Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Təşkilatın yaranmasının 35 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Tədbirdə veteranlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, dövlət və QHT təmsilçiləri, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılıb. Daha sonra respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyevin büstü önünə çələngi qoyulub.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir itşriakçılarını salamlayıb, Təşkilata göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilatın tarixindən, keçdiyi yoldan, 44 günlük Vətən müharibəsi və post-müharibə dövründəki fəaliyyətindən danışıb. Polkovnik qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman dövlətin yanında olub, milli maraqlarımızın qorunması istiqamətində səylə çalışıb. Polkovnik Cəlil Xəlilov veteranların bundan sonra da dövlətçiliyin keşiyində ayıq-sayıq dayanacağını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə müdafiə etməkdə davam edəcəklərini bilidirib.

 

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Samir Məmmədov veteranların gənclər üçün nümunə olduğunu, öz həyat yolları, qəhrəmanlıqları, əmək fəaliyyətləri ilə onlara örnək olduğunu bildirib.

 

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxışında veteranlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb, eyni zamanda veteranların gənclər arasında apardığı vətənpərvərlik tərbiyəsinin önəmindən danışıb. Cəmiyyətdə veteranların xüsusi çəkiyə malik olduğunu bildirən polkovnik, Azərbaycan xalqının hər zaman veteranlara hörmət və ehtiramla yanaşdığını, veteranların isə öz növbəsində gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını söyləyib.

 

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyətindən bəhs edilən videorolik nümayiş edilib, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.

Tədbirin sonunda Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Elvin Əzizov veteranlar adından Prezident İlham Əliyevə ünvanlanan müraciəti səsləndirib. Müraciətdə onlara göstərilən qayğıya görə dövlət başçısına təşəkkür edən veteranlar, hər zaman olduğu kimi, bundan sonra da dövlət başçısının hər bir çağırışını dəstəkləyəcəklərini, Azərbaycanın inkişafı və tərəqqisi üçün əllərindən gələni əsrigəməyəcəklərini bildiriblər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətində, vətənpərvərlik tərbiyyəsinin  təbliğində aktiv iştirak edən şəxslər Müdafiə Nazirliyi və Təşkilat tərəfindən təltif olunub.

 

 

2022-10-13 15:15:00
1695 baxış

Digər xəbərlər

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.   Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Türkiyə Prezidenti dünən Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Hamısını oxu
Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin harmoniya təşkil etdiyi şəhər – Ordubad!

Dünyada elə şəhərlər var ki, onlar öz ruhu, təbiəti, tarixi, mədəniyyəti, sakinləri ilə klassik şəhər anlayışına sığmır, bu anlayışın fövqündə, əlahiddə bir ucalıqda qərar tutur. Bu cür şəhərlərlə elə ilk tanışlıq onu həmin adama doğmalaşdırır, insanda bu şəhər haqqında saf, gözəl, sevgi dolu duyğular oyadır. Öz ecazkarlığı, əsrarəngizliyi ilə insanı ovsunlayan, onun qəlbində özünə əbədi yer edən belə şəhərlərdən biri də  Ordubaddır. Ulu öndər Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin bir-birini tamamladığı, harmoniya təşkil etdiyi qədim Ordubad! May günəşinin qızıl şəfəqləri altında tarixi şəhərlə görüş... 19 may 2025-ci ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvanda  “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda keçirilən konfransından sonra bir neçə saatlıq zaman fasiləsindən istifadə edərək Ordubada səfər etməyə qərar verdik. Maşınımız Naxçıvandan Ordubada gedən yolla yüksəkliyə doğru qanadlandıqca dəyişən təbiət mənzərələrini heyranlıqla seyr edir, heç bir epizodu nəzərdən qaçırmamağa çalışırdıq. Şəhərə doğru yaxınlaşdıqca yaşıllıqların sayı sürətlə artır, pak, təmiz hava  insanın ciyərləri ilə yanaşı, ruhuna da süzülürdü. Dağların qoynunda yerləşən və üzü ucsuz-bucaqsız düzənliklərə açılan şəhər bizi uzaqdan xüsusi bir doğmalıqla salamlayır, öz müdrik görünüşü ilə sanki hər şeyi gördüyünü, hər bir qonağın gəlişindən və niyyətindən xəbərdar olduğunu diqqətə çatdırırdı. Ordubad Şəhidlər Xiyabanından müstəqillik tariximizə baxış Ordubadda ziyarət etdiyimiz ilk məkan Şəhidlər Xiyabanı oldu. Şəhidlər Xiyabanınındakı təmizlik və yaşıllıq Ordubad sakinlərinin, eləcə də şəhər rəhbərliyinin qəhrəmanların uyuduğu bu məkana olan ehtiramından, sevgi və həssaslığından xəbər verirdi. Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində, aprel döyüşlərində, Vətən müharibəsində və anti-terror əməliyyatında həlak olan şəhidlərin məzarı yer almışdı ki, bu da cəsur Ordubadın doğma Azərbaycanın müdafiəsi naminə göstərdiyi fədakarlıqdan, verdiyi böyük qurbanlardan xəbər verirdi. Soyuq mərmərdən insanın qəlbinə nüfuz edən isti baxışlar adamı istər-istəməz xalqımızın mütəqillik dövrünə nəzər salmağa, müharibə və mübarizələrlə zəngin yaxın tariximizə boylanmağa vadar edir. Müstəqilliyimizin ilk illərindən etibarən blokada şəraitində erməni faşizminə qarşı mübarizə aparan, sadəcə hərbi deyil, iqtisadi baxımdan da böyük çətinlikləri dəf etməyə məcbur qalan fədakar ordubadlıların qəhrəmanlığı insanda qeyri-iradə rəğbət hissi oyadır. Bu mənada Şəhidlər Xiyabanı açıq səma altında tarix muzeyi təsiri bağışlayır, vətənin azadlığı və müstəqilliyi uğrunda aparılan amansız mübarizələri, ölüm-dirim savaşlarını yada salır. Çinarlar və qızılgüllər şəhəri... Ordubadda diqqəti cəlb edən əsas məqamlardan biri də küçə və parklarda çinar və qızılgüllərin hədsiz çoxluğudur. Bu mənada Ordubadı çinarlar və qızılgüllər şəhəri də adlandırmaq olar. Ordubad tarixən meyvə ağacları ilə məşhur olsa da, buradakı çinarların əzəməti, qızılgüllərin rəngarəngliyi və ətri bu qədim şəhərə qeyri-adi gözəllik bəxş edir. Şəhərdəki yaşıllıq sakinlərin təbiətə olan münasibətindən, sevgi və qayğısından xəbər verir. Dünyamızda ekoloji problemlərin kəskinləşdiyi, yaşıllıqların önəminin artdığı bir zamanda Ordubad ekoloji baxımdan təmiz “yaşıl ada”nı xatırladır. Burada hər şey təbiətin ilkinliyindən, saflığından, insan-təbiət arasındakı münasibətlərin duyarlılığından xəbər verir. Şəhər və onun ətrafındakı bəzi çinarlar ilə sadəcə öz görünüşü ilə deyil, həm də yaşı ilə insanda maraq oyadır. Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, şəhər və onun ətrafında yaşı 500 və daha çox olan qədim çinarlar mövcuddur ki, onların hər biri uzaq tarixin canlı yadigarı sayıla bilər. Onu da qeyd edək ki, bu qədim çinarların bəzisinin gövdəsi içərisinə bir neçə nəfəri sığdıra biləcək qədər böyükdür. Hansı ki, belə çinarların gövdəsində keçirdiyi bir neçə saniyəlik zaman belə insana ən böyük, ən qədim, ən etibarlı evinin məhz təbiət olduğu gerçəyini yada salır. İnsan bu cür çinarların kölgəsi və sərinliyi altında təbiəti qorumağın nə qədər vacib və əhəmiyyətli olduğunu bütün ruhu ilə hiss edir. “Dünyanın borclu olduğu adam”la görüş... Ordubada səfər çərçivəsində ziyarət etdiyimiz məkanlardan biri böyük alim Yusif Məmmədəliyevin ev muzeyi oldu.   İkimərtəbəli muzeyin ikinci mərtəbəsində ekspozisiya zalı yerləşir ki, burada minlərlə eksponat qorunub saxlanılır. Bu eksponatlar sayəsində sadəcə Yusif Məmmədəliyevin həyat və fəaliyyət yolunu deyil, İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının faşizmə qarşı mübarizə tarixini izləmək, eləcə də o dövrdəki elmi-mədəni mühiti öyrənmək mümkündür. Ev muzeyinin direktoru  Elvira İbrahimovanın sözlərindən məlum olur ki, 1975-ci ildən fəaliyyət göstərən və 2005-ci ildə restavrasiya olunan ev muzeyinə maraq kifayət qədər böyükdür. Bunu ev muzeyini ziyarət edən qonaqların sayı da sübut edir. Yusif Məmmədəliyevin ev muzeyini ziyarət edənlər araında xeyli sayda əcnəbiyə də rast gəlmək mümkündür ki, bu da böyük alimin dünya miqyasındakı şöhrətindən, beynəlxalq aləmdə ona olan maraqdan xəbər verir. Heç şübhəsiz, Yusif Məmmədəliyevin bəşəriyyət qarşısındakı ən böyük xidməti onun İkinci Dünya müharibəsi zamanı yüksək oktanlı aviasiya benzinini kəşf etməsidir. Məhz bu icadı ilə Yusif Məmmədəliyev SSRİ-yə faşist ordusu qarşısında ciddi texniki üstünlük qazandırmış, qələbəyə böyük töhfə vermişdir. Müharibə zamanı Yusif Məmmədəliyev “Molotov kokteyli” digər partlayıcıların yeni tərkibdə işlənib hazırlanmasını da təmin etmiş, onun elmi kəşfləri bu sahədə əsl inqilab yaratmışdır. Yusif Məmmədəliyevin ev muzeyi ilə tanışlıq əsnasında bunu da öyrəndik ki, böyük alimin kəşfləri insanların sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişafına da ciddi təkan verib. Belə ki, görkəmli alim süni kauçukun yeni alınma üsulunu işləyib hazırlamış və onun hazırladığı bu üsul Fransa və digər dövlətlərdə hazırlanan süni kauçukdan daha ucuz və daha keyfiyyətli məhsul əldə etməyə imkan vermişdir. Etil spirti, süni liflər və digər məhsulların da yenidən və effektiv şəkildə işlənməsi Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Azərbaycanın ilk kimyaçı akademiki olan Yusif Məmmədəliyevin ev muzeyinin həyətindəki “qızılgül dənizi” də füsunkar gözəlliyi ilə diqqət çəkir, insanı real dünyadan xəyallar aləminə aparır. Ziyarət əsnasında məşhur alimin ev muzeyinin yaxınlığındakı əzəmətli büstünə də baş çəkməyi özümüzə borc bilir, onun böyüklüyü önündə baş əyirik... Ordubad Tarix Diyarşünaslıq Muzeyində tarixə yolçuluq... Ordubada səfər zamanı üz tutduğumuz məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyi oldu. Muzeydə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşə fəaliyyət göstərir. Hansı ki, həmin guşənin yanında Ulu öndərin Ordubadla bağlı səsləndirdiyi tarixi sözlər yer alır: “Ordubad Azərbaycanın incisidir”. Muzeyin içərilərinə doğru addımladıqca Azərbaycan xalqının zəngin tarixi və mədəniyyətindən xəbər verən çoxsaylı eksponatlar, maddi-mdəniyyət nümunələri sürətlə bir-birini əvəz edir. Burada antik toxuculuq alətlərindən tutmuş çini qablara, müxtəlif sənətkarlıq məhsullarına, eləcə də xalçaçılıq nümunələrinə rast gəlmək mümkündür. Üzərində qədim yazılar olan daş kitabələr də Ordubad Tarix Diyarşünaslıq Muzeyinin zəngin eksponatları sırasına daxildir. Muzeydə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərlə bağlı da ayrıca guşə fəaliyət göstərir ki, burada şəhidlərin şəkli və onlar haqqında məlumatla tanış olmaq mümkündür. Muzey daxilində şəhidlərimizlə bağlı guşənin yaradılması sadəcə Tarix Diyarşünaslıq Muzeyinin deyil, bütövlükdə Ordubad insanının, həmçinin, rayon rəhbərliyinin öz şəhidinə olan sevgi və ehtiram dolu münasibətindən xəbər verir. Dırnıs – “Ordubadın İsveçrəsi”  Ordubad rayonunun özü kimi onun kəndləri də həm qeyri-adi təbiət mənzərələri, həm də burada yaradılan müasir istirahət mərkəzləri ilə diqqət çəkir. Öz tarixi-mədəni keçmişi ilə yanaşı, həm də zəngin təbiəti ilə diqqət çəkən belə kəndlərdən biri də Dırnısdır. Dırnısda təbiət gözəllikləri ilə insan əməyi tam bir vəhdət təşkil edir ki, bu da həmin kəndi bura qonaq gələn hər kəs üçün vazkeçilməz edir. “Səmanın qoynundakı yaşıl cənnət” təəssüratı yaradan Dırnısda bəzən cəmi bir neçə saat içində təbiətin bütün rəngarəngliyini yaşamaq mümkündür. Parlaq günəş şüalarının qısa zamanda qara buludlar və gur yağışla əvəzlənməsi, bahar təravətli dəqiqələrin anidən payıza məxsus tutqun və nisgilli hava ilə əvəzlənməsi Dırnısa xas özünəməxsus xüsusiyyətlərdən biridir. Burada müasir tələblərə cavab verən ictimai iaşə müəssisələri, istirahər mərkəzləri və s. var ki, bu da Dırnısa turist axınını stimullaşdıran əsas amillərdən biridir. Təsadüfi deyil ki, bu kənd sadəcə Ordubadın deyil, bütün Naxçıvan diyarının İsveçrəsi hesab edilir ki, bu da ilk növbədə onun misilsiz təbiəti ilə bağlıdır. Dırnısda inşa edilən süni göl və digər su hövzələrində farel balıqlarına, eləcə də təbiətin digər nadir nümunələrinə rast gəlmək, onları yaxından izləmək mümkündür. “Cənnətdən bir parça torpaq” təsiri bağışlayan bu kənddə qonaq olmaq nə qədər xoşdursa, ondan ayrılmaq bir o qədər çətindir. Və biz də beləcə - Dırnısı görməyin sevinci və ondan ayrılmağın əzabı içərisində vətənimizin bu gözəl guşəsi ilə çətinliklə vidalaşırır və deyirik: “Yenidən görüşənə qədər!” Seymur ƏLİYEV  

Hamısını oxu
Əbu-Dabi görüşü: Sülhə aparan yolun mühüm mərhələsi

Cənubi Qafqazda tarixi dönüş baş verir 2025-ci ilin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş verən hadisə Cənubi Qafqaz tarixində yeni bir səhifənin başlanğıcını qoydu. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən beş saatlıq görüş bir çoxlarının mümkünsüz saydığı sülhün əlçatan olduğunu nümayiş etdirdi. Görüşdə Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak ediblər. Ən mühüm razılaşmalardan biri sərhədlərin delimitasiyası məsələsi ilə bağlı oldu. Liderlər bu istiqamətdə əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək müvafiq dövlət qurumlarına əməli tədbirlərin davam etdirilməsi üçün göstəriş verdilər. Zəngəzur dəhlizi də müzakirələrin mərkəzində dayanan əsas məsələlərdən biri oldu. Artıq məlumdur ki, bu layihə yalnız regional deyil, qlobal maraq dairəsindədir. Moskva, Tehran, Brüssel və Vaşinqtonun maraq dairəsində olan bu yol, əslində yeni iqtisadi və siyasi düzənin əsas arteriyası ola bilər. Ermənistan öz suverenliyi və yurisdiksiyası çərçivəsində qərarlar qəbul etməkdə israrlıdır. Bu isə göstərir ki, dəhliz məsələsi yalnız infrastruktura deyil, siyasi iradəyə və beynəlxalq münasibətlərə dair ölçü daşıyır. Azərbaycanın mövqeyi birmənalıdır: bu dəhliz açılmalıdır. Lakin Rusiya, İran və digər aktorların mövqeləri hələ tam aydın deyil. ABŞ-ın dəhlizə nəzarət ehtimalı və beynəlxalq aktorların bu məsələdəki rolu isə danışıqlara yeni çalarlar gətirir.  Sülh müqaviləsinin 17 maddəsindən 15-nin razılaşdırılması, prosesin nə qədər yetkin mərhələyə çatdığını sübut edir. Əsasən qarşılıqlı iddialardan imtina, sərhəddə xarici qüvvələrin yerləşdirilməməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in funksiyasını itirmiş Minsk Qrupunun ləğvi kimi məsələlər ön plandadır. Ən aktual məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistan hələ də sənədlərində Azərbaycana qarşı ərazi iddialarına yer verir. Bunun dəyişməsi üçün referendumun keçirilməsi və ərazi bütövlüyünə dair açıq öhdəlik verilməsi vacibdir. Digər əsas məsələ isə ATƏT-in faktiki fəaliyyətsiz Minsk Qrupunun ləğvidir. Azərbaycan artıq bu qurumu tarixin arxivinə göndərməyi təklif edir. Azərbaycan danışıqlarda dəqiq, prinsipial və nəticəyönümlü yanaşma nümayiş etdirərək sülhə sadiqliyini növbəti dəfə ortaya qoydu. ABŞ Dövlət Departamenti, eləcə də Avropa İttifaqı prosesə açıq dəstək ifadə etdi. Aİ sözçüsü Anitta Hipperin fikirləri də bu mənada əlamətdardır: “Bu, regionda davamlı sülh və təhlükəsizliyin bünövrəsini qoyacaq”. Bu görüş bir daha sübut etdi ki, sülh üçün yalnız bəyanatlar deyil, konkret təkliflər, real zəmanətlər və davamlı dialoq tələb olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan birbaşa və vasitəçisiz danışıqlar formatı  istər sərhədlərin razılaşdırılması, istər azad olunan kəndlərlə bağlı, istərsə də sülh müqaviləsinin detallarında regionda sabitliyin təməlini möhkəmləndirir. Əbu-Dabidə atılan addımlar gerçək barışa aparan yolun başlanğıcıdır. 30 illik münaqişənin, minlərlə insanın həyatına son qoyan faciələrin ardından gerçək sülh görünür. Ermənistan rəhbərliyi bu tarixi fürsəti əldən verməzsə, Cənubi Qafqaz bölünmədən əməkdaşlığa, şübhədən qarşılıqlı etimada keçid edə bilər. Görüş həm də iki lider arasında son vaxtlar müşahidə olunan gərginliklərin yumşaldılmasına və qarşılıqlı anlaşmanın inkişafına töhfə verdi. Dialoqun sakit, səmimi və konstruktiv atmosferdə keçməsi danışıqların məhsuldarlığını artırdı. Veteranlarımız və bütövlükdə cəmiyyətimizin müxtəlif təbəqələri Əbu-Dabi görüşünü Cənubi Qafqazda davamlı sülhə aparan yolun mühüm mərhələsi kimi qiymətləndirir və bu istiqamətdə atılan addımları alqışlayırlar. Veteranlar Əbu-Dabi görüşünü yüksək dəyərləndirərək bildirirlər ki, Prezident İlham Əliyev milli maraqları qətiyyətlə qoruyaraq xalqın etimadını bir daha doğrultdu. Onların fikrincə, bu liderlik təkcə bu günün yox, həm də gələcək nəsillərin sülh və sabitlik şəraitində yaşamaq haqqının təmin olunması istiqamətində atılmış strateji addımdır. Əbu-Dabi görüşü yalnız iki dövlətin deyil, bütün regionun taleyinə təsir göstərə biləcək əlamətdar bir diplomatik hadisə oldu. Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü təkliflərə konstruktiv cavab versə Cənubi Qafqazda yeni bir dövr başlanacaq. Bu dövr qarşıdurmanın deyil, qarşılıqlı əməkdaşlığın; daimi gərginliyin deyil, dayanıqlı sabitliyin dövrü ola bilər. Tarix yenidən - bu dəfə sülhün dili ilə yazılır.       Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Şanlı zəfərin dönüş nöqtəsi

Hamısını oxu