Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev polkovnik Cəlil Xəlilovu təltif edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilovun təltif edilməsi barədə əmr imzalayıb.

Uzun müddət Azərbaycan Respublikası Sərhəd Qoşunlarında və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışan Cəlil Xəlilov bu sahələrin inkişafında, Azərbaycan ordusunda xidməti işin təşkili və nizam-intizamın möhkəmləndirilməsində, sərhəd qoşunlarımızın formalaşmasında mühüm işlər həyata keçirib. Qarabağ uğrunda gedən döyüşlərdə silahlı qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə mübarizə aparan qəhrəman əsgər və zabitlərimizlə birgə həmişə ön cəbhədə olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti olaraq bir alim və vətənpərvər ictimai xadim kimi səmərəli fəaliyyəti ilə  xalqımıza dəyərli xidmətlər göstərib. Ölkəmizin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyinin və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox  məqalənin müəllifi olan Cəlil Xəlilov elmi fəaliyyətini də unutmur.

Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini olaraq peşəkar zabit, müdrik bir ziyalı kimi bu gün də ölkəmizin ictimai həyatında yaxından iştirakı ilə Azərbaycanın inkişafı üçün yorulmadan səylər göstərir, veteranlar hərakatına böyük töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda mübariz gənclərin yetişməsində əhəmiyyətli rol oynayır. Onu da qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsi imzalanıb və Tədbirlər Planı tərtib olunub. Bu Plana əsasən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişafına, cəmiyyətin qarşısında duran aktual məsələlərin həllinə təşkilatların töhfəsini təmin etmək üçün mütəmadi olaraq paytaxtda və bölgələrdə birgə müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan təqdimat mərasimində Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurası ilə həyata keçirilən faydalı əməkdaşlıqda və gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi əsas prinsiplərin geniş şəkildə  təbliğ edilməsində göstərdiyi xidmətlərə görə və 65 illik yubileyi münasibətilə Cəlil Xəlilovu Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Cəlil Xəlilov ona göstərilən böyük etimada görə öz dərin minnətdarlığını bildirərək vurğulayıb ki, fəaliyyətinə verilən bu yüksək qiymət onu gələcəkdə Vətənimiz naminə daha böyük işlərə ruhlandırır.

Təqdimat mərasimində  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də iştirak edib. Fatma xanım da, öz növbəsində, Cəlil Xəlilovun timsalında bütün Veteranlar təşkilatına göstərilən bu  diqqətə görə Eldar Quliyevə təşəkkürünü bildirib.

Sonra  Azərbaycan Ağsaqqallar Şurası və Veteranlar Təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Cəmiyyətimizdə,  xüsusilə gənclər arasında mövcud olan problemlərin həll edilməsinin,  gənc nəslə alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzinin aşılanmasının, erkən nikahların, boşanmaların qarşısının alınması üçün maarifləndirmənin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Digər məsələlərlə yanaşı, bu sahədə də təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

2023-08-10 17:31:55
3464 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 9 may - Qələbə Günü münasibətilə veteranlara təbriki.

Hamısını oxu
“Prezident İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əməkdaşlığın inkişafında yeni səhifə açdı”

Samir Abbasov: “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın genişlənməsi regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcək” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib, mühümü müqavilələrə imza atılıb. Moderator.az olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla söhbətimizdə Prezident ilham Əliyevin Özbəkistana səfəri, bu səfərin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına təsiri, iki dost xalq arasındakı mədəni əlaqələrin dünəni və bugünü kimi məqamları şərh etməyə çalışdıq. -Samir müəllim, ilk öncə Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə bu səfər Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin gələcəyinə nə vəd edir?  -Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyətini anlamaq üçün səfər zamanı imzalanan sənədlərə, o cümlədən, iki dövlət başçısının verdiyi birgə bəyanata nəzər salmaq kifayətdir. Əminliklə bildirirəm ki, bu səfər türk dünyasının iki qardaş dövləti olan Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətlərinin, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcək, bu əməkdaşlığı mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcəkdir. Çünki imzalanan sazişlər çoxsahəli əməkdaşlığı nəzərdə tutur ki, bura həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə əməkdaşlıq daxildir. Təbii ki, Azərbaycanın dövlət başçısının bu səfəri Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Biz yaxın gələcəkdə genişlənməkdə olan iqtisadi-siyasi əlaqələr fonunda Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin daha da inkişaf etdiyinə, miqyas və mahiyyət etibarı ilə yeni dönəmə daxil olduğuna şahid olacağıq. Hansı ki, iki dövlət arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlı konkret məqsəd və hədəflər müəyyən edilib. Nümunə üçün qeyd edim ki, yaxın gələcəkdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yarım milyard dollara qədər qaldırılması nəzərdə tutulur ki, bu da indiki rəqəmdən beş dəfə çoxdur. Kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi də planlaşdırılır. İşin ən önəmli tərəflərindən biri də ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsinin bilavasitə prezidentlərin nəzarəti altında olması ilə bağlıdır. Xatırladım ki, media üçün birgə bəyanat zamanı Prezident İlham Əliyev bu amili xüsusi ilə vurğuladı. Bildirdi ki, əməkdaşlığın genişləndirilməsi ilə bağlı addımların nəticə verəcəyinə əmindir, çünki proses prezidentlərin nəzarəti altındadır. Bu fakt bir daha onu göstərir ki, iki dövlət arasında imzalanan sazişlər formallıqdan uzaqdır və konkret nəticələrə hesablanıb.  -Prezident İlham Əliyevin Özbəkistan səfərinin regional əhəmiyyəti nədən ibarətdir?  -Şübhəsiz, bu səfərin regional əhəmiyyəti də olduqca böyükdür. Çünki bu səfərdə müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə yanaşı, həm də regionda sülh və sabitliyin qorunub saxlanılması, sülh naminə hərbi əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və xalqların suverenliyinə hörmətlə yanaşılması kimi mühüm məqamlar da oldu, bu nüasnları özündə əks etdirən bir sıra sazişlər imzalandı. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Xəzər regionunda, Cənubi Qafqazda, o cümədən Mərkəzi Asiyada sülh və sabitliyə ehtiyac var. Bu isə o deməkdir ki, Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrinin genişlənməsi, çoxşaxəli əməkdaşlığın gücləndirilməsi bütün regionda sülhün, sabitliyin etibarlı şəkildə qorunmasına töhfə verəcək. Çünki həm Azərbaycan, həm də Özbəkistan sülh dövlətidir və bunu öz siyasətlərində hər zaman açıq şəkildə ortaya qoyub.  Bir sözlə, hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın güclənməsi bütün regionun təhlükəsizliyinə, rifahına və inkişafına kömək edəcək.  -Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələrin tarixi haqqında nə deyə bilərsiniz?  -Azərbaycanla özbək xalqı arasında əlaqələrin tarixi kifayət qədər qədimdir. Böyük İpək Yolu bu əlaqələrin daha da inkişafına təkan vermişdir. Orta əsrlər dövründə bu əlaqələr daha da inkişaf etmiş, xalqlar arasında iqtisadi-ticari-mədəni münasibətlər genişlənmişdir. Xüsusilə də, Özbəkistanın böyük sənətkarlıq və ticarət şəhərləri olan Səmərqənd, Buxara, Xivə, Azərbaycan şəhərlərindən Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Təbriz şəhərləri arasında əlaqələr mövcud olmuş, sənətkarlıq və kənd təsərrüfatı məhsullarının ticarəti xüsusilə üstünlük təşkil etmişdir.  Orta əsrlərdə böyük özbək şairi olan Əlşir Nəvai Nizami Gəncəyə böyük rəğbət bəsləmiş, öz əsərlərində böyük Azərbaycan şairinə nəzirələr yazmışdır. O, hətta Nizamini öz ustadı elan etmişdi. Nəvai “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alaraq yaratmışdır. Azərbaycanın böyük şairi Məhəmməd Füzuli isə öz növbəsində Nəvai yaradıcılığından bəhrələnmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir.  Ümumiyyətlə, ötən əsrin əvvəllərində Mərkəzi Asiyanın həyatında  azərbaycanlılar aktiv iştirak etmişlər. Azərbaycan mədəniyyəti indiki Özbəkistan ərazisi olan Türküstanda daha geniş yayılmışdır. Azərbaycan maarifçiləri Türküstanda cədid məktəblərinin inkişafında xüsusi rol oynamışlar. Bizim “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılmış və burada sözügedən jurnalın xüsusi nömrələri dərc olunmuşdur. “Arşın mal alan”, “Leyli və Məcnun” kimi operalarımız dəfələrlə Türkistanda, Özbəkistan səhnəsinə qoyulmuşdur. Ötən əsrin əvvəllərində Azərbaycan və özbək xalqları arasında dil baxımından yaxınlıq daha çox idi. Sovet dönəmində dilimizə xeyli sayda əcnəbi sözlər daxil olmuşdur. Bu səbəbdən də Azərbaycan və özbək xalqlarının dilində az da olsa fərqlilik yaranmışdır. Ümumilikdə isə, hər kəsə məlum olduğu kimi,  xalqlarımızın dili, dini, mədəniyyəti, adətləri, kökü olduqca yaxındır.  -Samir müəllim, sovet dönəmində, xüsusilə də Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyətdə olduğu dönəmdə Özbəkistanla mədəni əlaqələrin vəziyyəti hansı səviyyədə idi?  -Sovet dövründə iki xalq arasında əlaqələr bir qədər də genişlənmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə hər iki ölkədə mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət günlərində hər iki xalqın məşhur mədəniyyət nümayəndələri iştirak etmişdir. Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Özbəkistanın Xalq artisti adına lqyiq görülmüşdür. Özbəkistan mədəniyyət dekadası çərçivəsində özbək qonaqlar Lənkəran şəhərinə səfər etmiş və Özbək şairi Zülfiyyəyə Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilmişdir. Azərbaycanın böyük şairi Səməd Vurğunla özbək şairi Qafur  Qulam arasında dostluq əlaqələri mövcud olmuşdur. Azərbaycanda hər zaman özbək ədəbiyyatına böyük sevgi olmuşdur və bu gün də var.  -Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Rəhbəri olduğunuz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu əlaqələrin inkişafı istiqamətində hansı addımları atıb?  -Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər iki ölkə arasında tarixi dostluğun, mədəni-ədəbi əlaqələrin genişlənməsi istiqamətində sistemli işlər görülür. Mədəniyyət Mərkəzinin layihəsi əsasında 97 adda Azərbaycan klassiklərinin əsərləri özbək dilinə tərcümə edilmiş və nəşr olunmuşdur. Dahi Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə olaraq Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Hər iki ölkənin dilçilik institutlarının, Nizami adına Ədəbiyyat İnstitutunun iştirakı ilə Azərbaycan-Özbək və Özbək-Azərbaycan lüğəti nəşr edilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi şairlərin əsərləri, müasir dövr Azərbaycan şairlərinin antologiyası Daşkənddə nəşr olunmuşdur. Azərbaycanda Özbəkistanla mədəni əlaqələrin inkişafı baxımından xeyli layihələr həyata keçirilmişdir. Bakıda özbək şairi Əlişir Nəvainin hyekəli ucaldılmış, paytaxtımızdakı küçələrdən birinə özbək mütəfəkkiri Mirzə Uluqbəyin adı verilmişdir. Bakıda “Özbəkistan” adında küçə mövcuddur. Özbəkistanda da Maqsud Şeyixzadənin heykəli ucaldılmışdır. Hələ ötən əsrin 40-cı illərində  Daşkənddə Nizami Gəncəvinin adını daşıyan Dövlət Pedaqoji Universiteti yaradılmışdır. Bu universitet bu gün də Özbəkistanın ədəbi həyatında kifayət qədər fəaldır. Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında isə Özbəkistan –Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir ki, həmin Cəmiyyət Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində ardıcıl addımlar atılır. Hər il Özbəkistanın şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Ötən il Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY üzv ölkələrin mədəniyyət nazirlərinin sesiyasında da iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair görüş və danışıqlar aparıldı və bu istiqamətdə bir sıra razılıqlar əldə edildi. Qarakalpakıstan Respublikasının Nukus şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilmişdir. Xarəzm vilayətində, Termes şəhərində, Fərqanə və Sırdərya vilayətində hər il Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir ki, Mədəniyyət Mərkəzimizin təşkilatçılığı ilə Azərbaycanın məşhur mədəniyyət xadiləri ilə yanaşı alimlərimiz, ziyalılarımız da bu konfranslarda iştirak edirlər. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalında özbək musiqiçiləri də iştirak etmişdir. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak etmişdir. Azərbaycan Dövlət Rəqs Kollektivi isə Xarəzmdə keçirilən beynəlxalq rəqs festivalında iştirak etmiş və qalib gəlmişdir.  Iki ildən bir keçirilən “Şərq təranələri” musiqi festivalında Azərbaycan musiqiçiləri, sənətçiləri iştirak edirlər. Bu festivalın 1997-ci ildə ilk qalibi də Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova olmuşdur. Bu festivalda Azərbaycanın muğam ustadı Alim Qasımov, əməkdar artistimiz, tarzən Sahib Paşazadə Festivalın qran-pri mükafatına layiq görülmüşlər.   Bir sözlə, iki dövlət, iki xalq arasında mədəni əməkdaşlıq dərin köklərə malikdir və dinamik surətdə inkişaf edir.  Prezident İlham Əliyevin Özbəkistana səfərindən sonra bütün sahələrdə olduğu kimi mədəniyyətimizə dair də qarşımızda yeni vəzifələr, çağırışlar yarandı. Biz hamımız ümumilikdə çalışmalı bu dostluğa daha çox töhfələr verməliyik. Mən inanıram ki, dövlət başçılarımızın səyi nəticəsində əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək və dərinləşəkdir. Eyniylə, cənab Prezidentimizin söylədiyi kimi, Özbək və Azərbaycan xalqları hər zaman bir yumruq kimi birlikdə olacaqdır.  Seymur ƏLİYEV

Hamısını oxu
“DTX narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müasir dünyamızın ən böyük bəlalarından olan hər iki problemə qarşı xüsusi xidmət orqanları effektiv mübarizə sərgiləməkdədir: “Bildiyiniz kimi, çağdaş dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi bəlalar sürətlə yayaılmaqdadır. Bu gün dünyanın ən böyük, ən qüdrətli dövlətləri belə bu problemlərə qarşı mübarizədə çətinlik çəkirlər. Ancaq sevindiricidir ki, Azərbaycanda həm kibercinayətkarlığa, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparmaqdadır. DTX-nın həyata keçirdiyi əməliyyatlar nəticəsində bu qəbildən olan çoxlu sayda cinayətkar dəstənin ifşası, onların zərərsizləşdirilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir”. Polkovnik qeyd edib ki, DTX-nın həyata keçridiyi uğurlu əməliyyatların əsas sirri xüsusi xidmət orqanı əməkdaşlarının yüksək peşəkarlığıdır: “Sevindiricidir ki, ölkəmizdə xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və eləcə də digər qanunsuz əməllərlə məşğuil olan cinayətkar dəstələr xüsusi xidmət orqanı tərəfindən ustalıqla de-şifrə edilir və neytrallaşdırılır. Ölkəmizin həssas coğrafiyada yerləşdiyni, dünyanın bir çox böyük güclərinin bu coğrafiyada söz sahibi olmaqda maraqlı olduğunu nəzərə alsaq , o zaman DTX-nın peşəkarlığının milli maraqlarımızın qorunması baxımından necə böyük rol oynadığı aydın olar. Mən xüsusi xidmət orqanlarımıza fədakar xidmətlərinə görə təşəkkür edir, onlara yeni-yeni uğurlar arzulayıram”. Seymur ƏLİYEV    

Hamısını oxu
Müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə rayonlarda silsilə görüşlər keçirilib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi  “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsi  çərçivəsində aprel ayının 12-də Cəlilabad, 13-də Masallı, 14-də isə Astara rayonlarında müharibə veteranları ilə görüşlər keçirdib. Müharibə vetereanlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə keçirilən görüşlərdə Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları və qazilər,  adı çəkilən rayonların icra hakimiyyətlərinin əməkdaşları, QHT sədrləri də iştirak ediblər. Görüşlərdən əvvəl layihənin fəaliyyət planına əsasən hər rayonda müharibə veteranları arasında sorğular keçirilib.               Yüksək səviyyədə təşkil olunmuş görüşlər zamanı aparılan müzakirələrdə ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının rifahının daha da yüksəldilməsi məqsədi ilə səmərəli və dəyərli təkliflər səslənib. 4 aylıq layihə çərçivəsində ictimai birlik görüşlər zamanı əldə olunmuş təklifləri və aparılmış sorğuların nəticələrini ümumiləşdirərək, təklif və tövsiyyələr hazırlayıb müvafiq dövlət qurumlarına təqdim edəcəkdir.    Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və hər 3 rayonun icra hakimiyyətlərinin başçıların təşəkkürünü bildirib.    

Hamısını oxu