Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Özbəkistanın QHT təmsilçiləri Respublika Veteranlar Təşkilatının qonağı olub

 Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının  sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı da iştirak edib.

 

Özbəkistanlı qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov xalqlarımızın faşizmə qarşı birgə mübarizə apardığını, bu mübarizədə tarixi həmrəylik sərgilədiyini qeyd edib. Sədr müavini bildirib ki, eyni kök və mədəniyyətə malik olan Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin son illər daha da genişlənməsi müşahidə olunur ki, bu da olduqca sevindiricidir. Cəlil Xəlilov həmçinin söyləyib ki, Füzulidə inşa edilən və Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına  orta məktəb iki qardaş xalqın əbədi dostluğunun təcəssümüdür və xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dünyanın bir çox ölklərində fəaliyyət göstərən veteran təşkilatları ilə geniş əlaqələrə malik olduğunu bildirən polkovnik Cəlil Xəlilov, Özbəkistandakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını vuğulayıb.Cəlil Xəlilov bu əməkdaşlığın xalqlarımızın maraq və mənafeyinə uyğun olduğunu, gələcək baxımından da böyük perspektiv kəsb etdiyini bildirib.

 

Səmimi görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının  sədri Kamoliddin İşanxojayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə tanışlıqdan məmnunluq duyduqlarını, ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduqlarını söyləyiblər.

 

Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr, maraqlı fikir mübadiləsi aparılıb.

 

Seymur ƏLİYEV

2023-11-30 10:50:24
3059 baxış

Digər xəbərlər

“Respublikamızın Silahlı Qüvvələri müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır”

Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində Azərbaycan Silahlı Qüvvələrinin üzərinə hansı vəzifələr düşür?  Müstəqilliyimizin qorunmasında ordumuzun rolu nə dərəcədə həlledicidir? Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu məsələdə ordunun önəminin böyük və birmənalı olduğunu vurğuladı: “Mən öncə müstəqilliyimizin 28-ci ildönümü münasibəti ilə bütün xalqımızı, eləcə də Silahlı Qüvvələrimizi təbrik edirəm. 18 oktyabr bizim üçün tarixi bir gündür. Çünki məhz bu gün xalqımız  növbəti dəfə müstəqilliyinə qovuşmaqla öz taleyinin əsl sahibinə çevrildi. Təbii ki, müstəqilliyimizin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində ordunun müstəsna rolu var. Silahlı Qüvvələrimiz müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır. Hər bir dövlətin müstəqilliyini onun ordusu, Silahlı Qüvvələri təmin edir. Bu baxımdan ordu nə qədər güclü, nə qədər qüdrətlidirsə, həmin dövlətin müstəqilliyi də bir o qədər güclü və dayanaqlı olur. Sevindiricidir ki, son 28 ildə Azərbaycan ordusunun möhkəmlənməsi, onun döyüş qabiliyyətinin artırılması, müasir hərbi texnika və peşəkar kadrlarla təmin edilməsi istiqamətində çox böyük addımlar atılıb. Silahlı Qüvvələrimizin müstəqilliyimizin qorunmasındakı rolunu əsas götürərək deyə bilərik ki, ordumuzun möhkəmləndirilməsinə yönəlik bu addımlar, həm də ölkəmizin müstəqilliyinin gücləndirilməsinə xidmət edib. Bu məsələdə həm ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Bu gün də Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin gücləndirilməsi prosesi uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub. Bu gün torpaqlarımızın bir hissəsi erməni işğalı altındadır. Erməni istilasının aradan qaldırılması, işğal altındakı torpaqlarımızın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi vəzifəsi də məhz ordumuzun üzərinə düşür. Bu gün xalqımızın bütün ümidləri məhz Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan əsgərinədir. Bunun özü xalqımızın həyatında, onun müstəqilliyinin təminatındakı əlahiddə rolundan xəbər verir.  Tarix sübut edir ki, ordunun gücünə və xalqın sevgisinə söykənməyən müstəqilliyin ömrü heç vaxt uzun olmayıb, ola da bilməz. Qürurvericidir ki, bu gün Azərbaycan müstəqilliyinin keşiyində sözün həqiqi mənasında möhtəşəm Silahlı Qüvvələrimiz və böyük xalq sevgisi dayanır. Əminəm ki, işğal edilmiş torpaqlaırmızın azad edilməsi ilə bağlı diplomatik danışıqlar nəticə verməzsə, o zaman Silahlı Qüvvələrimiz qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, müstəqil Azərbaycanın üçrəngli bayrağının Qarabağda, Şuşada dalğalanmasına nail olacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Azərbaycan sərhədçisi hər cür təxribatın qarşısını layiqincə almağa qadirdir”

“İrəvanın terror-təxribat siyasəti Ermənistanı məhvə aparır”. Bunu Azərtac-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan 30 illik terror-təxribat siyasətinin ona fayda vermədiyini anlamalıdır: “Ermənistanın 30 il bundan öncə ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti, terror-təxribat fəaliyyəti nəticəsi etibarı ilə bu ölkənin özünü ağır vəziyətdə qoyub. Bu gün Ermənistan yarımcan orduya, darmadağın edilmiş iqtisadiyyata, ağır sosial böhrana malik dövlətdir. Ermənistanın bütün beynəlxalq layihələrdən kənarda qalması, öz sərhədlərini belə müstəqil şəkildə qoruya bilməməsi onun düşdüyü vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Bildiyiniz kimi, Dövlət Sərhəd Xidməti 25 iyil tarixində ermənilərin “Laçın” nəzarət-buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribat törədə biləcəyi, bunun üçün müəyyən hazırlıqlar apardığı ilə bağlı məlumat vermişdi. DSX-nın məlumatında vurğulanmışdı ki, ermənilər qeyd olunan ərazidə  müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Ermənilərin bu gün belə sülh deyil, təxribat haqqında düşünməsi təəssüfedicidir və bu, İrəvanın tarixi səhvlərini, tarixi cinayətlərini təkrarlamaq niyyətində olduğunu göstərir. Qəhrəman sərhədçilərimiz hər cür təxribatın qarşısını cəsarətlə alacağı, təxribatçılara layiqli cavab verəcəyi şübhəsizdir.  Əslində, DSX-nın mümkün erməni təxribatı ilə bağlı qabaqcadan məlumat verməsi, sərhədçilərimizin vətənin keşiyində nə qədər ayıq-sayıq dayandığını göstərir. Mən buna görə sərhədçilərimizə təşəkkür edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Rəsmi İrəvan isə əmin ola bilər ki, hər belə təxribat Ermənistan üçün ağır itkilər və böyük rüsvayçılıqla başa çatacaq”.  

Hamısını oxu
Ulu Öndər xalqın yaddaşında xilaskar dövlət xadimi, milli lider kimi qalıb

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əbədi lideri və xilaskarıdır. Xalqımız Ulu Öndəri, onun tarixi xidmətlərini heç vaxt unutmayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri unudulmazdır və bu xidmətlər hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi, erməni işğalının genişlənməsinin qarşısının alınması, ölkəmizin iqtisadi qüdrətinin artması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızın, dövlətimizin həyatında prinsipial rol oynayıb. Ulu Öndərin milli dövlətçiliyin möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki ən mühüm xidmətlərindən biri isə nizami ordunun formalaşdırılmasıdır. Çünki məhz vahid komandanlıq sisteminin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, ordunun müasir hərbi texnika ilə təmin edilməsi Ermənistanın işğalının genişləndirilməsinin qarşısını aldı. Düşmən öz işğalçılıq planlarını sona qədər həyata keçirə bilmədi. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi” adlı nəhəng neft müqaviləsinin imzalanmasına nail oldu. Bu da Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməklə yanaşı, dövlət büdcəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verdi. Nəticədə, ordumuzun maddi-texniki təchizatının yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əlverişli zəmin formalaşdı. Bu gün Azərbaycan xalqı öz böyük liderinin 19-cu ildönümünü, Anım Gününü minnətdarlıq hissi ilə yad edir. Azərbaycanın hər bir vətəndaşı anlayır ki, onun bugünkü firavanlığının kökündə Heydər Əliyev faktoru dayanır. Məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının rifahını, sosial ədaləti, təhlükəsizliyimizi təmin edib. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə, onun memarı olduğu dövlətçilik ənənəsinə borcluyuq”. “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Heydər Əliyevi sevgi və minnətdarlıq hissi ilə yad edir, veteranlar olaraq ona öz sonsuz ehtiramımızı bildiririk. Heydər Əliyevin müqəddəs xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq və dövlətimizin çiçəklənməsi uğrunda fəaliyyətimizdə bizim üçün ən böyük stimul olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Şəki Şəhər Təşkilatının sədri Mustafa Əhmədovun oğlu Murad Əhmədov haqq dünyasına qovuşur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  övladının vəfatı ilə bağlı Rəyasət Heyəti adından Mustafa Əhmədova dərin hüznlə başsağlığı verib, ona və mərhumun bütün yaxınlarına səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu