Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman Riad Əhmədov dəfn edilib.

“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirblər.

Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

 

2023-10-05 08:54:45
3704 baxış

Digər xəbərlər

Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir

Bakı, 27 yanvar, AZƏRTAC Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı ilə məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına əsaslı zəmin yaranıb, məskunlaşma prosesinin reallaşdırılmasına başlanılıb. Bu Sərəncam nəinki hazırda bərpasına başlanılan Cocuq Mərcanlı kəndinin sakinlərində, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb. Həmçinin Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, bütün məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdacaqlarına olan əminliyini artırıb. Bu Sərəncam, həmçinin ermənilərə siyasi mesajdır: Azərbaycan Respublikası işğal altında olan torpaqlarını heç zaman güzəştə getməyəcək. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Cəlil Xəlilov bildirib ki, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları sevindirici və qürurverici hadisədir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial-maddi durumunun yaxşılaşdırılması ilə bağlı çoxlu sərəncamlar verib, onların problemlərini daim diqqət mərkəzində saxlayır. Sonuncu Sərəncam bütün Azərbaycan xalqını, eləcə də biz veteranları sevindirdi. Bu, tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını bir daha göstərdi. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir. Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi strateji yüksəkliklər cəbhə xəttində ordumuza üstünlük qazandırmaqla yanaşı, bir neçə istiqamətdə yaşayış məntəqələrimizi düşmənin aramsız atəş zərbələrindən qurtardı. Hazırda bu strateji yüksəkliklərin ordumuzun nəzarətində olması həmin ərazilərdəki yaşayış məntəqələrinin yenidən bərpasına, məcburi köçkün həyatı yaşayan insanlarımızın öz doğma torpağına qayıdaraq məskunlaşmasına imkan verib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi belə yaşayış məntəqələrdəndir. Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılmış kəndin sakinləri buranı tərk etmək məcburiyyətində qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı əldə etdikləri qələbədən sonra tarixən kənddə məskunlaşmış dinc əhalinin öz doğma kəndlərinə qayıtmaları üçün lazımi şərait yarandı. Azərbaycanın tam nəzarətinə keçmiş həmin ərazilərdə təhlükəsizliyin təmin olunması əsaslı yenidənqurma işlərinin başlanmasına imkan yaratdı. C.Xəlilov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün ölkə həyatının bütün sahələrində ardıcıl və məqsədyönlü iş aparılır, islahatlar həyata keçirilir. İnamla davam etdirilən inkişaf və tərəqqi siyasətinin nəticələri göz qabağındadır. Qarşıda duran əsas məsələ, ölkənin başlıca prioriteti məhz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində aparılan danışıqlar sülhün əldə olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnməyəcəyi təqdirdə Azərbaycan Respublikası BMT Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq öz suveren hüquqlarından istifadə edə bilər. Təəssüf ki, işğalçı Ermənistanın rəhbərliyi və havadarları bunu başa düşmək, qeyri-konstruktiv mövqelərinə son qoymaq istəmədiyindən münaqişənin həllində hələ də ciddi irəliləyiş əldə edilməyib. Bu yaxınlarda dövlətimizin başçısının bəzi dairələrə münaqişənin həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrini xatırlatması da bununla bağlı idi.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Humanizmin Azərbaycan simvolu” adlı tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad gününə həsr olunub   19 avqust 2022-ci il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü ilə bağlı “Humanizmin Azərbaycan simvolu” adlı  tədbir keçirilib. Tədbirdə “Humanizmin Azərbaycan simvolu” kitabının da təqdimatı olub.   Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqları tədbir itşriakçılarına təqdim edib, daha sonra Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib:   “Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır.  Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir.   Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır”.   Tədbirdə çıxış edən siyasi elmlər doktoru, “Humanizmin Azərbaycan simvolu” kitabının müəllifi Vaqif Abdullayev Mehriban xanımın çoxşaxəli fəaliyyətinə toxunub, Birinci  vitse-prezidentin rəhbərliyi altında həyata keçirilən sosial, humanitar və mədəni layihələrə diqqət çəkib. Vaqif Abdullayev vurğulayıb ki, Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun Prezidenti, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilməkdə, xalqımızın həyatında dərin izlər qoymaqdadır. Müəllifi olduğu “Humanizmin Azərbaycan simvolu” kitabı haqqında tədbir iştirakçılarına məlumat verən Vaqif Abdullayev, Mehriban xanım haqqında bundan sonra da cild-cild kitabların yazılacağını vurğulayıb.    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxışında Mehriban Əliyevanın əsasən təhsil sahəsindəki xidmətlərinə diqqət çəkib, bu istiqamətdə həyata keçirilən böyük işlərdən danışıb. Mehriban Vəliyeva qeyd edib ki, məhz Birinci vitse-prezidentin bilavasitə qayğısı ilə respublikamızın hər yerində müasir məktəblər inşa edilib, təhsil şəraitinin yaxşılaşması, onun müasir tələblər əsasında qurulması istiqamətində mühüm işlər görülüb.   Tədbirdə çıxış edən millət vəkili Jalə Əhmədova Mehriban Əliyevanın xalqın böyük məhəbbətini qazandığını vurğulayıb. Millət vəkili qeyd edib ki, xalqın Birinci vitse-prezidentə olan bu sevgisi özünü hər addımda göstərir ki, bu da təsadüfi deyil. Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı xidmətlərinə toxunan millət vəkili, bu xdimətlərin əsrlər sonra da hörmət və ehtiram hissi ilə yad ediləcəyini bildirib.   Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova Mehriban xanımın hər bir vətəndaşa, o cümlədən şəhid ailələrinə, müharibə əlilləri və veteranlara böyük qayğı və diqqət göstərdiyini qeyd edib, onun məhz öz xidmətləri, fədakarlığı sayəsində xalqın sevimlisinə çevrildiyini bildirib. “Humanizmin Azərbaycan simvolu” adlı kitabın önəminə toxunan Nəcibə Axundova, belə nəfis və maraqlı kitab ərsəyə gətirdiyi üçün siyasi elmlər doktoru Vaqif Abdullayevə öz təşəkkürünü bildirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir Azərbaycan Respublikasının inkişafında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri olduğunu bildirib. Fatma Səttarova qeyd edib ki, hədsiz qayğıkeşliyi və çalışqanlığı, humanizmi və nəcbliyi Mehriban xanımı Azərbaycan xalqına sevdirən əsas xüsusiyyətlərdəndir. Mehriban xanımın müharibə veteranı, sadə bir Azərbaycan qadını kimi  ona hər zaman böyük qayğı göstərdiyini bildirin Fatma Səttarova, bu cür humanisr münasibətə görə Birinci vitse-prezidentə təşəkkür edib, minnətdarlığını bildirib.     Tədbirin sonunda maraqlı mahnılar ifa edilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı: İsrafil Məmmədov

1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açmışdır. Hazırda Şəmkir Rayonu Qapanlı Kəndində Büstü ucaldılmışdır. Qapanlı Kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır. Gəncə şəhərində adına ev müzeyi və abidə və küçə vardır.   1941-ci ilin dekabr ayında döyüşən ordudan Azərbaycana xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun Gəncə ş üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür". Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınmışdır. Almanlar burada toplardan və minaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Kənddəki atəş nöqtələrindən səs gəlmirdi. Faşistlər asanlıqla qələbə çalmaq ümidində idilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar. Artıq hər bir faşistin üzünü görmək olurdu.   - Atəş! – deyə İsrafil Məmmədov komanda verdi.   Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları biçildi. Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi də məhv edildi. Radiostansiya isə salamat qaldı.   Beləcə, gərgin vuruş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş və yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı. Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər. Bu hadisə dekabr ayının ilk günlərində olmuşdur. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Məlumat üçün qeyd edək ki, İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlıdır.   ...Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi. Sevincdən, həyəcandan qəlbi çırpınan İsrafil Məmmədov inamla dedi:   - Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam.   General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə tərif və təbliğat sözləri səslənirdi. Həmin ilin may ayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir.   Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə qızları Qalina və Svetlana atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.   Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.                                          

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rəyasət Heyətinin toplantısı keçirilib. Topantıda bir sıra məsələlərlə yanaşı, Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir:  “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Uzun illərdir ki, Sizin bilavasitə rəhbərliyiniz və nəzarətiniz altında ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən nəhəng sosial layihələr cəmiyyətimizdə böyük məmnunluqla qarşılanmaqda, həssas kateqoriyaya məxsus insanlarımızın rifahını, mənzil-məişət şəraitini, sosial təminatını əhəmiyətli dərəcədə yüksəltməkdədir. Ardıcıl və sistemli şəkildə həyata keçirilən bu siyasət 44 günlük Vətən müharibəsindən sonra da eyni qətiyyət və uğurla davam etmiş, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə daxil olmuşdur. İstisnasız olaraq bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təmin edilməsi, dövlət tərəfindən onlara çoxlu sayda xüsusi imtiyazların verilməsi, məlum kateqoriyaya məxsus vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin son nəsil protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin vətən müdafiəçilərinə olan sevgi və qayğınızdan xəbər verir. Möhhərəm Prezident! Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli  Qərarı ilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi müharibə əlilləri və veteranlara dövlət qayğısının növbəti təzahürüdür. Bu mühüm və humanist addımın daha bir əhəmiyyəti isə dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramının Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilməsidir. Sizin bilavasitə qayğınız və diqqətiniz nəticəsində həyata keçirilən sosial dəstək proqramı bir daha vətəninin müdafiəsində müxtəlif tarixi dövrlərdə dayanan, öz sağlamlığını müstəqilliyimizin güclənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımıza dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibətin sərgiləndiyini göstərir. Cənab Prezident! “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi olaraq şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz mütəmadi diqqət və qayğıya görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, veteranlar olaraq hər zaman olduğu kimi bundan sonra da, Sizin siyasətinizi dəstəkləməkdə, dövlətimizin, milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda davam edəcək, dövlətimizin işıqlı gələcəyi üçün heç bir fədakarlıqdan çəkinməyəcəyik. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan xalqı!”   Dərin hörmət və ehtiramla,   “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından, Sədr Fatma Səttarova

Hamısını oxu