Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

24 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində növbəti tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmassıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barəsində məlumat verərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın geniş fəaliyyətindən danışmışdır. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının bu gün 20 faizdən artıq ərazisi Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri hesab etmişdir. Tədbirdə həmçinin layihə çərçivəsidə hazırlanıb çap olunmuş, beş nəfər Qarabağ və Aprel şəhidinin döyüş və həyat yolundan bəhs edən “Torpağı Vətən edənlər” kitabçasının təqdimatı olmuşdur. Layihə və kitabçanın müzakirəsi çərçivəsində Respublika Veteranlar Təşkilatının şöbə müdirləri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Lətif Babayev (kitabça mətninin müəllifi),Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, fiologiya elmlər doktoru Bədirxan Əhmədov, Qarabağ müharibəsi veteranı, jurnalist Elçin Müseyboğlu, Əfqanıstan müharibəsi veteranı, polkovnik Elşad Şabanov, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri, veteranlar çıxış edərək yeniyetmə və gənclərin şəhidlərimizin həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Vətən, torpaq yolunda həyatlarını qurban vermiş insanların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu və onların əbədi həyat qazandıqlarını qeyd etmişlər. Tədbirin sonunda kitabça tədbir iştirakçılarına paylanılmış, veteranlar gənclərlə xatirə şəkli çəkdirmişlər.  

2018-10-24 00:00:00
3575 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Birinci Vitse-prezident Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə təbrik edib. Moderator.az-a açıqlama verən polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın Azərbaycan xalqı qarşısında çoxsaylı xidmətlərinə diqqət çəkib, bu xidmətlərin önəmini vurğulayıb: “Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva  tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan şəxsiyyətlərdəndir.   Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır.  Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub. Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır. Mən ad günü münasibəti ilə hörmətli Mehriban xanımı təbrik edir, ona xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyyətində yeni-yeni uğurlar arzulayıram”.  

Hamısını oxu
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək”

Cəlil Xəlilov: “Yaxın gələcəkdə vətəndaş cəmiyyətlərinin fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə şahid olacağıq”   Məlum olduğu kimi, ölkə başçısının fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.   Saytımıza açıqlamasında baş verənlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, məlum yeniliyin əhəmiyyətini şərh edib. Polkovnik qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının fəaliyyətinə təkan verməklə yanaşı, vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına da dəstək olacaq:   “Hər bir ölkənin ictimai-siyasi həyatında vətəndaş cəmiyyətlərinin mühüm rol oynadığı birmənalıdır. Bu baxımdan ölkə başçısının hər zaman media ilə yanaşı, həm də vətəndaş institutlarının fəaliyyətinə dəstək olduğu, bu sektorun inkişafı üçün mütəmadi surətdə ciddi addımlar atdığı məlumdur. Əslində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu inkişafın davamı, onun həm forma, həm də mahiyyət etibari ilə yeni mərhələdə davam etdirilməsi deməkdir.   Xatırladım ki, hələ ötən ilin 27 avqust tarixində Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirdi, onların təkliflərini dinlədi, öz tövsiyyələrini verdi. Bu görüşün özü dövlətimizin vətəndaş cəmiyyətlərinin fəaliyyətinə necə böyük diqqət və qayğı göstərdiyinə nümunədir.   Əminəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək, onların fəaliyyətinin miqyas və keyfiyyətinə öz müsbət təsirini göstərəcək”.   Cəlil Xəlilov qeyd edib ki, məlum yenilik vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə, onların kadr potensialının genişlənməsinə də öz töhfəsini verəcək:   “Bu gün ölkəmizdə təxminən üç mindən çox QHT mövcuddur. Onların bəzisi öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırsa da, bu sahədə görülməsi gərəkən hələ bir çox işin mövcudluğu danılmazdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu sahədə də inkişaf və tərəqqi üçün yeni imkanlar açacaq. Bu sahədə ixtisaslaşan beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq QHT-lərimizin fəaliyyət dairəsini genişləndirməyə, kadr potensialını artırmağa imkan verəcək. Odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasını vətəndaş cəmiyyətlərinin bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malik hadisə hesab edirəm. Düşünürəm ki, yaxın gələcəkdə QHT-lərin fəaliyyətindəki inkişaf cəmiyyətimizin həyatının bütün sahələrinə öz müsbət təsirini göstərəcək”.  

Hamısını oxu
Milli maraqların keşiyində: Heydər Əliyevin təhlükəsizlik siyasəti

Bu gün Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Dövlətin təhlükəsizliyinin təmin olunması kimi məsuliyyətli və şərəfli missiyanı daşıyan bu orqanların formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər həyatının 25 ilini məhz bu sahəyə həsr edərək təhlükəsizlik orqanlarının peşəkar, milli maraqlara əsaslanan və dövlətçilik prinsiplərinə söykənən şəkildə formalaşmasına böyük töhfələr verib. Bu gün də həmin ənənələr davam etdirilir, təhlükəsizlik orqanları ölkənin sabitliyinin və müstəqilliyinin etibarlı təminatçısı kimi fəaliyyət göstərir. Stalinin ölümündən sonra, Sovetlər birliyində başlanan məhkəmələr, ölkədə Stalinizm buzunun əriməsinə təkan verdi. Artıq imperiyanın apardığı siyasətdə bir yumşaqlıq hiss olunurdu. Milli özünüdərkin, milli özünəqaydışın elementləri elm, ədəbiyyat, incəsənət, və mədəniyyətdə özünü daha çox biruzə verirdi. Azərbaycan ədəbiyyatında yenidən milli ruhlu əsərlər meydana gəlirdi. Baxmayaraq ki, DTK xofu xalqın içindəydi, bununla belə, ədəbiyyata gəlmiş yeni, milli ruhlu gənclər artıq öz fikirlərini yazmaqdan çəkinmirdilər. Azərbaycan ədəbiyyatında sərbəst vəznin yaradıcılarından olan Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, nəsrimizin görkəmli nümayəndəsi İsa Hüseynovun “Tütək səsi”, “Yanar ürək” əsərləri, bütün varlığı ilə azadlıq şairi olan Xəlil Rzanın vətənpərvər şe’rləri, “Gülüstan” poeması ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Bəxtiyar Vahabzadənin milli ruhda yazdığı şe’rləri həmin dövrün məhsulu idi. Bir qədər sonra o dövrün ədəbiyyatında yeni imzalar görünməyə başladı. Yusif Səmədoğlu, Anar, Elçin. Onların əsərlərinin əsas leytmotivini xalqın soykökünə qaydışı, milli adət-ən’ənələr, xalqımızın tarixi, qəhrəmanlarının həyatı təşkil edirdi. Təbii ki, 60-cı illərdə Azərbaycanın ictimai - siyasi və mədəni həyatında gedən bu proseslər Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi və qalmırdı da. Lakin çox maraqlı idi ki, bunların heç biri məs’uliyyətə cəlb olunmamışdır. Bəs necə olurdu ki, bu adamlar sovet cəza sisteminin məngənəsinə düşmürdülər?  Burada bir neçə amil rol oynaya bilər ki, bunlardan da ən əsası həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsindən kiminsə onların imperiya siyasətinin qurbanı olmalarına müxtəlif yollarla mane olmasıdır. Apardığımız araşdırmalar bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, bu şəxs bəhs etdiyimiz dövrdə DTK-da rəhbər vəzifələrdə işləyən Heydər Əliyev olmuşdur. Məhz onun xidmətləri sayəsində o dövrdə Azərbaycanın bir çox görkəmli sənət adamları, elm və incəsənət xadimləri DTK-nın qanlı caynaqlarından xilas ola bilmiş və azərbaycanda milli şüurun oyanışına öz əsərləri ilə örnək vermişdilər. Maraqlı məqamlardan biri də budur ki, Heydər Əliyev bu şəxsləri hansı yollarla rejimin bəlalarından qoruya bildi? Mən öz çıxışımda məhz bu məsələlərə toxunmaq istərdim.Onun ən böyük xidmətlərindən biri Təhlükəsizlik orqanlarının milliləşdirilməsi məsələsinə önəm verməsidir. Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əks-kəşfiyyat şö’bəsinə rəis tə’yin edildikdən sonra o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə - təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmaq və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başladı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə burdakı, nə də Moskvadakı rəhbərliyi qane etmirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayır: “Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. ​Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların - həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım”. (Vətənə, xalqa, dövlətə sədaqət. Bakı, 1997-ci il səh. 22)   Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrlar yetişmişdi. Bunlara 80-88-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş general-leytenant Ziya Yusifzadəni, Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil Bağırovu misal göstərə bilərik. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o 60-cı illərdə xalqda yenidən oyanan milli özünü dərki, milli yaddaşı  DTK-da işləyən başqa millətlərin nümayəndələri tərəfindən beşiyindəcə boğulmasına imkan verməmişdi. Təhlükəsizlik orqanlarının milliləşdirilməsində də əsas məqsəd bu idi. Öz millətini sevməyən heç vaxt - sovet rejiminin tə’birincə desək - beynəlmiləlçi ola bilməz. Məhz bu aspektdən yanaşdıqda təhlükəsizlik orqanlarının milliləşdirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq olar və bu da birmə’nalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Sənət adamları haqqında mə’lumatlar toplanmasının qarşısının alınması. Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər sovet respublikalarında azadfikirliliyin hiss olunacaq dərəcədə artmasına təkan verdi. Təbii ki, bu da Moskvanı çox narahat edirdi. Ona görə də Dövlət Təhlükəsizlik Komitəsində milli ruhda düşünənlərə qarşı mübarizə aparmaq üçün yeni bir xətt işlənib hazırlandı. Onların bə’ziləri antisovet təbliğatına görə həbs olunurdu, bə’ziləri də sağlam olduqları halda psixiatiriya xəstəxanalarına göndərilirdilər. Mərkəzdə  başlanan bu prosesi milli respublikalarda da böyük canfəşanlıqla yerinə yetirirdilər. Artıq bu illərdə DTK Sovet İttifaqının hər yerində dissident “ovuna” çıxmışdı. Sovetlər birliyinə daxil olan respublikaların Dövlət Təhlükəsizlik Komitələri elə bil öz aralarında kimin çox dissident tutması uğrunda yarış keçirirdilər və hamısı da bu yarışda birinci yeri tutmaq istəyirdi. Azərbaycan isə bu “yarışda” yaxşı mə’nada yarış cədvəlinin ən axırıncı pilləsini tuturdu və heç yuxarı pillələrə doğru can da atmırdı. Bəhs etdiyimiz dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində respublikamızda bir nəfər də olsun dissident həbs olunmamışdır. Düzdür o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində də milli ruhlu sənət adamları haqqında informasiya toplayan, onların yaradıcılığında milli çalarlar axtaran əməkdaşlar da var idi. Onlar Azərbaycanın görkəmli ziyallıları haqqında bir xəbər eşidən kimi onlar haqqında “qovluq” açır və bu adamlar haqqında aldıqları mə’lumatları həmin “qovluq”larda toplayıb imkan düşən kimi Moskvaya ötürürdülər. DTK-ya rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev sənət adamları haqqında əldə edilmiş məlumatların Moskvaya ötürülməsinin və ümumiyyətlə belə materialların toplanmasının qarşısını alırdı. Dediklərimizi faktlarla sübut etmək üçün Bəxtiyar Vahabzadənin “Sərhəd” qəzetinə verdiyi müsahibədən bir hissəni nəzərinizə çatdırırıq. Şairin DTK-da işləyən bir qohumu Heydər Əliyevin o zaman Bəxtiyar Vahabzadəni necə müdafiə etdiyinin təsadüfən şahidi olduğu barədə belə danışıb: “ Şöbə müdirlərindən biri əlində qovluq gəldi  sədrin yanına ki, “Opyat on naçal” və başladı üyüdüb-tökməyə. “Mən sənə dördüncü dəfədir deyirəm, əl çəkin şairdən, qurtarın!” - deyən DTK-nın sədri H.Əliyev qovluğu götürüb kənara atdı”. (“Sərhəd” qəzeti,  28 mart 1999-cu il) Apardığımız araşdırmalar zamanı rast gəldiyimiz maraqlı faktlardan biri də o idi ki, yuxarıda göstərdiyimiz proseslərlə bağlı hətta, Mərkəzi Komitə məsələ qaldıranda belə DTK onun qarşısını alırdı. Bu məsələ barədə Heydər Əliyevin fenomen yaddaşına söykənərək, onun 1997-ci ilin iyun ayının 28-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün tə’sis edilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışından bir hissəni nəzərinizə çatdırırıq: “Yəqin ki, çoxlarının xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri olarkən bizim gənc kinematoqrafçılarımız Rüstəm İbrahimbəyov və Eldar Quliyev “Bir cənub şəhərində” filmini yaratmışdılar. Bu filmi qadağan eləmişdilər - o vaxtkı Mərkəzi Komitə də, başqa orqanlar da, Moskva da qadağan eləmişdi. Onların xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri kimi vəzifəni öz üzərimə götürdüm, getdim kinostudiyaya, filmə baxdım, gördüm ki, çox yaxşı bir filmdir. Mərkəzi Komitəyə də, Moskvaya da nəinki xəbər verdim, təklif verdim, hətta tələb etdim ki, bu filmin nümayiş etdirilməsinə icazə verilsin. Bu film o vaxtdan həyat vəsiqəsi aldı və çox böyük də hörmət qazandı”. (Xalqa, vətənə, dövlətə sədaqət. Bakı, 1997, səh. 26) Millətçi kimi tanınan və ya tanıdılanlara dövlət mükafatlarının verilməsi. 60-cı illərdə fəaliyyət göstərən ədəbiyyat dərnəklərində, kitabxanalarda keçirilən görüşlərdə hər bir yeni əsərin müzakirəsi keçirilirdi. Bəhs etdiyimiz dövrdə meydana gəlmiş əsərlərdə milli-istiqlal, milli azadlıq məsələlərinin cücərtiləri hiss olunurdu. Düzdür belə əsərlərin əksəriyyətinin “Sovet xalqlarının birliyinə xələl gətirir” deyə çap olunmasına imkan vermirdilər. Ancaq bütün bunlara baxmayaraq bu əsərlərin bə’ziləri müxtəlif yollarla qəzet, jurnal səhifələrinə və nəşiriyyatlara yol tapa bilirdi. Qoyulan qadağalara baxmayaraq bu əsərlər xalq içərisində əldən-ələ gəzir və onun milli təfəkkürünün oyanışında mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1959-cu ildə Şəkidə çıxan “Şəki fəhləsi” qəzetində çap olunsa da bütün Azərbaycanı əl - əl dolaşmışdır. Böyük rezonans doğurmuş bu poema azadlığa sussamış xalqın çadar-çadar olmuş dil-dodağının əzbəri oldu. İkiyə bölünmüş bir xalqın tarixi faciəsindən bəhs edən poemada şair hər iki imperiyaya qarşı öz etiraz səsini qaldırmışdır:                    Başı kəsiləndə bu məğrur elin                   Qəlbin ağrısını hiss etdinizmi -                   Qoca Füzulinin, igid Babəkin                   E’tiraz səsini eşitdinizmi?                   Cənablar, bir damcı mürəkkəblə siz                   Düşünün, nələrə qol çəkmişsiniz? Gənc bir şairin böyük bir imperiyanı ittiham etməsi Dövlət Təh-lükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi. Bu poema nöqtəsindən vergülünə qədər dissident ədəbiyyatına aid idi. Lakin buna baxmayaraq poemanın müəllifi o dövrdə “dəbdə” olan kimi nə psixiatiriya xəstəxanalarına göndərildi, nə də həbs olundu. Şair çox sonralar “Sərhəd” qəzetinə verdiyi müsahibədə o dövrü belə xatırlayır: “Çoxdan bilirdim ki, məni bir qüvvə müdafiə eyləyir. Sonralar o qüvvənin kim olduğunu öyrəndim”. (“Sərhəd” 1999.- 28 mart. səh. 4). Bu Heydər Əlirza oğlu Əliyev idi. İlk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə çağırılanda onu o vaxt DTK-nın sədr müavini işləyən Heydər Əliyev qəbul etmişdi. Azərbaycanın iki böyük şəxsiyyəti arasında gedən çox səmimi söhbət zamanı Heydər Əliyev onun yaradıcılığından söz salaraq demişdir: “Moskva səni millətçi kimi tanıyır. Mənimsə sənə böyük rəğbətim var. Sənə kömək etmək istəyirəm. Yaxşı fikirləş. Get Lenin haqqında bir əsər yaz!” (“Sərhəd”, 1999. - 28 mart).Heydər Əliyev tək Bəxtiyar Vahabzadəni deyil, o cümlədən Azərbay-canın bir çox görkəmli şəxsiyyətlərini bu yolla imperiyanın caynağından xilas etmişdi. Gələcəkdə Bəxtiyar Vahabzadəni hansı təhlükənin gözlədiyini qabaqcadan duyan Heydər Əliyev ona Lenin haqqında bir əsər yazmağı  təklif etmişdi. Və doğurdan da bir qədər sonra Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Bəxtiyar Vahabzadənin Lenin haqqında yazdığı əsərlə, “Muğam” poemasına respublika Dövlət mükafatı verdi. Beləliklə Azərbaycanda milli şüurun və milli yaddaşın oyanışında əvəzedilməz xidmətləri olan bir şəxs də imperiyanın  qana sussamış caynaqlarından qurtuldu. Əgər Heydər Əliyev bu addımı atmasaydı onda 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli-azadlıq hərəkatında öz mübariz şerləri və cəsarətli çıxışları ilə xalqının rəğbətini qazanan Bəxtiyar Vahabzadə çox güman ki, olmayacaqdı. Tək Bəxtiyar Vahabzadə deyil, o dövrün görkəmli elm və mədəniyyət xadimlərindən, şairlərindən, yazıçılarından akademik Ziya Bünyadov, Xəlil Rza Ulutürk və bir çox başqalarının da xilaskarı məhz Heydər Əliyev olmuşdur. Təpədən-dırnağa qədər bütün varlığı ilə azadlıq şairi olan, mərhum Xəlil Rza Ulutürkün yaradıcılığına nəzər salsaq görərik ki, bu böyük türk oğlu hələ 60-cı illərdə yazdığı şe’rlərində xalqını ayağa qalxmağa, yurduna uzanan əlləri kəsməyə, qollarına vurulmuş zəncirləri qırmağa çağırırdı:                                   Doğransam da qıymə-qıymə,                  Tikə-tikə, rizə-rizə,                  Mübarizə! Mübarizə! Mübarizə!                                                    Mübarizə!və elə həmin illərdə yazdığı:                                     Yox, bunu görməyin Arpa çayından,                   Kim deyir Saranı sellər apardı:                   Şahənşah bağından, Qış sarayından                   Yurduma uzanan əllər apardı. və yaxud da:                   Azadlığı istəmirəm,                   zərrə-zərrə, qıram-qıram,                   Qolumdakı zəncirləri                   Qıram gərək! Qıram, Qıram!  Araşdırmalar apararkən bizə qəribə gələn o oldu ki, bu dövrdə Mərkəzdə “antisovet təşviqat və təbliğatına” görə fizika-riyaziyyat elmlər doktoru Yuri Orlov həbs olunur, görkəmli bioloq alim Jores Medvedyev psixiatiriya xəstəxanalarında təcrid edilir, akademik Andrey Saxarov məhkəməsiz sürgün olunur. Ancaq Azərbaycanda isə gənc bir şair xalqını imperiyaya qarşı açıq-aydın mübarizəyə səsləyən şerlər yazır, onu isə nə həbs edirlər, nə də sürgünə göndərirlər. Təbii ki, belə bir “dissident” Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən yayına bilməzdi. Hələ o vaxt Xəlil Rzanın millət üçün nə qədər əhəmiyyətli olduğunu duyan Heydər Əliyev onu bütün təzyiqlərdən qoruya bildi. Lakin bu heç də asan başa gəlmirdi. Çünki, o vaxt “sapı özümüzdən olan baltalar” milli ruhlu gənclərin əsərlərinin çap olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Sonralar, 1997-ci il oktyabr ayının 30-da Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ümummilli liderimiz Heydər Əliyev bu məsələlərə toxunaraq demişdir: “Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi ki, bu pantürkistdir, biri deyirdi, bu paniranistdir, biri deyirdi nə bilim, bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi bunun babası da sovet hökümətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. İki nöqteyi-nəzərdən əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi də o vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər”.(Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il. səh. 3) Ədəbiyyatımızda, elmimizdə yuva salmış  “sapı özümüzdən olan baltalar” Moskvanın xoşuna gəlməkdən ötrü hətta tariximizi də saxtalaşdırmaqdan çəkinmirdilər. 60-cı illərin ortalarında belə bir qərar qəbul edilmişdir ki, guya Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olub. Bu qərara ilk e’tiraz edənlərdən biri mərhum akademikimiz Ziya Bünyadov olmuşdur. O bir neçə dəfə çıxış edərək açıq surətdə bildirmişdir ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olmayıb. Bu iki böyük imperiyanın - İran və Rusiyanın öz aralarında gəldikləri razılığa əsasən həyata keçirilib. Bu çıxışlardan sonra Ziya Bünyadova qarşı təqiblər başlandı. Hətta bədxahq qonşularımız da Ziya Bünyadova “millətçi”, “şovinist” damğaları vuraraq onu gözdən salırdılar. Heydər Əliyev isə “millətçi”, “şovinist” adlandırılan Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabına Dövlət mükafatı verdirdi. Bu mükafatdan sonra ermənilər təzədən yazırdılar ki, Heydər Əliyev millətçidir - o, millətçi Ziya Bünyadova dövlət mükafatı verdirib. Sovet rejiminin ən qüdrətli dövründə belə, xalqına, millətinə bağlılığı Heydər Əliyevi milli ruhlu gənclərin xilas olunması naminə atdığı addımlardan çəkindirmirdi. Bu addımlar Heydər Əliyev imicinə təhlükə yaratsa da belə o öz millətinin oğlu kimi bu yoldan dönmürdü. Düzdür o, bunları açıqdan-açığa etmirdi. Buna onun tutduğu vəzifəsi də imkan vermirdi. Ancaq istər DTK-da, istərsədə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə o neçə-neçə milli ruhlu, vətənpərvər gəncləri sovet həbsxanalarına gedən yoldan qurtarmışdır. O vaxtı Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev millətini sevən bir insan kimi bu gənclərin həbs olunmasına imkan vermədi. Yenə də Yazıçıların X qurultayında həmin dövrdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dissidentlik məsələsinə toxunaraq demişdir: “Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxunuz dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtı onlar tə’qib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə mərhum etməyiblərsə, demək bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”. (Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il). Ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün bu xidmətlərini qiymətləndirə bilməyən bəzi bədxahqların tarixə nihilist münasibət göstərərək heç bir məsuliyyət hiss etmədən söylədikləri “O, DTK generalı olub, həmişə imperiyaya qulluq edib” sözlərinə cavab olaraq demək istəyirik ki, əgər biz keçmişimizə nəzər salsaq görərik ki, çiyinlərində hər hansı bir imperiyanın yüksək çinli paqonlarını gəzdirməsindən asılı olmayaraq fikirləri və əməlləri ilə öz xalqına xidmət etmiş neçə-neçə görkəmli şəxsiyyətlər olub. Milli “MƏN”, milli təfəkkür, milli gen və milli yaddaş olanda rütbə və titul yox, imperiya yox, millət özü həmin şəxsiyyəti düşündürür. Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və bir çoxları çar Rusiyasının  paqonlu “əsgərləri” olsalar da, məram və amalları millətə xidmət olmuşdur. Heydər Əliyev isə millətə xidmətdə öz sələflərindən də irəli getmiş, millətinin görkəmli şəxsiyyətlərini imperiyanın caynaqlarından xilas etmişdi. O özü Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətini belə qiymətləndirir: “DTK-da şərəf və namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə bir dəfə də olsun xəyanət etməmişəm. Bu mənada vicdanım rahatdır”.Əynində gəzdirdiyi sovet dövlətinin general mundiri bu böyük insanın qəlbində gəzdirdiyi vətən, millət sevgisini üstələyə bilməmişdir. Onun üçün vəzifə millətə xidmətdən önəmli olmamışdır. “Vəzifə insana heç bir şey vermir, sadəcə səlahiyyət verir” (Heydər Əliyev). Bəli bu səlahiyyət xalqa xidmətə yönələndə daha qiymətli, daha şərəfli olur. Seymur Şeydayev, Təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik

Hamısını oxu
Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb. "Report" bəyanatın mətnini təqdim edir: "Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq. Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər. Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər. Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

Hamısını oxu