Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihənin icrasına başlanılıb

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Astara, Cəlilabad, Masallı, Oğuz, Qax, İsmayıllı rayonlarında yaşayan müharibə iştirakçılarının sosial vəziyyətinin araşdırılması və həllinə dəstək verməkdən, müharibə iştirakçıları olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuların, müharibə veteranlarının və qazilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı dövlət strategiyasına dəstək olmaq üçün onların üzləşdikləri aktual problemləri aşkara çıxartmaqdır. Layihə 4 ay müddətində, mart ayının 1-dən iyul ayının 1-ə kimi icra olunacaqdır. Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov bu barədə məlumat verərək qeyd etmişdir ki, istər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi Azərbaycan hökumətinin prioritet sahələrindən sayılır. Onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Müharibə iştirakçılarına diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların problemlərinin tam aradan qaldırılması hələ də mümkün deyil. Elə bu səbəbdən də ən çox diqqət və qayğıya ehtiyacı olan adı çəkilən qrupun rastlaşdığı sosial ppoblemlərinin aşkarlanması istiqamətində tədqiqat aparmaq, mövcud olan məsələləri aşkara çıxarmaqla dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmağı özümüzə borc bilirik. Layihə çərçivəsində Astara, Cəlilabad, Masallı, Oğuz, Qax, İsmayıllı rayonlarında yaşayan müharibə iştirakçıları ilə sorğular keçiriləcəkdir. Problemlərin müzakirə olunması və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə adı çəkilən şəxslərlə dövlət qurumları və QHT – lərin görüşləri keçiriləcəkdir. Sonda toplanmış materiallar əsasında ictimai birlik tərəfindən təklif və tövsiyyələr hazırlanıb, müvafiq qurumlara təqdim olunacaqdır.

2023-03-03 03:03:03
1980 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti və ABŞ-ın Vitse-prezidenti mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər.  

Hamısını oxu
Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu: Aqarunov Albert Aqarunoviç!

Tolerant ölkə olan Azərbaycan dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün xalqların doğma Vətənidir. İstər Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, istərsə də antiterror tədbirləri zamanı burada yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq tək birləşərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda işğalçı düşmənə qarşı canları bahasına mərdliklə vuruşmuş və Böyük Zəfərin qazanılmasında öz layiqli töhfələrini vermişlər. Onlar bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu baxımdan hər zaman Azərbaycan vətəndaşı olmasından qürur duymuş, şəhidlik məqamına yüksəldikdən sonra da yəhudi xalqı ilə dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsinin rəmzinə çevrilmiş Milli Qəhrəmanımız, əfsanəvi tankçı Albert Aqarunovun Vətən uğrunda xidmətlərini qeyd etmək istərdim.   Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Səkkiz qardaşı və iki bacısı olan Albert ailənin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovlar ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, Əmircana isə sonradan köçmüşdülər. Albertin atası Aqarun Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. On bir uşaq böyüdüb tərbiyə edən anası Lio Aqarunova isə sovet hökuməti tərəfindən “Qəhrəman Ana” adına layiq görülüb.    Uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Albert, musiqi məktəbində nəfəs aləti olan truba sinfini bitirib. O, Suraxanı rayonundakı 154 saylı tam orta məktəbin səkkizinci sinfini başa vurduqdan sonra, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Albert 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmət keçib. Həmin dövrdə starşina rütbəsi alaraq, tank komandiri vəzifəsində xidmət edib. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib. Mənfur qonşumuz olan Ermənistanın təcavüzü nəticəsində başlayan Birinci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında bir çox qeyrətli Vətən övladı kimi Albert də könüllü olaraq cəbhəyə yollanıb. O dövrdə ailə üzvləri və yəhudi millətindən olan bir çox vətəndaşımız İsrailə, eləcə də digər xarici ölkələrə köçüb getsə də, Albert doğulub boya çatdığı və dogma Vətəni hesab etdiyi Azərbaycanda qalmağı, son nəfəsinədək onun uğrunda savaşmağı üstün tutub. Cəbhə bölgəsində olarkən televiziya kanallarından birinə verdiyi müsahibəsində əfsanəvi tankçı A.Aqarunov məhz bu məqamı xüsusi ilə vurğulayıb. Müxbirin verdiyi “yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?” və “bir vətəndaş kimi öz borcunu nədə görürsən?” suallarını cavablandıran cəsur döyüşçü; “Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç nə məcbur eləmir” – deyə cavab vermişdi. Müxbirin verdiyi sonuncu; “Təxminən nə qədər qalmaq niyyətindəsən?” sualına isə Vətənimizin qəhrəman oğlu; “Müharibənin axırına kimi” cavabını verməklə qəti mövqeyini bildirmişdi…   O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı peşəkar hərbçilərə, o cümlədən tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilərək, qanlı döyüşlərin getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində böyük hörmət qazanmağa müvəffəq olur. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla canlı qüvvəsini və xeyli hərbi texnikasını məhv edir. Dövri mətbuatda cəsur tankçı haqqında qeyd olunan bir sıra mənbələrdə onun erməni işğalçılarına məxsus iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv etdiyi, həmçinin sonralar bu metodun silahdaşları tərəfindən “yəhudi buterbrodu” adını aldığı göstərilib. 8 may 1992-ci il.  Şuşa uğrunda gedən qanlı döyüşlər Albertin son döyüşü oldu...   Mühüm hərbi-strateji və coğrafi mövqeyinə görə Şuşanı ələ keçirmək erməni işğalçılarının ən böyük arzusu idi. Hələ may ayının 7-də şəhərin müdafiəsində dayanan azərbaycanlı döyüşçülərin böyük bir qismi buranı tərk etmişdi və düşmən qüvvələri gecə saatlarından etibarən Şuşaya hücum etməyə başlamışdı. Albert son anadək Şuşanın müdafiəsində dayanan azsaylı döyüşçülərimizdən biri idi. Gün ərzində şəhərin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açır. Üç dəqiq zərbədən sonra düşmən tankı alışmağa başlayır. Avşaryan yaralı halda tankın lükünü açıb qaçmağa müvəffəq olsa da, lakin sürücüsü və atıcısı yanaraq cəhənnəmə vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin ilk tank döyüşü kimi də tarixə düşür. Müharibədən sonra ermənilər Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı birgünlük uğurlu antiterror tədbirindən sonra həmin “abidə” oradan yığışdırılmışdır. Albertin vurduğu tank isə Bakı şəhərinə gətirilmiş və hazırda Böyük Zəfərimizin simvolu olan Qənimətlər Parkında nümayiş etdirilməkdədir. A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. Cəsur döyüşçü burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırır və ona yol göstərmək üçün tankdan enməli olur. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində gözlərini əbədi yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman döyüşçü mayın 11-də Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli müvafiq fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Medal 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Albertin bacısı Sofiya Məmmədovaya təqdim edilib. Bundan əlavə, vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib və həmin küçədə onun möhtəşəm heykəli ucaldılıb. Milli Qəhrəmanımız haqqında 2010-cu ildə “Dostuma məktub” filmi, 2017-ci ildə “Yaşadığım torpaq” sənədli filmi və 2024-cü ildə “Tank 533. Albert Aqarunov” adlı qısametrajlı filmi çəkilib. Son olaraq onu deyə bilərik ki, torpaqlarını azad və suverenliyini bərpa etmiş xalqımızın bütün şəhidləri kimi, Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu Albert Aqarunovun da ruhu şaddır. Albertin həyat və qəhrəmanlıqlarla zəngin döyüş yolu yeniyetmə və gənclərimizə örnək olmaqla yanaşı, bu gün onun irsi Azərbaycan və İsrail dövlətlərinin, onların xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsi yolunda öz töhfəsini verir. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bizi dəstəkləyən, bizimlə həmrəy olan ölkə və xalqlar arasında elə məhz dost İsraili və qardaş yəhudi xalqını da gördük. Təbii ki, bizə göstərilən bu dəstəyi və həmrəyliyi qədirbilən xalq olaraq heç zaman unutmayacağıq.    Allah şəhidlərimizə rəhmət eləsin! Mayor Anar Əhmədov, DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru  

Hamısını oxu
“Vətən müharibəsi ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də humanizmini nümayiş etdirdi”

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm də humanizmini nümayiş etdirdi”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyəti ilə bütün dünyanı heyrətdə qoydu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində dünyanın ən güclü ordularında belə heyrət doğuran misilsiz qəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycan əsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı, müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir. Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır. Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsun mülki ermənini hədəf almadı. Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısı yerli telekanallara müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, istər 2020-ci, istərsə də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki, Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi, müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi. Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhə xidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki, dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də humanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Bakı, 8 mart, AZƏRTAC Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz. Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm. Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!".

Hamısını oxu