Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müharibə veteranlarıyla görüş keçirilib

Görüşdə bir qrup veterana Təşkilatın üzvlük vəsiqəsi təqdim olunub

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında I Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə görüş keçirilib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də, bu gün veteranlar qarşısında dayanan vəzifələrə diqqət çəkib. Dövlətimizin hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Cəlil Xəlilov, veteranların da hər zaman olduğu kimi bundan sonra da, dövlətimizin və xalqımızın yanında olacağını vurğulayıb.

Tədbirdə çıxış edən “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov da veteranların gənc nəsil üçün örnək olduğunu, onların göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb.

Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib.

Daha sonra çıxış edən müharibə veteranları  - Fərid Həsənov və Tacir QubatovAli Baş Komandanla həmrəyliklərini nümayiş etdirib, milli maraq və mənafeylərin keşiyində ayıq-sayıq daynmağın zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova şəhidlərin və veteranların Qarabağın erməni işğalından azad edilməsindəki tarixi roluna diqqət çəkib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında onların göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

2023-10-05 12:29:39
3165 baxış

Digər xəbərlər

Belarus səfiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli   səfiri Pineviç Dmitriy Leonidoviç  7 may 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  

Hamısını oxu
Su Çərşənbəniz mübarək!

Hörmətli Veteranlar, Şəhid və Qazi Ailələri, Əziz Kollektiv! Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi və baharın müjdəsi olan Su Çərşənbəsi münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bu gün həyatın təzələnməsi, sevincin və ümidin yenidən canlanması anlamına gəlir. Su Çərşənbəsi təkcə təbiətin deyil, həm də insanların ruhunun təzələnməsi deməkdir. Bu günü xalqımızın ən böyük qəhrəmanları olan şəhidlərimiz, veteranlarımız və qazilərimizin ailələri ilə birgə olmağı, onların göstərdiyi qəhrəmanlıq və vətənə olan sonsuz sevgisini xatırlamağı unutmamalıyıq. Onların fədakarlıqları, bizə ən yüksək dəyərləri - Vətənə bağlılığı, vətənpərvərliyi aşılamışdır. Onlar hər zaman bizim ürəyimizdə, düşüncəmizdə və həyatımızda əvəzsiz yer tutur. Bu əziz gündə bütün varlığı ilə vətənə, onun bir parçası olan şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə və əmək veteranlarına xidmət edən, onlara ehtiram hissi ilə yanaşan təşkilatımızın hər bir üzvünü də təbrik edir,onlara can sağlığı uzun ömür arzulayıram. Qoy bu Su çərşənbəsi hər bir ailəyə sevinc, səadət gətirsin. Bulaqlarımız, çeşmələrimiz daim qaynasın, axar çaylarımız qurumasın! Su Çərşənbəniz mübarək!          Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,          polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Fundamental dilçilik əsəri

Veteran.gov.az xəbər verir ki, bu günlərdə "Füyuzat" nəşriyyatında filologiya elmləri doktoru, professor İdris Abbasovun "Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları" adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Günel Bayramova, rəyçilər professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, filologiya elmlər doktorları Kamilə Vəliyeva, Gülsüm Hüseynova və Lalə Qurbanovadır.  Əməkdar elm xadimi, akademik Nizami Cəfərov monoqrafiyaya ön söz yazmışdır. Həmin ön sözü təqdim edirik. Müasir dilçilik dilin müxtəlif səviyyələrdə fərqli aspektlərdən kompleks tədqiqi və təhlilini tələb edir. İnsan təfəkkürünün başlıca fəaliyyəti olan dil dilçiliyin tədqiqat istiqamətləri və sahələrini müəyyənləşdirir. Ümumi dilçilik özünün inkişafının hazırki mərhələsində filologiya, psixologiya, dil fəlsəfəsi, ədəbi nəzəriyyələr, koqnitiv elm, neyroelm, biolinqvistika, sosiolinqvistika, psixolinqvistika və s. kimi elmlərin qovşağında yerləşir. Üçüncü minilliyin astanasında dil unikal bəşəri-bioloji əsaslara malik fəaliyyət kimi kroslinqvistik nəzəriyyələr müstəvisində tədqiqata cəlb olunur. Eksperimental metod və mexanizmlərlə məşğul olan linqvistlər, koqnitivistlər, neyrobioloqlar, psixolinqvistlər, koqnitiv qrammatiklər, neyrolinqvistlər, süni intellekt mütəxəssisləri arasında intensiv əlaqələrin olması dilçiliyin multidisiplinar xarakterini səciyyələndirir. Bununla yanaşı, bir çox müasir alimlərin iddiasının əksinə olaraq demək olar ki, müasir dilçilik özünün tarixi köklərindən təcrid olunmamışdır. Dilin fonologiya, morfologiya, sintaksis, semantika və bir çox formal elementlərini tənzimləyən qaydalar toplusu hələ yunan, Roma, ərəb, çin, hind, yapon və s. dilçilik məktəblərində işlənib-hazırlanmış və dövrümüzə qədər mürəkkəb təkamül yolu keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası, son dövrlər ölkəmizdə ümumi dilçiliyə dair yazılmış əsərlərdən öz orijinallığına, mövzuların yeniliyinə, zənginliyinə və əhatəliliyinə görə fərqlənir. Geniş həcmli bu tədqiqat işi dilçiliyə dair bir növ ensiklopedik biliklər məcmusudur. Burada lap qədim dövrlərdən tutmuş günümüzə qədər dilçiliyin keçdiyi tarixi yol izlənilir, Azərbaycan dilçiliyində indiyədək toxunulmamış mövzular gündəmə gətirilir, dilçilik tarixinin və nəzəriyyəsinin, koqnitiv elmlərin epistemoloji əsaslarının aydın və maraqlı mənzərəsi yaradılır. Monoqrafiyaya müqəddimə ilə başlayan müəllif dilçiliyin tarixindən danışarkən ənənəvi olaraq qədim hind, yunan, Roma, ərəb dilçiliklərindən savayı, Babil qrammatik ənənəsi, çin və yapon qrammatik ənənəsi, Türk-Azərbaycan qrammatik ənənəsindən də bəhs edir. Əsərdə Antonio Nebrixa, Fransisko, Sançes, Kaspar Şoppe, o cümlədən Por-Royal qrammatikası haqqında dolğun məlumat verilir, XVIII—XIX  əsrlərdə dilçilikdə onomasiologiya istiqamətinin üç nümayəndəsi – E. de Kondilyak, D.Hərris və İ.Adelunqun linqvistik görüşləri yığcam şəkildə xülasə edilir. Frans Bopp, V.Humboldt, A.Şleyxer, H. Şteyntal, A.A.Potebnya, F.Fortunatov, H.Şuxardt, K.Fossler, De Kurtene, F. de Sössür kimi məşhur dilçilərin adları və görüşləri azərbaycanlı oxuculara məlumdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində digər linqvistik nəzəriyyələr, batini və zahiri forma, XX əsr dilçiliyində sosiolinqvistika və psixolinqvistika məsələlərindən savayı, SSRİ-də nəzəri dilçilik, XX əsrin 60-90-cı illərində Rusiyada nəzəri dilçilik məsələlərinə təmas edilir. Amerikan struktur dil­çi­li­yin­dən bəhs edən müəllif bu istiqamətin Edvard Sepir, Leonard Blumfild, Noam Çomski kimi görkəmli nümayəndələri və onların dilçilik görüşləri haqqında məlumatlar verir, taqmemik yanaşmaya aydınlıq gətirir. Monoqrafiyanın ikinci hissəsində müəllif ümumi və ya nəzəri dilçiliyin izi ilə gedərək sintaksis, semantika və praqmatika, dil fəaliyyəti, dil və nitq, xarici və daxili linqvistika, makrolinqvistik və mikrolinqvistik sahələr, sinxronik linqvistikaya dair təhlil üsullarını nəzərdən keçirir. O, qrammatika haqqında ümumi məlumat verdikdən sonra deskriptiv və preskriptiv qrammatika,  stratifikasiya qrammatikası və ya təbəqəli yanaşma, konstruksiya qrammatikası, rol və istinad qrammatikası, taksonomik əlaqələr, universal qrammatika, prinsiplər və parametrlər nəzəriyyəsi haqqında mövzulara yaxından təmas edir. Burada müəllif vurğulayır ki, parametrik variasiyanın müzakirəsi qrammatik konstruksiya tiplərindəki fərqləri əhatə edəcək şəkildə genişdir. O, multidissiplinar perspektivlərin önəmini vurğulayaraq mürəkkəb anlayış olan məna nəzəriyyələri haqqında maraqlı mülahizələr yürüdür. Mənanın mürəkkəbliyi onun öyrənilməsində birləşən akademik fənlərin mürəkkəbliyindən irəli gəlir. Müəllif mənaya akademik maraq göstərən fənlər kimi fəlsəfə, psixologiya, neyroelm, semiotika və linqvistikanı göstərir. Təqdqiqatın gedişində müəllif sintaksisin tədqiqinə dina­mik şəbəkə yanaşması,avtonomluq anlayışının mürəkkəbliyi, semantizm, komplementarizm və praqmatizm, mənanın şəkil nəzəriyyəsi, tip-token dixotomiyası, Sörl-Derida debatı üzərində dayanır. Monoqrafiyanın üçüncü hissəsində epistemologiya haqqında ümumi məlumat verilir. Müəllif qeyd edir ki, koqnitiv elmlərin inkişafı nəticəsində epistemik koqnisiya mövzusu dövrün aktual mövzularından birinə çevrilmişdir. Bilik problemi insanların lap qədim zamanlardan fikrini məşğul etmişdir. İnsan ağılın necə işləməsini öyrənmək üçün öz ağlından istifadə edən yeganə varlıqdır. Biliyin, yaxud epistemologiyanın tədqiqi fəlsəfə və digər elmlərin öyrənilməsinin əsas sütunlarındandır. Epistemologiya beyini yox, idrakı tədqiq edir. Tədqiqatçılar funksional nöqteyi-nəzərdən qavrayışın, təfəkkürün, yaddaşın, anlamanın, dilin və digər əqli-psixoloji hadisələrin funksiyalarını başa düşməyə çalışırlar. Müəllif belə nəticəyə gəlir ki, epistemologiya – koqnitiv psixologiya, dilçilik, süni intellekt, rasional fəlsəfə və neyrobiologiyanın (neyroelmin) müştərək məhsuludur, yəni fənlərarası elm sahəsidir. Freym nəzəriyyəsi, koqnitiv psixologiya və süni intellekt bölümündə müəllif göstərir ki, freym nəzəriyyəsi süni intellekt sahəsində işlənib hazırlan-mışdır. Qeyd olunur ki, koqnitiv psixologiya və süni intellekt koqnitiv linqvistikanı da əhatə edərək koqnitiv elm adlanan interdisiplinar bir sahənin təşəkkülünü səciyyələndirir. Bu hissədə oxucu Fridrix Bartlett, Marvin Minsky, Rocer Şenk, Robert Abelson və Deyvid Rumelhart kimi məşhur dilçilərlə tanış olmaq imkanı qazanır. Bunun ardınca freym nəzəriyyəsi və koqnitiv linqvistika, koqnitiv psixologiya, süni intellekt, linqvistika, semiotika və ya semiologiya, ağılın fəlsəfəsi, koqnitiv neyroelm, biolinqvistika, elmdə inqilablar və klassik konsept nəzəriyyəsi kimi mövzular tədqiq olunur. Mövzular bir-birini tamamlayır. Kitabın dördüncü hissəsi koqnitiv linqvistikaya həsr olunmuşdur. Koqnitiv linqvistika yeni və çoxşaxəli elmi paradiqma kimi nəzərdən keçirilir. Burada koqnitiv linqvistikanın təşəkkülü, onun koqnitiv elmlərlə əlaqəsi, prototip nəzəriyyə və təsnifatlandırma, radial şəbəkələr və ideallaşdırılmış koqnitiv modellər, klaster modelləri, radial strukturlar və prototip effektlər, dil və təfəkkürdə metonimik modellər, maddiləşdirilmiş realizm və onun fenmomenoloji intensivliyi, konseptuallaşma və ikoniklik, koqnisiya müstəvisində sxem, koqnitiv linqvistikaya skeptik yanaşmalar və digər məsələlər öz izahını tapmışdır. Koqnitiv qrammatika: mental sxemlər və semantik perspektivlər beşinci hissənin ana xəttini təşkil edir. Burada koqnitiv qrammatika anlayışı və qrammatikanın koqnisiyaya münasibəti, dilin maksimalist və minimalist konsepsiyası, semantik-koqnitiv nəzəriyyə kimi güc dinamikası, sxematik sistemlər çərçivəsində güc dinamikası, sintaktik məna və mənanın dinamik konstruksiyası, eyni zamanda fiqur-fon seqreqasiyası və ya asimmetriya problemi, mental reprezentasiyaların fiqur-fon problemi, koqnitiv qrammatikada polisemiyanın dinamik konstruksiyası, koqnitiv sahə, kompleks matrisa və freym semantikası, polisemiyaya linqvo-koqnitiv yanaşma və digər mövzular diqqətlə işlənmişdir. Qrammatik şəbəkə modelləri, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi adlanan altıncı hissə də əvvəlki bölmələr kimi çoxsaylı linqvistik problemlərin tədqiqinə həsr edilmişdir. Müvafiq fəsillərdə və yarımfəsillərdə qrammatik şəbəkə modeli, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi, blend nəzəriyyəsi, kontrfaktiv əsaslandırma və mental modelləşdirmə, qrammatik blendlərin konseptual xüsusiyyətləri metafora daha üstün trop kimi ritorika və koqnitiv linqvistikanın qovşağında, konseptual inteqrasiya və təsnifatlandırma, simpleks şəbəkələr, güzgü şəbəkələr, təksferalı və ikiqatsferalı şəbəkələr, neyron şəbəkələr haqqında qənaətbəxş araşdırmalar aparılmışdır. İ.Abbasov bu monoqrafiyada qədim dövrlərdən tutumuş bu günümüzə qədər ən aparıcı dilçilik istiqamətlərinə təmas etmiş, müasir dilçiliyin aydın mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Linqvistikanı dilin rasional və sistemli bir elmi tədqiqat sahəsi kimi xarakterizə edən müəllif bu sahəni üç dixotomioyaya bölür: sinxronik-diaxronik, nəzəri-tətbiqi və mikrolinqvistik-­makrolinqvistik. Dilin sinxronik təsviri dili müəyyən bir zaman kəsiyində təsvir edir. Diaxronik təsvir dilin tarixi inkişafını və onda baş vermiş struktur dəyişiklikləri ifadə edir. Nəzəri dilçiliyin məqsədi dil strukturunun ümumi nəzəriyyəsinin və ya dillərin təsviri üçün ümumi nəzəri çərçivənin qurulması ilə şərtlənir. Tətbiqi diliçiliyin məqsədi dilin elmi cəhətdən öyrənilməsinin nəticə və üsullarını praktik məsələlərə, xüsusən, dilin tədrisinin təkmilləşdirilmiş metodlarının işlənib-hazırlanmasına tətbiq etməkdir. Mikrolinqvistika və makrolinqvistika terminləri hələ tam formalaşmayıb. Mikrolinqvistika dilçiliyin əhatə dairəsinə daha dar, makrolinqvistika isə  daha geniş baxışı nəzərdə tutur. Mikrolinqvistik baxışa görə, dillər sosial funksiyasına, uşaqlar tərəfindən dilin mənimsənilməsi tərzinə, nitqin qavranılmasının əsasını təşkil edən psixoloji mexanizmlərə, ədəbi-estetik mühitə və ya kommunikativ funksiyaya istinad etmədən öz-özülüyündə təhlil edilməlidir. Bunun əksinə, makrolinqvistika dilin bütün aspektlərini əhatə edir. Makrolinqvistikanın müxtəlif sahələri terminoloji cəhətdən təsbit edilmişdir: psixolinqvistika, sosiolinqvistika, neyrolinqvistika, antropoloji dilçilik, dialektologiya, riyazi və hesablama dilçiliyi, üslubiyyat  və s. Mikrolinqvistikada olduğu kimi makrolinqvistikanın hər bir hissəsində, prinsipcə, nəzəri aspekt mövcuddur. Ümumiyyətlə, nəzəri, sinxron mikrolinqvistikanı, adətən, struktur dilçilik və çox hallarda nəzəri dilçilik adlandırırlar. Dilin əsas funksiyasının konseptual strukturu dil forması ilə əlaqələndirməkdən ibarət olduğunu söyləyən müəllif qeyd edir ki, qrammatika semantik məzmunu simvollaşdırmaq vasitəsidir. Buna görə də o, müxtəlif mürəkkəblik dərəcələrində ifadələrin formalaşmasına və istifadəsinə təkan verən koqnitiv prinsiplərin təsvirinə xidmət edir. Stratifikasiya qrammatikasının konturunda dil, strukturun bir neçə əlaqəli təbəqələrindən ibarət sistem kimi modelləşdirilir. Məsələn, ingilis dili üçün altı təbəqə qeyd olunur. Hər bir təbəqə stratal sistemlər toplusu baxımından təşkil edilir və hər bir stratifikasiya qrammatikası sistemi dil strukturunun digər təbəqələrdə fəaliyyət göstərən strukturlarından asılı olmur və s. Ümumiyyətlə, mündəricatda göstərilən təxminən 155 fəsil,  paraqraf və yarımparaqrafdan ibarət dərin elmi-linqvistik məzmunlu kitab çox aktual mövzuları əhatə edir. Nəzəri dilçiliklə əlaqədar əksər mövzular Azərbaycan dilçiliyində ilk dəfədir ki, araşdırılıb tədqiqatçıların ixtiyarına verilir. Kitabın ərsəyə gətirilməsində linqvistikanın ən yeni nailiyyətlərini əks etdirən yüzlərlə elmi ədəbiyyatdan istifadə edilmişdir. Həmin ədəbiyyatın, demək olar ki, hamısı son onilliklərdə Qərb elminin nailiyyətlərini əks etdirən fundamental əsərlərdir. İrihəcmli və dərin  məzmunlu monoqrafiya ilk növbədə yerli tədqiqatçılar üçün ana dilində yazılmış ideal mənbədir. Ondan ali məktəb müəllimləri və tələbələr, doktorantlar, dissertantlar, dil nəzəriyyəçiləri, komparativistlər, müx­təlif profilli dilçi-filoloqlar faydalana bilərlər. Beləliklə, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası müasir dilçilik baxımından zəngin araşdırma təqdim edən yüksək məziyyətlərə malik qiymətli əsərdir. Əsər çoxşaxəli linqvistik tədqiqatlar üçün yeni perspektivlər vəd edir. NİZAMİ CƏFƏROV Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi,  filologiya elmləri doktoru, professor

Hamısını oxu
Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və bu səfər əsnasında səslənən fikirlər iki ölkə arasındakı dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü, eyni zamanda, iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin Rusiya səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın inkişafına töhfə verəcək. Hazırda da iki ölkə arasında həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar. Respublika Veteranları Təşkilatının sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin Vladimir Putinlə görüşü iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin də yüksək səviyyədə olduğunu əks etdirdi. Bu görüş göstərdi ki, dövlətlərimiz kimi, prezidentlərimiz arasında da şəxsi münasibətlər yüksək səviyyədədir. Dünya praktikası sübut edib ki, liderlər arasındakı şəxsi münasibətlərin dövlətlərarası münasibətlərə təsiri hər zaman böyük olur. Bu baxımdan Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərin də dövlətlərarası münasibətlərə fayda verəcəyi birmənalıdır. “Dövlət başçılarının görüşü həm də 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirmək istəməyən, bu yolda süni maneələr yaratmağa çalışan Ermənistana da ciddi mesajdır. Artıq bir neçə aydır ki, Ermənistan 10 noyabr Bəyanatının icrasını süni şəkildə əngəlləməyə, müxtəlif təxribatlar törətməyə çalışır. Ancaq bu təxribatların qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınmaqdadır. Sevindirici haldır ki, Prezident İlham Əliyevin Rusiya səfərində biz hər iki dövlət başçısının 10 noyabr Bəyanatına münasibətdə eyni mövqe sərgilədiyinin şahid olduq. Hər iki dövlət başçısı əminliklə vurğuladı ki, üçtərəfli Bəyanat icra edilməli, orada nəzərdə tutulan bütün məqamlar praktiki baxımdan əksini tapmalıdır. Bu baxımdan, Prezidentimizin Rusiya səfərini həm də Ermənistana, onun təxribatçı hərəkətlərinə verilən cavab, ciddi bir mesaj kimi də dəyərləndirmək mümkündür. Bu mesajın anlamı isə ondan ibarətdir ki, Ermənistan 10 noyabr Bəyanatını icra etməli, orada əksini tapan bütün nüansların, o cümlədən Zəngəzur dəhlizinin yaradılması, nəqliyyat infrastrukturunun formalaşması ilə bağlı məqamların icrasına süni əngəl yaratmamalıdır. Əks-təqdirdə, bu siyasət Ermənistanın özü üçün ağır nəticələrə, o cümlədən böyük iqtisadi itkilərə, sosial fəlakətə səbəb olacaq”, - deyə hərbi ekspert əlavə edib.

Hamısını oxu