Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezidentin Xankəndidə ucaltdığı bayraq Azərbaycanın haqlı mübarizəsinin zəfər salnaməsidir”

“Azərbaycanın əldə etdiyi bütün zəfərlərin nüvəsində İlham Əliyev faktoru dayanır”

Səmyar Abdullayev: “8 Noyabr kimi 15 oktyabr tarixi də ən müqəddəs günlərdən biri kimi xalqımız tərəfindən daim sevgi və ehtiramla anılacaq”

Dünən - 15 oktyabr tarixində Prezident İlham Əliyevin siyasi hakimiyyətinin 20-ci ildönümü tamam oldu.

Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə dövlətimizin son 20 ildəki uğurlarına qısa da olsa nəzər salmağa çalışdıq.

-Səmyar bəy, oktyabrın 15-də Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 ili tamam oldu. Bu 20 ili sosial-iqtisadi baxımdan necə dəyərləndirərdiniz?

-Hər şeydən öncə qeyd edim ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyət dönəmi Azərbaycan tarixində böyük uğurlar, iqtisadi-siyasi, eləcə də hərbi zəfərlərlə yadda qalıb. Sosial-iqtsiadi uğurlara gəlincə, deməliyik ki, son 20 ildə ölkəmizdə əhalinin sosial rifahı ötən dövrlərlə müqayisədə bir neçə dəfə yüksəlib, vətəndaşlarımızın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buna səbəb  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının uğurla inkişaf etdirilməsi, dövlət büdcəsinə neft sektoru ilə yanaşı, həm də qeyri-neft sektorundan böyük vəsaitlərin daxil olmasının təmin edilməsi olub.

Bu gün Azərbaycan sadəcə siyasi nüfuzuna və hərbi gücünə görə deyil, həm də iqtisadi qüdrətinə görə regionun lider dövlətidir. Bundan daha önəmlisi isə odur ki, Azərbaycan öz liderlik möqeyini hər ötən il daha da gücləndirir.

Prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurlar, sosial-iqtisadi inkişaf konkret rəqəmlərdə, statistikalarda da öz əksini aydın surətdə göstərir. Nümunə üçün qeyd edim ki, son 20 ildə Azəbaycanda minimum əmək haqqı 38 dəfə artıb. Bu, yalnız region deyil, dünya miqyasında rekord göstəricidir. Orta aylıq əmək haqqı 12 dəfə, minimum pensiya isə 14 dəfə artıb ki, bu da vətəndaşların sosial rifahına ciddi şəkildə təsir göstərib. Bütün bu rəqəmlər dövlətimizin iqtisadi qüdrətini təcəssüm etdirməklə yanaşı, Prezident İlham Əliyevin xalqa, vətəndaşa, onun sosial rifahının davamlı şəkildə yüksəlməsinə nə qədər mühüm önəm verdiyini göstərir.

-Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də qazilərə daim dəstək olduğu, onların ən xırda probleminə belə çox böyük həssaslıqla yanaşdığı hər kəsə məlumdur. Sizcə dövlətimizin son 20 ildəki siyasəti şəhid ailələrinin, qazilərin yaşamı, sosial rifahı baxımından hansı mühüm hadisələrlə əlamətdar olub?

-Qeyd etdiyiniz kimi, şəhid ailələri, müharibə əlilləri və veteranlar, eləcə də digər əlilliyi olan vətəndaşlarımız, həmçinin, görmə məhdudiyyyəti olan insanlarımız hər zaman dövlət başçısının, eləcə də Birinci Vitse-prezident hörmətli Mehriban xanımın daim diqqət mərkəzində olub. Ölkəmizdə həssas kateqoriyadan olan bu insanlarla bağlı çoxlu sayda sosial layihələr icra olunub, mühüm addımlar atılıb. Rəqəmlərə nəzər salsaq görərik ki, son 20 ildə Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və qazilərə verilən təqaüd 6 dəfə artırılıb. Habelə, məlum kateqoriyadan olan 124 min vətəndaşımıza yardımlar göstərilib, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər icra edilib.

Prezident İlham Əliyevin qayğısı sayəsində məlum kateqoriyadan olan 20 min nəfərin məşğulluq problemi həll edilib, onlar daimi işlə təmin olunublar. 

Dövlət başçısı veteranlarımızın, müharibə əlillərinin sağlamlıq vəziyyətini də daim diqqət mərkəzində saxlayıb. Qeyd edək ki, 458 nəfər müharibə əlili yüksək texnologiyalar əsasında hazırlanan müasir protezlərlə təmin edilib. Minlərlə müharibə iştirakçısının Türkiyə, Almaniya və digər ölkələrdə müalicəsi təmin olunub. Bir sözlə, dövlətimiz bütün imkan və resurslarından istifadə edərək şəhid ailəlrinin, müharibə əlillərinin, qazilərin problemlərini yüksək səviyyədə həll edib, bu gün də onların sosial rifahının yüksəldilməsi, arzu və istəklərinin reallaşdırılması istiqamətində qətiyyətlə çalışmaqdadır.

Prezident İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatına da xüsusi dqiqət yetirir. Yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub.

Statistik məlumatlar göstərir ki, ümumilikdə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə əlilinə mənzil verilib. Bu, yalnız region dövlətləri deyil, dünya dövlətləri ilə müqayisədə çox yüksək göstəricidir. Bunu da qeyd edim ki, 2021-2023-cü illər ərzində dövlət başçısının qayğısı sayəsində 500-ə qədər görmə məhdudiyyəti olan vətəndaşımız evlə təmin olunub. Bütün bu faktlar dövlət başçısının şəhid ailələrinə, əlillərə olan sonsuz qayğısının göstəricisidir.

-Səmyar bəy, sizcə Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dönəmində xalqa bəxş etdiyi ən böyük sevinc nədən ibarət olub?

-Əminliklə deyə bilərəm ki, dövlət başçısının bu illər ərzində xalqımıza, dünya azərbaycanlılarına yaşatdığı ən böyük sevinc 2020-ci ilin Vətən müharibəsi nəticəsində əldə edilən 8 Noyabr zəfəridir. Məhz bu qələbə 30 illik erməni işğalına son qoydu, 90-cı illərin əvvəllərində işğal edilən yüzlərlə yaşayış məntəqəmizə - şəhərlərimiz, kəndlərimizə azadlıq bəxş etdi. Məhz bu zəfər nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün geri qayıtması üçün əlverişli şərait yarandı. Hansı ki, artıq minlərlə vətəndaşımızın işğaldan azad edilən ərazilərə qayıdışı təmin edilib.

Bu baxımdan, Prezient İlham Əliyevin xalqımıza  bəxş etdiyi 8 Noyabr zəfəri müqayisəolunmaz və təkrarsızdır. Və xalqımızın bu böyük günün sevincini əbədi yaşayacaqdır.

-Dünən – 15 oktyabr tarixində Przident İlham Əliyev daha bir neçə yaşayış məntəqəsində, eləcə də Ağdərə, Xocalı, Əsgəran və Xankəndidə Azərbaycan bayrağını ucaltdı, xalqa müraciət etdi. Baş verən bu mühüm olayları milli tariximiz, siyasi reallığımız baxımından necə qiymətləndirirsiniz?

-Prezidentin bu torpaqlara səfəri, Azərbaycan bayrağını Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə qaldırması istər tarixi, istər mənəvi, istərsə də siyasi baxımdan olduqca mühüm, analoqsuz bir hadisədir. Bu, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra xalqımıza yaşatdığı ən böyük sevincdir.

Yada salım ki, düz 3 il bundan öncə bəzi qüvvələr ordumuzun, Ali Baş Komandanımıızn  Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə kölgə salmağa cəhd edir və bu məqsədlə bəzi ərazilərin – Xocalının, Ağdərənin, Xankəndinin və s. ərazilərin hələ də ermənilərin nəzarətində olduğunu qeyd edirdilər. Halbuki, hələ o zaman da hər kəsə məlum idi ki, bu torpaqlar da Azərbaycanın nəzarətinə keçəcək, erməni separatizminin bu torpaqlardakı varlığına son qoyulacaq. Çünki dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulamışdı ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü üçün nə lazımdırsa ediləcək, bu məsələdə hər hansı güzəştə yol verilməyəcək. Dünən biz Prezidentin bugünə qədər verdiyi bütün sözlər kimi bu vədinə də əməl etdiyinə şahid olduq. Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyev bu torpaqları qarış-qarış gəzərək Azərbaycan həqiqətlərini bir kəs daha bütün dünyanın diqqətinə çatdırdı. Prezident addım atdığı hər bir tarixi Azərbaycan ərazisində üçrəngli bayrağımızı ucaltmaqla sübut etdi ki, son söz Azərbaycanındır və bu söz haqqın, ədalətin təntənəsi deməkdir.

Xankəndi və digər torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasının mənəvi əhəmiyyəti də olduqca böyükdür. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və əsrlər boyu bu torpaqlarda Azərbaycan xalqının nümayəndələri yaşayıb. Lakin Ermənistanın uzun illər ərzində apardığı diskriminasiya və soyqıırm siyasəti, işğal faktoru vətəndaşlarımizin bu torpaqlardan didərgin düşməsi ilə nəticələnmişdi. Prezidentin Xankəndidə, Ağdərədə, digər yaşayış məntəqələrində ucaltdığı bayraq bu nisgilə, bu ayılığa da son qoydu. Vaxtiylə bu torpaqlardan qovulan, didərgin salınan vətəndaşlarımız yenidən öz tarixi ata-baba yurdlarına qayıtmaq imkanı əldə etdilər. Biz buna görə cənab Prezidentə təşəkkür edir, ona öz sonsuz minnətdarlığımızı bildiririk. Əminəm ki, Prezident İlham Əliyevin bu tarixi xidməti sonsuza kimi xalqımız tərəfindən sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq, hər zaman iftixar hissi ilə yad ediləcək.

-Səmyar bəy, Prezident çıxışında bildirdi ki, bu torpaqlarda olmağına səbəb Azərbaycan xalqı, Azərbaycan övladlarıdır. Sizcə bu açıqlama dövlət başçısının fədakar xalqımıza, qəhrəman ordumuza, onların tarixi əməyinə verdiyi yüksək qiymət hesab edilə bilərmi?

-Şübhəsiz.

 Prezident haqlı olaraq qeyd etdi ki, bütün bu torpaqların işğaldan azad olunmasına səbəb şəhidlərimiz və qazilərimizdir. Məhz onların qəhrəmanlığı, cəsarəti, rəşadəti sayəsində erməni faşizmi məğlub olmuş, torpaqlarımız düşmən işğalından azad edilmişdir. Lakin bu məsələdə hər kəsə məlum olan bir həqiqət var ki, bu da əldə edilən bütün bu zəfərlərin məhvərində, nüvəsində Ali Baş Komandan faktorunun olması gerçəyidir.

Bütün dünyaya yaxşı məlumdur ki, Azərbaycan xalqı son 20 ildəki bütün qələbələrini, eləcə də Qarabağda əldə etdiyi zəfərləri məhz Prezident İlham Əliyevin dərin zəkası, sonsuz qətiyyəti və müdrikliyi sayəsində əldə edib.

Hesab edirəm ki, 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də Azərbaycan tarixində ən müqəddəs günlər kimi qeyd ediləcək, hər zaman xalqımızın, ordumuzun və Pezidentimizin mübarizlik və qələbə əzmi kimi qürurla yad ediləcək. Və nə qədər ki, Azərbaycan xalqı var, ona bu böyük zəfərləri bəxş edən İlham Əliyev ismi də xalqımızla birlikdə yaşayacaq, sonsuza kimi ehtiram hissi ilə xatırlanacaqdır.

-Prezidentin Xankəndi və digər torpaqlarımızda Azərbaycan bayrağını ucaltması Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməkdədir. Sizcə Ali Baş Komandanın bu tarixi zəfərini həm  də “Heydər Əliyev İli”nə ən böyük töhfə hesab etmək olarmı?

-Sizinlə tamamilə razıyam. Uzun illər erməni işğalında olan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması Ulu öndərin ən böyük arzusu idi. Bu arzunu isə məhz onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan reallığa çevirdi.

İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla bütün dünyaya göstərdi ki, Heydər Əliyev ideyaları, Azərbaycan xalqının iradəsi hər zaman qalib gəlir. İlham Əliyev Ağdərə, Əsgəran, Xocalıda üçrəngli bayrağımızı yüksəltməklə  sübut etdi ki, o, ata vəsiyyətinə, xalqın arzu və istəyinə sadiqdir və bunun üçün hər cür fədakarlığa hazırdır.

Mən  bir daha xalqımıza yaşatdığı bunca böyük səadətə görə Prezident İlham Əliyevə təşəkkür edir, ona bu çətin, tarixi missiyasında yeni-yeni uğurlar arzulayıram.

Seymur ƏLİYEV

 

2023-10-16 11:08:18
3398 baxış

Digər xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunmuş tədbir

25 may 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmış və tədbirin Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 99-cu ildönümünə həsr edildiyini vurğulamışdır: “Sizə də məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 16-da sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənlərinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur”. Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə, Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Prezi­denti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedra­sının müdiri, dosent Firdovsiyə Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və KİV-in nümayəndələri iştirak etmişlər.

Hamısını oxu
“Bu gün vətənpərvərlik tərbiyəsi milli maraqlarımız baxımından ikiqat əhəmiyyət kəsb edir”

Cəlil Xəlilov: “Dünyamızdakı mövcud gərginlik vətənpərvərlik tərbiyəsinin önəmini artımaqdadır”   “Bu gün vətənpərvərlik tərbiyəsi, gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı milli maraqlarımız baxımından ikiqat əhəmiyyət kəsb edir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünyamızdakı artan təhdid və təhlükələr vətənpərvər gəncliyə malik olmağın əhəmiyyətini əvvəlki dönəmlərlə müqayisədə qat-qat artırmaqdadır:   “Bu gün regionda və dünyada baş verən proseslər hər kəsə məlumdur. Davam edən Rusiya-Ukrayna müharibə, İran-isral gərginliyi, Yaxın Şərqdə baş verən silahlı qarşıdurmalar, Ermənistanın silahlandırılması və s. kimi amillər bizi diqqətli olmağa, öz ayıq-sayıqlığımızı qorumağa vadar edir. Baş verən məlum proseslər göstərir ki, Azərbaycan öz hərbi gücü ilə yanaşı, həm də mənəvi gücünü, mənəvi həmrəyliyini qorumalı, gənclərimiz vətənpərvərlik ruhunu hifz etməlidir. Bu məsələdə QHT-lərin, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük vəzifələr düşür.   Mühaibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də bu istiqamətdə ardıcıl fəaliyyət ortaya qoymaqda, orta və ali təhsil müəssisələrində gənclərimizlə mütəmadi  görüşlər keçirməkdəyik. Təşkilatımızda təşkil edilən tədbirlərdə gənclər də iştirak edir ki, bu da onlara veteranlarla daim ünsiyyət saxlamağa, yaxın tarixi keçmişimizdə yaşanan olaylar, qəhrəmanlıq nümunələri haqqında ətraflı məlumat almağa imkan verir. Biz tez-tez müharibə qəhrəmanları, veteranlarla gənclərin görüşlərini təşkil edir, nəsillər arasında mənəvi bağlılığın qorunub saxlanılmasına çalışırıq. Çalışırıq ki, gənclər Birinci Qarabağ müharibə və 44 günlük Vətən müharibəsi ilə bağlı həqiqətləri bu müharibələrin iştirakçılarının dilindən eşitsin, onlarla canlı təmasda olsun.     Bu gün bəzi iri güclər öz maraqları naminə Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə, müxtəlif qarşıdurmalar yaratmağa çalışırlar. Belə bir vəziyyətdə bizim xalq olaraq həmrəy olmağımız, Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın yanında yer almağımız son dərəcə vacibdir. Biz öz həmrəyliyimiz, sayıqlığımız, dövlətimizə, Prezidentimizə, Ordumuza verdiyimiz dəstəklə bütün dünyaya göstərməliyik ki, Azərbaycan milli maraqlarını, müstəqilliyini və təhlükəsizliyini təmin etmyə qadirdir v ə bu məsələdə kimsəyə güzəştə getməyəcək”.

Hamısını oxu
Od-alov içindən keçmiş döyşçü

Alman faşizmi üzərində  qələbənin 80  illiyi...  ...1942-ci ilin məşəqqətli günləri idi. Bu o vaxtlar idi ki, ölkəmizə qəfildən hücum edən alman-faşist qoşunları artıq Şimali Qafqazın ətəklərinə qədər gəlib çıxmışdılar. Mozdak şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Belə bir ağır zamanda Fətulla da Cəlilabad rayonunun Pakrovka (indiki Günəşli)  kəndindən cəbhəyə yola salınır. Fətulla Niftullayev o qanlı-qadalı günləri belə xatırlayırdı: -İlk döyüş yolum Stalinqrad cəbhəsindən başlayıb. 1942-ci ilin iyun ayı idi. Kotelnikov yaşayış məntəqəsi uğrunda ölüm-dirim mübarizəsi aparırdıq. Faşistlər şəhəri talan etmiş, taxıl anbarları olan yerləri yandırıb külə döndərmişdilər. Birdən komandirimiz Aleksandr Zolotnikovun və vzvod komandiri Baloğlan Şükürovun “İrəli, hücum!” sözlərini eşitdik. Mərmilər böyrümüzdə partlayır, güllələr qulaqlarımızın yanından keçirdi. Azğın faşistləri geri oturtmaq üçün sinəmizi qabağa vermişdik. Düşmən məğlub olmaq istəmirdi. Yoldaşlarımızla hücuma keçib düşməni məhv etmək qərarına gəldik. Elə düşündüyümüz kimi əməliyyatı da həyata keçirtdik. Ağır yaralandığım üçün huşumu itirmişdim. Qospitalda gözlərimi açıb özümə gələndə yanımda rayonumuzun Suluçeşmə kəndindən olan Qəhrəman Atayevi və general Həzi Aslanovu gördüm. Həzi Aslanov qayğıkeşlik göstərib dodaqlarımı su ilə islatdı,  sifətimdəki qanı sildi. Sonra alnımdan öpərək  ayrıldı... Fətulla Niftullayev sağaldıqdan sonra  yenidən ön cəbhəyə, 77-ci diviziyanın döyüşdüyü cəbhəyə göndərilir. O, Krasnodar diyarının azad edilməsində, Ukraynanın Zaparojye, Xerson, Krım vilayətlərinin alman-faşist işğalçılarından təmizlənməsində fəal iştirak edir. Fətulla Stalinqradın, Rostov-Don, Novorossiysk, Simferopol, Sevastopol, Taqanroq və başqa yaşayış məntəqələrinin azad olunmasında və müdafiə edilməsində döyüş yoldaşları ilə birgə böyük rəşadət göstərir. 1944-cü ildə Fətulla Niftullayevin döyüş yolu Keniqsberqdən keçir. Qızğın döyüşlərin birində ağır yaralandığı üçün əsir düşür. Onun uzaq yerlərdə - əsir düşərgəsində çətin və məşəqqətli günləri başlayır. Nəhayət, əsir düşərgəsindən qaçıb Fransa partizanlarına qoşulur. Fransa müqavimət hərəkatının fəal iştirakçısı olur. Alman faşizminə qarşı fransız partizanları ilə birgə mübarizə aparır. Partizanlar arasında böyük nüfuz qazana bilir. Fransa KP MK-nın rəhbəri olan Marsen Kaşen şəxsən özü onunla tanış olub igid qafqazlı balasına xeyir-dua verir. Fətulla Niftullayev alman faşistlərilə müharibənin bizim qələbəmizlə başa çatması xəbərini də elə Fransada olarkən eşidir.. Vətənin müdafiəsi naminə müharibəyə könüllü gedən Fətulla Niftullayev döyüş cəbhələrində rəşadətli əsgər kimi göstərdiyi şücaətlərinə görə “I dərəcəli Şərəf”, “I dərəcəli Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Qafqazın müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Simferopolun alınma- sına görə”, “Varşavanın alınmasına görə”, “Kensbirqin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində torpaqlarımızı düşmənlərdən qorumaq üçün təkcə  Cəlilabad rayonundan  6440 nəfər müharibəyə yola salınmışdı. Faşistlərin şeytan yuvası olan Reyxstaq üzərinə Qələbə bayrağı sancılandan sonra  cəbhədən yaralılarla birlikdə cəmi 2800 nəfər cəlilabadlı geri  dönə bilmişdi. Onlardan biri də Fətulla Niftullayev idi. O, böyük qələbədən xeyli sonra öz elinə qayıtdı. Ömrünün sonuna kimi müxtəlif sahələrdə çalışdı, döyüş cəbhəsində olduğu kimi əmək cəbhəsində də öz yoldaşlarına nümunə oldu, onların rəğbətini qazandı. Hər il faşizm üzərində qələbənin ildönümünü qeyd edəndə Fətulla  Niftullayev kimi igid oğulları bir daha ehtiramla yad edir, onların qəhrəmanlıqları ilə qürur duyuruq. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin aprel ayının 7-də veteranlarla görüşündə haqlı olaraq demişdir: “1941-1945-ci illlər Azərbaycan xalqının tarixində də görkəmli yer tutur, xalqımızın parlaq səhifəsidir. Biz bunları böyük hörmət və ehtiramla xatırlayırıq. Bu dövrün insanlarını – həm həmin dövrdə döyüşən və həlak olanları, cəbhədə yaralanları, həm də rəşadət göstərib bu gün yaşayanları, həyatlarını dəyişənləri həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”. Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. Böyük Vətən müharibəsində Vətənimizin xilası yolunda, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş Fətulla  Niftullayev kimi müharibə iştirakçılarının  xatirəsini  ehtiramla yad etmək bu gün bizim mənəvi borcumuzdur. Bəli, heç kim unudulmur, heç nə yaddan çıxmır. Bu gün Fətulla  Niftullayevin də əziz xatirəsi qəlbimizdə yaşayır. Od-alov içindən keçmiş döyüşçünün adının əbədiləşdirilməsi üçün Cəlilabadın geniş küçələrindən birinə onun adı verilib. Fərəhli haldır ki, Sverdlovsk vilayətində yerləşən “Krasnıy kult” orta məktəbi də həmyerlimiz Fətulla Niftullayevin adını daşıyır... Ədalət SALMAN, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri

Hamısını oxu
Zabit yoldaşı qollarında şəhid olan qazimiz:

“Silah yoldaşım yanımda snayper gülləsindən yaralandı. Əlini sıxdım ki, qorxma, çıxacağıq, yaşayacaqsan. Son nəfəsində mənə evlərinin nömrəsini verib, ailəmə xəbər verərsən deyib qollarımda şəhid oldu...İnsan o görüntüləri yaddaşından silə bilmir, bu gün də mən gözlərimi yumub rahat yuxu yata bilmirəm...” Nə qədər ağır olsa da, bu müharibədən geridə qalan acı həqiqətidir. 44 günlük Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçu həlak olub. O igidlərin öz dilindən eşidə bilməyəcəyimiz ən azı 2783 qəhrəmanlıq dastanı qaldı geridə. Onların şücaətləri barədə isə elə onlarla çiyin-çiyinə vuruşan, şəhidlərin qanını yerdə qoymayan qəhrəman qazilərimiz, əsgərlərimiz danışacaq. Elə bu dəfə ki, müsahibimiz kimi. Müharibə başlayandan orduya can atan Mehdiyev Samir Nizami oğlu səfərbərlik elan edildikdən sonra ön cəbhəyə yollanan hərbçilərimizdəndir. Zabit kimi Vətən müharibəsində iştirak edən Samir deyir ki, döyüşlərə tağım komandiri kimi başlayıb.   - Döyüşlərə hansı istiqamətdə başladınız? - Füzuli istiqamətindən döyüşlərə başladıq. Bizim tabor bu istiqamətdə döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi. Biz Füzuliyə girəndə ermənilər döyüşmək yerinə silahlarını, mövqelərini qoyub qaçırdılar. Bəlkə də bir neçə saatın içində Füzulini ermənilərdən təmizlədik. Daha sonra Cəbrayıl istiqamətində irəliləməyə başladıq. Hadrut istiqamətində də çox gərgin döyüşlər oldu. Düşmənin döyüş meydanında qoyub-qaçdığı zirehli texnikaları, silah-sursatları qənimət kimi götürürdük. Onların mövqelərini tuta-tuta irəliləyirdik. Boşaldılan kəndləri gördükcə insanın ürəyi ağrıyırdı. Bizim torpaqlarımızı, ata-baba evlərimizi darmadağın ediblər. - Yaralandığınız istiqaməti xatırlayırsızmı? - Xocavənd istiqamətindəki döyüşlərdən sonra Şuşa uğrunda döyüşlərə qoşulduq. Səngərlərdə mövqelərimizi tuturduq. Hər səngərdə demək olar ki, 3-4 nəfər olurduq. Şuşanın girişinə çox az qalmışdı. Düşmən minaatandan atəş açdı. Çox təəssüf ki, mərmi səngərdə dayanan əsgərin üzərinə düşdü. Bir anlıq hər kəs yerində dondu qaldı. Gözümüzün önündə yox oldu... Qanı üzərimizə sıçradı. Mən və zabit yoldaşım isə qəlpə yarası aldıq. Ayağımdan bir neçə yerdən qəlpə yarası aldım, mərminin dalğası isə aşağı ətrafları yandırdı. Şokdan çıxa bilmirdik. Əsgərlər bizi yaralı halda sürüyə-sürüyə təhlükəsiz mövqelərə gətirdilər. Oradan təcili tibbi yardım maşını ilə Füzuli rayon xəstəxanasına gətirildim. İlkin yardım edildikdən sonra Bakıya göndərdilər. - Bəs o səngərdə şəhid olan əsgər...? - Özümə gələn kimi, o əsgərin ailəsini ziyarət edəcəm. O gənc qəhrəman özü bilmədən digərlərinin həyatını xilas etdi. O qədər cəsur, mərd əsgər idi, sizə onu ifadə edə bilmirəm. Ömür boyu bu hadisə mənim hafizəmdən çıxmayacaq. Hər gözümü yumanda o gəlir gözümün önünə. Artilleriya atəşindən bir neçə dəqiqə qabaq isə əsgərlər çay istəmişdi. Həlak olan əsgər birinci dedi mən dəmləyərəm. Sonra bilmirəm nə oldusa, fikrini dəyişdi. Digər əsgər yoldaşı getdi, o qaldı. Bəlkə də o da əsgər yoldaşları ilə birlikdə getsəydi, indi sağ olardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əsgərlərimizin hər biri yüksək əhval-ruhiyyədə idi, can atırdılar ki, irəli getsinlər. Danışdıqca özümə yaxşı hiss etmirəm. O uşaqların üz-gözü yadımdan çıxmır. Səhər bir yerdə olduğun əsgərin bir neçə saat sonra nəşini daşımaq çox ağırdır...Bunu izah etmək olmur. Hər saniyənin öz hökmü olduğunu çox acı şəkildə yaşadıq... - Azad edilən ərazilərdə düşmən tərəfindən yerləşdirilən minalar çox idi? - Bizim qarşımızda ermənilər var. Onlar elə düşməndir ki, illərdir bu ərazilərdə pusqular qurub. Onlar savaşa bilmir, ancaq qorxub qaçırlar. Qaçdıqca əraziləri minalayırlar. Amma Azərbaycan Ordusu onların düşündüyündən də güclü, yüksək hərbi biliklərə malikdir. Odur ki, biz nə özümüz, nə də əsgərlərimizi onların tələlərinə düşməyə icazə vermədik. Əraziləri, evləri minalayır, müxtəlif partlayıcı qurğular qoyurdular. Bəzən zirehli jiletlərini, bir neçə silahlarını ortalıq yerdə atıb, altına partlayıcı qoyurdular. Kəndlərdə isə küçəyə diqqət çəkmək üçün müxtəlif zinət əşyaları, avadanlıqlar qoyurdular. O qədər dilənçi millətdir ki, zənn edirdilər ki, bizim əsgərlər onları götürüb tələyə düşəcək. Əvvəla biz irəlidə əsgərlərin getməsinə icazə vermirdik. İkincisi isə heç kim ərazi təmizlənməmiş heç nəyə toxunmurdu. - Özünüzün qarşılaşdığınız və zərərsizləşdirdiyiniz partlayıcı olubmu? - Bir dəfə Cəbrayılda bir kəndə girdik. Kənddəki evlərdən birinin qapısında əl qumbaralarından ibarət “sürpriz” hazırlanmışdı. Biz onlardan daha ehtiyatlı davranıb hazırlanan qurğunu işə düşməmiş zərərsizləşdirdik. Şükür ki, heç bir itkimiz olmadı. Evlərin içərisində ermənilər gizlənə bilərdi, mülki əhali qala bilərdi. Ona görə biz bütün evlərə girib boş olduğunu yoxlayırdıq. - Sosial şəbəkələrdə evlərin anbarında şorabalardan, kompotlardan yeyən-içən əsgərlərin videoları paylaşılırdı. Hər kəs onlara görə narahat olurdu ki, zəhərli olar. Bəs siz istifadə edirdinizmi o qidalardan? - Xeyr, bizim qida ehtiyatımız var idi. Bütün hallarda müharibədir, çətinlik ola da bilərdi, amma bütün hallarda əsgərlərin o qidalara toxunmasına, yeməsinə icazə vermirdik. Onların təhlükəsizliyi naminə bu məsələdə qəti qərar verilmişdi. Siz təsəvvür etməzsiz, əhalidən bizə nə qədər qida, isti corab, papaq, əlcəklər göndərirdilər. Analarımız öz əlləri ilə yun corablar toxuyub göndərirdi. Onların əsasən, qoyunlarından, toyuqlarından kəsib kabab edirdik. Əsgərlərə şərait yaradırdıq ki, yorğunluqlarını belə atsınlar. - Sizin üçün müharibədə ən çətin mövqe, ən ağır döyüş hansı istiqamətdə oldu? - Füzuli istiqamətində hücuma keçəndə bunker deyilən yerə hücuma keçdik. 28 ildə hazırladıqları bunkerlər artilleriya davamlı olduğu üçün silah-sursatları orada saxlayırdılar. Snayperlər, qumbaraatan qurğular orada saxlanılırdı. Biz hücuma keçəndə onlar gözlədilər. Bunkerlərə yaxınlaşdıqdan sonra düşmən bizi artilleriya atəşinə tutdu. Bir neçə əsgər, zabit yoldaşlarımız şəhid oldu. Təxminən 3-4 saat davam edən ağır döyüşlərdə təəssüf ki, itkilərimiz oldu. Yaralılarımızı təhlükəsiz mövqelərə çəkdik. Düşmən isə öz yaralılarını elə orda qoyub qaçırdı. Gecə isə şəhid olan yoldaşlarımızın nəşlərini neytral ərazidən götürdük. Füzulinin Əsləsgərli kəndinə hücuma keçərkən tabor komandirimiz mayor Azayev şəhid oldu. Düşmənin snayper atəşi ilə həlak olan mayor Azayev 12 nəfərdən ibarət zabit, əsgər heyətinin həyatını xilas etdi. Ermənilər bizi mühasirəyə almağa cəhd etdilər, amma buna nail ola bilmədilər. Döyüş tapşırıqlarını yerinə yetirib, mövqelərimizi dəyişirdik. Düşmənin mövqelərində çox qalmaq olmurdu, çünki onlar ilk olaraq tərk etdikləri səngərləri atəşə tuturdular.   - Ən uzun çəkən döyüş hansı oldu? - Hadrut istiqamətindən qızğın döyüşlər getdi. Yüksəklik olduğu üçün düşmən hər cür mənfur addımı atırdı. Lakin, sonunda haqq qazandı, biz qazandıq. Onları iti qovan kimi qovub, torpaqlarımızdan çıxardıq. - Şuşanın azad olunması xəbərini xəstəxanada aldınız? - Bəli. Ayın 5-i mən artıq xəstəxanada idim. Onda eşitdim ki, bizim tabor Şuşaya girib. Həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, əsgər yoldaşlarımız bizim yoxluğumuzda belə düşmənə Azərbaycan Ordusunun gücünü göstərdi. Kədərlənməyim isə Şuşaya girmək, azadlığı uğrunda döyüşdə iştirak etmək şərəfinə nail olmamağıma görədir. Amma Ali Baş Komandana təşəkkür edirəm ki, Vətən müharibəsində iştirak etmək şərəfinə layiq görülənlərdən biri oldum. - Yaralandığınızla bağlı ilk xəbəri kimə dediz? - Biz ailədə beş qardaşıq. Ortancıl qardaşıma mesaj yazdım. Anam xəstədir, qorxdum ki, narahat olar. Elə Füzulidə xəstəxanada qardaşıma mesaj yazdım ki, “Horadizdə hospitala düşmüşəm, heç kimə demə. Yaram yüngüldü”.   Sonra zəng elədim ki, kənara çəkilər yəqin. Qardaşım da elə bilib ki, mən deyiləm, kimsə mənim adımdan yazıb. Qorxub.  Söhbətimizə qoşulan qazımızın qardaşı Füzuli Mehdiyev deyir ki, səsini eşidənə qədər qardaşının şəhid düşdüyünü zənn edib: “Ağlıma o qədər fikirlər gəldi ki, narahat oldum. Düşündüm ki, ciddi nəsə olub. Mənə demirlər. Sonra səsini eşitdikdən sonra ürəyim yerinə gəldi. Düşündüm ki, atama necə deyim ki, qorxmasın. Bizim öz aramızda qərargah adlandırdığımız otağımız var. Həmişə orda oturub söhbət edirdik. Atamı otağa çağırdım, gələn kimi soruşdu ki, “Samirə nə olub?”. Dedim yaxşıdı, sadəcə yaralanıb. Elə həmin gün də Füzuliyə yola düşdük. Evə gələnə qədər anama demədik ki, Samir yaralanıb”. Qazimizin atası Nizami Mehdiyev isə oğlu ilə fəxr etdiyini deyir: “Beş oğlum var hamısını vətənpərvər ruhda böyütmüşəm. Özüm Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibəyə könüllü olaraq yardım edənlərdən biri olmuşam. O vaxt 26 şəhidi daşımışdım, oğlum üçün bir anlıq həyəcan keçirdim. Şəhidlik ən uca zirvədir, təəssüflənməzdim. Amma atayıq, valideyn olduğumuz üçün ani olaraq sağ-salamat olduğunu eşitmək istəyirsən... Birinci mənə dedilər ki, Samirin ayağını çəkmə sürtüb, həkimə aparıblar. Özüm də ehtiyatda olan zabitəm, dedim məni aldatmayın. Nəhayət səs yazısını mənə dinlətdilər, canı üstündədir dedilər ürəyim sakitləşdi”. - 44 gün ərzində ailəniz ilə danışa bilirdinizmi? - Çalışırdım hər gün danışım. Lakin, imkan olmurdu. Orada dalğa tutmurdu. Elə olurdu günlərlə evi yığa bilmirdim. Ailəmdən, övladlarımdan ötrü darıxırdım. Həm də mən cəbhədə olanda qızımın ad günü oldu. Burda əlimdən gələn heç nə yox idi. Bu döyüşlərə gəlmişik ki, müharibə sabaha qalmasın, övladlarımıza qalmasın. Qızıma bir məktub yazdım. Xahiş etdim ki, ona çatdırsınlar. Qismətdir, bəlkə bir də görmək nəsib olmaz. Bilsin ki, atası harda olursa olsun onu da, qardaşını da bir an belə yadından çıxarmayıb. Sağ olsun qardaşım, məktubu qızıma çatdırıb. Onun da görüntülərini çəkib mənə göndərdi. Hisslərimi ifadə edə bilmirəm. Allah bütün əsgərləri ailələrinə, əzizlərinə qovuşdursun. Şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa diləyirəm. Könül CəfərliFoto: Ramil Zeynalov

Hamısını oxu