Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur. İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

2018-09-14 00:00:00
3869 baxış

Digər xəbərlər

Gəncədə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

24 aprel 2025-ci il tarixində Gəncədə Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin heykəli ziyarət olunub, heykəlin önünə gül dəstələri qoyulub.  İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80, Vətən müharibəsində erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümünə həsr edilən tədbirdən öncə, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinə İcra başçısının salamlarını çatdırıb, tədbirin əhəmiyyətindən bəhs edib. Azərbaycan xalqının İkinci Dünya müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atdığını bildirən Yadigar Bədəlov,  Gəncə şəhərinin dəfələrlə raket hücumlarına məruz qalmasına baxmayaraq, əsl cəsarət və mübarizlik sərgilədiyini, Azərbaycanın yenilməzlik simvoluna çevrildiyini bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında İkinci Dünya müharibəsinda Azərbaycan xalqının qələbəyə verdiyi tarixi töhfədən danışıb, xalqımızın ön və arxa cəbhədə böyük qəhəmanlıqlara imza atdığını bildirib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb, ön və arxa cəbhədə əsl fədakarlıq sərgiləyib. Müharibə dönəmində 700 mindən çox azərbaycanlı hərbi əməliyyatıarda iştirak etmiş, onların təxminən yarısı həlak olmuşdur. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və daha onlarla cəsur azərbaycanlı Sovet İtifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə soydaşımız müxtəlif orden və medalalrla təltif edilmişdir. Qürurvericidir ki, 1945-ci ildə alman faşizmi üzərində zəfərdə mühüm rol oynayan Azərbaycan xalqı 2020-ci ildə erməni faşizmi üzərində də tarixi qələbə qazanmış, bununla da öz qəhrəmanlıq ənənəsinə sadiqliyini bütün dünyaya nümayiş etdirmidşir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan ordusu, dinc yaşayış məntəqələrini, kənd və şəhərləri atəşə tutmuş, bununla da vətəndaşlarımız arasında xof yaratmağa, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalımışdır. Müharibə dövründə erməni terroruna məruz qalan şəhərlərimizdən biri də Gəncə olmuşdur. Ermənilərin xain terror əməlləri nəticəsində Gəncədə bəzi yaşayış binaları dağıdılmış, mülki insanlar şəhid edilmişdir. Lakin buna baxmayaraq, Gəncə xalqı öz cəsarəti ilə düşmənə meydan oxumuş, fədakarlığı və cəsurluğu ilə bütün dünyanı heyrətə gətirmişdir. Əminəm ki, illər, əsrlər keçsə də xalqımızın həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində yaşayacaq, daim ehtiram hissi ilə xatırlanacaqdır. Bu gün isə biz Vətən müharibəsində sərgilədiyimiz həmrəyliyi davam etdirməli, Prezidentimizin, dövlətimizin ətrafında sıx birləşməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız, qələbə və müvvəffəqiyətlərimiz məhz bu birlikdən – dövlətimizə, Prezidentimizə, ordumuza verəcəyimiz dəstəkdən asılıdır”. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov, İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktlara diqqət çəkib, müharibədə iştirak edən atası ilə bağlı xatirələrini dilə gətirib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov isə 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb. Özünün də bu müharibədə iştirak etdiyini bildirən Mahir Hüseynov, bundan qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin dünya hərb tarixi üçün yenilik sayılacaq bir çox uğurlu əməliyyatlar keçirdiyini bildirən Mahir Hüseynov, bu əməliyyatların  NATO kimi yüksək hərbi hazırlığa malik qurumları belə heyrətə gətirdiyini vurğulayıb. Mahir Hüseynov gənclərə üz tutaraq bildirib ki, gənclər hərb tariximizə yaxından bələd olmalı, bu tarixi diqqətlə öyrənməli və sülh içində yaşamaq üçün daim müharibəyə hazır olmalıdır. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Xəzər rayonunda 28 may Müstəqillik Günü qeyd edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 20 may 2022-ci il tarixində  Xəzər rayonunda   tədbirdə iştirak ediblər. 28 may Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar təşkil olunan tədbirdə Xəzər   rayon  VT-nın sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov , birinci və ikinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak edib. Tədbiri Səxavət Məcnunov açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra  torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. İlk öncə söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, RVT-nın sədri Fatma xanım Səttarovanın və müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxış edərək bildirib ki, 1918-ci il mayın 28 –də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük  tarixi hadisə kimi daxil oub: “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğuna, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis edilib. Təəssüflər olsun ki, 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən Azərbaycan Xalq Cumhuriyyəti devrilib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan  Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib”. Tədbirin sonunda Adil Haqverdiyev verilən sualları cavablandırıb, tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.      

Hamısını oxu
BŞTİ müdiri "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib

Veteran.gov.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib.   Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün təşkil etdiyi təlimdə çıxış edən Mehriban Vəliyeva "Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq"  mövzusunda təqdimatla çıxış edib. M.Vəliyeva mövcud şəraitdə təhsil müəssisələrində tədrisin təşkili, məktəb idarəetməsi, pandemiya şəraitində tədris prosesinin effektiv təşkili, ümumi təhsil müəssisələrində keyfiyyətin artırılması, istedadlı şagirdlərlə iş, təhsildə innovativ layihələrin idarəolunması, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə dezinfeksiya işləri, infrastruktur, elektron xidmətlər və digər mövzular ətrafında məlumat verib.   Daha sonra İdarə müdiri KİV nümayəndələri tərəfindən ünvanlanan suallara cavab verib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  görkəmli dövlət xadimi, diplomat və yazıçı Hidayət Orucovun vəfatı ilə əlaqədar olaraq veteranlar adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbr diləyib.  Allah rəhmət eləsin! Veteran.gov.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 1944-cü il təvəllüdlü Hidayət Orucov uzun illər ərzində dövlət idarəçiliyi, diplomatik xidmət və ədəbi yaradıcılıq sahələrində fəaliyyət göstərib. 27 dekabr 2012-ci ildə ona Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Həmin gün Prezident sərəncamı ilə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, 2021-ci il oktyabrın 6-da Qırğızıstandakı səfir vəzifəsindən geri çağırılıb. Hidayət Orucov həmçinin ədəbi yaradıcılığı ilə də tanınıb. Onun poeziya, nəsr, publisistika və tərcümə sahələrində 60-dan çox kitabı nəşr olunub. Əsərləri bir çox dillərə tərcümə edilərək xarici ölkələrdə də maraqla qarşılanıb. Onun “Mən belə yaşayıram”, “Nura qovuşacağıq”, “İntizar”, “Sənsiz”, “Sabaha çox var”, “Dağlar nəğməsi” kimi əsərləri müxtəlif dillərdə işıq üzü görüb və geniş oxucu auditoriyası qazanıb. Hidayət Orucov 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.  

Hamısını oxu