bizim Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya ilə Azərbaycan arasında geniş iqtisadi-ticari, mədəni-siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya hərbçiləri Qarabağda sülhyaratma missiyasında yaxından iştirak edir. Dövlətimizin hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib və bu gün də yetirməkdədir. Belə olan halda soydaşımıza heç bir zərurət olmadığı halda odlu  silahdan atəş açan yol polisi əməkdaşının həbsdən azad edilməsi soydaşlarımız arasında Rusiya hüquq-mühafizə orqanlarının ədalətinə inamsızlıq yaradır ki, bu da hər şeydən öncə Rusiyanın özü üçün arzuedilməzdir. Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soyadaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməi şəkildə sübut etməlidir.   Onu da qeyd edək ki, Respublika Veteranlar Təşkilatı olaraq İkinci Dünya Müharibəsi iştirakçısı olan 25-ə qədər veteranımız adından Rusiya Federasiyasının prezidentinə, o cümlədən bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ümid edirəm ki, bizim müraciətimizə həssaslıqla yanaşılacaq və soydaşımızın ölümünə səbəb olan yol polisi əməkdaşı haqqında ədalətli qərar çıxarılacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu təmasların təhlükəsizliyin və regional sabitliyin təmin olunmasındakı rolunu vurğuladı. Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirak etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi üçün səylərin bundan sonra da davam etdiriləcəyini bildirdi. Dövlətimizin başçısı iclasda müzakirə edilən məsələlərin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Görüşdə çıxış edən qonaqlar Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirdilər və bu tədbirin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin və sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyini vurğuladılar.

Hamısını oxu
20 Yanvar xalqımızın qəhrəmanlıq və birlik günüdür

20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular. Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Cəlil Xəlilov 20 Yanvar facisəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Hamısını oxu
Prezident İlham Əliyev tərəfindən veteranların diqqət və qayğı ilə əhatə olunması qürurvericidir

        Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu veteranlara diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Hər zaman xatırlanan canlı tariximiz və qızıl fondumuz adlandırılan İkinci Dünya müharibəsi veteranlarının, eləcə də hər birimizin sevimli bayramlarından olan 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımların verilməsi artıq ənənə halını alıb.         İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” aprelin 24-də imzaladığı Sərəncamı tarixin qanlı-qadalı günlərindən dəyanətlə çıxmağı bacaran qəhrəman veteranlarımızın sevincinə səbəb olub.      Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.        Cəlil Xəlilov deyib ki, bu, qarşımızda hansı sınağın olmasından asılı olmayaraq hər bir vətəndaşın diqqət mərkəzində olmasının daha bir əyani təzahürü oldu. Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncam ümumilikdə 7600 nəfərə şamil olunur. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir.         İldən-ilə güclənən Azərbaycan iqtisadiyyatının vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət etdiyini qeyd edən polkovnik deyib: “İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb”.          Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarına sahib çıxması, xüsusən veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirləri həyata keçirməsi bu fəaliyyətin bariz və qürur doğuran nəticəsidir. Ötən il Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır” şüarı ilə sosial islahatlar sahəsində müstəsna işlər həyata keçirildi. Bu gün dünyanı cənginə alan koronavirus pandemiyasının yayılmasına qarşı düzgün aparılan siyasət vətəndaşların sağlamlığının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlar təqdirəlayiqdir və hər bir veteran tərəfindən dəstəklənir. Bütün bunlara əsaslanaraq iftixarla qeyd edə bilərik ki, Azərbaycan hər bir sahədə dünyaya nümunə olmağı bacarır.         “Veteranlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir, onun Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə atdığı bütün addımları dəstəkləyir və bu istiqamətdə yorulmaz, əzmli fəaliyyətində müvəffəqiyyətlər arzulayırlar. Veteranlar hər zaman Prezident İlham Əliyevin yanındadırlar”, - deyə Cəlil Xəlilov vurğulayıb.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Hamısını oxu