Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Araz” supermarketlər şəbəkəsindən qazilərlə bağlı nümunəvi addım

5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi

Veteran.gov.az xəbər verir ki, “Araz” supermarketlər şəbəkəsi qazilərlə bağlı nümunəvi addıma imza atıb. Belə ki, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələnib ki, bu da onların yeni həyata uyğunlaşması, məşğulluq probleminin həlli baxımından mühüm əhəmiyyətə malikdir.

“Araz” supermarketlər şəbəkəsinin sosial şəbəkədəki rəsmi hesabında da bu barədə məlumat verilib. Məlumatda deyilir:

“Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazimiz İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi!

Fəxr hissi ilə bildiririk ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları Elnur Ələkbərov, Orxan Batiyev, Şiraz Həsənov, Vüsal Həsənov və Fərid Əlirzayev Böyük Britanyanın Maliyyə Menecerləri Assosiyasiyasının rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikat əldə ediblər.

Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə qazilər 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması ilə yanaşı “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərində də iştirak edərək müvafiq biliklərə yiyələniblər.

“Araz” supermarketlər şəbəkəsinin İdarə heyətinin sədri Rəşad İbrahimov qazilərlə görüşərək onlara sertifikatlarını təqdim edib. Səmimi keçən görüşdə qazilərin döyüş yolu, gələcək hədəfləri, müzakirə olunub. Layihənin növbəti mərhələsi olaraq qazilər “Araz” supermarketlər şəbəkəsinin HR komandasında təcrübə proqramı keçəcəklər.

Vaxtaşırı sosial layihələrlə gündəmə gələn “Araz” supermarketlər şəbəkəsinin bu layihəni icra etməkdə məqsədi 44 günlük Vətən müharibəsinin ardından qazilərin yeni həyata adaptasiyasına dəstək olmaq, onların yeni vərdişlərə sahib olmalarını stimullaşdırmaqdır.

Belə bir layihənin bir parçası olmaqdan qürur duyuruq!

Siz harada, “Araz” orada”.

Seymur ƏLİYEV

2022-07-14 13:39:00
1168 baxış

Digər xəbərlər

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib. Arxiyepiskop Paul Riçard Qallager Roma Papası Fransiskin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi. Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlətimizin başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırladı, Roma Papasını ölkəmizə səfərə dəvət etdi. Səfərinin əsas məqsədinin Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdis edilməsi olduğunu deyən qonaq bu kilsənin inşası üçün ərazinin ayrılmasına və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bunun tərəfdaşlığın nümunəsi olduğunu və ölkəmizdəki katolik icması tərəfindən çox böyük rəğbətlə qarşılandığını vurğuladı. Dövlətimizin başçısı yeni kilsənin inşasına başlanmasından məmnunluğunu ifadə edərək, arxiyepiskop Paul Riçard Qallagerin ölkəmizə səfərinin və kilsənin tikiləcəyi ərazini təqdis etməsinin Müqəddəs Taxt-Tacın Azərbaycanın katolik icması ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirdiyini dedi. Prezident İlham Əliyev yeni tikiləcək kilsənin əlaqələrimizin yaxşı rəmzi olacağını vurğuladı. Qonaq Azərbaycanda müxtəlif dini icmaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamasında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etdi. Arxiyepiskop Paul Riçard Qallager vurğuladı ki, müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinə bu cür hörmət göstərilməsi, harmonik şəraitin yaradılması Azərbaycanın və xalqımızın fərqləndirici xüsusiyyətlərindən biridir. Dövlətimizin başçısı Azərbaycanın multikulturalizm ənənələrini qeyd edərək, ölkəmizdə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin daim sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşadığını vurğuladı. Arxiyepiskop Paul Riçard Qallager ölkəmizdəki katolik icmasının nümayəndələrinin Azərbaycan rəsmiləri və cəmiyyəti ilə rahat şəraitdə münasibətlərinin olmasından məmnunluğunu bildirdi və qeyd etdi ki, bu da Azərbaycana nüfuz gətirən amillərdən biridir. Qonaq ölkəmizə səfəri çərçivəsində çox səmərəli görüşlər keçirdiyini dedi. Prezident İlham Əliyev bütün bunların Azərbaycan üçün fəxr hissi doğurduğunu bildirdi, ölkəmizdə multikulturalizmin və çoxmillətliliyin daim təmin olunmasını məmnunluqla qeyd etdi, bunu dövlət siyasəti ilə xalqımızın ənənəvi yaşayış tərzinin vəhdəti olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin ölkəmizdə sülh, dostluq və mehriban şəraitdə yaşaması Azərbaycana əlavə güc verir, sabitliyin və cəmiyyətdə ahəngdarlığın təmin olunmasına xidmət edir. Azərbaycanın, həmçinin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və bu sahədə əməkdaşlığa böyük töhfə verdiyini deyən dövlətimizin başçısı ölkəmizdə mütəmadi olaraq mədəniyyətlər və konfessiyalararası dialoqa həsr edilən beynəlxalq tədbirlərin keçirildiyini məmnunluqla xatırladı. Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, COP29 ərəfəsində dünya dini liderlərinin sammiti də keçirilib və orada dünya dini liderləri tərəfindən də iqlim dəyişmələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət olunub. COP29 zamanı Azərbaycanın müxtəlif tərəflər arasında körpülərin yaradılmasına çalışdığını deyən dövlətimizin başçısı bu tədbir çərçivəsində aparılan danışıqlar prosesinin uğurlu nəticələr verdiyini xüsusilə qeyd etdi. Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı. Görüşdə Yaxın Şərqdəki vəziyyətə toxunuldu. Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha qeyd etdi. Arxiyepiskop Paul Riçard Qallager dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Hamısını oxu
Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov

Məlik Məlik oğlu Məhərrəmov 1920-ci il avqustun 29-da Zərdabın Bıçaqçı kəndində, həm də atasının vəfatından 3 ay sonra doğulub, 1 yaşı tamam olanda anası vəfat edib. Məlik I sinfə 10 yaşında getməli olub, elə 10 yaşından kolxozda da işləyib- pambıq yığıb, taxıl suvarıb. VII sinfi bitirən kimi tək-tənha Bakıya gedib, peşə təhsili alıb, Bakının “Qırmızı oktyabr” artelində mühasib köməkçisi işləyib. Elə həmin il orduya çağırılıb, rus dilini yaxşı bilməsini və qabiliyyətini nəzərə alıb komandanlıq onu Ryazan hərbi rabitə məktəbinə göndərib.1941-ci ildə müharibə başlanır və Məlik Məhərrəmov cəbhəyə könüllü gedir. Müharibə iyunun 22-də başlmışdı, iyunun 27-də Məlik Məhərrəmov Şimal-Qərb cəbhəsində – Pskov vilayətində amansız qanlı döyüşdə faşistlərlə vuruşurdu…1943-cü ilin payız gecəsində 77-ci diviziyanın tərkibində leytenant M. Məhərrəmovun bölüyü düşmən nəzarətində olan Dnepr çayını özünün düzəltdiyi sal və qayıqlarla keçərək düşmənin başının üstünü qəfildən aldı, Sovet ordusunun əsas qüvvələri çayı keçib köməyə gələnə qədər tutduğu ərazini qəhrəmanlıqla müdafiə edib 12 saat dayanmadan düşmənlə vuruşdu, onu möhkəmləndirilmiş istehkamlarından da vurub çıxardı, səngərdə qoyub qaçdığı pulemyotları və döyüş sursatlarını ələ keçirdi.Məlik Məhərrəmov həmin çətin, qorxulu və ona böyük şöhrət gətirən əməliyyatı belə xatırlayırdı:– Mənə qədər bir çox bölüklərə, özü də rusların komandir olduqları bölüklərə Dnepri keçmək əmri verilmiş, əməliyyatlar pozulmuş, bölüklər böyük itkilərlə geri üzmüşdülər. Əslində məni də ölümə göndərirdilər. Düzdür, özüm könüllü dedim ki, çayı mən bölüyümlə keçərəm. Amma könüllü getməsəydim əmr edəcəkdilər, -bunu duydum və tale üzümə güldü. Biz faşistlərin pulemyotlarını ələ keçirən kimi o pulemyotlarla işləməyi bacaran 2 əsgərim düşmənə atəş açmağa başladı. Bizimkilər də guya bizə dəstək verərək alman pulemyotlarının səsi gələn nöqtələri vurmağa başladılar. Yaxşı ki, çayı keçəndə telefon xətti də çəkə bilmişdik. Dərhal telefonla o taya xəbər verdim ki, o pulemyotları qənimət götürmüşük, o səmtə atmayın”…Bu əfsanəvi şücaətə görə 1944-cü il yanvarın 15-də Məlik Məhərrəmova və onun 17 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Sonra M. Məhərrəmov Moskvada M. Frunze adına Hərbi Akademiyanı da bitirdi.Müharibədən sonra isə o, Lənkəranda, Bakının Salyan hərbi kazarmasında qərargah rəisi, Ağdaş, Oğuz, Qəbələ, Xızı, Sabirabad, Kürdəmir və Nərimanov rayonlarında hərbi komissar, Bakı Dövlət Universitetində hərbi kafedranın, sonralar isə xüsusi şöbənin rəisi işlədi.Sovet İttifaqı Qəhrəmanı, polkovnik, Şöhrət ordenli Məlik Məhərrəmov ömrü boyu vətənə və xalqa vicdanla, namusla xidmət etdi, heç yerdə heç kəsdən təmənna ummadı.Məlik Məhərrəmovun bölüyünün Dnepr çayını keçib düşmənin gücləndirilmiş müdafiə istehkamlarını ələ keçirdiyi xəbərini eşidəndə SSRİ-nin və Polşa dövlətinin marşalı, 1-ci Belorus cəbhəsinin komandanı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı K. K. Rokossovski bir dəstə generalla azərbaycanlı leytenant Məlik Məhərrəmovla və onun qvardiyaçı bölüyü ilə şəxsən tanış olmaq üçün Dnepr çayının sahillərinə gəlib. O, Məhərrəmovla yaxından tanış olub və deyib: “Leytenant Məhərrəmov, sənə həsəd aparıram”.Məhərrəmov təəccüblənir:– Cəbhə komandanı leytenanta?Rokossovski təsdiq edir:– Bəli. Mən leytenant olanda məni heç kəs tanımırdı. Sənin qəhrəmanlığın haqqında isə radio danışır, qəzetlər yazır…Məlik müəllim deyirdi ki, o görüşün sonunda marşal mənimlə əl-ələ görüşdü, yanındakı rus generallarına isə belə dedi: “Yaxın gəlin, görüşün, əliniz əsl kişi əlinə dəysin”… İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru

Hamısını oxu
“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Cəlil Xəlilov: “Bu fakt dövlətimizin hərbi gücündən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir” “Mövcud reallıq həm də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir” Məlum olduğu kimi, “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını təqdim edib. Ötən ilin terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan, 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşıb və bununla da reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi yer alıb. Mövzu ilə bağlı saytımıza   açıqlama verən Müharib, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov beynəlxalq hesabatda Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələr sırasında yer alması faktının ciddi mətləblərdən xəbər verdiyini bildirib: “Şübhəsiz ki, beynəlxalq reytinq cədvəlində Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer almağı Prezidentimizin və dövlətimizin tarixi uğurudur. Bu fakt Azərbaycan dövlətinin hərbi gücündən, siyasi iradəsindən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir. “Global Terrorism Index 2026” (GTI) Hesabatında ölkəmizlə bağlı yer alan bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyi naminə həyata keçirdiyi uğurlu siyasətin son dərəcə effektiv olduğunu göstərir. Məlum gerçəklik bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandan Azərbaycanın təhlükəsizlik arxitekturasının memarı, təhlükəsizliyimizin və tərəqqimizin qarantıdır”. Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkəmizə yönəlik terror cəhdlərinin qarşısının alınmasındakı roluna da diqqət çəkib: “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətimizin terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasında yer almasında DTX-nın da mühüm rolu var. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz maddi-texniki təchizatını, peşəkarlğını daim yüksəldən DTX, Azərbaycana qarşı həyata keçirilən terror aktlarının qarşısını müvəffəqiyyətlə almaqda, terror cəhdlərini elə hazırlıq mərhələsindəcə neytrallaşdırmaqdadır. Beynəlxalq reytinq cədvəlində dövlətimizin ən yüksək sıralarda yer alması bir sıra amillərlə yanaşı, həm də DTX-nın peşəkarlığının göstəricisidir və bu peşəkarlıq xalqımız tərəfindən təqdir olunmaqda, alqışlanmaqdadır”. Seymur ƏLİYEV

Hamısını oxu
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən veteranların həqiqi hərbi xidmətə qəbulu qürurvericidir”

Xəbər verdiyimiz kimi, bugünlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş 9 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib.  Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Vətən müharibəsi iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edilməsini yüksək qiymətləndirib: “44 günlük Vətən müharibəsində iştirak edən 9 nəfər veteranın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə qəbul edilməsi olduqca təqdirəlayiq və qürurvericidir. Bu, hər şeydən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin veteranlarımıza olan dqiqət və qayğısının nəticəsidir. 9 veteranın həqiqi hərbi xidmətə qəbul edilməsi faktı göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti veteranların məşğulluq problemini diqqətdə saxlayır, onların hər bir müraciətinə həssaslıqla yanaşır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tez-tez bölgələrdə vətəndaşlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır, heç bir müraciəti cavabsız qoymur. Veteranlarımızın həqiqi hərbi xidmətə qəbul olunması, həm də 44 günlük Vətən müharibəsində iştirak edən, müharibənin odundan, alovundan çıxan vətəndaşlarımızın vətənimizin, dövlətimizin müdafiəsində iştirak etmək istəyinini göstərir. Bu fakt onu göstərir ki, ölkəmizdə vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir və bu məsələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də böyük rolu var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılan maarifləndirmə işi, hərbi vətənpərvərlik təbliğatı gənclərimizin vətənpərvərlik tərbiyəsinin inkişafına böyük töhfə verib.  Mən həqiqi hərbi xidmətə qəbul edilən veteranlaırmızı təbrik edir, onlara uğurlar arzulayıram. Əminəm ki, onlar bundan sonra da vətənimizin müdafiəsinə öz töhfəsini verəcək, gənclərimiz üçün vətənə sevgi və xidmət nümunəsi olacaqlar”.  Seymur ƏLİYEV  

Hamısını oxu