Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Od-alov içindən keçmiş döyşçü

Alman faşizmi üzərində  qələbənin 80  illiyi...

 ...1942-ci ilin məşəqqətli günləri idi. Bu o vaxtlar idi ki, ölkəmizə qəfildən hücum edən alman-faşist qoşunları artıq Şimali Qafqazın ətəklərinə qədər gəlib çıxmışdılar. Mozdak şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Belə bir ağır zamanda Fətulla da Cəlilabad rayonunun Pakrovka (indiki Günəşli)  kəndindən cəbhəyə yola salınır. Fətulla Niftullayev o qanlı-qadalı günləri belə xatırlayırdı:

-İlk döyüş yolum Stalinqrad cəbhəsindən başlayıb. 1942-ci ilin iyun ayı idi. Kotelnikov yaşayış məntəqəsi uğrunda ölüm-dirim mübarizəsi aparırdıq. Faşistlər şəhəri talan etmiş, taxıl anbarları olan yerləri yandırıb külə döndərmişdilər. Birdən komandirimiz Aleksandr Zolotnikovun və vzvod komandiri Baloğlan Şükürovun “İrəli, hücum!” sözlərini eşitdik. Mərmilər böyrümüzdə partlayır, güllələr qulaqlarımızın yanından keçirdi. Azğın faşistləri geri oturtmaq üçün sinəmizi qabağa vermişdik. Düşmən məğlub olmaq istəmirdi. Yoldaşlarımızla hücuma keçib düşməni məhv etmək qərarına gəldik. Elə düşündüyümüz kimi əməliyyatı da həyata keçirtdik. Ağır yaralandığım üçün huşumu itirmişdim. Qospitalda gözlərimi açıb özümə gələndə yanımda rayonumuzun Suluçeşmə kəndindən olan Qəhrəman Atayevi və general Həzi Aslanovu gördüm. Həzi Aslanov qayğıkeşlik göstərib dodaqlarımı su ilə islatdı,  sifətimdəki qanı sildi. Sonra alnımdan öpərək  ayrıldı...

Fətulla Niftullayev sağaldıqdan sonra  yenidən ön cəbhəyə, 77-ci diviziyanın döyüşdüyü cəbhəyə göndərilir. O, Krasnodar diyarının azad edilməsində, Ukraynanın Zaparojye, Xerson, Krım vilayətlərinin alman-faşist işğalçılarından təmizlənməsində fəal iştirak edir. Fətulla Stalinqradın, Rostov-Don, Novorossiysk, Simferopol, Sevastopol, Taqanroq və başqa yaşayış məntəqələrinin azad olunmasında və müdafiə edilməsində döyüş yoldaşları ilə birgə böyük rəşadət göstərir. 1944-cü ildə Fətulla Niftullayevin döyüş yolu Keniqsberqdən keçir. Qızğın döyüşlərin birində ağır yaralandığı üçün əsir düşür. Onun uzaq yerlərdə - əsir düşərgəsində çətin və məşəqqətli günləri başlayır. Nəhayət, əsir düşərgəsindən qaçıb Fransa partizanlarına qoşulur. Fransa müqavimət hərəkatının fəal iştirakçısı olur. Alman faşizminə qarşı fransız partizanları ilə birgə mübarizə aparır. Partizanlar arasında böyük nüfuz qazana bilir. Fransa KP MK-nın rəhbəri olan Marsen Kaşen şəxsən özü onunla tanış olub igid qafqazlı balasına xeyir-dua verir. Fətulla Niftullayev alman faşistlərilə müharibənin bizim qələbəmizlə başa çatması xəbərini də elə Fransada olarkən eşidir..

Vətənin müdafiəsi naminə müharibəyə könüllü gedən Fətulla Niftullayev döyüş cəbhələrində rəşadətli əsgər kimi göstərdiyi şücaətlərinə görə “I dərəcəli Şərəf”, “I dərəcəli Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Qafqazın müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Simferopolun alınma- sına görə”, “Varşavanın alınmasına görə”, “Kensbirqin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub.

Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində torpaqlarımızı düşmənlərdən qorumaq üçün təkcə  Cəlilabad rayonundan  6440 nəfər müharibəyə yola salınmışdı. Faşistlərin şeytan yuvası olan Reyxstaq üzərinə Qələbə bayrağı sancılandan sonra  cəbhədən yaralılarla birlikdə cəmi 2800 nəfər cəlilabadlı geri  dönə bilmişdi. Onlardan biri də Fətulla Niftullayev idi. O, böyük qələbədən xeyli sonra öz elinə qayıtdı. Ömrünün sonuna kimi müxtəlif sahələrdə çalışdı, döyüş cəbhəsində olduğu kimi əmək cəbhəsində də öz yoldaşlarına nümunə oldu, onların rəğbətini qazandı.

Hər il faşizm üzərində qələbənin ildönümünü qeyd edəndə Fətulla  Niftullayev kimi igid oğulları bir daha ehtiramla yad edir, onların qəhrəmanlıqları ilə qürur duyuruq. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin aprel ayının 7-də veteranlarla görüşündə haqlı olaraq demişdir: “1941-1945-ci illlər Azərbaycan xalqının tarixində də görkəmli yer tutur, xalqımızın parlaq səhifəsidir. Biz bunları böyük hörmət və ehtiramla xatırlayırıq. Bu dövrün insanlarını – həm həmin dövrdə döyüşən və həlak olanları, cəbhədə yaralanları, həm də rəşadət göstərib bu gün yaşayanları, həyatlarını dəyişənləri həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”.

Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. Böyük Vətən müharibəsində Vətənimizin xilası yolunda, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş Fətulla  Niftullayev kimi müharibə iştirakçılarının  xatirəsini  ehtiramla yad etmək bu gün bizim mənəvi borcumuzdur.

Bəli, heç kim unudulmur, heç nə yaddan çıxmır. Bu gün Fətulla  Niftullayevin də əziz xatirəsi qəlbimizdə yaşayır. Od-alov içindən keçmiş döyüşçünün adının əbədiləşdirilməsi üçün Cəlilabadın geniş küçələrindən birinə onun adı verilib. Fərəhli haldır ki, Sverdlovsk vilayətində yerləşən “Krasnıy kult” orta məktəbi də həmyerlimiz Fətulla Niftullayevin adını daşıyır...

Ədalət SALMAN,

Prezident təqaüdçüsü,

Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri

2025-04-15 18:33:22
4859 baxış

Digər xəbərlər

Milli maraqların keşiyində: Heydər Əliyevin təhlükəsizlik siyasəti

Bu gün Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Dövlətin təhlükəsizliyinin təmin olunması kimi məsuliyyətli və şərəfli missiyanı daşıyan bu orqanların formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər həyatının 25 ilini məhz bu sahəyə həsr edərək təhlükəsizlik orqanlarının peşəkar, milli maraqlara əsaslanan və dövlətçilik prinsiplərinə söykənən şəkildə formalaşmasına böyük töhfələr verib. Bu gün də həmin ənənələr davam etdirilir, təhlükəsizlik orqanları ölkənin sabitliyinin və müstəqilliyinin etibarlı təminatçısı kimi fəaliyyət göstərir. Stalinin ölümündən sonra, Sovetlər birliyində başlanan məhkəmələr, ölkədə Stalinizm buzunun əriməsinə təkan verdi. Artıq imperiyanın apardığı siyasətdə bir yumşaqlıq hiss olunurdu. Milli özünüdərkin, milli özünəqaydışın elementləri elm, ədəbiyyat, incəsənət, və mədəniyyətdə özünü daha çox biruzə verirdi. Azərbaycan ədəbiyyatında yenidən milli ruhlu əsərlər meydana gəlirdi. Baxmayaraq ki, DTK xofu xalqın içindəydi, bununla belə, ədəbiyyata gəlmiş yeni, milli ruhlu gənclər artıq öz fikirlərini yazmaqdan çəkinmirdilər. Azərbaycan ədəbiyyatında sərbəst vəznin yaradıcılarından olan Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, nəsrimizin görkəmli nümayəndəsi İsa Hüseynovun “Tütək səsi”, “Yanar ürək” əsərləri, bütün varlığı ilə azadlıq şairi olan Xəlil Rzanın vətənpərvər şe’rləri, “Gülüstan” poeması ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Bəxtiyar Vahabzadənin milli ruhda yazdığı şe’rləri həmin dövrün məhsulu idi. Bir qədər sonra o dövrün ədəbiyyatında yeni imzalar görünməyə başladı. Yusif Səmədoğlu, Anar, Elçin. Onların əsərlərinin əsas leytmotivini xalqın soykökünə qaydışı, milli adət-ən’ənələr, xalqımızın tarixi, qəhrəmanlarının həyatı təşkil edirdi. Təbii ki, 60-cı illərdə Azərbaycanın ictimai - siyasi və mədəni həyatında gedən bu proseslər Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi və qalmırdı da. Lakin çox maraqlı idi ki, bunların heç biri məs’uliyyətə cəlb olunmamışdır. Bəs necə olurdu ki, bu adamlar sovet cəza sisteminin məngənəsinə düşmürdülər?  Burada bir neçə amil rol oynaya bilər ki, bunlardan da ən əsası həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsindən kiminsə onların imperiya siyasətinin qurbanı olmalarına müxtəlif yollarla mane olmasıdır. Apardığımız araşdırmalar bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, bu şəxs bəhs etdiyimiz dövrdə DTK-da rəhbər vəzifələrdə işləyən Heydər Əliyev olmuşdur. Məhz onun xidmətləri sayəsində o dövrdə Azərbaycanın bir çox görkəmli sənət adamları, elm və incəsənət xadimləri DTK-nın qanlı caynaqlarından xilas ola bilmiş və azərbaycanda milli şüurun oyanışına öz əsərləri ilə örnək vermişdilər. Maraqlı məqamlardan biri də budur ki, Heydər Əliyev bu şəxsləri hansı yollarla rejimin bəlalarından qoruya bildi? Mən öz çıxışımda məhz bu məsələlərə toxunmaq istərdim.Onun ən böyük xidmətlərindən biri Təhlükəsizlik orqanlarının milliləşdirilməsi məsələsinə önəm verməsidir. Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əks-kəşfiyyat şö’bəsinə rəis tə’yin edildikdən sonra o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə - təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmaq və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başladı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə burdakı, nə də Moskvadakı rəhbərliyi qane etmirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayır: “Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. ​Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların - həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım”. (Vətənə, xalqa, dövlətə sədaqət. Bakı, 1997-ci il səh. 22)   Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrlar yetişmişdi. Bunlara 80-88-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş general-leytenant Ziya Yusifzadəni, Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil Bağırovu misal göstərə bilərik. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o 60-cı illərdə xalqda yenidən oyanan milli özünü dərki, milli yaddaşı  DTK-da işləyən başqa millətlərin nümayəndələri tərəfindən beşiyindəcə boğulmasına imkan verməmişdi. Təhlükəsizlik orqanlarının milliləşdirilməsində də əsas məqsəd bu idi. Öz millətini sevməyən heç vaxt - sovet rejiminin tə’birincə desək - beynəlmiləlçi ola bilməz. Məhz bu aspektdən yanaşdıqda təhlükəsizlik orqanlarının milliləşdirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq olar və bu da birmə’nalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Sənət adamları haqqında mə’lumatlar toplanmasının qarşısının alınması. Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər sovet respublikalarında azadfikirliliyin hiss olunacaq dərəcədə artmasına təkan verdi. Təbii ki, bu da Moskvanı çox narahat edirdi. Ona görə də Dövlət Təhlükəsizlik Komitəsində milli ruhda düşünənlərə qarşı mübarizə aparmaq üçün yeni bir xətt işlənib hazırlandı. Onların bə’ziləri antisovet təbliğatına görə həbs olunurdu, bə’ziləri də sağlam olduqları halda psixiatiriya xəstəxanalarına göndərilirdilər. Mərkəzdə  başlanan bu prosesi milli respublikalarda da böyük canfəşanlıqla yerinə yetirirdilər. Artıq bu illərdə DTK Sovet İttifaqının hər yerində dissident “ovuna” çıxmışdı. Sovetlər birliyinə daxil olan respublikaların Dövlət Təhlükəsizlik Komitələri elə bil öz aralarında kimin çox dissident tutması uğrunda yarış keçirirdilər və hamısı da bu yarışda birinci yeri tutmaq istəyirdi. Azərbaycan isə bu “yarışda” yaxşı mə’nada yarış cədvəlinin ən axırıncı pilləsini tuturdu və heç yuxarı pillələrə doğru can da atmırdı. Bəhs etdiyimiz dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində respublikamızda bir nəfər də olsun dissident həbs olunmamışdır. Düzdür o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində də milli ruhlu sənət adamları haqqında informasiya toplayan, onların yaradıcılığında milli çalarlar axtaran əməkdaşlar da var idi. Onlar Azərbaycanın görkəmli ziyallıları haqqında bir xəbər eşidən kimi onlar haqqında “qovluq” açır və bu adamlar haqqında aldıqları mə’lumatları həmin “qovluq”larda toplayıb imkan düşən kimi Moskvaya ötürürdülər. DTK-ya rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev sənət adamları haqqında əldə edilmiş məlumatların Moskvaya ötürülməsinin və ümumiyyətlə belə materialların toplanmasının qarşısını alırdı. Dediklərimizi faktlarla sübut etmək üçün Bəxtiyar Vahabzadənin “Sərhəd” qəzetinə verdiyi müsahibədən bir hissəni nəzərinizə çatdırırıq. Şairin DTK-da işləyən bir qohumu Heydər Əliyevin o zaman Bəxtiyar Vahabzadəni necə müdafiə etdiyinin təsadüfən şahidi olduğu barədə belə danışıb: “ Şöbə müdirlərindən biri əlində qovluq gəldi  sədrin yanına ki, “Opyat on naçal” və başladı üyüdüb-tökməyə. “Mən sənə dördüncü dəfədir deyirəm, əl çəkin şairdən, qurtarın!” - deyən DTK-nın sədri H.Əliyev qovluğu götürüb kənara atdı”. (“Sərhəd” qəzeti,  28 mart 1999-cu il) Apardığımız araşdırmalar zamanı rast gəldiyimiz maraqlı faktlardan biri də o idi ki, yuxarıda göstərdiyimiz proseslərlə bağlı hətta, Mərkəzi Komitə məsələ qaldıranda belə DTK onun qarşısını alırdı. Bu məsələ barədə Heydər Əliyevin fenomen yaddaşına söykənərək, onun 1997-ci ilin iyun ayının 28-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün tə’sis edilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışından bir hissəni nəzərinizə çatdırırıq: “Yəqin ki, çoxlarının xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri olarkən bizim gənc kinematoqrafçılarımız Rüstəm İbrahimbəyov və Eldar Quliyev “Bir cənub şəhərində” filmini yaratmışdılar. Bu filmi qadağan eləmişdilər - o vaxtkı Mərkəzi Komitə də, başqa orqanlar da, Moskva da qadağan eləmişdi. Onların xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri kimi vəzifəni öz üzərimə götürdüm, getdim kinostudiyaya, filmə baxdım, gördüm ki, çox yaxşı bir filmdir. Mərkəzi Komitəyə də, Moskvaya da nəinki xəbər verdim, təklif verdim, hətta tələb etdim ki, bu filmin nümayiş etdirilməsinə icazə verilsin. Bu film o vaxtdan həyat vəsiqəsi aldı və çox böyük də hörmət qazandı”. (Xalqa, vətənə, dövlətə sədaqət. Bakı, 1997, səh. 26) Millətçi kimi tanınan və ya tanıdılanlara dövlət mükafatlarının verilməsi. 60-cı illərdə fəaliyyət göstərən ədəbiyyat dərnəklərində, kitabxanalarda keçirilən görüşlərdə hər bir yeni əsərin müzakirəsi keçirilirdi. Bəhs etdiyimiz dövrdə meydana gəlmiş əsərlərdə milli-istiqlal, milli azadlıq məsələlərinin cücərtiləri hiss olunurdu. Düzdür belə əsərlərin əksəriyyətinin “Sovet xalqlarının birliyinə xələl gətirir” deyə çap olunmasına imkan vermirdilər. Ancaq bütün bunlara baxmayaraq bu əsərlərin bə’ziləri müxtəlif yollarla qəzet, jurnal səhifələrinə və nəşiriyyatlara yol tapa bilirdi. Qoyulan qadağalara baxmayaraq bu əsərlər xalq içərisində əldən-ələ gəzir və onun milli təfəkkürünün oyanışında mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1959-cu ildə Şəkidə çıxan “Şəki fəhləsi” qəzetində çap olunsa da bütün Azərbaycanı əl - əl dolaşmışdır. Böyük rezonans doğurmuş bu poema azadlığa sussamış xalqın çadar-çadar olmuş dil-dodağının əzbəri oldu. İkiyə bölünmüş bir xalqın tarixi faciəsindən bəhs edən poemada şair hər iki imperiyaya qarşı öz etiraz səsini qaldırmışdır:                    Başı kəsiləndə bu məğrur elin                   Qəlbin ağrısını hiss etdinizmi -                   Qoca Füzulinin, igid Babəkin                   E’tiraz səsini eşitdinizmi?                   Cənablar, bir damcı mürəkkəblə siz                   Düşünün, nələrə qol çəkmişsiniz? Gənc bir şairin böyük bir imperiyanı ittiham etməsi Dövlət Təh-lükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi. Bu poema nöqtəsindən vergülünə qədər dissident ədəbiyyatına aid idi. Lakin buna baxmayaraq poemanın müəllifi o dövrdə “dəbdə” olan kimi nə psixiatiriya xəstəxanalarına göndərildi, nə də həbs olundu. Şair çox sonralar “Sərhəd” qəzetinə verdiyi müsahibədə o dövrü belə xatırlayır: “Çoxdan bilirdim ki, məni bir qüvvə müdafiə eyləyir. Sonralar o qüvvənin kim olduğunu öyrəndim”. (“Sərhəd” 1999.- 28 mart. səh. 4). Bu Heydər Əlirza oğlu Əliyev idi. İlk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə çağırılanda onu o vaxt DTK-nın sədr müavini işləyən Heydər Əliyev qəbul etmişdi. Azərbaycanın iki böyük şəxsiyyəti arasında gedən çox səmimi söhbət zamanı Heydər Əliyev onun yaradıcılığından söz salaraq demişdir: “Moskva səni millətçi kimi tanıyır. Mənimsə sənə böyük rəğbətim var. Sənə kömək etmək istəyirəm. Yaxşı fikirləş. Get Lenin haqqında bir əsər yaz!” (“Sərhəd”, 1999. - 28 mart).Heydər Əliyev tək Bəxtiyar Vahabzadəni deyil, o cümlədən Azərbay-canın bir çox görkəmli şəxsiyyətlərini bu yolla imperiyanın caynağından xilas etmişdi. Gələcəkdə Bəxtiyar Vahabzadəni hansı təhlükənin gözlədiyini qabaqcadan duyan Heydər Əliyev ona Lenin haqqında bir əsər yazmağı  təklif etmişdi. Və doğurdan da bir qədər sonra Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Bəxtiyar Vahabzadənin Lenin haqqında yazdığı əsərlə, “Muğam” poemasına respublika Dövlət mükafatı verdi. Beləliklə Azərbaycanda milli şüurun və milli yaddaşın oyanışında əvəzedilməz xidmətləri olan bir şəxs də imperiyanın  qana sussamış caynaqlarından qurtuldu. Əgər Heydər Əliyev bu addımı atmasaydı onda 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli-azadlıq hərəkatında öz mübariz şerləri və cəsarətli çıxışları ilə xalqının rəğbətini qazanan Bəxtiyar Vahabzadə çox güman ki, olmayacaqdı. Tək Bəxtiyar Vahabzadə deyil, o dövrün görkəmli elm və mədəniyyət xadimlərindən, şairlərindən, yazıçılarından akademik Ziya Bünyadov, Xəlil Rza Ulutürk və bir çox başqalarının da xilaskarı məhz Heydər Əliyev olmuşdur. Təpədən-dırnağa qədər bütün varlığı ilə azadlıq şairi olan, mərhum Xəlil Rza Ulutürkün yaradıcılığına nəzər salsaq görərik ki, bu böyük türk oğlu hələ 60-cı illərdə yazdığı şe’rlərində xalqını ayağa qalxmağa, yurduna uzanan əlləri kəsməyə, qollarına vurulmuş zəncirləri qırmağa çağırırdı:                                   Doğransam da qıymə-qıymə,                  Tikə-tikə, rizə-rizə,                  Mübarizə! Mübarizə! Mübarizə!                                                    Mübarizə!və elə həmin illərdə yazdığı:                                     Yox, bunu görməyin Arpa çayından,                   Kim deyir Saranı sellər apardı:                   Şahənşah bağından, Qış sarayından                   Yurduma uzanan əllər apardı. və yaxud da:                   Azadlığı istəmirəm,                   zərrə-zərrə, qıram-qıram,                   Qolumdakı zəncirləri                   Qıram gərək! Qıram, Qıram!  Araşdırmalar apararkən bizə qəribə gələn o oldu ki, bu dövrdə Mərkəzdə “antisovet təşviqat və təbliğatına” görə fizika-riyaziyyat elmlər doktoru Yuri Orlov həbs olunur, görkəmli bioloq alim Jores Medvedyev psixiatiriya xəstəxanalarında təcrid edilir, akademik Andrey Saxarov məhkəməsiz sürgün olunur. Ancaq Azərbaycanda isə gənc bir şair xalqını imperiyaya qarşı açıq-aydın mübarizəyə səsləyən şerlər yazır, onu isə nə həbs edirlər, nə də sürgünə göndərirlər. Təbii ki, belə bir “dissident” Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən yayına bilməzdi. Hələ o vaxt Xəlil Rzanın millət üçün nə qədər əhəmiyyətli olduğunu duyan Heydər Əliyev onu bütün təzyiqlərdən qoruya bildi. Lakin bu heç də asan başa gəlmirdi. Çünki, o vaxt “sapı özümüzdən olan baltalar” milli ruhlu gənclərin əsərlərinin çap olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Sonralar, 1997-ci il oktyabr ayının 30-da Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ümummilli liderimiz Heydər Əliyev bu məsələlərə toxunaraq demişdir: “Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi ki, bu pantürkistdir, biri deyirdi, bu paniranistdir, biri deyirdi nə bilim, bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi bunun babası da sovet hökümətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. İki nöqteyi-nəzərdən əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi də o vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər”.(Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il. səh. 3) Ədəbiyyatımızda, elmimizdə yuva salmış  “sapı özümüzdən olan baltalar” Moskvanın xoşuna gəlməkdən ötrü hətta tariximizi də saxtalaşdırmaqdan çəkinmirdilər. 60-cı illərin ortalarında belə bir qərar qəbul edilmişdir ki, guya Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olub. Bu qərara ilk e’tiraz edənlərdən biri mərhum akademikimiz Ziya Bünyadov olmuşdur. O bir neçə dəfə çıxış edərək açıq surətdə bildirmişdir ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olmayıb. Bu iki böyük imperiyanın - İran və Rusiyanın öz aralarında gəldikləri razılığa əsasən həyata keçirilib. Bu çıxışlardan sonra Ziya Bünyadova qarşı təqiblər başlandı. Hətta bədxahq qonşularımız da Ziya Bünyadova “millətçi”, “şovinist” damğaları vuraraq onu gözdən salırdılar. Heydər Əliyev isə “millətçi”, “şovinist” adlandırılan Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabına Dövlət mükafatı verdirdi. Bu mükafatdan sonra ermənilər təzədən yazırdılar ki, Heydər Əliyev millətçidir - o, millətçi Ziya Bünyadova dövlət mükafatı verdirib. Sovet rejiminin ən qüdrətli dövründə belə, xalqına, millətinə bağlılığı Heydər Əliyevi milli ruhlu gənclərin xilas olunması naminə atdığı addımlardan çəkindirmirdi. Bu addımlar Heydər Əliyev imicinə təhlükə yaratsa da belə o öz millətinin oğlu kimi bu yoldan dönmürdü. Düzdür o, bunları açıqdan-açığa etmirdi. Buna onun tutduğu vəzifəsi də imkan vermirdi. Ancaq istər DTK-da, istərsədə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə o neçə-neçə milli ruhlu, vətənpərvər gəncləri sovet həbsxanalarına gedən yoldan qurtarmışdır. O vaxtı Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev millətini sevən bir insan kimi bu gənclərin həbs olunmasına imkan vermədi. Yenə də Yazıçıların X qurultayında həmin dövrdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dissidentlik məsələsinə toxunaraq demişdir: “Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxunuz dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtı onlar tə’qib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə mərhum etməyiblərsə, demək bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”. (Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il). Ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün bu xidmətlərini qiymətləndirə bilməyən bəzi bədxahqların tarixə nihilist münasibət göstərərək heç bir məsuliyyət hiss etmədən söylədikləri “O, DTK generalı olub, həmişə imperiyaya qulluq edib” sözlərinə cavab olaraq demək istəyirik ki, əgər biz keçmişimizə nəzər salsaq görərik ki, çiyinlərində hər hansı bir imperiyanın yüksək çinli paqonlarını gəzdirməsindən asılı olmayaraq fikirləri və əməlləri ilə öz xalqına xidmət etmiş neçə-neçə görkəmli şəxsiyyətlər olub. Milli “MƏN”, milli təfəkkür, milli gen və milli yaddaş olanda rütbə və titul yox, imperiya yox, millət özü həmin şəxsiyyəti düşündürür. Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və bir çoxları çar Rusiyasının  paqonlu “əsgərləri” olsalar da, məram və amalları millətə xidmət olmuşdur. Heydər Əliyev isə millətə xidmətdə öz sələflərindən də irəli getmiş, millətinin görkəmli şəxsiyyətlərini imperiyanın caynaqlarından xilas etmişdi. O özü Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətini belə qiymətləndirir: “DTK-da şərəf və namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə bir dəfə də olsun xəyanət etməmişəm. Bu mənada vicdanım rahatdır”.Əynində gəzdirdiyi sovet dövlətinin general mundiri bu böyük insanın qəlbində gəzdirdiyi vətən, millət sevgisini üstələyə bilməmişdir. Onun üçün vəzifə millətə xidmətdən önəmli olmamışdır. “Vəzifə insana heç bir şey vermir, sadəcə səlahiyyət verir” (Heydər Əliyev). Bəli bu səlahiyyət xalqa xidmətə yönələndə daha qiymətli, daha şərəfli olur. Seymur Şeydayev, Təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik

Hamısını oxu
Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik modeli milli və bəşəri maraqların keşiyində...

Münxen konfransı, nəqliyyat təhlükəsizliyi və xüsusi xidmət orqanlarının artan rolu Xəbər verdiyimiz kimi, Münxen konfransında iştirak edən Prezident İlham Əliyev bir sıra media orqanlarına müsahibələr verib, Azərbaycanın qlobal dünyada artan roluna diqqət çəkib. Dövlət başçısının mediaya verdiyi müsahibələrdə ən çox diqqət çəkən məqamlardan biri, ölkəmizin beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinə sahib olması, qlobal miqyaslı nəqliyyat şəbəkəsini genişləndirməsi və bütün bu sistemin təhlükəsizliyinin yüksək səviyyədə təmini ilə bağlıdır. Prezident İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxendə Azərbaycan mediasına müsahibəsində bu barədə deyib: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik. Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturumuzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, - hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, - o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir. Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Buna görə də biz dəhlizlər haqqında danışarkən, əlbəttə ki, bu məsələyə daha geniş baxmalıyıq: yalnız dəmir yolu və yalnız avtomobil yolu deyil, həm də bağlantını təmin edən və müasir dünyanın tələblərinə cavab verən bütün istiqamətlər nəzərdə tutulmalıdır”. (https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-azerbaycan-mediasina-musahibe-verib-video-939473 ) Dövlət başçısının müsahibəsindən də məlum olduğu kimi, Azərbaycan nəhəng və çoxşaxəli nəqliyyat şəbəkəsinə malik ölkə kimi tranzit daşımalardakı rolunu sürətlə artırmaqdadır. Azərbaycanın tranzit ölkə kimi artan rolu dəhliz və tranzit daşımaların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsini zəruri edir. Hansı ki, məlum problem 14 noyabr 2025-ci ildə Xankəndidə keçirilən “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri general-polkovnik Əli Nağıyev tərəfindən də  gündəmə gətirilib: “Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirib ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir”. (https://qafqazinfo.az/news/detail/eli-nagiyev-ve-orxan-sultanov-xankendide-iclasda-fotolar-488912 ). Əli Nağıyev bildirib ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu səbəbdən də məlum istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur. Həm Münxen, həm də Xankəndi konfransı dövlətimizin müasir dünyanın enerji təhlükəsizliyi ilə yanaşı, həm də nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə böyük töhfə verdiyini göstərir. Eyni zamanda, Azərbaycanın nəqliyyat və kommunikasiya baxımından artan rolu dəhliz və tranzit daşımaların, nəqliyyat və kommunikasiya sistemlərinin təhlükəsizliyinin yüksək səviyyədə təminini zəruri edir. Sevindirici haldır ki, bugünə qədər ölkəmizdə bütün strateji sahələrin təhlükəsizliyi böyük uğurla təmin edilib, bununla bağlı heç bir problem yaşanmayıb. Məhz Azərbaycanın xüsusi xidmət orqanlarının təhlükəsizlyi yüksək səviyyədə təmin etməsinin nəticəsidir ki, ölkəmizdə nəqliyyat və kommuniksiya sistemlərinin inkişafı, tranzit daşımalar, yeni dəhliz və qovşaqların formalaşması prosesi geniş vüsət almaqdadır. Bundan başqa, DTX rəhbərinin Xankəndi konfransındakı çıxışı sübut edir ki, Azərbaycanın xüsusi xidmət orqanları dəhliz və nəqliyyat sistemlərinin təhlükəsizliyinin təmini ilə bağlı oraya çıxan yeni tələb və yanaşmaları dərindən anlayır və öz işini müasir dövrün tələbləri əsasında yüksək səviyyədə qurmağı bacarırlar. Bu gün Azərbaycanda bütün sahə və sferalar kimi, nəqliyyat marşrutları və kommunikasiya sistemlərinin də təhlükəsizliyi uğurla təmin edilir ki, bu da Prezident İlham Əliyevin liderliyi ilə formalaşan yeni təhlükəsizlik modelinin üstünlüyündən xəbər verir. Bütün bunların ümumiləşdirilməsi onu deməyə əsas verir ki, etibarlı təhlükəsizlik mühiti yaxın gələcəkdə ölkəmizdə  beynəlxalq əhəmiyyətli dəhliz və nəqliyyat marşurutlarının inkişafına təkan verəcək, bu isə öz növbəsində dövlətimizin beynəlxalq aləmdəki nüfuzuu artırmaqla yanaşı, ölkə iqtisadiyatının çiçəklənməsini sitimullaşdıracaq. Seymur ƏLİYEV  

Hamısını oxu
Veteranlar 9 may – Qələbə Günü münasibətilə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü polkovnik Cəlil Xəlilovun rəhbərliyi altınnda 9 may – faşizmü zərində qələbənin 79-cu ildönümü münasibətilə Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin məzarı önünə əkil qoyub.  Daha sonra veteranlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib, hər iki qəhrəmanın abidəsi önünə gül dəstələri qoyublar. Tədbir iştirakçları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizm üzərində qələbəyə mislsiz töhfə verdiyini, məhz Bakı nefti sayəsində böyük zəfərin təmin olunduğunu bildirib. Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib, veteranların bundan sonra da dövlət siyasətini qətiyyətlə dəstəkləyəcəyini bildirib. Seymur ƏLIYEV    

Hamısını oxu
Qurban bayramı münasibətilə 100-dən çox şəhid və qazi ailəsinə bayram sovqatı çatdırılıb

Xoş missiya "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib   Veteran.gov.az xəbər verir ki, Qurban bayramı münasibətilə 100-dən çox şəhid və qazi ailəsinə bayram sovqatı çatdırılıb. Xoşməramlı tədbir "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib.   Məlumat üçün qeyd edək ki, istər "Benilüks Azərbaycanlıları Konqresi", istərsə də "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı mütəmadi şəkildə şəhid və qazi ailələrinə diqqət göstərməkdə, oxşar layihələr həyata keçirməkdədir. Məlum aksiyalar şəhid və qazi ailələrinə diqqət və qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqda, təqdir olunmaqdadır.   Seymur ƏLİYEV  

Hamısını oxu