Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Son təxribatlar İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir

Bakı, 1 sentyabr, AZƏRTAC

Ermənistan hərbçilərinin ordumuzun Kəlbəcərdəki mövqeyinə qarşı zərbə PUA-sı tətbiq etməsi, həmçinin artilleriya zərbələrinə tutması onun terror siyasətinin açıq və növbəti təzahürüdür.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, baş verənlər İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir: “Törədilən təxribatlar göstərir ki, Ermənistan sülh yox, revanş haqında fikirləşir və ona görə də belə xain həmlələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ancaq Ermənistan bilməlidir ki, o, heç vaxt öz məqsədinə çata, post-müharibə dövrünün reallıqlarını dəyişə bilməyəcək. Onun bütün təxribatlarına ordumuz tərəfindən layiqli cavab veriləcək. Necə ki, biz hazırda bunu müşahidə etməkdəyik”.

Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, mövcud vəziyyət beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistanın təxribatına sərt reaksiya verməsini tələb edir: “Ermənistan ordusunun bugünkü təxribatları bir daha sübut edir ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti erməni terroru ilə bağlı aydın və birmənalı mövqe ortaya qoymalıdır. Makron hakimiyyəti və digər ermənipərəst qüvvələr bu təxribatı görməli, özlərini “karlığa, korluğa” qoymaqdan əl çəkməlidir. Həmçinin bütün dünya anlamalıdır ki, Azərbaycan sonsuzadək həmin təxribatlar qarşısında təmkin nümayiş etdirə bilməz. Odur ki, heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi qınamamalı, ittiham etməməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə məcburdur və bu istiqamətdə lazımi bütün addımları qətiyyətlə atacaq”.

Qeyd edək ki, Azərbaycan Müdafiəsi Nazirliyinin son məlumatına görə, sentyabrın 1-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.

Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

2023-09-01 15:06:05
4012 baxış

Digər xəbərlər

“Sizdəki yaranın özü bizdədir...” Türkiyə-Azərbaycan qardaşlığı Kahramanmaraşda bir daha tarix yazdı

2023-cü ilin fevral ayının 6-da baş verən dəhşətli zəlzələnin acısını hələ də unutmayan Kahramanmaraş xalqı üçün 2025-ci ilin iyun ayının 19-u həm təsəlli, həm də rəmzi bir yenidən doğuluş günü oldu. Məhz həmin gün bu qədim türk yurdunda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimi keçirildi. Ən mühüm məqam isə mərasimdə iki qardaş dövlətin liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması idi. Bu mərasim təkcə bina və evlərin təqdimatı deyil, eyni zamanda insanların sevincinə, mənəvi birliyin möhkəmlənməsinə xidmət edən hadisə idi. Prezident Ərdoğan çıxışının əvvəlindən etibarən Azərbaycan xalqına səmimi təşəkkürlərini çatdıraraq vurğuladı ki, zəlzələnin ilk saatlarından başlayaraq Can Azərbaycan yardım əli uzatdı. Yardım karvanları, səhra hospitalları, axtarış-xilasetmə dəstələri, könüllülər və həkimlər  Azərbaycanın həm dövlət, həm xalq səviyyəsində göstərdiyi bu həmrəylik türkiyəlilərin yaddaşında silinməz izlər buraxdı. “Hər addımda türkün alın təri, duası, ürəyi var” deyən Prezident Ərdoğan bildirdi ki, Azərbaycanın bu dəstəyi sadəcə maddi deyil, mənəvi dirənişin də bir hissəsidir. Bu yardım bir millətin digərinə göstərdiyi mərhəmət, sevgidir. Bu həm də “bir millət, iki dövlət” fəlsəfəsinin yaşadıldığının və real həyatın içində tətbiq olunduğunun bariz nümunəsidir. Prezident Ərdoğanın çıxışının ən emosional anı isə mərhum türk şairi Abdülrahim Karakoçun Xocalıya və Qarabağa həsr etdiyi poetik misraları səsləndirdiyi məqam idi: “Sizdəki yaranın özü bizdədir...Güllələr sizdədir, ağrı bizdədir...” Bu misralar sanki 30 illik Qarabağ həsrətini, Xocalı soyqırımının acısını, 2023-cü il zəlzələsinin dağıntısını tək cümlədə birləşdirən mənəvi körpü oldu. Ərdoğanın gözlərindəki dolğunluq, salondakı sükut, dinləyicilərin bəzən göz yaşlarına hakim ola bilməməsi həmin anın tarixi və emosional gücünü təsdiqləyirdi. Bu misralar bir millətin başqa bir millətin dərdinə necə şərik olduğunu, bir millətin digərinin acısına necə öz acısı kimi yanaşdığını göstərən qardaşlıq andı idi. Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirdi ki, Azərbaycan xalqı zəlzələni öz faciəsi kimi yaşadı. Zəlzələnin ilk günlərində on minlərlə azərbaycanlı yardım məntəqələrinə axışaraq Türkiyəyə dəstək nümayiş etdirdi. Azərbaycan yüzlərlə xilasedici, həkim, könüllü göndərdi. Təkcə Azərbaycan həkimləri tərəfindən 3200-dən çox insana tibbi yardım göstərildi, 53 nəfər dağıntılar altından sağ çıxarıldı.  Tədbirdə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi, “Azərbaycan” məhəlləsinə həsr olunmuş videoçarxın nümayişi və mədəniyyət mərkəzinin təməlqoyma mərasimi yeni bir dövrün başlandığını göstərirdi. Prezidentlər simvolik lenti kəsərək mənzillərlə tanış oldular, mülkiyyətçilərə açarların təqdim edilməsi isə bərpanın konkret nəticəyə çevrildiyinin sübutu idi. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu günə qədər zəlzələ bölgəsində 250 minə yaxın mənzil, obyekt və iş yeri istifadəyə verilib. Kahramanmaraşda isə 2778 yeni mənzil və obyektin inşası davam edir, bunların 1200-ü “Azərbaycan” məhəlləsindədir. Burada məktəb, uşaq bağçası, parklar və Heydər Əliyev adına orta məktəb də fəaliyyət göstərəcək. Prezidentlər çıxışlarında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə də toxunaraq bu sənədin Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırdığını vurğuladılar. Bu həm siyasi, həm də mənəvi müttəfiqlikdir. Ərdoğan ümidvar olduğunu bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması bu bölgədə dirçəliş prosesinə yeni nəfəs verəcək və Qarabağda, Laçında, Zəngilanda, Füzulidə baş verən inkişaf dalğası daha geniş coğrafiyaya yayılacaq. Sonda Prezident Ərdoğanın dərin mənalı sözləri və Azərbaycan - Türkiyə qardaşlığının təntənəli ifadəsi mərasimi daha da mənalı etdi: “Burada atılan hər mismarda, vurulan hər daşda türkün alın tərini, qardaşlıq duasını görürsünüz. Kahramanmaraşın qəlbində Azərbaycan möhürü var. Allah bu birliyi əbədi etsin!” Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin təməlini onlayn formatda qoydular. Prezidentlər məhəlləni gəzərək burada inşa edilmiş mənzillərə və Heydər Əliyev adına ibtidai məktəb ilə uşaq bağçasına baxdılar. Balacalar böyük sevinc və təmənna ilə onları qarşıladı, məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı səsləndi.  Prezidentlər şagirdlərə qiymət cədvəllərini və məktəbli çantalarını təqdim etdilər. Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı, tədris materialları ilə tam təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərsləri üçün xüsusi otaqlar, həmçinin texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların inkişaf etdirilməsi üçün emalatxanalar yaradılıb. Bu, gələcəyin vəhdətinə, bilikli və bacarıqlı nəsillərin yetişməsinə verilən ən gözəl töhfədir. Bu məhəllə və məktəb təkcə binalar deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının yaşayış nümunəsi, yenidən doğuşun, bərpa və ümidi simvoludur. Burada hər daşda, hər otaqda iki xalqın qəlbinin bir ritmi çalır  birlik, həmrəylik və gələcəyə inam.Bu dostluq və həmrəylik ruhu ilə gələcəkdə də bütün çətinlikləri birlikdə dəf edəcəyimizə, daha parlaq və firavan sabahlar quracağımıza əminik. Azərbaycan və Türkiyə  bir millət, iki dövlət, sonsuz qardaşlıq yolunda! Cəlil Xəlilov:   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
DTX dövlətə xəyanətdə şübhəli bilinən ər-arvadı həbs etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib. Modern.az-ın DTX-ya istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər. Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hamısını oxu
Ərdoğan BU TARİXDƏ Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub. Türkiyə KİV-lərinin məlumatına görə, səfər 9-10 dekabrda baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək. Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında görüş

27 aprel 2017-cı ildə RVT-nin inzibati binasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun bir qrup İkinci Dünya Müharibəsi veteranları ilə görüşü keçirilmişdir. Görüşdə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsləri və Respublika Veteranlar Təşkilatının rəhbər əməkdaşları iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələrində həlak olmuş, həmçinin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Yaxın vaxtlarda tərəqqipərvər bəşəriyyət İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünü qeyd edəcək. Belə bir ərəfədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun bir qrup İkinci dünya müharibəsi veteranı ilə görüşə gəlməsi bizim üçün çox xoşdur. Respublika Veteranlar Təşkilatı yarandığı gündən öz işini Azərbaycanın dövlət orqanları, ictimai təşkilatları ilə sıx əlaqədə qurmuşdur. Bu baxımdan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bizim əlaqələrimizin çoxillik tarixi və xüsusi əhəmiyyəti vardır. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyətin xüsusən 2 istiqaməti hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Bunlardan birincisi müharibə veteranları, əsasən İkinci Dünya Müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət istiqamətidir. İkincisi isə gənclərin, xüsusilə çağrış yaşında olan gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətidir. Sevindirici haldır ki, hər iki istiqamətdə müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim bizim fəaliyyətmizə dəstək olmuşdur. Bugünki görüşün baş tutması da qeyd olunanlara əyani sübutdur. Ancaq təbii ki, bu sahələrdə qarşılıqlı əməkdaşlıq çərçivəsində görəcəyimiz işlər, birgə keçirəcəyimiz tədbirlər çoxdur. İnanırıq ki, növbəti illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatı bu istiqamətlərdə qarşılıqlı fəaliyyət imkanlarından daha səmərəli istifadə edəcəklər. Bu böyük işdə hamınıza uğurlar arzulayıyıram. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünü münasibətilə ilə veteranları təbrik edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin Azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzuladı. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu bir vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu gün Azərbaycanda İkinci dünya müharibəsi veteranlarına dövlət tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi bugünki görüşün başlıca məqsədinin də məhz bu olduğunu bildirdi. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimov İkinci dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhvələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışdı. Sonda İkinci dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələrini təqdim edərək onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığını vurğuladı. İkinci dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi qayğıya görə və general-leytenant cənab Arzu Rəhimovun onlarla görüşə gəldiyi üçün veteranlar adından təşəkkrlərini çatdırdı. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov vaxt tapıb veteranlarla görüşə gəldiyinə və onlara verilən bayram hədiyyələrinə görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimova bir daha veteranların və öz adımdan minnətdarlığını bildirdi.  

Hamısını oxu