Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Heç bir “himayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Ordumuzun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərindəki mövqelərini də atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verərək baş verənləri Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib: “Fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb və maraqlıdır ki, cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutub. Bu faktın özü bir daha onu göstərir ki, Avropa İttifaqının missiyası bölgədəki təhlükəsizliyi təmin etmək, Ermənistanın təxribatlarının qarşısını almaq üçün səmərəli təsir mexanizmi deyil.

Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Avropa İttifaqının missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi. Baş verənlər göstərdi ki, Ermənistan missiyanın fəaliyyətini yeni təxribatlar üçün zəmin hesab edir.

Görünən odur ki, Ermənistan tərəfi hesab edir ki, Avropa İttifaqının missiyasının fəaliyyətə başlaması onlara öz təxribatlarını daha təhlükəsiz ortamda həyata keçirməyə imkan verəcək. Ancaq rəsmi İrəvan bu cür düşünməklə yanılır. Ermənistan bilməlidir ki, Azərbaycan tərəfi istənilən təxribatın qarşısını qətiyyətlə alacaq və bu məsələdə heç bir güzəştə getməyəcək. Ermənistan kimin çətiri altında gizlənir-gizlənsin, yol verdiyi hər bir təxribata görə cavab verəcək və cəzalandırılacaq. Heç bir “himayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz”.

Polkovnik qeyd edib ki, Avropa İttifaqının Ermənistandakı missiyasına silahlı şəxslərin daxil edilməsi də narahatverici məqamlardan biridir: “Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Demək belə çıxır ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Halbuki, indiyədək bu barədə heç bir məlumat verilməmişdi. Bu informasiya erməni ictimaiyyət üçün də yenilik oldu. Avropa İttifaqının məlum etirafı sübut etdi ki, Ermənistan öz ərazisinə silahlı missiya buraxdığını bütün region dövlətlərindən, eyni zamanda, Ermənistan ictimaiyyətinin özündən də gizlədib. Bu, bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti hətta öz xalqına münasibətdə belə səmimi deyil”.

Polkovnik Cəlil Xəlilov İranın baş verənlərə biganə münasibətinin də anlaşılan olmadığını vurğulayıb: “Maraqlı məqamlardan biri də İranın baş verənlərə seyrçi münasibət bəsləməsidir. Baxmayaraq ki, Qərbi hər zaman sözdə asıb-kəsən İranın sərhədlərində Avropa dövlətlərinin silahlı hərbçiləri dayanıb. Onları bu sərhədlərə gətirib çıxaran isə Ermənistandır. Araz çayı sahilində Azərbaycana hədə-qorxu gəlmək üçün genişmiqyaslı təlimlər keçirən İranın Ermənistanın etdikləri fonunda sərgilədiyi susqunluq rəsmi Tehranın xarici siyasətindəki əcaiblikdən və məntiqsizlikdən xəbər verir. Bu gerçək bir daha onu göstərir ki, rəsmi Tehran bu gün də dost və düşməni ayırmaqda ciddi səhvlərə yol verir. Hansı ki, bu səhvlərin İran üçün gec-tez böyük problemlərə yol açacağı şübhəsizdir”.

2023-02-23 17:47:00
912 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon Təşkilatlarının sədrlərinə

Hamısını oxu
Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Cəlil Xəlilov: Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı “Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki mövcud reallığın nəticəsidir””. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün Qarabağda tamam fərqli bir mənzərə mövcuddur: “Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxt Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbi qarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün erməni silahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütün vətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tam təmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədə qalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya və Azərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tez bölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”. Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılması onların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı: “Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikal müxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlış addımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaq mümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı ölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bu cür tənqidlər qərəzdən başqa bir şey deyil”.

Hamısını oxu
“Dövlət Sərhəd Xidməti erməni faşizmi üzərindəki tarixi qələbəmizə böyük töhfə verib”

Cəlil Xəlilov: “Sərhədçilər bu gün də vətənimizin keşiyində ayıq-sayıq dayanmaqdadır”   18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Bu tarixi günlə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, peşəkar sərhədçi polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin 8 Noyabr zəfərinin əldə edilməsindəki tarixi roluna toxunub, sərhədçilərin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib:   “27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsindən biri kimi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları da  yaxından iştirak etmiş, qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl və s. yaşayış məntəqələrimizin erməni işğalından azad edilməsində sərhədçilər mühüm rol oynamış, düşməni  həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərlə üz-üzə qoymuşdular. Müharibənin taleyinə həlledici təsir göstərən Şuşa döyüşlərində də sərhədçilərimiz şücaətlə döyüşmüş, şəhərin azad edilməsinə böyük töhfə vermişdir. Qürurvericidir ki, sərhədçilərimiz  bu gün də vətənimizin, onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqda, onu etibarlı şəkildə qorumaqdadır.   Mən 18 avqust peşə bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla bütün sərhədçiləri təbrik edir, onlara ağır və şərəfli peşələrində uğurlar arzulayıram. Sərhədçilərimiz bilməlidir ki, onların fədakarlığı Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir və minnətdarlıq hissi ilə yad edilir”.  

Hamısını oxu
Bakıda “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetinin nəşr etdiyi kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bu kitabda Xocalı soyqırımının şahidlərinin, işgəncələrə məruz qalan insanların çətinliklə danışa bildikləri yazılar yer alıb. Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.

Hamısını oxu