Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gəncədə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

24 aprel 2025-ci il tarixində Gəncədə Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin heykəli ziyarət olunub, heykəlin önünə gül dəstələri qoyulub. 

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80, Vətən müharibəsində erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümünə həsr edilən tədbirdən öncə, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinə İcra başçısının salamlarını çatdırıb, tədbirin əhəmiyyətindən bəhs edib. Azərbaycan xalqının İkinci Dünya müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atdığını bildirən Yadigar Bədəlov,  Gəncə şəhərinin dəfələrlə raket hücumlarına məruz qalmasına baxmayaraq, əsl cəsarət və mübarizlik sərgilədiyini, Azərbaycanın yenilməzlik simvoluna çevrildiyini bildirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında İkinci Dünya müharibəsinda Azərbaycan xalqının qələbəyə verdiyi tarixi töhfədən danışıb, xalqımızın ön və arxa cəbhədə böyük qəhəmanlıqlara imza atdığını bildirib:

“Azərbaycan xalqı İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb, ön və arxa cəbhədə əsl fədakarlıq sərgiləyib. Müharibə dönəmində 700 mindən çox azərbaycanlı hərbi əməliyyatıarda iştirak etmiş, onların təxminən yarısı həlak olmuşdur. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və daha onlarla cəsur azərbaycanlı Sovet İtifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə soydaşımız müxtəlif orden və medalalrla təltif edilmişdir.

Qürurvericidir ki, 1945-ci ildə alman faşizmi üzərində zəfərdə mühüm rol oynayan Azərbaycan xalqı 2020-ci ildə erməni faşizmi üzərində də tarixi qələbə qazanmış, bununla da öz qəhrəmanlıq ənənəsinə sadiqliyini bütün dünyaya nümayiş etdirmidşir.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan ordusu, dinc yaşayış məntəqələrini, kənd və şəhərləri atəşə tutmuş, bununla da vətəndaşlarımız arasında xof yaratmağa, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalımışdır. Müharibə dövründə erməni terroruna məruz qalan şəhərlərimizdən biri də Gəncə olmuşdur. Ermənilərin xain terror əməlləri nəticəsində Gəncədə bəzi yaşayış binaları dağıdılmış, mülki insanlar şəhid edilmişdir. Lakin buna baxmayaraq, Gəncə xalqı öz cəsarəti ilə düşmənə meydan oxumuş, fədakarlığı və cəsurluğu ilə bütün dünyanı heyrətə gətirmişdir.

Əminəm ki, illər, əsrlər keçsə də xalqımızın həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində yaşayacaq, daim ehtiram hissi ilə xatırlanacaqdır.

Bu gün isə biz Vətən müharibəsində sərgilədiyimiz həmrəyliyi davam etdirməli, Prezidentimizin, dövlətimizin ətrafında sıx birləşməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız, qələbə və müvvəffəqiyətlərimiz məhz bu birlikdən – dövlətimizə, Prezidentimizə, ordumuza verəcəyimiz dəstəkdən asılıdır”.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov, İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktlara diqqət çəkib, müharibədə iştirak edən atası ilə bağlı xatirələrini dilə gətirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov isə 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb. Özünün də bu müharibədə iştirak etdiyini bildirən Mahir Hüseynov, bundan qürur duyduğunu bildirib.

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin dünya hərb tarixi üçün yenilik sayılacaq bir çox uğurlu əməliyyatlar keçirdiyini bildirən Mahir Hüseynov, bu əməliyyatların  NATO kimi yüksək hərbi hazırlığa malik qurumları belə heyrətə gətirdiyini vurğulayıb. Mahir Hüseynov gənclərə üz tutaraq bildirib ki, gənclər hərb tariximizə yaxından bələd olmalı, bu tarixi diqqətlə öyrənməli və sülh içində yaşamaq üçün daim müharibəyə hazır olmalıdır.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Seymur ƏLİYEV

 

2025-04-25 09:21:31
2878 baxış

Digər xəbərlər

50 minə yaxın Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq". Milli.Az

Hamısını oxu
Naxçıvandakı təlimlər düşməni lərzəyə gətirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev müsahibə verib. Publika.az müsahibəni təqdim edir. - Məhərrəm müəllim, Azərbaycan və Türkiyə arasında hərbi təlimlər uğurla başa çatdırıldı və bu təlimlər nəinki regionda, demək olar ki, dünya miqyasında çoxsayı müzakirələrə səbəb oldu, eləcə də işğalçı Ermənistan tərəfi ciddi təlaş yaşadı. Ümumiyyətlə, posesləri nəticə olaraq necə qiymətləndirərdiniz? - Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə daha öncələr də genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Məhz bu ay keçirilən təlimlər də qrafikə uyğun olaraq baş tutdu. Özü də deyərdim ki, daha geniş masştabı ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqləndi. Bu baxımdan, dünyanın diqqət mərkəzinə düşdü və hər iki ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirdi. Diqqət yetirsək görərik ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi, o cümlədən, paytaxt Bakı da daxil olmaqla Naxçıvanda, Gəncədə, Kürdəmirdə və Yevlax şəhərlərində keçirildi ki, burada çoxsaylı döyüş taktikalarının bütün mümkün vasitələrindən istifadə olundu. Əlbəttə, belə bir nəhəng hərbi təlimlərin keçirilməsi dünyanın da diqqətindən kənarda qala bilməzdi. Çünki bu gün qardaş Türkiyə deyərdim ki, anti-terror, dövlət sərhədlərinin mühafizə əməliyyatları baxımından ən öndə gedən və güclü orduya malik olan dövlətdir və biz qardaş ölkənin hərbi kontingentinin dünyanın müxtəlif ölkələrindəki uğurlu əməliyyatlarının da şahidləriyik. O cümlədən, Azərbaycan da istər Qafqaz regionunda, istərsə də beynəlxalq aləmdə söz sahibinə çevrilib və bu faktor özünü barəsində danışdığımız hərbi təlimlərlə də isbatlayır. Nəzərə alsaq ki, Azərbaycanın ərazisinin 20 faizi təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində hələ də işğal altındadır və nankor qonşumuz zaman-zaman silahlı insidentlər, təxribatlar törətməklə işğalçı siyasətini uzatmağa çalışır, bu zaman düşmənin nəyə görə bu qədər narahat olmasını da anlamaq çətinlik yaratmır. Mən bu xüsusda düşmənin Tovuz istiqamətindəki təxribatçı əməllərini xatırlatmaq istərdim. Bu uğursuz taktika nəticəsində erməni ordusu ağır itkilərlə geri çəkilməyə məcbur oldu. Lakin daha bir fakt bu oldu ki, qəhrəman zabitlərimiz rütbələrindən asılı olmayaraq əsgərləri ilə ön sıralarda döyüşdülər, onlar öz əsgərlərinin arxalarında deyil, məhz önündə gedərək, onları düşmənlə döyüşə ruhlandırdılar. Bu döyüşlərdə şəhid olmuş general-mayorumuz Polad Həşimovun peşəkar ali rütbəli zabit kimi ön sıralarda döyüşməsi və Vətənin bütövlüyü uğrunda canından keçməsi də sübut edir ki, Azərbaycanın sıravi əsgərindən tutmuş ən ali rütbəli zabitinə qədər hər kəs bu yolda gözünü qırpmadan irəliləmək, əzmlə döyüşmək qüdrətindədir. Bu cür qəhrəmanlıq şücaətləri ilə tarix yazan xalqın yalnız və yalnız qələbə qazanmaq ruhunda olması isə əlbəttə ki, labüddür, reallıqdır. Polad Həşimov kimi generalımızın timsalında göstərilən qəhrəmanlıq şücaəti hər bir əsgərimizə, hər bir zabitimizə, eləcə də bütün dünyaya göstərilən danılmaz örnək, inkaolunmaz nümunədir. Söz yox ki, bütün bunların müqabilində, yəni düşmən təxribatından sonra baş tutan geniş miqyaslı hərbi təlimləri xaraktercə xəbərdarlıq siqnalı kimi dəyərləndirə bilərik. Belə bir məsələdə, haqq və ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da çoxsaylı qətnamələr və sənədlərlə Azərbaycan torpaqlarının işğala məruz qaldığını, Ermənistanın isə təcavüzkar dövlət olduğunu bəyan edir. Bir çox ölkələr Tovuz təxribatının ardınca Azərbaycanın mövqeyinə dəstək göstərdilər və qardaş Türkiyə dövləti bilavasitə bizim yanımızda olduğunu bəyan etdi. Ermənilər bundan narahatlıq keçirməyə bilməzdilər və xüsusilə Naxçıvandakı təlimlər düşməni ciddi şəkildə lərzəyə gətirdi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi təlimləri işğalçı Ermənistana sonuncu xəbərdarlıqlardan biri oldu və onlar bunu da dərk edirlər ki, lokal hərbi qarşıdurma yaşanarsa, müharibə baş verərsə, ümumiyyətlə, Ermənistan dövlət olaraq xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq. Bu məsələdə isə, bütün cavabdehlik, məsuliyyət birmənalı olaraq işğalçı ölkənin rəhbərliyi üzərinə düşür. - Cənab general-polkovnik, təlimlərdən sonra ölkələrimiz arasında ikitərəfli görüşlər baş tutdu. Bu görüşlər özündə daha hansı faktorları ehtiva edir? - Qeyd edim ki, hərbi təlimlərin ardınca Xarici işlər naziri və Müdafiə naziri Türkiyədə səfərdə oldular, geniş tərkibdə görüşlər keçirdilər, qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanla da görüşərək, qarşıda dayanan məsələləri, müzakirə etdilər. O cümlədən, Prezident İlham Əliyev cənabları Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, Quru Qoşunları komandanını, Hərbi Hava Qüvvələri komandanını və Hərbi Dəniz Qüvvələri komandanını qəbul etdi. Bu görüşlərdə də vurğulandı ki, hərbi təlimlərin keçirilməsi həm də bir ənənədir və bu ənənə özünü bir ildə keçirilən 10-dan çox birgə təlimlərlə də sübut etməkdədir. Daha bir faktor isə budur ki, digər sahələrlə yanaşı, bizim hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitərəfli əməkdaşlığımız mövcuddur. Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə sıx hərbi məqsədli təmaslar mövcud deyil. Ancaq o da kimsəyə sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır. Etiraf edək ki, Türkiyənin belə bir hərbi gücə malik olması istər-istəməz bəzi dairələri narahat edir, eyni zamanda, işğalçı Ermənistan bu qaçılmaz amildən təlaşlanır. Cənab Prezident İlham Əliyevin keçirdiyi görüşü əsnasında Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da artırılacağı və bir nömrəli tərəfdaşı olacağı barədə vurğuladığı fikirləri də qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabilliyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədirlər. - Məhərrəm müəllim, Ermənistanın ali və hərbi rəhbərliyi hələ də təxribatçı mövqelərinə hər hansı qeyri-ciddi fikirləri ilə haqq qazandırmağa cəhdlər göstərməklə yanaşı, qondarma “DQR”ə rəhbərlik edən şəxs də bugünlərdə “Gəncəni vurmaq” tipli fikirləri ilə gündəmə gəldi. Sizcə, bu cür bəyanatları verərkən onlar nəyə, yaxud hansı güclərinə arxalanırlar? - Bilirsiniz, hər hansı əməli icra etmək nə qədər çətindirsə, danışmaq bir o qədər asandır. Hesab edirəm ki, belə bir cəfəng, gülünc fikirlərlə gündəmdə qalmaq səyləri daxili publikaya hesablanmış növbəti uğursuz cəhddir. Onlar sadəcə danışırlar və eyni zamanda, onlar həmin işğalçılardır ki, 2016-cı ildə də bənzər bəyanatlarını irəli sürürdülər, Aprel müharibəsində isə bir neçə qatlıq cavabların aldılar. Ancaq buna baxmayaraq, sonrakı zamanda aldıqları ağır məğlubiyyətlərini, çoxsaylı tələfatlarını, itirilmiş işğal altındakı əraziləri, yüksəklikləri xalqdan gizlətməkdən ötrü daha kəskin hərbi ritorika ilə hədələr yağdırmağa, yalanlar danışmağa başladılar. Amma nə oldu? Nə baş verdi? Azərbaycan Ordusu Naxçıvanda Günnüt zəfərini qazandı və hərbi istehkamlarını daha da gücləndirdi, Ermənistanın hərbi-streteji məkanlarını tam nəzarətə götürdü. Görünür, düşmən hələ də öz köhnə düşüncəsində, ampluasında qalmaqdadır və növbəti dəfə uğrayacağı fiaskodan ciddi narahatlıq, ardıcıl sarsıntı keçirir. Erməni tərəfinin arxalanacağı güclər isə artıq onlardan üz döndərməkdədirlər. Bu gün işğalçı ölkədəki daxili vəziyyətin hansı səviyyədə olduğunu müşahidə etməkdəyik. Xalq kütləsi öz rəhbərinə inanmır, ordu zəif, əsgər ac və texniki cəhətdən təchizatsızdır və bununla yanaşı, erməni baş nazir özünü siyasi arenada rüsvay etməkdə davam edir. Elə də uzağa getməyərək, onun BBC-yə verdiyi müsahibəsində verilən suallar qarşılığında dalana dirənməsini, acizliyini də göstərə bilərik. Belə danılmaz faktlar qarşısında gülünc bəyanatların verilməsi isə heç bir məntiqə, düşüncəyə sığmır. Bu gün nəinki Azərbaycan, hətta erməni xalqı da yaxşı bilir və dərk edir ki, Ermənistanın rəhbərliyi heç vaxt verdikləri publik bəyanatlarını həyata keçirməyə nə gücləri çatar, nə də buna cürət edə bilməzlər. Əksinə, Azərbaycan Ordusu qısa zamanda işğal altındakı ərazilərini, eyni zamanda, tarixi ərazilərini azad etmək qüdrətindədir və beynəlxalq siyasi mərkəzlər də bayaq qeyd etdiyim kimi, bizim tərəfimizdədir.

Hamısını oxu
İlham Əliyev Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.  

Hamısını oxu
Dövlətlərarası Aviasiya Şurasının prezidenti Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Çox hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gözəl gündə Sizə ən dərin ehtiramımı, istedadlı dövlət xadimi, beynəlxalq xadim və məlahətli qadın kimi Sizə heyranlığımı bildirirəm. Tükənməz enerji və əməksevərlik, ən doğru və səmərəli həlləri tapmaq istedadı, dürüstlük və yüksək peşəkarlıq - bu keyfiyyətlər Sizin inkişafınıza və yalnız irəli getməyinizə imkan verir. Siz praktiki təcrübəniz, fəal həyat mövqeyiniz, əzmkarlığınız, nikbinliyiniz, geniş erudisiyanız və biliyiniz, qeyri-adi təşkilatçılıq qabiliyyətiniz sayəsində Azərbaycanın inkişafına çox böyük töhfə vermisiniz, bütün xalqın sevgisini və hörmətini qazanmısınız. Mənim üçün Siz həmişə səmimilik, xeyirxahlıq, müdriklik və gözəllik təcəssümü olmusunuz, bu gün də belədir və həmişə belə olacaq. Əziz Mehriban Arif qızı, icazə verin, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq, xoş əhval-ruhiyyə, aydın səma, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Qoy, ömrünüzün hər günü dostlarınızın təbəssümü və yaxınlarınızın sevgisi ilə dolu olsun. Sizə, ailənizə və işlərinizə həmişə heyranam. Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm". Milli.Az

Hamısını oxu