Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Fatma Səttarovanı ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 10 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov və Zaur İbrahimov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarovanı faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə təbrik edən Müşahidə Şurasının üzvləri Respublika Veteranlar Təşkilatına fəaliyyətlərində uğurlar arzulayıblar. 

Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib. Qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, diqqətlərinə görə onlara öz təşəkkürünü bildirib.

Görüşdə həmçinin gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. 

 

2023-05-10 14:13:25
3374 baxış

Digər xəbərlər

“Azəriqaz”ın Baş direktoru istehlakçılara müraciət edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev istehlakçılara müraciət edib.   Müraciətdə deyilir:   “Azəriqaz” təbii qaz təchizatı sahəsində kommunal xidmət göstərən dövlət müəssisəsi olaraq, fəaliyyətində yüksək keyfiyyət və operativ xidmət təqdim etməklə yanaşı, sahə üzrə qanunvericiliyin tələblərinə ciddi riayət etməsini əsas vəzifə kimi dəyərləndirir. Abunəçilərimizə münasibətdə qazın istifadəsi nəticəsində yaranmış borcun ödənilməsi ilə əlaqədar problemlərin həlli istiqamətində əsasən danışıqlar yoluna üstünlük verilir, bu mümkün olmadıqda isə məhkəmə qaydasında məsələyə baxılır. Belə məsələlərdən biri də Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1560/2020 iş nömrəsi üzrə 18.08.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi təşkil edir. Cəlilabad rayonu Komanlı kənd sakini cavabdeh Əbilov Xosrov Təvəkgül oğlunun İstehsalat Birliyinin xeyrinə cəmi 338 manat pul ödəməsi qət olunsa da, cavabdeh borcun ödənilməsindən boyun qaçırır. “Qaz təchizatı haqqında” qanunun 13.6 maddəsinə və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.1.4 yarımbəndinə görə, istifadə olunmuş qazın dəyərinin ödənilməməsi qazın verilişinin dayandırılması üçün əsasdır. Qanuni qüvvə almış qətnaməni rəhbər tutaraq, sahə üzrə qanunvericiliyin tələbləri gözlənilərək 22 sentyabr 2021-ci il tarixində qazın verilişinin dayandırılması ilə əlaqədar işlər icra edilərkən cavabdeh 1966-cı il təvəllüdlü qaynaqçı Fərəcov Mətləb Aşur oğluna müxtəlif dərəcəli bədən xəsarəti yetirib, onun üst paltarını cıraraq yararsız hala salıb. Baş vermiş olay müvafiq qaydada aktlaşdırılmış və X.Əbilovun hərəkətindən hüquq-mühafizə orqanına şikayət edilib.   Məlum olduğu kimi qanunvericiliyin tələblərinin gözlənilməsi bütün fiziki və hüquqi şəxslərin, o cümlədən qaz təchizatı ilə əlaqədar yaranmış münasibətlərin iştirakçıları olan həm qaz paylayıcısı, həm də istehlakçı üçün əsas vəzifədir. Nəticə etibarı ilə mən də daxil olmaqla hamımız istehlakçıyıq. Bu prizmadan da irəli gələrək istehlakçıların müraciətlərinə (təklif, istək, şikayət, təşəkkür) daim açıq və əlçatanıq, onlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşırıq. Unutmayaq ki, təhqirə və fiziki təzyiqə məruz qalan işçimiz də bir istehlakçı, valideyn, övlad və Azərbaycan vətəndaşıdır. “Azəriqaz” dövlət müəssisəsi olaraq öz koorporativ maraqlarını insan və vətəndaşın hüquqlarının üzərində deyil, onların bir istehlakçı kimi hüquqlarının, maraq və mənafelərinin qorunması üzərində qurur.   O, vətəndaş cəmiyyətində müsbət davranış modelinin formalaşdırılması üçün sosial şəbəkələrin imkanlarını, bu şəbəkədə təmsil olunan, o cümlədən sahə üzrə nüfuz sahibi olan iştirakçıların rolunu nəzərə alaraq, sizlərə səslənərək xahiş edir:   - zorakılığın hər hansı bir formasına dözümsüzlük nümayiş etdirilməsində, onların ictimai qınanmasında;   - qarşılıqlı anlaşma və hörmət əsasında problemlərin həll olunmasında bundan sonra da səylərinizi əsirgəməyin.   Biz sizlərə xidmət göstərməyimizlə fəxr edir, “Azəriqaz”a münasibətdə qazandığımız müştəri məmnunluğundan qürür duyuruq!  

Hamısını oxu
“Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir”

Varis: “Keçmişə güllə atanı gələcək topa tutar” Son vaxtlar bəzi tarixi-ədəbi karifeylərimiz haqqında tənqidi fikirlər ortaya atılmaqda, klassiklərimizin yaradıcılığı ilə yanaşı, şəxsiyyətləri də hədəf alınmaqdadır. Bu cür qarayaxma kampaniyaları cəmiyyət üçün hansı fəsadlar törədə bilər? Sapı özümüzdən olan baltalar tərəfindən irəli sürülən bu ittihamlardan sabah Azərbaycanın xaricdəki düşmənləri də ilham ala, oxşar iddialarla çıxış edə bilərmi? Moderator.az-a açıqlama verən Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Keçmişə güllə atanı gələcək topa tutar. Biz bu gün dahi Nizami Gəncəviyə “farsca yazıb”, böyük Füzuliyə “qəliz yazıb”, ulu Vaqifə “padşaha işləyib”, öndər Məhəmmədəmin Rəsulzadəyə “faşistlərlə danışıqlar aparıb” kimi ittihamlar səsləndirən bir qaragüruhun müasirləriyik. Belələri xüsusən Sovet dövrü yazarlarını - Səməd Vurğunu, Rəsul Rzanı stalinizmə sədaqətdə suçlayırlar. Hər bir fərdi öncə yaşadığı zəmanə yetişdirir. Sən bunu nəzərə almadan onlara 3-cü minillikdəki ictimai-siyasi doqmalar kontekstindən qiymət verə bilməzsən. Nizami niyə farsca yazıb sualının bəsit cavabı var, çünki 12-13-cü əsrlərdə  Şərq poeziyasının dili fars ədəbi dili idi. Füzuli niyə qəliz yazıb, çünki 16-cı əsrdə işlənən Azərbaycan türkcəsi məhz elə idi. Vaqif niyə şaha işləyib, çünki Vaqif Qarabağ xanlığında vəzir postunu tutub, dövlət xadimi olub. Məhəmmədəmin Rəsulzadə niyə faşistlərlə danışıqlar aparıb, çünki Azərbaycanı işğal edən sovet rejimindən qurtuluş yolunu bunda görüb. Səməd Vurğula Rəsul Rza niyə  stalinizmə, leninizmə sədaqət göstəriblər, çünki onlar bu nəhəng ideoloji maşının çarxları arasında uşaqlıq, gənclik yaşayan və qatı təbliğata uymağa məcbur olan bir nəslin nümayəndələri olublar, zaman keçdikcə isə bu rejimin mahiyyətini görüb ona qarşı daxili üsyana qalxıblar. Ey bugündə oturub dünəndəkilərdə eyib axtaranlar. Siz öz zəmanənizdə kristalsınız yəni? Və bunlar da bir yana. Hər bir etnosun milli-mental dəyərləri, min illər formalaşmış paradiqmaları var. Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir. Məncə, cəmiyyət belələrinə təpki göstərməlidir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Birinci Dünya müharibəsindən çıxarılan dərslər

Bu günlərdə Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə və Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli  Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Sülh və dostluq missiyası-Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi: dərslər və müasirlik" adlı beynəlxalq humanitar aksiyada iştirak etmişdir. Dünyanın otuza qədər ölkəsindən nümayəndə heyətinin qatıldığı tədbirdə 12 məruzə dinlənilmişdir. Plenar iclasda Ehtiyatda və İstefada olan zabit təşkilatlarının Beynəlxalq Məsləhət Komitəsinin prezidenti  general Aleksandr Kanşin, Bolqarıstanın Ehtiyatda və istefada olan zabit və serjantlar təşkilatının sədri general Zlatan Stoykov, Assambleyanın baş katibi A.Kumaxovun məruzə və hesabatları dinlənilmişdir. Daha sonra Serbiya, Ukrayna, Rusiya və Azərbaycandan gəlmiş nümayəndələr məruzə etmişdir. B.Əhmədli məruzəsində Birinci Dünya müharibəsindən keçən müddətdə bir çox müharibə və münaqişələrin baş verdiyini və milyonlarla insanların bu müharibənin qurbanı olduğunu və lokal toqquşmaların bu gün də davam etdiyini nəzərə çatdırmışdır. B.Əhmədli qeyd etmişdir ki, bu müharibələrdən çıxarılan dərslər çoxdur, lakin bir çox dövlətlər bundan lazımi nəticə çıxarmayaraq qonşu xalqların torpağına göz dikir. O, demişdir: "Bu gün biz buraya onun başvermə səbəblərini də müzakirəyə yığışmamışıq. Bunun üçün artıq gecdir. Ancaq gec olmayan bir şey var: müharibədən çıxan dərsləri nəzərə almaq, gələcəyin inşasında bu dərslərdən çıxış etmək lazımdır.  Müharibə yalnız fiziki mövcud olmaya deyil, həmçinin iradəsini başqalarına qəbul etdirməyə xidmət edir. Azərbaycan xalqı həmişə sülh tərəfdarı olub, qonşularla dinc yanaşı yaşamağı üstün tutub. Bu gün Azərbaycanda müxtəlif xalqlar, millətlər birgə yaşayır. Baxmayaraq ki, Azərbaycan bu gün də terrorizmdən və seperatizmdən ən çox əziyyət çəkən ölkədir, ancaq multikultural siyasətini yürütməkdə davam edir. Müharibədə güc yolu ildə əldə etdiyini sülh yolu ilə vermək istəmirsənsə, demək ki müharibə tərəfdarısan".                  B.Əhmədli Bolqarıstanın Ehtiyatda və istefada olan  Zabitlər və Serjantlar İttifaqının sədri general Zlatan Stoykov ilə də görüşmüş və təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilmişdir.

Hamısını oxu
Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması qanuni olduğu qədər zəruri idi

Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması qanuni olduğu qədər zəruri idi. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, separatçıların Laçın-Xankəndi yolundan sui-istifadə etməsi Azərbaycana başqa seçim şansı qoymadı: “Məlumdur ki, separatçılar uzun müddət Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə edir, bu yol vasitəsilə Xankəndiyə canlı qüvvə, silah-sursat, mina və s. daşıyırdılar. Azərbaycan baş verənlərlə bağlı dəfələrlə həm Ermənistana, həm də beynəlxalq təşkilatlarla öz narahatlığını ifadə etmiş, bu cür halların yolverilməz olduğunu vurğulamışdı. Rəsmi Bakı bəyan etmişdi ki, separatçıların sürətlə silahlanmaq cəhdləri regionda vəziyyətin mürəkkəbləşməsi, hərbi toqquşma riskinin ciddi şəkildə artması deməkdir. Ən əsası, bütün bunların 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına zidd olduğu bütün tərəflərin diqqətinə çatdırılmış, ancaq təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, Rusiya sülhməramlıları və digər güclər tərəfindən problemin həlli istiqamətində heç bir addım atılmamışdır. Məhz bu səbəbdən də Azərbaycan Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla yola tam nəzarəti təmin etmək məcburiyyəti qarşısında qaldı”. Polkovnik qeyd edib ki, Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmini istiqamətində atılan mühüm, tarixi addımlardan biridir. “Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər iradə sərgiləməyə qadir olduğunu göstərdi. Başlıcası, rəsmi Bakı Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla sübut etdi ki, Azərbaycan sadəcə öz təhlükəsizliyni deyil, həm də regional təhlükəsizliyi təkbaşına təmin etməyə qadirdir və bunun üçün kifayət qədər gücü var”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu