Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad Rayon Veteranlar Təşkilatı əmək veteranının kitabının təqdimatını keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Əmək veteranı Mirhəbib Sadiqin "İrfan əhli dərk edər" kitabının təqdimat mərasimini keçirib. Rayon Veteranlar evində düzənlənən tədbirə rayonun tanınmış şair və yazıçıları ilə yanaşı əmək və müharibə veteranları da dəvət olunublar.

Təqdimatdan öncə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist  Ədalət Salman müəllifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, təqdim olunan kitabda toplanmış müxtəlif vəznli şeirlərin bədii xüsusiyyətlərindən danışıb, adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını təbliğ edən belə kitabların gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi müsbət təsiri xüsusi vurğulayıb.

Qələm adamlarından Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Əlizadə Nuri, İman Abdulla, Əlövsət Tahirli, Qurban Əhməd, bədii qiraət ustası Mikayıl İnçəçaylı, əmək veteranları Mirməsləhət Əhmədov,Təyyar Məmmədov, Mirzəbala Hüseynov, müharibə veteranı Maşallah Əliyev və başqaları Mirhəbib Sadiqi yeni kitabının nəşr olunması münasibətilə təbrik edib,şeirləri haqqında öz ürək sözlərini söyləyib və ona yaradıcılıq uğurları arzulayıblar. Muğamlarımızın gözəl ifaçısı Akif Babayev isə şairin  bir neçə qəzəlini muğamat üstə oxuyaraq tədbir iştirakçılarına xoş ovqat yaşadıb.

Tədbirin soninda kitabın müəllifi Mirhəbib Sadiq kitabın təqdimatını təşkil edən rayon Veteranlar Təşkilatına və tədbir  iştirakçılarına təşəkkürünü bildirib, yaradıcılıq işindən danışıb və öz oxucularına kitablarını hədiyyə verib.

2023-01-30 10:26:00
1040 baxış

Digər xəbərlər

Milli Qəhrəman Şükür Həmidov – Vətənə həsr olunmuş bir ömür

Tarix boyu Azərbaycan torpağı qəhrəmanlar yetişdirib. Bu qəhrəmanların adı dastanlara çevrilib, nəsildən-nəslə ötürülüb, Vətən sevgisinin, qeyrətin və ləyaqətin rəmzi olub. “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyən igidlərin yolu heç vaxt yarımçıq qalmayıb. Bu yol şəhidlik zirvəsinə aparan, şərəfli və müqəddəs bir yoldur. Azərbaycan xalqı bu zirvəyə ucalan oğullarını heç vaxt unutmayıb və unutmayacaq. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi yad etmək, onların döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhid məzarı olmasın. Hər məzar bir qəhrəmanlıq dastanı, hər ad bir tarixdir. O adlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Nəriman oğlu Həmidovdur. Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində, müəllim ailəsində dünyaya göz açıb. Ailədə on uşaqdan biri olan Şükür hələ uşaqlıq illərindən mərdliyi, cəsarəti və iradəsi ilə seçilirdi. Doğma torpağına, Vətəninə bağlılıq onun xarakterinin əsas cizgilərindən idi. O, orta təhsilini Qubadlı rayonunun Başarat kənd orta məktəbində alıb, 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Burada formalaşan hərbi düşüncə, nizam-intizam və vətənpərvərlik ruhu onun gələcək taleyini müəyyənləşdirdi. Sonradan Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alan Şükür Həmidov hərbi xidmətə leytenant rütbəsi ilə başlayıb. Naxçıvanda xidmət etdiyi ilk gündən etibarən o, tabeçiliyində olan şəxsi heyət üçün əsl komandir, örnək zabit olub. Şükür Həmidov yalnız əmr verən deyil, döyüşün önündə gedən, əsgərləri ilə bir cərgədə dayanan komandir idi. O, xidmət etdiyi illər ərzində tağım komandiri, bölük komandiri, tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi müxtəlif məsul vəzifələrdə çalışıb. 2016-cı ilin Aprel döyüşləri Şükür Həmidovun qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz şücaət onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Məhz bu döyüşlərdə nümayiş etdirdiyi rəşadətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü və vaxtından əvvəl polkovnik hərbi rütbəsi aldı. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, milli ruhunun təntənəsi oldu. “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılan igidlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Bu müqəddəs savaşda polkovnik Şükür Həmidov da ön cəbhədə idi. O, Cənub istiqamətində  Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərin idarə olunmasında fəal iştirak etdi, düşmənin darmadağın edilməsində mühüm rol oynadı.  22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı polkovnik Şükür Həmidov Vətən qarşısında ən ali vəzifəsini yerinə yetirərək şəhidlik zirvəsinə ucaldı. O, bir zabit kimi deyil, bir Vətən oğlu kimi tarixə düşdü. Qəhrəman Milli Qəhrəman 23 oktyabrda II Fəxri Xiyabanda böyük ehtiram və dərin hörmətlə torpağa tapşırıldı. Polkovnik Şükür Həmidovun qəhrəmanlığı ölümündən sonra da dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, Azərbaycanın hərb tarixində şərəf və rəşadət rəmzi olan “Zəfər” ordeni, “Vətən uğrunda” medalı, eləcə də “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. Bu təltiflər təkcə mükafat deyil, bir ömrün Vətənə sədaqətinin rəsmi təsdiqidir. Şəhid polkovnik ailəli idi. Onun övladları Əzizə və Nurlan bu gün atasının adını qürurla daşıyır, onun qoyub getdiyi mənəvi irsi yaşadırlar. Onlar üçün Şükür Həmidov yalnız Azərbaycanın Milli Qəhrəmanı deyil, həm də Vətən uğrunda canından keçməyi bacaran, mərdlik məktəbi yaradan bir atadır. Bu gün Qubadlı azaddır. Azərbaycanın müqəddəs üçrəngli bayrağı Şükür Həmidovun doğulduğu və uğrunda şəhid olduğu torpaqlarda əzəmətlə dalğalanır. Hər dalğalanan bayraq onun və onun kimi minlərlə şəhidimizin qanı, canı və iradəsi bahasına yüksəlmiş Zəfərin nişanəsidir. Azərbaycan xalqı öz şəhidlərini daim uca tutur, onların xatirəsini qəlbində, yaddaşında və tarixində yaşadır. Şükür Həmidov kimi qəhrəmanlar olduqca bu Vətən sarsılmazdır, bu torpaq əbədidir. Çünki qəhrəmanların yazdığı tarix zamanın fövqündə dayanır və heç vaxt unudulmur Cəlil Xəlilov    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“BDU rektorunun rəhbərliyi altında belə bir hesabatın hazırlanmasını faydalı və təqdirəlayiq”

“Çalışmalıyıq ki, dünya erməni faşizmini tanısın və ədaləti dəstəkləyənlərin sayı çoxalsın”   Azər Badamov: “Ermənistanla informasiya müharibəsinin davam etdiyi bir zamanda bu cür hesabatlar mühüm əhəmiyyətə malikdir”   Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlsə də, Ermənistanla informasiya cəbhəsində mübarizə davam edir. Ermənistanın vaxtiylə işğalda saxladığı torpaqlarımızda törətdiyi vəhşiliklərin ifşası, rəsmi İrəvanın son 30 ildə vurduğu maddi-mənəvi ziyana görə kompensasiya ödəməsinin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu baxımdan Bakı Dövlət Univbersitetinin rektoru Elçin Babayevin ideya müəllifliyi və rəhbərliyi altında hazırlanan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan sözügedən hesabat dünyanın əksər dövlətlərinin rəsmi dairələrinə, o cümlədən vətəndaş cəmiyyəti institutlarına təqdim ediləcək.   Məlum hesabatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, bu cür layihələrin milli maraqlarımız baxımından böyük önəm kəsb etdiyini vurğulayıb:   “Ermənistanla müharibə döyüş meydanında bitsə də, informasiya məkanında davam edir. Vətəni sevən hər bir şəxs özünün informasiya yaymaq imkanından istifadə edərək erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışmalıdır.   BDU rektorunun rəhbərliyi altında belə bir hesabatın hazırlanmasını faydalı və təqdirəlayiq hesab edirəm. Dünya ictimaiyyəti torpaqlarımız işğal altında olduğu 30 ildə azərbaycanlıların tarixi, mədəni abidələrinə, o cümlədən insanlığa qarşı törətdikləri vəhşilikləri bilməlidir. Belə olan halda ermənilərin əsl faşist sifəti haqqında beynəlxalq ictimaiyyət məlumatlı olar və ədaləti dəstəkləyənlərin sayı çoxalar. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın ingilis dilində dünya dövlətlərinə yayılması olduqca əhəmiyyətlidir. Bu, beynəlxalq ictimaiyyətin erməni vəhşiliyi, Azərbaycan məcburi köçkünlərinin pozulan hüquqları haqqında daha aydın və ətraflı məlumat almasının təmin edilməsi baxımından mühüm önəm kəsb edir. Düşünürəm ki, dünya ictimaiyyətinin konkret və inkaredilməz faktlarla zəngin olan bu cür hesabatlar vasitəsi ilə məlumatlandırılması, sadəcə yaxın keçmişdə baş verən olayların tanıdılması deyil, həm də gələcək fəaliyyətimizin stimullaşdırılması, Ermənistana yönəlik siyasi və hüquqi sahədə daha effektiv addımların atılması baxımından faydalıdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Milli Mətbuatının 150 İllik Yubileyi nünasibətilə TƏBRIK MƏKTUBU

Hörmətli media nümayəndələri,   Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, çətin, şərəfli və son dərəcə məsuliyyət tələb edən xidmətinizdə yeni uğurlar arzulayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu 150 illik zəngin mətbuat tariximizə verilən yüksək qiymətin və dərin ehtiramın ifadəsidir.   1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycanın ilk milli mətbuat nümunəsi və oyanışın başlanğıc səsi oldu.   Cəmi iki il nəşr olunsa da, milli düşüncənin təməlini qoydu, ictimai və siyasi fikrin formalaşmasına təkan verdi. Bu gün xalqımızın jurnalistika irsində "Əkinçi" qəzetinin mövqeyi bir təməl, bir başlanğıc olaraq yaşayır.   Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı söz və fikir azadlığının Konstitusiya ilə təsbit olunması ilə daha da genişlənmiş, yüzlərlə qəzet və jurnalın nəşri həyata keçirilmişdir. Bu nəşrlər cəmiyyətin demokratik dəyərlərlə tanış olmasında və dövlətin fəaliyyətinin izahında mühüm rol oynamışdır.   Azərbaycan mətbuatı XX əsrin ikinci yarısında da öz maarifçilik missiyasını davam etdirdi. “Azərbaycan”, “Ulduz”, “Elm və Həyat” jurnalları, “Ədəbiyyat və İncəsənət” qəzeti, dövrün ədəbi, elmi və mədəni həyatının daşıyıcısına çevrildi. 1990-cı illər Milli Azadlıq Hərəkatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yeni bir dövr başlandı. “Azadlıq”, “Yeni Musavat”, “Ayna”, “Zerkalo”, “525-ci qəzet”, “Bizim yol” kimi nəşrlər azad sözün səsinə çevrildi. Mətbuat, ictimai nəzarətin, milli ideya və demokratik cəmiyyət quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Bu dövrdə Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv edildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi. Onun rəhbərliyi ilə dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə uğurla davam etdirildi.   Bu gün Azərbaycan mətbuatı rəqəmsal dövrə qədəm qoymuşdur. Sosial şəbəkələr, media, vətəndaş jurnalistikası informasiya məkanını daha da genişləndirmiş, informasiya əldə etmə imkanlarını artırmışdır. Eyni zamanda, media etikası, informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi yeni çağırışlar jurnalistikanın qarşısında yeni məsuliyyətlər qoyur.   Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə bu missiya daha da böyük əhəmiyyət qazandı. Cəbhədə döyüşən əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərkən, informasiya cəbhəsində jurnalistlər və media nümayəndələri də öz qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi təkcə silahlarla deyil, həm də informasiya ilə aparılırdı. Düşmən saxta xəbərlər yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı bir vaxtda, Azərbaycan mətbuatı dəqiq, rəsmi və obyektiv məlumatlarla informasiya savaşının ön cəbhəsində yer aldı. Jurnalistlərimiz öz həyatlarını riskə ataraq cəbhə bölgəsindən reportajlar hazırlayır, dünyaya həqiqətləri çatdırırdılar. Onların fəaliyyəti nəticəsində beynəlxalq mediada da Azərbaycan reallıqlarına yer verildi. Bu dövrdə Azərbaycan mətbuatı təkcə məlumat ötürücüsü olmadı, həm də milli birliyin, həmrəyliyin nümunəsi oldu.   Hörmətli media nümayəndələri,   Bu möhtəşəm yubiley münasibətilə Azərbaycan mətbuatının bütün nümayəndələrini, qələm sahiblərini, ziyalılarımızı və jurnalist camiəsini ürəkdən təbrik edir, onlara haqq səsini daim ucaldan, cəmiyyətin vicdanını ifadə edən nurlu yolçular kimi tükənməz yaradıcılıq enerjisi, əqidə möhkəmliyi və möhkəm can sağlığı arzulayırıq. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının çoxsaylı milli üzvləri və təşkilatın sədri olaraq öz adımdan, eləcə də Azərbaycan ictimaiyyəti adından əziz media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir, fədakar fəaliyyətinizin xalqımıza daim işıq tutmasını diləyirik.   Dərin hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Baş prokuror İsmət Qayıbovun oğlu ilə görüşdü

Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində - sentyabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri ilə görüş keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirin məqsədi vətənimizin ərazi bütövlüyü uğrunda, cinayətkarlıqla mübarizə zamanı xidməti vəzifələrinin icra edərkən şəhid olmuş prokurorluq əməkdaşlarının xatirəsini yad etmək olub. Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edərək, onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb. Şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri tədbirdə çıxış edərək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlərin görülməsindən söz açıblar. Sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Samux rayonunun sabiq prokuroru Şəmşir Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Qubadlı Rayon Prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşərək, prokurorluq orqanlarının əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər. Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da işlərin görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara hər zaman dəstək olacağını nəzərə çatdırıb. Sonda xatirə şəkli çəkdirilib.

Hamısını oxu