Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılışı olub

Açılışda Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri də iştirak edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub.

Şəhidin anım günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, rayon Veteranlar Təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Cəlilabad İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Rəşad Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb.

Rəşad Abdullayevin atası Arif Abdullayev, anası Sevil Abdullayeva, şəhidin həyat yoldaşı, yaxınları və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu söyləyiblər.

Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 Ədalət  Salmanov,

 Cəlilabad rayon  Veteranlar Təşkilatının sədri    

  

2022-10-04 21:49:00
1207 baxış

Digər xəbərlər

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransı işə başlayıb

Ağdamda 16 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransın ilk günü başa çatıb.   Konfransdan öncə tədbir iştirakçıları Ağdam şəhərində Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını, Çörək muzeyini, Ağdam Dövlət Dram Teatrını, Cümə məscidini və Mərkəzi meydanı ziyarət ediblər.   Tədbir iştirakçıları Ağdam torpağında birlikdə ağac əkiblər.   Konfransı açılış nitqi ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov açıb. Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulslari” I Beynəlxalq elmi-praktik konfransının iştirakçılarına müraciəti səsləndirilib.   Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli çıxış edib.   Plenar iclasda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri”, AMEA İqtisadiyyat İnstitutu “Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin rəhbəri, AMEA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” mövzusunda çıxış edib. Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”,  “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub. Daha sonra yerli və xarici qonaqların iştirakı ilə sual-cavab sessiyası keçirilib.   Sonda xatirə şəkli çəkilib.   Qeyd edək ki, konfransın növbəti və son görüşü bu gün videoformatda keçiriləcək.   Məlumat üçün bildirək ki, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın bütün təşkilati işləri Qarabağ Dirçəliş Fondu tərəfindən qarşılanıb.   Tədbirin internet resursu ilə təmin olunması isə “Azercell” şirkətinin dəstəyi ilə reallaşıb.  

Hamısını oxu
Azərbaycanı zirvəyə ucaldan Lider

Bu gün dünyanın nəzərləri Azərbaycana yönəlib. Azərbaycan son əsrlərin möhtəşəm zəfərini qazanır. Yazdığımız şanlı tarix, qazandığımız möhtəşəm qələbələr, bərpa etdiyimiz tarixi ədalət dillər əzbəridir. Azərbaycan xalqının başı ucadır. Bu, Ali Baş Komandanın, qəhrəman ordumuzun ucalığıdır! Biz təkcə torpaqlarımızı azad etmirik, həm də bölgəyə sülh, yeni reallıqlar gətiririk. Regionda əsrlər boyu oturuşmuş geosiyasi mövqelər dəyişir, güc nisbəti yenidən formalaşır. Bu tarixi missiyanı İlham Əliyev həyata keçirir. Bütün qələbələrimizin müəllifi odur! Artıq bir aydan çoxdur ki, Azərbaycan Vətən müharibəsi aparır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda uğurlu döyüşlər gedir. Azərbaycan əsgəri hər gün bir qədər də irəliləyir, qələbələri ilə xalqımızın qüdrətini bütün dünyaya göstərir. Bu qələbələr hər bir azərbaycanlının, ümumilikdə türk dünyasının fəxr, qürur mənbəyidir. Bu gün Azərbaycan cəmiyyətindəki möhkəm milli birliyin, görünməmiş vətəndaş həmrəyliyinin timsalında biz həm də sarsılmaz türk birliyinin yüksək nümunəsini müşahidə edirik. Bu gün cəbhədəki real vəziyyət Azərbaycan ordusunun üstünlüyünü göstərir. Azərbaycan işğal altında olan digər rayonların azad edilməsinin növbəti mərhələsindədir. Azərbaycan xalqı tarixinin ən möhtəşəm, ən qüdrətli və ən qürurlu dövrünü yaşayır. Milyonlarla azərbaycanlı son yüzlikliklərdə rast gəlinməyən möhtəşəm qələbələrin sevincini dadır. Xalqımız heç vaxt olmadığı kimi həmrəydir, birdir, yüksək döyüş əzmindədir. Tarix boyu üzləşdiyimiz ədalətsizliklərə, işğala son qoyulur, insanların qəlbindəki nisgil, vətən həsrəti aradan qalxır. Azərbaycanın əraziləri ilə birgə qüruru, mənəviyyatı da bütövləşir. Cəmi bir ay ərazində işğalçılara misli-bərabəri görünməyən dərs verilməsinə baxmayaraq, Ermənistan rəhbərliyi bundan nəticə çıxarmır. Paşinyan hakimiyyəti işağlçı və terrorçu niyyətindən əl çəkmir. Düşmən təslim olmaq əvəzinə beynəlxalq aləmdən imdad istəyir, havadarlarından kömək umur. Amma işğalçı rejim artıq meydanda tək qalıb. Müharibənin miqyasının genişləndirilməsi, digər ölkələrin döyüş əməliyyatlarına cəlb edilməsi cəhdləri baş tutmur. Xüsusilə də, son günlərdə erməni baş nazirin Rusiya Prezidentinə dəfələrlə zəng etməsi, dalbadal məktublar göndərərək hərbi yardım istəməsi növbəti dəfə nəticəsiz qalıb. Aydın məsələdir ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin məsuliyyətsiz və işğalçı mövqeyi heç bir halda dəstəklənə bilməz. İndi Ermənistan üçün ən düzgün yol məğlubiyyəti qəbul edib torpaqlarımızdan çıxmaq barədə öhdəlik götürməkdir. Paşinyan isə hələ ki, bunu etmir, özü ilə bərabər erməni xalqını da məhvə aparır. Bu gün beynəlxalq aləm, o cümlədən qonşu ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycanın suveren hüququdur, öz daxili işidir. Digər tərəfdən isə, ortada Prezident İlham Əliyevin qətiyyəti, sərt və birmənalı mövqeyi var. Azərbaycan Prezidenti bütün dövlərdə olduğu kimi bu gün də ölkəmizin milli maraqlarını şərəflə qoruyur. Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşməndən qarış-qarış, hissi-hissə təmizləyir. Bir neçə il ərzində işğal edilən ərazilərimizin təxminən yarısı cəmi bir aya azad edilib. Bu, ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Lakin, döyüşlərin indiki mərhələsi artıq çətin relyefli dağlıq ərazilərdə aparılır. Nəzərə almaq lazımdır ki, düşmən 30 ilə yaxındır bu ərazilərdə möhkəmlənib. Bütün bu amillər müəyyən ləngimələr yarada bilər. Prezident İlham Əliyevin məqsədi təkcə torpaqlarımızı azad etmək deyil, həm də döyüş meydanlarındakı əsgər və zabitlərimizi qorumaqdır. Unutmayaq ki, hər qarış torpağımız əsgərlərimizin qanı hesabına azad olunur. Ona görə də, döyüşlər düşünülmüş manevrlərlə aparılır. Hansısa ərazilərin tez və böyük itkilər hesabına deyil, təmkinlə, taktiki gedişlərlə, mərhələli şəkildə və az itki ilə azad etmək yolu seçilir. Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə xalqa verdiyi hər bir vədi yerinə yetirib. Əgər, Ali Baş komandan torpaqlarımızın tam azad olunacağına söz veribsə, deməli, tezliklə vədinə əməl edəcək, buna heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Azərbaycan Prezidenti işğalçıları torpaqlarımızdan qovmaqla təkcə ölkəmizin deyil, ümumilikdə regionun təhlükəsizliyini təmin edir. Bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirilir. İlham Əliyev Qarabağda tarixi haqq-ədaləti bərpa edir, işğala, terrora son qoyur. Xalqımız, ümumilikdə bütün Qafqaz uzun illərdir yaşadığı təhlükə və təhdidlərdən xilas olur. Bu tarixi missiyanı uğurla həyata keçirməklə Azərbaycan dövləti dünyada öz yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycan lideri onsuz da son on yeddi illik qətiyyətli fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi, dərin hörmət və ehtirama layiq dövlət başçısı kimi tanınıb, qəbul edilib. Lakin, İlham Əliyevin yaratdığı yeni reallıqlar, bölgədə tamamilə yeni dövrün başlanması onu dünya liderləri sırasında daha ön plana çıxarır. Ermənistan isə günü bu gün də biabırçı məğlubiyyətindən nəticə çıxarmır, növbəti hərbi cinayətlərə əl atır. Mülki insanların sıx yaşadığı ərazilərin qadağan olunmuş silahlarla bombalanması, müharibə qaydalarının kobudcasına pozulması işğalçının mahiyyətini dünyaya göstərir. Amma heç bir qüvvə Azərbaycan xalqının birliyini sarsıda bilməz, düşmənin heç bir təxribatı ordumuzun döyüş əzminı qıra bilməz. Əksinə, terorçu rejimin vəhşilikləri Azərbaycan cəmiyyətində hiddəti daha da artırır, insanları daha sıx birləşdirir. Azərbaycan vətəndaşları düşmən terroru qarşısında sarsılmır, insan təlafatları olsa da xalqımız birliyini qoruyub saxlayır. Bu gün hər bir vətəndaşımız vətən, torpaq uğrunda bütün varlığı ilə səfərbərdir. Milli həmrəylik, Ali Baş Komandan ətrafında olan monolit birlik, Qarabağın azadlığı uğrunda mübarizə hər gün daha da güclənir. Azərbaycanın necə bir mənfur düşmənlə mübarizə apardığı, hansı ağlasığmaz vəhşiliklərlə üz-üzə qaldığı göz önündədir. Biz misli-bərabəri görünməyən cinayətlər törədən terorçu və faşist mahiyyətli rejimlə döyüşürük. Paşinyan və onun Dağlıq Qarabağdakı quldurları uşaq qatilləridir. Onlar dinc insanları qətlə yetirməkdən zövq alır, onlar azərbaycanlıların qanına susayıb. Biz isə düşməndən fərqli olaraq sözümüzü yalnız döyüş meydanında deyirik. Dağlıq Qarabağda yaşayan ermənilərin gələcək təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan həmişə buna yüksək zəmanət verib. Ümumiyyətlə, bizim düşmənimiz Qarabağdakı işğalçı və separatçı rejim, döyüş meydanlarında vuruşan ermənilərdir. Azərbaycan dövləti sadə, dinc erməni xalqını heç vaxt özünə düşmən bilməyib. Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır və Prezident İlham Əliyev onların həyatına, rifahına və firəvan gələcəyinə təminat verir. Qarabağda daimi sülhün və təhlükəsizliyin təmin ediləcəyi gün uzaqda deyil. 30 ildən sonra bu torpaqlara yeni həyat veriləcək, tamamilə fərqli dövr başlayacaq. Qarabağ nəinki Azərbaycanın, Qafqazın ən gözəl guşəsinə, ən müasir və inkişaf etmiş mərkəzinə çevriləcək. Sahil Kərimli,Trend BİA-nın Baş redaktor müavini

Hamısını oxu
Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər. Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən  gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub. Görüşün sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edərək onu 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.            

Hamısını oxu