Rəyasət Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədova


9 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini gül dəstələri ilə ziyarət edib əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Gənclər Evi Sosial xidmət müəssisəsində yaradılan Vətənpərvərlik klubu ilə tanış olublar. Şirvan Gənclər Evində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkivnik Cəlil Xəlilov, millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə və əmək veteranları iştirak ediblər. Öncə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının formalaşmasında, onun bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Ümummilli lider, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışıb. Müharibə veteranlarının cəmiyyətdə xüsusi nüfuza malik olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynadığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb, Şirvan şəhərində də veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların şəhərin ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həm II Dünya Müharibəsində, həm də I və II Qarabağ uğrunda gedən döyüşlərdə Şirvan şəhərindən iştirak edən gənclərin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi istiqamətində Şirvan şəhərində görülən işlərdən bəhs edib. Qeyd edib ki, “Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun şəhərin İsmət Qayıbov adına parkda və məzarı üzərində büstü ucaldılıb, adına küçə verilib, şəhər ərazisində qələbənin 50 illiyi şərəfinə abidə ucaldılıb. Birinci Qarabağ müharibəsində şəhid olmuş, 3 nəfər Azərbaycanın Milli Qəhrəmanın büstü qoyulub, adlarına məktəb, küçə verilib. 2020-ci ilin 27 sentyabrında erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində canından keçən 22 şəhid ümumxalq izdihamı ilə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib, qara mərmərdən qəbirüstü abidələri ucaldılıb. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 şəhidin adı yaşadıqları küçələrə verilərək əbədiləşdirilib. Şəhidlərin xatirəsinə ehtiram olaraq ailələrinin yaşadıqları ərazidə, təhsil aldıqları məktəblərdə xatirə lövhələri ucaldılıb, şəhərin mərkəzi meydanında müasir monitor quraşdırılıb, monitorda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, barələrində məlumatlar davamlı olaraq təbliğ edilir. Şəhərdə 10 hektardan çox sahəsi olan Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkı ən müasir üslubda əsaslı təmir edilmiş, orada “Qarabağ” və “Zəfər” xiyabanı salınıb, Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsi inşa edilib. “Şirvan Şəhidlər Xiyabanı” nda şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksi ucaldılıb”. İlqar Abbasov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün Şəhər İcra Hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqpərvərliyə və bu cür tədbirin təşkilatçılığındakı köməkliyə görə Şirvan şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində Təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib. Şirvan şəhərində veteranlara göstərilən diqqət və qayğını və yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində dövlət başçısı ətrafında dəmir yumruq kimi birəşdiyini bildirən polkovnik Cəlil Xəlilov, bu gün də milli maraqların müdafiəsi, ölkəmizin çiçəklənməsi baxımından dövlətimizin ətrafında sıx birləşməyin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, gənc nəslin nümayəndələri, o cümlədən qazi və veteranlar milli maraqların müdafiəsində yaxından iştirak etməli, Prezident İlham Əliyevin tövsiyələrini öz fəaliyyətlərində rəhbər tutmalıdırlar. Millət vəkili İltizam Yusifov dövlət səviyyəsində aparıaln vətənpərvərlik və milli təəssübkeşlik hissinin düzgün aşılanmasının nəticəsi olaraq Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini bildirib. Bu sahədə veteranların da xüsusi rolunu qeyd edib. Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər şöbəsinin sədri Vaqif Qayıbov, əmək veteranı Məhərrəm Teymurov, Vətən müharibəsi əlili Elvin Abbasov, Vətən müharibəsinin veteranı Zaur Əhmədov ölkəmizdə veteranların hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, eləcə də, veteranların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs ediblər. Onlara göstərilən həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov veteranların sosial problemlərinin həlli, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində uğurlu fəaliyyətini nəzərə alaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, hörmətli polkovnik Cəlil Xəlilova Fəxri Fərman təqdim edib. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Qaynarinfo-nun məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat ayrılıb.
Hamısını oxu
Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayevə həsr edilmiş “Canpolad” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri də iştirak edib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, qəhrəmanın ailə üzvlərinin, şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Milli Qəhrəman Canpolad Rzayevin şərəfli döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıblar. Milli Qəhrəmanın oğlu Canpolad Rzayev filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Sonra sənədli film nümayiş etdirilib. “Salnaməfilm studiyası” tərəfindən dövlət sifarişi ilə hazırlanmış filmin rejissoru Elşən Zeynallıdır. Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci il fevralın 26-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirdə əmək və müharibə veteranları, rayonun tanınmış ziyalıları və ictimai birliklərin rəhbərləri iştirak ediblər. Tədbirdən öncə şəhidlərimizin və Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik gününün xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu günün dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayaraq deyib ki, gəlin, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə həmişə bir olaq, birlikdə olaq.Biz birlikdə olanda daha güclü oluruq. Məhz bu birliyin sayəsində Vətən müharibəsində də şanlı qələbə qazandıq. Rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, ADPU Cəlilabad filialının direktor müavini Aydın İbişov, "Qarabağ Qaziləri" ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü veteran müəllim- şair Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, araşdırmaçı- tarixçi Ələsgər Mirzəzadə, əmək və müharibə veteranları Asəf İsmayılov, Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Qurban Əhmədov, Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək bu əlamətdar günün müntəzəm qeyd olunmasının xalqımızın həmrəyliyində oynadığı rolu yüksək qiymətləndiriblər və bu gün bizim daha sıx birləşməyimizin, bir olmağımızın böyük əhəmiyyəti olduğunu bildiriblər. Tədbirin sonunda rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Respublika Əmək, Müharibə və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından tədbir iştirakçılarını və rayonun bütün əmək və müharibə vetetanlarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bir daha təbrik edib, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıb.
Hamısını oxu